“Makedon rolunu nərddə udmuşam”
KİNO
- 03.08.2007
- 0 Şərh
- 847 Baxış
Aqil dayı: “Mənim sahəm bu gün başqadır. Zəng vururlar ki, bu gün filan yerdə ol, manqalımı hazırlayıb gedirəm”
Adətən hər hansı bir aktyoru təqdim edərkən onun yaratdığı böyük obrazlar yada düşür. Ancaq müsahibimizi təqdim edərkən yaratdığı bir obraz yetərlidir ki, onun kimliyi barədə məlumat verilsin. Yəqin ki, “Bizim Cəbiş müəllim” filmini hər bir azərbaycanlı seyr edib. Bu filmdə ən yaddaqalan, orijinal və o cümlədən, xarakterik bir obraz da var - Makedon. Biz də məhz bu obrazın yaradıcısı Aqil dayının axtarışına çıxdıq. Öyrəndik ki, Aqil dayı Pirşağı qəsəbəsində yaşayır. Ancaq bildirdilər ki, o, heç kimə müsahibə vermir. Uzun sözün qısası, bu işdə bizə kənd sakini Bəhmən qardaş kömək etdi. Bildirdi ki, vaxtilə Aqillə atası dost olublar. Sözündən çıxmaz. Beləcə, bizə yardım göstərdilər, əlaqələndirici oldular. Məhz Bəhmən qardaşın köməkliyi ilə Pirşağı qəsəbəsinin girəcəyindəki Nəsib dayının xudmani kafesində görüşümüz baş tutdu.Aqil dayı ilə görüşüb söhbətə başladıq. Hal-əhvalını soruşduq. Dedi ki, şükür Allaha, dolanır. Heç kimdən umacağı yoxdur. Açığını deyək ki, Aqil dayının bugünkü vəziyyəti sadə bir ailənin yaşadıqları idi. Çox kiçik bir evi var. Deyir ki, ailədə ən böyük sərvət səmimiyyət və hörmətdir. Peşəsinə bağlı insandır. Şükr etməyi bacarır. Deyir məni xalq dolandırır. Sözsüz ki, Makedon obrazını yaradan Aqil dayının hazırkı həyat tərzi çoxları üçün maraq doğurur. Biz də imkan qədər bunları nəzərə alıb həmsöhbətimizlə bu səpkidə danışmaq qərarına gəldik. Özü də maraqlandı ki, onunla nə barədə danışmaq istəyirik. Bildirdik ki, “Bizim Cəbiş müəllim” filmində yaratdığı obraz barədə, ümumiyyətlə, film çəkilişi və bugünkü həyatı barədə danışsa, oxucularımız üçün maraqlı olar. Beləcə, söhbətə başladıq.
- Necə oldu ki, məhz bu filmə dəvət aldız? Kim sizi dəvət etdi?
- Orta məktəbdə oxuyurdum, Pirşağı kəndindəki 112 nömrəli məktəbdə. Mədəniyyət Evinin qabağında həmyaşıdlarımızla yığışmışdıq. O vaxt kinorejissor, bizim görkəmli yazıçımız Həsən Seyidbəylinin Pirşağı kəndində bağı var idi. Gəldi maşınını saxladı, düşüb bizlə görüşdü. Mənə dedi ki, səninlə mən nərd oynamaq istəyirəm. Dedim Həsən müəllim, mənim yaşım sizinlə tutmur. Sizinlə nərd oynaya bilmərəm. Mənə yaraşmaz. Dedi ki, yox, oynamaq istəyirəm. Girdik mədəniyyət evinə. Açdı nərdi, şərt qoydu. Mən səni udsam, dükandan nə istəsəm götürərəm, istəyərsən özün verərsən, istəyərsən atan. Ancaq uduzsam, səni bir filmə çəkəcəm. Dedim yaxşı. Nəsə oynadıq, Həsən müəllimi uddum nərddə. Cibindən vizit kartını çıxarıb dedi ki, “Dom Sovet”, 6-cı podyez, 4-cü mərtəbə - Kinematoqrafçılar İttifaqı orada yerləşir, sabah gələrsən, gözləyəcəm. Getdim. Film haqqında mənimlə söhbət etdi. Ssenarini verdi mənə. Maqsud İbrahimbəyovun ssenarisi idi. Ssenarini gəlib evdə oxudum, xoşuma gəldi. O rola bir neçə adam dəvət olunmuşdu. O cümlədən bizim görkəmli, tanınmış yazıçımız Anar müəllimi də. Belə oldu ki, Kinostudiyada bir neçə çəkiliş oldu, ictimai baxış keçirildi. Rejissorlar, əsasən də Həsən Seyidbəyli məni bəyəndi. Maqsud İbrahimbəyov da bildirdi ki, ssenarini yazanda məhz Aqili nəzərdə tutub onun üçün yazmışam. Nəsə çəkildim. Sözün düzü, Həsən Seyidbəyli mənə o rolla bağlı heç nə başa salmayıb. Hər şeyi özüm təbii etdim. Məsəl üçün desin ki, burada dayan, burada danış, burada yeri, yox, olmayıb. Çəkiliş meydançasına buraxıb məni. Motor başladı, çəkilmişəm.
- Bəlkə obrazın təbiiliyi bundan irəli gəlir?
- Ola bilər. Çünki rejissor çəkiliş zamanı məni saxladıb, stop deməyib ki, buna belə yox, belə elə. Burada səhv etdin, deməyib. Necə var, elə çəkilmişəm. Sözün düzü, istədiyim kimi. Bəlkə bu, xalqın xoşuna gəlib.
- Aradan uzun illər keçib. Çəkiliş meydançasında yaddaqalan hadisələri yəqin ki, unutmamısız...
- Çəkiliş meydançasında çox maraqlı hadisələr olub. Mən də kənd uşağı idim. Məsəl üçün, “krışa”da Tanyanı öpən yerlərdə 8 dəfə o kadrı çəkiblər. Alınmadı, bir də. Dedim bəsdi də, nə oldu? Nə qədər öpərlər? Lent qurtardı. Axır hövsələm daraldı, düşürəm “krışa”dan aşağı. Çəkiliş onda “krışa”da aparılırdı. Başladılar gülməyə ki, elə birinci dubldan çəkmişik. Sadəcə, zarafat edirdik. Sonra çəkilişdə mənə birnəfəsə 5 bulki yedizdiriblər. 10 qəpiklik bulki. Köhnə “voenkomat”ın qabağında, Poluxin küçəsində çəkilişlər oldu. Yadınıza gələr, dezertir məsələsi. Namiq mənə bulki gətirir, deyirəm bu nədi? Ovaxtkı 10 qəpiklik bulkilərin bir dənəsini yeyirdin, bəs edirdi. Elə tələbələrimiz də 10 qəpiklik bulki ilə günlərini başa vururdular. 5 dənə yedizdirdilər mənə. Sən demə, elə birinci bulkini yeyəndə çəkilişləri aparıblar. Beşincisini yeyəndə dedim day yeri yoxdur.
- Siz kənd uşağı olmusuz. Kənd uşaqlarının həyat tərzi, psixologiyası, mühiti fərqli olub. Filmə çəkilmək sizin üçün sonradan problem yaratmadı ki?
- Sözün düzü, yox. Çünki film çəkildikdən sonra dərhal mən əsgərliyə gedəsi oldum. O zaman mən həm də məktəb vaxtı kino aktyorluğunda oxuyurdum. Adil İsgəndərov mənim müəllimim olub. Filmə çəkilə-çəkilə “kino-aktyorskiyə” girmişdim. İmtahan verdim, oxudum. O zaman elə Kinostudiyanın nəzdində idi. Sözü nəyə gətirirəm, filmin çəkilişləri bitdikdən sonra mən əsgər getdim. Əsgərlikdən Adil müəllimə yazdım ki, bəs mən çəkildiyim filmə baxmamışam, onda bir ildir əsgərlik edirdim. Xahiş edirəm, filmimi “çast”a göndərəsiz. O vaxt Lvovda əsgərlik edirdim. Üstündən 2 həftə keçdi Adil İsgəndərov mənim filmimi, hələ üstəlik də 5-6 başqa filmi hərbi hissəyə göndərmişdi. “Ofiserski stalova”da, yəni zabitlərin oturduğu yeməkxanada şef-pover işləyirdim. Bu sənəti əsgərlikdə oxuyub qurtarmışam. Əsgərlikdə mənimlə azərbaycanlı uşaqlar da var idi. Qoydular baxdıq. Öz filmimə ilk dəfə elə “çast”da baxmışam.
- Necə təəssürat yaratdı? Hər halda ilk dəfə idi ki, filmdə çəkilmişdiz...
- Sözün düzü, maraqlı oldu. Hərbi hissədə filmə baxdıqdan sonra klubdan çıxan kimi məni göyə atıb-tutdular. Pis deyildi təəssüratım. Bir də filmin adı o zaman “Müharibənin 1001-ci gecəsi” adlanırdı. Ssenaridə belə idi. Sonra dəyişmişdilər adını. Rus dilində “Ya pomni tebya, moy uçitel” adlanırdı. Elə olub ki, gecə çəkilişləri olub, bizə fasilə verirdilər. Bir dəfə də filmdə mənim əsgərliyə getmək səhnəm çəkilirdi. Gecə yarısı idi. Fasilə edib “Növbahar” restoranına getdik. O vaxt Bakının ən xodgedən restoranı idi. Çörək yeyirdik. Həsən Seyidbəyli də bizimlə idi. O zamanlar ciqanlar-zadlar olurdu. Mən də çəkiliş meydançasından gəlmişdim deyə, üstümdə əsgər libası var idi. Soldat idim. Rəhmətlik Əliağa Ağayev idi, Şeyx Əbdül Mahmudov (o, filmin ikinci rejissoru idi), bir dörd nəfər oturmuşdu. Bir rus mayoru restorana girdi, başladı qışqırmağa. “A nuka vstan”. Mən də baxıram buna ki, alə, bu nə deyir? Niyə qışqırır? Sən demə, bu zabit də sərxoş imiş. Fikirləşib ki, əsgərdi, gəlib restoranda yeyib-içir. Əliağa Ağayev gülürdü. Şeyx Əbdül durdu ayağa, zabitə dedi ki, sən içkilisən, bir yaxşı-yaxşı bax, bu oğlanın üzündə qrim var, geyimi də köhnə əsgər geyimidi. Bu, gənc aktyordur. Zabit üzr istədi, getdi. Bax belə maraqlı hadisələr olurdu.
- Heç kimə sirr deyil ki, o filmdəki bir çox frazalar bu gün el deyiminə çevrilib. Hətta sizin adınız belə Makedon kimi məşhurlaşmışdı. Hansı təəssürat yaranırdı sizə Makedon deyə müraciət olunanda?
- Düzünü deyim ki, əksəriyyəti mənə məhlə uşağı deyir. Həmyaşıdlarım. El toylarına çox gedirəm. Sənətim aşpazdı. Bunu qoyub onu deyirəm, o vaxt “pervıy klass” “Azərbaycan” restoranına işə düzəldim. Məni orada bir il “uçenik” kimi götürüblər. Bir ildən sonra göndəriblər ki, imtahan verim. Qırmızı diplom almışam Azərbaycan xörəkləri üzrə. Şəhərin demək olar ki, əksər tanınmış restoranlarında işləmişəm. Sonra sanatoriya “Qızılqum”da işlədim. Sonra Peteqorskiyə getdim, oradan da bir “koriçnivi” diplom gətirdim. Sonra atdım hökumət işini, indi el toylarına gedirəm. Allah bərəkət versin, məni elə xalq dolandırır. Sənətkarı həmişə xalq dolandırır. Ola bilər kənardan Makedon deyiblər, ancaq həmişə mənə Aqil kimi müraciət ediblər.
- Bəs necə oldu ki, bu sənəti davam etdirmədiz, sənət aləmində olmadız?
- Niyə? İkinci filmə dəvət aldım. Fikrət Əliyev dəvət etdi. O da elə bizim kənddə böyüyüb. Yəqin bilirsiz kimdən danışıram. “Dəli Kür”də Şamxal obrazını yaradan. İndi rejissordur. “Yuxu” filminə çəkildim. Leytenant Mansurov rolunda. Nəsibə xanımla yenə də tərəf-müqabili oldum. İki filmə çəkilmişəm, bəs edər. Sözün düzü, o filmə də çəkilmək istəmirdim. O zaman Kinostudiyadan mənim dalımca çox adamlar gəldi. Dedilər gəl işlə. Dedim ki, yox e, mən aşpazlığı xoşlayıram. Restoranda işləyirəm, gündəlik pulum var. Gül kimi geyimim-kecimim. Nə var şəhərdə?
- Sirr deyilsə, nə qədər qonorar almışdız Makedon obrazı üçün?
- Düzünü deyim, 5 min manat. Qonorar deyəndə ki, mənimlə müqavilə bağlanmışdı. Dedilər istəyirsən aylıq al, istəyirsən axırda. Dedim filmin axırında alaram. O vaxt rəhmətlik atam sağ idi. İmkanımız yaxşı idi. Axırda 5 min manat aldım, hələ üstəlik 500 manat da səsləndirmə üçün. O puldan mənə bir qara kostyum qaldı, bir ayaqqabı, bir dənə də köynək. Bir də dost-aşna ilə oturub yeyib-içdik. 2-3 gündən sonra da əsgərliyə getdim. Qalan pulları verdim “mamaşaya”.
- Ailəniz haqqında da danışsaz maraqlı olar. Necə oldu ki, ailə qurduz, neçə övladınız var?
- Belə oldu da, el qaydasıyla elçi getdilər, evləndim. Yoldaşım Oğuz rayonundandır. Qohumdur. Dedilər kənd qızıdır, aldım. Sözün düzü, evlənmək istəmirdim. Belənçiynə evləndirdilər. İki qızım, bir oğlum var. Oğlum nişanlıdır. Əsgərlikdən gəlib, ev tikdirirəm. Allah qoysa, evini qurtarım, toyunu edəcəm. Qızlarım hələ balacadır.
- Uşaqlarınızdan sənətinizi davam etdirmək istəyən olub?
- Belə ürəkləri istəyir, nə var e... Artistlikdə nə var ki? Gedib nə qazanarlar?
- Qəlbi qırıq insan təəssüratı yaratdınız. İncidiyiniz məkan, insanlarmı olub?
- Yox, heç kimdən incikliyim yoxdur. Bizim kənddə elə şeylərə pis baxırlar. Mən özüm incik insan deyiləm. Kim ki nalayiqdir, onu incitmişəm. Ancaq özümdən kimisə incitməyi də sevmirəm.
- Adil İsgəndərov kimi müəlliminiz olub. Sizcə, bir aktyorun özünü təsdiqləməsi üçün rolun böyük-kiçikliyi önəmlidirmi?
- Yox, rolun böyük-kiçikliyinin heç bir önəmi yoxdur. Əgər bir aktyor kiçik bir epizodla nəsə yarada bilibsə, o sənətkardır. Bir epizod bir kinonu kölgədə qoya bilir. Bir epizodla xalqın yaddaşında qala bilirsən. Tutaq ki, bir filmə baxanda tamaşaçı deyir ki, buna Əliağa Ağayevin filan sözünə görə baxıram, ləzzət edir. Əsl aktyor odur. Həm də köhnə kinolar çox mənalı idi. Baxdıqca hər dəfə yeni bir şey tapırsan, öyrənirsən. Film olur ki, bir neçə dəfə baxırsan, o kadrı, o fikri tuta bilmirsən. Ancaq bir neçə dəfədən sonra məhz həmin kadr, həmin fraza diqqətini çəkir. Əsl sənət də elə budur. İndi ssenari yazırlar? Yox. Bir də kino çox maraqlı sahədir. Çəkiliş zamanı birdən dəyişiklik olur. Misal üçün, “Bizim Cəbiş müəllim”də Əliağa Ağayevi ayaqyolunda qoyub, qapısını bağlayıram. O, ssenaridə yox idi. Bizim Arif Nərimanbəyov var idi, operatorumuz. Çox zarafatcıl, baməzə adam idi. Dedi ki, gəl belə bir şey edək. Sən Əliağanı ayaqyolunda qoy, o da çığırsın ki, “ay bombalar partladı”. O filmdə də bir çox kadrlar çıxarıldı. Metraja görə, film müharibə mövzusunda idi deyə, komik hissələrin əksəriyyəti azaldıldı. Rəhmətlik Nəsibə Zeynalova filmdə gedir Əliağagilə. Onlar alverçi olur axı. Pilləkənin qabağında kanalizasiya quyusuna düşür. Axşam olur, mən də kanalizasiyanın qapağını götürürəm. Nəsibə xanım düşür kanalizasiyaya. Başlayır şaxsey-vaxsey vurmağa. Onun əlində də onda qara çətir olur. Başının üstündə saxlayır ki, kimsə onu vuracaq. Gəlib yaxınlaşıram, qabağında otururam, deyirəm vay-vay, nə yaman bərk əzilib. O kadr çıxarılıb. O da zontikini başıma vurur ki, sən bilə-bilə kanalizasiyanın qapağını qaldırmısan.
- Sizin də qeyd etdiyiniz kimi, kino fərqli bir sənətdir. Çəkiliş zamanı bəzən təbii alınsın deyə, aktyordan nəyisə gizlədirlər. Namiqin sizə şillə vurduğu səhnədən öncədən xəbərdar idinizmi?
- (Gülür). Mənə deyilmişdi ki, Namiq sənə yüngül şillə vuracaq. Daha doğrusu, əli üzünə toxunacaq. Biz səsləndirmədə şillənin səsini artıracağıq. Dedim eybi yoxdur. Səs operatorumuz Kərim müəllim idi. Dedilər ki, kinoda bu, təbii görünər. Nəsə çəkiliş başladı. Birinci çəkilişdə Namiq yalandan əlini üzümə vurur. Namiq obrazını yaradan da oğlu idi. Ziya Seyidbəyli. Ona göz vurur ki, artıq əsl “syomka”dır, şilləni bərk vur. O da bərkdən bir şillə vurdu üzümə. Bərk dəydi. Sözsüz ki, bu da təbii göründü. Sözün düzü, tutuldum. Özümü itirdim. Sonra özümü yığışdırdım. Bildim ki, artıq yeri yoxdur. Ssenaridə belə imiş. Yoxsa bir-iki çəkəcəydim ona. Hətta “syomka”dan sonra döymək istəyirdim. Cavan vaxtlarım idi, bir az da dəlisov idim. Çəkdim ki döyəm, atası gəlib qucaqladı ki, bəs mən demişdim. Bax belə.
- Çox böyük, tanınmış aktyor heyəti ilə eyni çəkiliş meydançasında olmusuz. Onlardan götürdüyünüz nələrsə oldumu?
- Sizi inandırım ki, mən onlardan heç nə götürməmişəm, əksinə, onlar məndən götürüblər. Çünki mən kənddə böyüyən uşaq idim, hər şey təbii idi. Onu sizə deyim ki, aktyorlar özləri səhərdən axşama qədər çıxıb metroda, şəhərdə, avtobusda, çayxanada, orda-burda gəzirlər ki, kimdənsə nəsə oğurlasınlar ki, rollarında istifadə etsinlər. Onların özlərinin heç nəyi yoxdur. Onlar kimdənsə görüb götürürlər. Ancaq məndə film çəkilişində hər şey təbii idi. Kolxozçu baba idim. Nə bilirdim, onu da edirdim. Rəhmətlik Həsən Seyidbəyli (olanı deyirəm, Şeyx Əbdül ölməyib, sağdır. Təsdiqləyər) dəfələrlə peşəkar, tanınmış aktyorların çəkilişlərini saxlayırdı ki, stop, alınmadı. Elə Əliağa Ağayevi, Süleyman Ələsgərovu, Səfurə İbrahimovanı, yəni pərdə görmüş aktyorların “syomka”ları saxlanılırdı. Həsən müəllim deyirdi ki, mənə aktyorluq etmək lazım deyil. Mənə lazımdır ki, təbii oynayasız. Deyirdi ki, bu kinodur. Təbii oynamayanda qəbul olunmur. Məni isə bir dəfə də saxlamırdı. Projektorlar yanan kimi motor deyilirdi, çəkiliş başlayırdı. O həm də insanın özündən asılıdır. İstedad daxilən olur. Bir də ki pərdə, səhnə görmüş aktyor filmdə çəkilə bilmir. Onda alınmır. Nə qədər çalışsa da, təbii alınmır. Rejissor onu saxlayır, bir neçə dubla çəkilir. Kino nədir? Təbii həyatdan götürülmüş faktlar. Mən belə başa düşürəm. Çünki belə görmüşəm. Onlarda nəsə yaxşı çıxmır e...
- Həmin tanınmış aktyorlardan bu gün yaşayanlar da var. Onlarla ünsiyyətiniz, münasibətiniz varmı?
- Açığı, Şəfiqə xanımı mən Nəsibə Zeynalovanın dəfnində gördüm. O birilərdən də təsadüfən görəndə görüşürəm. Şəhərdə, kinoklubda, ancaq ünsiyyətim yoxdur.
- Özünüz ünsiyyət qurmursuz?
- Sözün düzü, heç elə vaxtım da yoxdur. Mənim sahəm bu gün başqadır. Zəng vururlar ki, bu gün filan yerdə ol, manqalımı hazırlayıb gedirəm.
- Hər halda kino aktyorluğunu bitirmisiz. Kino çəkmək fürsətiniz olsaydı, hansı janrda çəkərdiz? Komik, tragik, melodrama...
- Yox, kriminal (Yenə gülür). Kənd uşağıyıq da, kriminal çəkərdim, təbii həyatdan çəkərdim. Lap elə el toyumuzdan çəkərdim. Kənd həyatından gözəl film çəkmək olar.
- Bəs özünüzü hansı obrazda görərdiz?
- Elə bu gün həyatda necəyəmsə, elə obrazda, məhəllə uşağı.
- Ümumiyyətlə, həyat sizi çoxmu incidib?
- Əlbəttə. Fikrimcə, hər bir insan üçün həyat maraqlıdır. İntəhası həyatda yolunu azmayasan. Düzgün yol tutasan, əsas budur. Sənin sənətin budursa, onu mükəmməl bilməlisən, elə o cığırla da getməlisən. Əgər cığırla getməyi gözüyumlu bacarırsansa, naşı şəkildə maşın yolu getməkdən daha yaxşıdır. Hərə öz yolunu tapmalıdır. Mən trasta çıxsam da, elə sürətlə gedə bilmərəm. Çünki mənim yolum deyil. Öz cığırımla isə vaxtında çataram.
- Şairin bir sözü var, dəli bir ağlamaq keçir könlümdən. Dəli bir ağlamaq könlünüzdən keçibmi?
- Sözün düzü, vaxtım olmayıb elə ağlamağa. Ancaq həyatdır da, çətin vaxtlarım az olmayıb. Hətta olur ki, nəyəsə baxırsan, bu sənə təsir edir, onu tutursan. Deyirsən, bax bundan yaxşı bir film çəkmək olardı. Gözəl şeir yazmaq mümkün idi.
- Deyəsən, siz şeir də yazmısız...
- Gəlir hərdən. Olub. Cavan vaxtı yazmışam. Əsgərlikdə olanda.
- Nəyə aid yazırdız? Həyatdan, sevgidən, eşqdən...
- (Gülərək) Məhəbbətdən. Ayıbdır e, uşaqlar oxuyarlar. Yaxşı düşməz.
- Həyatda nədən qorxursuz?
- Əvvəla, alın yazısıdır, Allah nə yazıbsa, o da olacaq. Həyatda heç nədən qorxmaq lazım deyil. Tanrım nə yazıbsa, o da olacaq.
- Hər bir insanın daxilində ikinci bir mən deyilən varlıq var. Sizin ikinci məniniz bu gün qarşımda oturan Aqil müəllimdən çoxmu fərqlənir?
- Başqalarını bilmirəm, sizə bir söz deyim. Mən necəyəmsə, elə içimdə də elə Aqiləm. Yasin, Quran oxumasam da, nə qədər içkili olsam belə, duamı edirəm. Allahıma, peyğəmbərimə, imamlarıma dua edirəm. Düzdür, indi içmirəm. Ancaq Allah yolu ilə getməyi sevən insan olmuşam. Pisliyi bacarmıram. İnsan nə qədər çalışsa da, içində necədirsə, çöldə də elə olur. Bu mənim nənəmin tövsiyəsi olub. Ömrümün axırına qədər də Allahıma duaçı olacam. İkinci varlıqda ki deyəndə, insan hamını aldada bilər. Amma özü-öz ürəyini aldada bilməz. Bir də kiminsə başı ilə, sözü ilə oturub-durmaq lazım deyil. İnsanın öz ağlı, düşüncəsi olmalıdır. Əgər nəyisə eləmək istəmişəmsə, eləmişəm. Ata-babadan belə bir söz var e, deyirlər “vakumnı tormoz”. Məndə heç vaxt tormoz olmayıb. O sistemi heç mənə qoymayıblar. Bir də ki, insanın ürək dostu, yoldaşı olmalıdır. Heç kim deyə bilməz ki, bu gün varsa, sabah da olacaq. İnsanın çətin vaxtı olur. Mənim çətin vaxtım olanda dostuma, tanışıma, bax bizimlə bir yerdə oturan Bəhmən qardaşa ağız aça bilərəm ki, mənə 5 manat pul ver, o da çıxarıb verər. Nə olar kənd uşağıdır? İnsanlığı itirmək lazım deyil.
- Zaman keçdikcə hər şey dəyişir. Sizin gənclik dövrünüzlə indiki cavanların həyat tərzi, düşüncəsi də eyni deyil. Hətta deyirlər ki, yavaş-yavaş insanlıq, ünsiyyət itməyə başlayır...
- Şəhəri bilmirəm, kənddə həmişə dədə-babadan necə var idi, elə də qalıb. Ata-babalarımızın bir-biri ilə münasibət yaxşı olubsa, o münasibət bu gün onların övladlarında da davam edir. Kənddə hələ də böyük-kiçiklik itməyib. Hörmət-izzət qalıb. Kənd ümumiyyətlə, belədir. Ən azı bizim kənddə belədir. Şəhərdə isə deyəsən, heç nə qalmayıb. İldə-ayda bir dəfə gedirəm, gələndə 3 gün başım ağrıyır. Oranın həyat tərzi tamamilə dəyişib. Cavanlar yaşlılardan görüb-götürür. Kənddə hamı bunu nəzərə alır. Kiçik yanında danışanda ağlabatan fikir söyləyirsən ki, cavandır, o da nəsə götürsün. Biz o vaxt görəndə ki, ağsaqqallar tində dayanıblar, dalanı dəyişmişik ki, yaxşı deyil. Üzbəüz də gələndə dayanmışıq, ağsaqqal gəlib keçib, salam-izzətimizi hörmətlə vermişik.
Tahirə