Mənsurə Qaçayqızı. Şeirlər

Mənsurə Qaçayqızı. Şeirlər

***

Bir səhər doğuldu
Günəşə gülümsəmək
Ömrünün qürub çağına,
boylanmaq
üçün.
doğulmamışdan öldüyünü bilirdi
tanış idi gəldiyi dünyayla...
ordan gəlirdi axı...
əslində bir umacağı da yox imiş
sadəcə həyata
kənardan baxıb acı-acı gülümsəmiş.
Bir az təssüf, bir az heyrət, bir az da sevgisi varmış,
bir az da titrəkliyi, kövrəkliyi.
Neyləsin ki, bir az da duyğulu.
Yanaqları al,
Gözləri gülümsər.
Bir azdan boynu büküləcək
qəlbi  sıxlacaq
Yenicə tanış olduğu günəşə “sevirəm”
Sözünü deməyə macal tapmamış
Ləçəkləri töküləcək
Payız
əlvida nəğməsini  oxuyan zamanda
açan çiçəyin...
Təəssüf...


***

Bir azdan silkələnəcək göy üzü
buludda  xətlər görünür.
Tut ağacının budaqlarına oxşayır.
Yayda kənddə tut çırpardıq,
Ağ-şirin tutlar
Tamını hiss eliyirəm.
Bir azdan silkələnəcək göy üzü
Qulağıma xışıltı səsi gəlir...

YADIMDASAN

Bulud ötdü göy üzündə,
əlçim-əlçim, topa-topa.
İstədim ki, o ağ bulud
məni göylərə apara.
Bax, o zaman səni andım,
Yadımdasan...

Yağış yağdı narın-narın,
Selə döndü arzularım,
İstədim ki, bu yağışın altındaca
qaçım, qaçım,
qaçım dünyanı dolanım,
səni andım,
Yadımdasan...

Günəş doğdu, dövrə vurdu
Göy üzündə, göy qurşağı,
rənglərinə əl uzatdım,
səni andım,
Yadımdasan...


***

Bir az yorğunluq,
Bir az narahatlıq.
Lazımdır,
istirahət etmək.
Bir az musiqi dinləmək.
Əlbəttə ki, xarici.
Kitab oxumaq,
Bizimkiləri yox,
xariciləri.
Heyf deyil,
Heminquey,
Cek Londonu oxuyub,
Onların küçəsindən
Öz küçənizə baxmaq.


SEVƏN QADIN
Gözəlsən,
lap elə qızılgülsən,
Bircə tikanlarıın olmaya.
Tikansız da gül olmur
Sevən qadın.

Aysan,
ayın əkiz tayısan
Bəlkə
ona görə sevdiyin
Günəşdən aralısan
Sevən qadın.

Xoşbəxtsən,
Çünki sevirsən.
Qorxduğun gün,
Qayıdıb özünə dönsən,
Ancaq bilmirsən
Sən elə bu gün də
Sevginin içində
Özünsən…

2010



YENƏ

Yenə durna köçü
gözdən itənə kimi izləyən baxışlarım,
səmada qanad çalmaq istəyim,
havada
yellənə-yellənə yerə düşən durna  lələyi
könlümdən ürəyimin qanına batırıb
torpağın köksünə yazmaq,
durna qatarının arxasınca göyə  su yox,
bir ovuc misra dolu torpaq atmaq keçir.
Yenə payız,
Yenə yağış…

ŞEH DÜŞÜR YUXULARIMA

Yenə şeh çiləndu yuxularıma
Yenə də yuxumda səksəndi ruhum.
Yenə şeh damcısı öpdü gözümdən
Yenə bir birinə qarışdı duyğum.

Kipriklər asıldı vaxtın əlindən
Bu vaxt da yerimir, sabaha çox var.
Deyəsən tükənib, çatmayır səbrim
Tuta əllərimdən, deyə sabah var.

Baxır, pəncərənin o üzündən ay
Gözümdə gizlənən şehə tamaşa.
Baxır, əlindən heç nə gəlmir ki,
Qalıram bu gecə ayla baş-başa.

Yorur ulduzları mənim nağılım,
Seçdiyim ulduz da bax, məndən küsür
Deyəsən gecənin bağrı sökülür
Yuxumun qoynuna hələ şeh düşür.


SƏS


Şəhidlərimizə


Gecələr evinin qapısı açıq,
Qapı bağlamağa əlləri gəlməz.
Birdən şəhid oğlu qayıdıb gələr
Qapısı döyülər, ana eşitməz.


Isti yatağından sürüşər düşər,
Oğlu yatağından düşən günündən.
Bəs birdən balası ondan inciyər,
Deyər anam qalxmır, isti yerindən.

Inanmaz şəhidlik kağızına da
Gizlindən tez-tez o, kağıza baxar.
O qızın yazdığı məktubla birgə
Göz yaşı içində bağrına sıxar.

Anada məktub var, anada söz var,
Biri sevən qızdan, biri cəbhədən.
Bir sevgi məktubu sevirəm deyir,
Bir məktub ölümdən danışır, nədən?

Gəlir qulağına güllənin səsi,
O ğüllə oğluna dəydimi, nədi,
O güllə oğluna dəyən günündən
Hər gecə anaya bir güllə dəydi.

MƏSUMLUQ

Titrətmədi duyğularımı  görkəmin
Haqqında dürlü-dürlü sözlər çox eşitmişdim deyə,
Bir az da səni vəsf eliyən şairlərin kövrəkliyi.
Nədənsə xoşuma gəlmədi boynubüküklüyün
Bəlkə də utancaq olmaq lazım deyilmiş heç.
Bəsdi daha...
Amma sən o qədər saf, o qədər məsum ki,
dəyişilməyin çətin.
Bilirsənmi nəyini sevdim sənin?
Hər yaz zərif əllərinlə torpağın köksünü yarıb
tikan sevgilinin gözləri önündə,
yenidən bitməyini.
Nə görmüsən o kolda,
Bu sənin sədaqətinmi
Yoxsa, sevgini sübut eləmək cəhdin?
Içindəki qışqırmaq,
Dəli küləyə qoşulub qaçmaq istəyinin
qarşısını kəsən məsumluğun.
Yox, səni qınamağa haqqım yox.
Sadəcə, səni dərmədən,
şehli dodağından öpmədən
əyilib,
qulağına bitmiş sevdaların
ayrılıq nəgmələrini oxumaq yetər,
bənövşə…


***
Ürəyin doğum şöbəsi,
Səssizlik.
Həkimin əllərində cərrah bıçağı,
Içinə axan göz yaşları.
Qarşısında
sevgi adlı xəstənin
yenicə doğulmuş körpələri.
Əkizlər,
siam əkizləri:
məhəbbət və nifrət.
Birinin yaşama ehtimalı var!
Ürəyin doğum şöbəsi,
Səssizlikdə cinayət...

PAYIZDA GƏLMİŞ XƏZAN

Saralmış yarpaqlara payız yağışı yağar…
Sevgi dolu xatirə yarpaq dodaqlarından
sürüşər ağır-ağır.
Ayrılıq olan yerdə,
Sevgi nə yaman fağır?
Saralmış yarpaqların yarpaq rəngi qaralar
hər yağış damlasından…
Yarpaqlar əl atıb yapışarlar,
külək adlı məhfumun içi boş əsasından…
Dövrə vurar yarpaqlar,
Rəqsdən ağlın itirib.
Xatirələr bu payız,
Çoxlu xəzan gətirib…

MƏN BİR YAĞIŞ DAMLASIYDIM

Mən bir yağış damlasıydım,
Atıldım göyün üzündən.
Torpağaca hopasıydım,
Itirdim yolu izindən.

Mən bir yağış damlasıydım,
Hələ də havam başımda.
Axı yerdə nə işim var,
Yollarında bir çaşım da.

Mən bir yağış damlasıydım,
Çırpıldım küləyə, daşa.
Buxar olub göyə qalxdım,
Dedilər qayıt, get, yaşa...

PAYIZI SEVİRƏM

Payızı sevirəm...
Küləyi ürəyim kimi çırpındığına görə.
Payızı sevirəm...
Ayaq altda xəzanının xışıltısı
sənin ürəksiz sözlərin kimi
qırıq-qırıq sevirəm, ona görə...
Payızı sevirəm,
Sənə bənzədiyinə görə...