"Molla Nəsrəddin"in qızılı italyana nəsib oldu

“Narkotiklərə yox!” devizi altında keçirilən “Molla Nəsrəddin” Beynəlxalq Karikatura Müsabiqəsinin sərgisi və mükafatlandırma mərasimi keçiriləcək.

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən verilən məlumata görə, müsabiqəyə 63 ölkədən 307 rəssam 670 əsəri ilə qatılıb. Beynəlxalq tərkibli münsiflər heyətinin qərarına əsasən müsabiqənin qızıl medalına İtaliyanı təmsil edən Alessandro Qatto, gümüş medalına Vladimir Kazanevski (Ukrayna), bürünc medalına Marat Valiaxmetov (İspaniya), xüsusi mükafatlara isə Stanislav Aşmarin (Rusiya) və Boris Erenburq (İsrail) layiq görülüblər. Azərbaycanlı karikaturaçı Tural Həsənlinin əsəri Rəssamlar İttifaqının xüsusi mükafatı ilə qiymətləndirilib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq karikatura müsabiqəsinin mükafatlandırma mərasimi oktyabrın 17-də Muzey Mərkəzində keçiriləcək. Tədbirdə Dünya Karikaturaçılar Təşkilatları Federasiyasının prezidenti Piter Nyuvandeyk və təşkilatın vitse-prezidenti Marlen Polenin də iştirakı gözlənilir. Qonaqlar oktyabrın 14-dən 20-nə qədər Azərbaycand səfərdə olacaqlar.