Paşa Hikmət - Steynbekin ölü qəhrəmanı

Paşa Hikmət - Steynbekin ölü qəhrəmanı


Con Steynbekin "Siçanlar və Adamlar” əsəri indiyə qədər oxuduğum ən təsirli əsərlərdən biri oldu. Əsər həqiqətən də insana təsir edir. Əsərdə dərin məna var. Amma əsər haqqında geniş fikirlərimi bildirməmişdən əvvəl, Con Steynbek haqqında məluat vermək istəyirəm.
Məşhur Amerika yazıçısı, Nobel mükafatı lauretı Con Steynbek Salinsada anadan olub. Nəsilləri irland və alman köklüdür. Atası xəzinədar, anası məktəbdə müəlliməydi. Conda yazıb oxuma həvəsi ona anasından keçmişdi. Con hələ məktəbli çağlarından zəhmətə alışmışdı, yay tətilində yaxınlıqdakı rançolarda qəpik-quruş müqabilində ağır zəhmətə qatlaşardı. Yazıçı belə həyatın əzab əziyyətini, eləcə də insan təbiətinin cəhətlərini "Siçanlar və adamlar” əsərində son dərəcə inandırıcı boyalarla təsvir etmişdir. Steybek həm də ətrafdakı təbiəti, meşələri, çayları, əkin-biçin yerlərini çox yaxşı tanıyır, uşaqlıqdan ahıl yaşına qədər oraları gəzib-dolaşmaqdan yorulmurdu.
İndi isə əsərdən danışmaq istəyirəm. Əsərdə bir-birinə zidd iki baş qəhrəman var. Qəhrəmanlardan birinin adı Lenni idi. Əsəri oxuyarkən anladım ki, Lenni çox saf, unutqan, tənbəl psixoloji bir xəstədir. Onda dəlilik əlaməti var idi deyə insanlar ondan uzaq gəzirdi. Ümumiyyətlə insanlara qarşı onda böyük bir fobia yaranmışdı. Klara xalasını itirdikdən sonra onun həyatda tək bir dostu Corc qalmışdı. Digər insanlarla münasibətdə ola bilmirdi. Onda dəlilik əlamətləri olduğu üçün, bir də yekəpər olduğu üçün insanlar ondan qorxurdu. Lenni heç kimə pislik etmək istəmirdi. Amma özündən asılı olmadan edirdi. Məsəl üçün, o tüklü heyvanları sığallamağı çox sevərdi. Əslində isə burda qeyri-adi bir şey yoxdur. Amma sığallamağa başladısa əl çəkmirdi. Yekəpər olduğu üçün əlləri də yekə idi. O yekə əlləri ilə dovşanları, küçükləri, siçanlar və başqa heyvanları sığalladıqda özü də bilmədən onları öldürərdi. O zəif heyvanlar Leninin yekə əllərinə dözə bilmirdi. Bir neçə dəqiqə içində məhv olurdular. Lenni onları sığallayarkən boyunlarını və ya bellərini sındırardı. Bunu isə həmişə edərdi. Heyvanları öldürənə qədər sığallayardı. Əslində onun heyvanları öldürmək kimi fikri yox idi. O heyvanları çox sevirdi. Amma onlarla necə davranmaq olduğunu bilmirdi. O hətta işlədiyi ranconun sahibinin ərkəsöyün oğlunun arvadını belə öldürmüşdü. Onun xanımın saçlarından çox xoşu gəlmişdi. Onu astaca sığallamaq istəyirdi. Amma bir iş gördüsə, heç əl çəkən deyildi. Qadının saçlarını sığallaya-sığallaya onu sirkləyirdi. Beləcə bir neçə dəqiqə içində onun boynunu sındırdı. Amma Lenni bunu etmək istəmirdi. O heç kimə zərər vermək istəmirdi. Bu əməlləri özündən asılı olmadan edirdi. Bayaqları dediyim kimi psixoloji xəstə idi.
Digər qəhrəman isə Corc idi. Corc isə qoçaq, hazırcavab, işgörən birisi idi. O, Lennini çox istəyirdi. Həmişə ona arxa dayaq olmuşdu. Lennini çalışdığı qədər bütün pisliklərdən qoruyardı. Hərdən Lennini döymək istəsə də, həmişə ona yazığı gəlirdi. Bilirdi ki, onsuz Lenni çox yaşaya bilməz. Lenni bu həyatla bacara bilməz. Bir neçə gün içində məhv olub gedər. Buna isə Corcun vicdanı dözə bilməzdi. Ona görə Lennini heç vaxt özündən kənara buraxmazdı. Həmişə onu özü ilə aparardı. Öz çörəyini belə bölüb Lenniyə verirdi. Bəzən əsəbləşir, Lenniyə onsuz həyatın daha xoş olacağını deyərdi. Amma sonra bu sözünə görə peşiman olurdu. O istəmirdi ki, Lenni onu tərk edib getsin. Çünki buna vicdanı yol verə bilməzdi. Onun həmişə Lenniyə yazığı gəlirdi.
Hekayənin sonu isə daha təsirli bitir. Əslində kitabı yarısına qədər oxuduqda sonu təsəvür etmişdim. Elə düşündüyüm kimi də çıxmışdı. Əsərdə Qoca Plüm deyə bir obraz var idi. Plüm haqqında çox danışmaq istəmirəm. Qoca Plümün bir iti var idi. İti artıq qocalmışdı. İy veri, bitli idi, dişləri tökülmüşdü. Yəni ayaq üstündə güclə dayana bilirdi. Digər işçilər Plümə dedilər ki, iti öldürmək lazımdır. Bax, elə bu səhnədə yazıçı oxuyucuya sonluq haqqında bir mesaj verir. Plüm ilə onun itini Corc və Lenni ilə müqayisə edirdi. Plüm də Corc kimi idi. Corc Lennini qoruduğu kimi, Plüm də öz itini elə qoruyurdu. Onu küçəyə tullaya və ya öldürə bilməzdi. Corc kimi Plümündə vicdanı icazə vermirdi. Amma digər işçilərinin inadı ilə it öldürülür. Bu səhnədə mən artıq anladım ki, Lenninin də sonu ölümlə bitəcək.

Yazıçı həmçinin irqçilik mövzusuna da toxunur. İrqçiliyin necə mənasız olduğunu Qozbel obrazı ilə çox gözəl izah edir. Qozbel irqçilikdən bezmiş birisi idi. Sahibkar həmişə əsəbləşdikdə bütün heyfini ondan alırdı. Heç digər işçilər də onu bəyənmirdi. Onun qara dərili olduğu ona aşağı baxırdılar. Qozbeli öz otaqlarından belə qovmuşdular. Həyat Qozbeli pis biri olmağa məcbur edirdi. O digər insanlarla əlaqəni kəsmişdi. Özünün kiçik otağında kitabları ilə birlikdə özü üçün yeni bir dünya qurmuşdu. Heç kimi öz dünyasına girməyə icazə vermirdi. Amma onun ürəyinin dərinliklərində bir yaxşı insan gizlənirdi. Həyat isə ona sərt, soyuqqanlı və pis olmağı məcbur edirdi.
Əsərdə ən təsirli hissə isə Corcun Lennini güllə ilə vurma anı idi. Bax bu səhnəni oxumaq lazımdır. Yazıçını həmin səhnəni çox möhtəşəm təsvir edib. Corcun Lennini nə üçün vurduğunu yazmayacağam. Çünki əsəri oxumayanlar bunu niyə etdiyini anlamayacaq. Əslində Lenninin öldürmək yox, xüsusi nəzərətdə saxlamaq lazım idi. Lenninin yumşaq tükləri sığallamaqdan başqa bir mənfi cəhətin oxumadım. Lenni indiki dövrdə yaşasaydı bəlkə də sağaltmaq olardı. Lenni balaca uşaq kimi idi.

Hekayə haqqında ümumi demək istəyirəm ki, çox möhtəşəm idi ! Bu kitabı alıb oxumağa dəyər. Yazıçı bacardığı qədər gözəl yazıb bu əsəri. Məncə bacardığının ən yaxşısını etdi. Əsər haqqında fikirlərim bundan ibarətdir. Oxuduğunuz üçün minnətdaram ...!


Paşa Hikmət