Nərmin Hüseynzadə. İki Hekayə.

Nərmin Hüseynzadə. İki Hekayə.

Qarğa, gəl qon....

Əvvəlcə Əlinin palçıqda şappıldayan ayaq səsləri, sonra isə gur, ciyiltili səslə oxuduğu mahnı  yağışın bu balaca kəndə hədiyyə etdiyi sükutu bir andaca pozdu. Əyninə boz, böyük pencək, qara yun jaket, tünd göy nazik şalvar qara rezin ayaqqabı geyinib küçədə veyil-veyil gəzən Əlini belə görməyə hamı öyrəşmişdi. Kənd camaatının gözünü yamanca qorxudan yağış, palçıq heç onun vecinə də deyildi. Eləcə oxuyur, yoldan keçənə sataşır, zarafat edir olmayan dişlərini bütün gün çöldə qoyurdu. Tətil ərəfəsi olduğu üçün Mələk nənənin böyük nəvəsi Elnur kəndə qonaq gəlmişdi. Onun fərqli görünüşü, çiyinlərinə düşən uzun hamar saçları, geyimi və həmişə özü ilə gəzdirdiyi gitarası Əli üçün əməllicə başlı əyləncə mövzusu idi. O  həmişə Elnura “qara qarğa” deyə  sataşsa da,  Elnur cavab vemir, gülümsəyərək yoluna  davam edirdi. Bu gün isə Elnur tək deyildi. Yanında şəhərdən gələn narmanazik, gözəl uzunsaçlı bir qız da vardı. Əli əvvəlcə buna məhəl qoymayıb adəti üzrə yenə də Elnura söz atdı. Üzünü çevirib getməyə hazırlaşırdı ki, gözləmədən bir səs eşitdi. Elnurun yanındakı gözəl qız acıqla Əliyə tərəf  çevrildi, asta səslə dedi “tərbiyəsiz, hələ bir özünə bax nəyə oxşayırsan!” Söz, sözdən daha çox qızın baxışları Əlini yamanca silkələdi. Ayağını yerlə sürüyə-sürüyə  küçənin tininə gəldi, balaca daşın üstündə oturub bu kənddə insandan daha çox olan qarğalara həvəssiz-həvəssiz daş atmağa başladı.

... Səhəri gün, Əli yuxudan olduqca gec oyanmışdı. Tənbəl-tənbəl qapıya yaxınlaşdı, birdən nə düşündüsə dayanıb güzgüyə baxdı.Gah əlləri ilə cod saçını hamarladı, gah da mırıq dişlərinə baxdı. Əynini geyinib əl üzünü yudu. Tünd göy rəngli nazik şalvarını yun corablarının içinə saldığı üçün ətəkləri həmişə qırışmış olurdu. Əli aşağı əyilib şalvarın ətəyini əli ilə dartışdırıb hamarlamağa başladı. Sonra isə üst başının tozunu elə evdəcə çırpıb qara jaketini hamarladı. Pencəyini geyinib uzun qollarını səliqə ilə qatdaladı. Aerodroma bənzəyən papağını əlinə götürdü, nə fikirləşdisə yenidən çarpayının üstünə atdı.  Bir də güzgüyə baxıb həyətə düşdü, rezin qaloşlarının palçığını daşa divara sürtüb zülümlə təmizlədi. Sonra təndirin yanındakı dəsmalı götürüb qaloşlarını parıldatdı. Əlini cibinə qoyub özündən razı-razı küçəyə tərəf yollandı.

Elnurla Şəbnəm qapılarının ağzındakı taxta oturacaqda oturub söhbət edirdilər. Deyəsən Elnur Şəbnəmə gitarada nə isə göstərir, Şəbnəmsə elə hey gülürdü. Əli yavaş –yavaş onlara tərəf getdi. Olduqca məlahətli səslə salamlaşdı. Elnur gülümsəyərək ona salam verib onlarla oturmağı təklif etdi. Əli elə bunu gözləyirmiş kimi  onların yanında əyləşdi. Şəbnəm dünəndən Əliyə qarşı hələ də hirsli olduğundan ona tərəf baxmırdı. Elnur ordan-burdan söhbətə başladı. Əslində onlarla söhbət etmək Əli üçün çətin idi. Nə qədər özünü mədəni göstərmək istəsə də bəzən yenə yersiz sözlər işlədir, arada yenə Elnura qara qarğa deyib qışqırmağı düşünürdü. Ancaq Şəbnəmin acıqlı baxışları və üzünün quruluşu onu silkələyir, mədəni olmağa məcbur edirdi.   Elnur isə Əlinin bugünkü səliqəsindən hər şeyi başa düşmüş, Əlini çox istəməyə başlamışdı. Nəhayət onlar uzun çəkən söhbəti yavaş-yavaş yekunlaşdırırdılar. Ancaq Əli yaman fikirli görünürdü. Elnurun əlindəki gitaradan, Şəbnəmin gitaraya olan  marağından Əli elə bilirdi  ki, seçilmək, onlara bənzəməkçün  mütləq onun da gitarası olmalıdı.   Bu fikir əməlli başlı onun beyninə batmışdı. Artıq günortadan bir xeyli keçmişdi. Əli çox ac idi. Yenə həmişəki qayda ilə oxuya-oxuya evlərinə tərəf gəldi, qapını təpiklə açıb içəri keçdi. Həmişəki kimi qaloşları palçıq olmuşdu. Əlini yumadan süfrəyə oturub çörəyi parçaladı. Anasına tərəf  burulub dedi. Mənə pul lazımdı şəhərə gedirəm, gitara alacam. Anası təəccübləndisə də Əliyə heç nə deyə bilmədi. Köhnə yaylığını açıb çoxdan bəri yığdığı pulu ona verdi.

Artıq bir-neçə gün keçmişdi. Əli yenə hər səhər evdən səliqə ilə çıxırdı gitarası isə çiynindən əskik olmurdu. Hər gün Elnurgillə söhbətləşir, özünü tərbiyəli, mədəni göstərməyə çalışırdı. Yenə hərdən çaşır kobud sözlər işlədir sonra isə çətinliklə səhvini düzəldirdi. Artıq Şəbnəmin də Əliyə münasibəti fərqli görünürdü. Ancaq nədənsə hər dəfə onlarla söhbətləşəndən, görüşəndən sonra özünü əməlli başlı yorğun hiss edirdi. Bu günsə Əli yuxudan duran kimi  kəndin baş tərəfindəki boş sahəyə gəlmişdi. Gitarasını yanındaki daşa söykəyib yerdə oturdu.. Fikirli-fikirli ondan bir az uzaqda yerə qonan qarğalara baxırdı. Arada heç kimin olmamasından istifadə edib qarğalara daş atıb halından məmnun şəkildə gülümsəyirdi. Bu an,  uzaqdan Elnurun gəldiyini görüb qeyri ixtiyari  var gücüylə QARĞAAAAAAAAAAA deyə bağırmışdı ki, gözü Şəbnəmə sataşdı.Çaşqın bir halda gitarasını götürdü, üzünü yerə  qonan qarğalara tutub sözünə davam etdi: Qarğa, gəl qon gitaramın siminə......



Uzaqlardan  3 məktub....

Sənə uzaqlardan məktub yazıram.  Salamlaşmağı unutdum :) salam. Necəsən?  Yəqin canlı danışsaydıq sən də məndən soruşacaqdın necə olduğumu. Mən də sənə düşünmədən yaxşıyam deyəcəkdim. İndi düşünərək yazıram ona görə də nə cavab verəcəyimi bilmirəm.Əslində necəsən ən çətin sualdı. Nəysə, çox uzatdım :)

İndi musiqiyə qulaq asıram. Uzaqdayam, uzaqdan sənə yazıram...Ağacın altında, otun üstündə oturmuşam.Yerim narahatdı amma. Estetika naminə otda oturmağı sevir insanlar. Ancaq həmişə şalvarlarına görə narahat olurlar. Bir az yorulmuşam. Gəl mənasız şeylərdən danışaq. Məsələn, indi yediyim “m&ms”-dən :) . qırmızılarını seçib yemişəm. Yaşılla qaraları qalıb, 2 dənə də sarısı.:) Mən də ədalətsizəm, rənglərə qarşı ədalətsizlik edirəm həmişə.Günorta dolma yeyirdim. Birdən qoyun yadıma düşdü. Qoyun öləndə görmüşəm. Gözləri açıq qalır. İnsanlar pişik kimidir.

Ət yeyirlər. Heyvanları yeyirlər. Kaş dovşan olardım. Dovşanlar dünyanın ən xeyirxah, yaxşı canlılarıdır çünki. Vegeterian olur onlar. Pişiklər isə dovşan balalarını yeyir,insanlar dovşan balalarını yeyən pişikləri yemirlər. İnsanların da balaların heç kəs yemir. Dovşan əti daddı olur deyir əmim: ( Burda bir daxma var. Uşaq vaxtı çəkdiyim ev şəklinə oxşayır. Bircə bacasından tüstü çıxmır. Həmişə qıpqırmızı gün də çəksəm, bacada tüstü çəkərdim.Bilmirəm niyə. Birazdan altında oturduğum ağacın budağına toyuqlar qonacaq.Hə, təəccüblənmə.Burda toyuqlar ağacda yatır :) Ayaqqabılarımı səhv geyinmişəm.Uşaqlar kimi.Əslində uşaqlar daha ağıllıdı. Bilirsən niyə? Ayaqqabılarını sən də tərs geyinsən bilərsən...

Toyuqlar ağaca qonmamış,qalanın yanından bic-bic baxan pişik dovşan balasını yeməmiş,bir də ki, mən acmamış mənə məktub yaz. Axşama yenə ət yeyəcəyik deyəsən...
Nə qədər ki, uzaqlardayam, mənə yaz....

***

Sənə uzaqlardan ikinci məktubumu yazıram. İndi hər şey fərqlidir. Nə mən ağacın altındayam, nə toyuqlar ağacın üstündə. Yağış yağır. Portret yaratmışam. Köhnə taxta pəncərədən yerə daş kimi çırpılan vəhşi yağışa baxıram. Tərpənmirəm, donmuşam.Şəkil kimiyəm.Dovşanın gizləndiyi yerdən pişiyin səsini eşidirəm. Yağış yağır, mən uzaqlardayam. Səndən də uzağam, dovşandan da. Nə ona nə sənə çatır əlim.Darıxıram, üşüyürəm. Fransanı düşünürəm indi. Parisdə olmağı arzulayıram. Bilirəm ki, bu il gedə bilməyəcəyəm Parisə. Bəlkə də heç caxt görə bilməyəcəyəm Temzanı.Ancaq indi uzaqdayam. Səndən də, Parisdən də evimizdən də uzaqda. Uzaqlardan məktub yazmaq gözəldi...Səhər açılmamış,yağış kəsməmiş, pişik dovşanı yeyib bitirməmiş sən də mənə məktub yaz... Nə istəsən yaz, amma yaz. Uzaqlarda, uzaqlardan məktub gözləmək də gözəldi. Sən də uzaqdasan, mən də... Mənə yaz....

***

Uzaqlardan yazılan üçüncü- sonuncu məktubumu oxuyursan indi. Sübh tezdən yazıram bunu sənə. Otlar yaşdı, hava soyuqdu. Yayda üşümək  gözəldi. Eyvandakı qoca qarı yağışın ritmini tutur qarışdırdığı şirinçay stəkanına çırparaq qaşığı. Yağışda pişik də yazıq görünür, dovşanımı yeyeən pişiyə acıyıram indi. Balaca bir taxta parçasını üstündə oturmuşam.Əynimi qalın geyinmişəm.Taunu oxuyurdum bayaq. O xəstə insanları düşünürəm. Yaralarını  gətirirəm gözümün önünə. O həkimə də acıyıram... Uzaqlarda səhər gözəl açılır.Yağışdan sonra çıxacaq günəşi gözləyirəm.Göy qurşağı görmək arzusuyla uzaqlara baxıram... Həm də sənə sonuncu məktubumu yazıram... nə qədər ki, havadan barıt, müharibə iyi yox, yağış iyi gəlir,  mənə cavab yaz....