
Professor Gülşən Əliyeva - Kəngərli: “Füzuli türk dünyasının son sufilərindən biridir” – MÜSAHİBƏ
- 18.06.2015
- 0 Şərh
- 2371 Baxış
Azərbaycan nəsrinin zirvəsi olan Cəlil Məmmədquluzadə deyirdi ki: "Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur”. Ələfsus da baxır bu sözün müəllifi kimdir. Söz sahibi gözəl qadındırsa onun gözəlliyi dediyi sözlərdə bir günəş kimi əks olunaraq ətrafa şəfəq saçır. Əgər bu qadın həm də alimdirsə onda onun sözləri təkcə işıq saçmır, həm də bizim zehnimizi qidalandırır. Təəcübli deyil ki, bu qadın həm kolleqaları, həm də tələbələri tərəfindən çox sevilir və dəyərləndirilir. Hər bir qadın özü özlüyündə artıq bir tapmacadır. Füzulini tədqiq edən qadın isə dərin bir sirdir. Ona görə də təəcübli deyil ki, bu qadın böyük bir maraq doğurur, bu da məni ondan müsahibə almaqa sövq etdi. Beləliklə, müsahibim – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, füzulişünas alim, professor, tələbələrin sevimlisi, zəhmətkeş xanım, adı kimi gülərüz Gülşən Əliyeva – Kəngərlidir.
-Salam, Gülşən xanım.
-Salam.
-Müsahibəmizə başlamazdan əvvəl istərdim Sizi yubileyiniz ilə bağlı təbrik edim. Sizə ən əsası uzun ömür və yaradıcılıq uğurları arzu edirəm.
-Təşəkkür edirəm, çox sağ olun.
-İlk sualım isə təbii ki seçdiyiniz sənət ilə bağlı olacaq. Vaxtı ilə Sizə bu peşəni seçməkdə nə təkan verdi ki, məhz bu peşəni seçdiz?
-Ümumiyyətlə mən ziyalı ailəsində böyümüşəm. Mənim anam – Aybəniz Əliyeva – Kəngərli filoloqdur, folklorçu alimdir. Ümumiyyətlə ətrafımda hər zaman əlahəzrət sözə, sözün qulluğunda duran çox böyük ziyalılar olub. Ədəbiyyatşünaslıq elminin korifeylərindən olan Abbas Zamanov, Bəkir Nəbiyev kimi akademiklərin əhatəsində olmuşam və sözə əzəldən çox böyük məhəbbət bəsləmişəm. Arzum hər zaman əlahəzrət sözün qulluğunda durmaq olub, ancaq bilavasitə bu elmə gəlməyimin ən böyük səbəbi o olub ki, mən 6 nömrəli orta məktəbdə rus bölməsində oxumuşam.
Bildiyiniz kimi 6 nömrəli məktəb rus təmaüllü bir məktəbdir. Təmamilə yəhudi və rus millətindən olan müəllimlərimizlə əhatə olunmuşduq və Azərbaycan dilində demək olar ki danışmaq imkanımız yox idi. Ancaq evə gələndən – gələnə, imkan olanda valideynlərimizlə öz dilimizdə danışrdıq. O dövr elə bir dövr idi ki, çox da yaxşı danışmırdım. Orta məktəbi bitirəndə xəstəxanaya "həstəxana”, hamama "xamam” deyirdim.
Mənim çox millətçi atam var idi. Öz millətini, dövlətini sevən, tarixini gözəl bilən atam evdə bizə bu fikri aşılayırdı ki, insan öz dilində dürüst danışa bilmirsə ondan heç bir alim, heç bir yaxşı insan, yaxşı vətandaş ola bilməz. Mən evdə rus sözləri istifadə edəndə 20 qəpik dəyərində cərimə ödəməli olurdum. Mənim o vaxtdan sözə, ədəbiyyata böyük məhəbbətim var idi. O dövrlərdə mən rus ədəbiyyatını dəlicəsinə sevirdim. Məsəl üçün, mən A.S.Puşkini, M.Y.Lermontovu, N.A.Dobrolyubovu, L.N.Tolstoyu, N.A.Nekrasovu, İ.S.Turgenevi dönə-dönə oxuyan, lirikanı yaxşı bilən bir şagird idim, ancaq bu məsələ məni narahat etdi ki, axı mən niyə Azərbaycan dilində yaxşı danışmıram. Məktəbi bitirəndən sonra qarşıma belə bir məqsəd qoydum. Ali məktəbə - Bakı Dövlət Universitetinin filologiya fakültəsinə - sənəd verdim, təəsüflər olsun ki, filologiya fakültəsinə daxil ola bilmədim. Sonra qarşımda belə bir məsələ qalxdı ki, mən Azərbaycan dilini mükəmməl öyrənəcəyəm. Nəinki Azərbaycan dilini, həm də Azərbaycan ədəbiyyatını mükəmməl öyrənmək fikrinə gəldim. Bunun üçün mən, deməli, ali məktəbdə namizədlik mövzusu götürərkən, düşündüm ki, bu ədəbiyyatın ən çətin mövzusuna müraciət etməliyəm. Ən çətin mövzusuna müraciət etməliyəm ki, bu da fikrimcə M.Füzuli idi. Bunun üçün mən ərəb dilini, əski əlifbanı öyrənməyə başladım, görkəmli şərqşünas, alim, akademik R.Hüseynovun rəhbərliyi altında namizədlik mövzusu götürdüm.
Düşünürəm ki, ədəbiyyatşünaslıqda ən çətin, ən qəliz problemlərdən biri olan, ümumiyyətlə Azərbaycan ədəbiyyatının ən görkəmli şəxsiyyətlərdən biri olan Füzuli yaradıcılığına müraciət etdim. Bunun üçün də öncə dili yaxşı bilməliydin, ədəbiyyatı öyrənməliydin ki, ən mürəkkəb məsələyə müraciət edə biləsən. Bir az dolayı danışdım, amma əslində təməl budur. Fikirləşdim ki, mən bir Azərbaycanlı övladı kimi, yəni bu cür vətənpərvər valideynlərin övladı olduğumdan Azərbaycan dilini, Azərbaycan ədəbiyyatını, Azərbaycan tarixini yaxşı öyrənməməyə bilmərəm. Qarşıma məqsəd qoydum və bu məqsədə nail olamaq üçün bu ədəbiyyatın ən mürəkkəb şəxsiyyəti kimdirsə onu öyrənməyə çalışdım. Mən iddialı deyiləm ki, mən bu gün Azərbaycan dilini və yaxud Azərbaycan ədəbiyyatını hamıdan yaxşı, mükəmməl bilirəm. Ancaq təşnəm budur. Arzum budur ki, həm Azərbaycan dilində yaxşı danışa bilim, Azərabaycan ədəbiyyatını yaxşı, öyrəndiyimi öyrədə bilim. Bilirsiz necədir, düşünürəm ki, burada əsas ədəbiyyata, millətə olan sonsuz bir sevgidir. Sizə bir şey danışacayam. Mən ali məktəbə daxil olmamışdan əvvəl bir il Tarix Muzeyində bələdçi işləmişəm. Tarix muzeyində işlədiyim dövrdə buraya müxtəlif ölkələrdən, əsasən də SSR-ın digər respublikalarından qonaqlar gəlirdi. Məsəl üçün, mən çox böyük iftixarla, qürurla Azıx mağarasına aid eksponatın qarşısında durub, deyirdim ki, bizim ərazidə tapılmış azıxantropun çənə sümüyü var, yəni, bizim əcdadımız budur. O qədimliyə dəlalət edən şeylər haqqında danışarkən onlaradan təəcüb səsləri çıxanda bunlar məndə qürur hissi doğururdu. Mən qürur duyurdum ki, mən belə bir millətin övladıyam. Bu məni tariximi, ədəbiyyatımı öyrənməyə sövq edən ən böyük amillərdən biri oldu və bu gün də bunun üçün heç peşiman deyiləm. Məsəl üçün, mən Babəkin şəklinin qarşısında dayananıb "hürrəmilər hərəkatı” haqqında danışarkən və yaxud da İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətai haqqında danışarkən bu insanlar heyrətə düşürdü və mənim marağım daha da artırdı. Onların marağı, diqqəti məni sövq etdi ki, mən ədəbiyyatımızı da, tarimizi də və ümumiyyətlə bu millətə xas ola hər bir şeyi daha da dərindən öyrənə bilim.
-Siz nə vaxt başa düşdüz ki, Sizin həyat yolunuzu məhz elmi fəaliyyət müəyyənləşdirəcək?
-Həyatda mənə elə gəlir ki, hər bir insan üçün iki vacib məqam var. Bir doğulduğun məqam, bir də nə üçün doğulduğunu anladığın məqam. Doğulursan sadə bir insan kimi, bir də bir müddətdən sonra nə üçün doğulduğunu dərk edirsən. Sənin missiyanın nə olduğunu dərk edirsən. Düşünürəm ki, mən çox uşaq yaşlarımdan bunu başa düşmüşdüm, çünki mən, bayaq qeyd etdiyim kimi, ziyalı ailəsində doğulmuşdum. Mənim anam da, atam da AMEA-da işləyirlər. Hər ikisi tədqiqatçı alimdir. Atam çox nadir mütəxəssislərdənidi – herpitoloq idi. İlanları tədqiq edirdi və ilan zəhəri alırdı. Hələ mən rus dilini yaxşı bilmədən, yadımdadır ki, atam deyirdi ki, "ядовитые змеи...” və s. Uşaqlıqda hətta evin içində onu belə təqlid edirdim (gülür-red.). Başa düşürdüm ki, bizim evimizdə, ətrafımızda hamı elmlə məşğuldur. O səbəbdən də çox meylim və marağım var idi buna. Çox gənc yaşlarımdan bunu dərk etmişdim. Düzdür, daha kiçik yaşlarımda hüquqşünas olmaq istəyirdim. Ətrafımda olan ədalətsizliklərə qarşı mübarizə aparmaq üçün fikirləşirdim ki, mən mütləq hüquqşünas olmalıyam. Sonra böyüdükcə bu barədə fikrim ciddiləşdikcə, başa düşdüm ki, sənət aləmi, söz dünyası məni daha çox cəlb edir. Buna heç də peşiman deyiləm. Düşünürəm ki, həyatda özümü tapa bilmişəm.
-Yazdığınız elmi işlərinizdən Sizin üçün ən dəyərlisi hansıdır?
-Vallah bilmirəm necə cavab verim bu suala. Adətən deyirlər ki, hamısını çox istəyirəm. Deyə bilmərəm ki, yazdığım ilk əsər mənim üçün çox əhəmiyyətlidir. Çap olunan ilk kitabım mənim üçün olmayacaq qədər çox böyük sevinc hissi yaşatdı. Bu 2000-ci ildə "Çağdaş poeziya və klassik irs” kitabım idi. Ümumiyyətlə o dövr elə bir dövr idi ki, kitabı olmaq kifayət qədər uğurlu bir iş idi. Hamı kitab çap edə bilmirdi. Çünki kitab qalıcıdır, kitab inandırcıdır, kitab müəyyən senzuralardan keçir. Bu kitaba ön sözü mənim elmi rəhbərim akademik R.Hüseynov yazmışdı. Mənim üçün çox əhəmiyyətli əsər idi. Eyni zamanda da bu maraqlı bir mövzu idi – "Çağdaş poeziya və klassik irs”. Müasir şairlərdə Füzuli ənənəsini axtarmışdım. İndiki ağlımla baxıram və görürəm ki, çox da inandırıcı deyil. O vaxt mən çox iddialı idim ki, bu fikirlərim birmənalı şəkildə dəqiqdir, dolğundur. Bu məni çox sevindirən kitabım idi. Mənim üçün çox dəyərli əsər isə məncə "Sufizm”dir. Çünki sufizm elə bir çətin mövzudur ki, bu barədə yazmaq çox məsuliyyətlidir. Məsələ burasındadır ki, mən sufizmə fəlsəfi nöqteyi nəzərdən deyil, məhz filoloji nöqteyi nəzərdən yanaşmışam. Bu kitabı yazmağa məni vadar edən müəyyən məqamlar var idi.
Demək, mən Füzuliyə sufi deyəndə, hətta mənim xətrimi çox istəyən böyük akademiklər, xeyirxahlarım mənə dedilər ki, Füzuli sufi deyil, sən Füzuliyə sufi deməklə ona xidmətini azaltmış olursan. Mən başa düşdüm ki, biz sufizmin nə olduğunu yaxşı bilmirik. Tam dərk edə bilməmişik. O səbəbdən də Füzuliyə sufi deməklə ona xidmətimi və yaxud da Füzulinin əhəmiyyətini necə azaltmaq olar, axı Dahi C.Rumi sufi idi. Məgər o fərqli istedat sahibi, üstün birisi deyildimi. Biz necə deyə bilərik ki, Füzulinin xidmətini azaldırıq. Mən dərk etdim ki, biz sufizmi ilkin mərhələsində, yəni, zahidlik mərhələsində başa düşürük, yəni, sufizmin ariflik mərhələsinə çatmırıq. Bu səbəbdən də biz kimə sufi deyiriksə onu dərviş hesab edirik, halbuki mən Füzuliyə həmin doktorluq dissertasiyamda irfan şairi deyərək onun arifliyini qabartmışdım.
Ola bilər ki, Füzuli yaradıcılığa gələndə ilk şeirlərini yazanda təbii ki, o adi bir şair idi, ancaq yaradıcılığının pik nöqtəsinə çatanda Füzuli birmənalı şəkildə sufi idi. Füzuli türk dünyasının son sufilərindən biridir. Mən inadla bu fikrin üstündə dururam. Necə ki, Qeys Leylini sevərkən sadəcə Qeys kimi sevdi və sonra Məcnuna çevrildi, o cür də Füzuli yaradıcılığa başlayanda adi bir şair kimi başladı, ancaq sözün o heyrətilə, sözün təsiri ilə Füzuli çevrildi oldu sufi şair və o dərk etdi ki, ona lazım olan yer üzündəki Leyli deyil. Ona lazım olan ilahi bir qüvvədir, ilahi bir qüdrətdir və ən azından "Leyli və Məcnun” əsərinin sonunu götürsək bu sufimzə olan çox bariz bir nümunədir. Bu da məni vadar etdi ki, mən "Sufizm” əsərini yazdım. "Sufizm” əsərini yazdım və yaxşı bir tərcüməçi tərəfindən tərcümə olundu bu əsərim.
Sizə deyim ki, "Bədii düşüncə: tarixi gerçəklik və estetik ideal”ı da bir o qədər sevirəm. "Bədii düşüncə” də ən azı 10 -15 illik zəhmətimin nəticəsidir. Ümumiyyətlə insan öz kitabını sevməyə bilməz ki. Mümkün deyil. Bəlkə onun bədii tərtibatı adamı qane etməyə bilər, ancaq oradakı hər bir söz, hər bir fikir sənin zəhmətinin bəhrəsidir. Yəgin ki, ən dəyərli əsərim "Sufizm”dir. Eyni zamanda "Azərbaycan füzulişünaslığı” da kitabı. Bu kitabda mən bir neçə məsələ qoymağa çalışmışam ki, onlar füzulişünaslıqda ilk dəfə deyilmiş şeylərdir. Ümumiyyətlə düşünürəm ki, təvəzökarlıq insan istedadını və inkişafını qarşısını alan bir şeydir. Ona görə qeyri-təvəzökar bir fikir söyləyəcəyəm. Demək, "Azərbaycan füzulişünaslığı” əsəri bir azərbaycanlı alimin füzulişünaslıq sahəsində yazdığı ilk əsər idi. Təbii ki, onun yanlışları da, çatmayan cəhətləri də yəqin ki var. Eyni zamanda da burada bir neçə məqam var idi ki, bunlar ilk dəfə deyilirdi. Mən hesab edirəm ki, ilk füzulişünas Füzuli elə özüdür. Bu fikri ilk dəfə mən demişəm. Mənimlə mübahisə edənlər oldu. Mənim opponentlərim mənə fikir söyləyirdilər ki, necə Füzuli özüdür. Mən deyirəm ki, Füzuli özü öz əsərlərini təhlil edib. Mənə deyirlər ki, ona qalsa onda bütün klassik şairlər əsərlərinin fəxriyyə hissəsində özləri haqqında danışıblar. Bilirsiz necədir, Füzuli özü haqqında danışmayıb, özünü məth etməyib. Füzuli özünü təhlil edib. Qəzəl haqqında danışanda, məhz qəzəli təhlil edərək, ərəbcə və farsca yazıb-oxumağın çətin olduğunu görərək Füzuli türkcə yazdığını qeyd edir və beləliklə o dövrün, o mühitin problemini ortaya qoyur. O səbəbdən mən hesab edirəm ki, ilk füzulişünas Füzuli özüdür. Füzuli özü özünü təhlil edib – bu bir. İkinci yenilik orada ondan ibarətdir ki, Füzuli sufi şairdir. Bilirsiz necədir, bəzi alimlər məcburən Füzulini Allahdan başqa heçnə yazmadığını, bəzən də Allahla heçbir əlaqəsi olmadığını, İlahi eşqin olamadığını, ancaq insanın insana olan məhəbbətindən danışdığını deyir. Mən düşünürəm ki, Füzulinin yaradıcılığında məhəbbət xətti çox genişdi və bu eşqin, məhəbbətin xarakteri məncə sufidir. Hər bir normal şair kimi onun da insanın insana həsr olunmuş şeirləri var. Bu səbəbdən mənə "Azərbaycan füzulişünaslığı” da çox əzizdir. Yəni, beləliklə, belə bir nəticəyə gəlirik ki, onlar hamısı mənə əzizdir. Rus dilində də bir neçə əsərim var. Onlar sırf tərcümədirlər. Onlar da daha çox oxucu kütləsi qazanması üçün tərcümə ediliblər. Rus dilinə də, qismən də İngilis dilinə də tərcümə edilib.
-İlk yazdığınız məqaləninizin adı yadınızdadır?
-İlk yazdığım məqalə olmayıb. Səkkizinci sinifdə oxuyanda bir mənsur şeir yazmışdım. Demək, mən Naxçıvanda anadan olmuşam. Orada qeyri-adi, başqa heç bir yerdə olmayan narbənd ağacları var. O ağaclar çətir kimi olurlar. İndi o ağacdan Naxçıvanda bir neçə yerdə əkirlər, amma o zaman bu ağacı əkən bir adam var idi. Ona bir şeir həsr etmişdim:
Şərurda bir qoca vardı, müdrikdi, ixtiyardır
Qapısını döyərdilər, Hüseyn baba deyərdilər… (adı da Hüseyn idi – G.Ə.-K.)
Sonralar yazdığım ilk məqaləm yadımdadır . Deməli, "Çağdaş poeziya və irs haqqında”. Artıq namizədlik mövzusu götürmüşdüm və Nizami Muzeyində keçirilən bir tədbir haqqında balaca bir məqalə yazmışdım. O da o vaxtı "Ədəbiyyat və incəsənət” qəzetində çap edilmişdi. Mənim üçün sonsuz bir sevinc idi o. Mənim məqaləm qəzetdə çıxmışdı.
-Həyatınızda kitabların hansı rolu oldu?
-Həyatımda kitabların sonsuz rolu olub. Mənim anam 40 ildir ki kitablarla uğraşır. Ali məktəbi bitirəndən ölkənin böyük kitabxanalrında rəhbər vəzifələrində çalışıb. Mən uşaq olanda, anam Nizami Muzeyinin kitabxansında müdir vəzifəsində çalışırdı. Demək olar ki, mən kitabların içində böyümüşəm – sözün həqiqi mənasında (gülür-red.) Kitabın nə olduğunu bilməyəndə də kitabla oyuncaq kimi oynamışam. Sonra bir şeyi hiss etmişdim. Akademik Bəkir Nəbiyev dəqiq yadımdadır. Mən hələ hərfləri bilmirdim, ancaq qırmızı qələmi ilə bir kitaba anamla atamın adını və gözəl Gülşənə sözünü yazmışdı. Çox istəyirdim ki, hamı görsün Bəkir müəllim bu kitabı mənə yazıb. Sonralar Bəkir müəllim haqqında bir məqalə yazmışdım və orada Bəkir müəllimin mənim də adımı yazdığı kitabı xatırtlatmışdım. Anam özü də deyirdi, adamlar evə gedəndə öz uşaqlarına şirniyyat və ya oyuncaq alanda anam bizə kitab gətirirdi. Anam da kitabları hədsiz dərəcədə sevir. Akademik Teymur Kərimli onun haqqında məqalə yazmışdı – "Kəngərlilər nəslinin kitabdarı”. Bu adam hara gedirsə kitabın 17-ci səhifəsini açıb möhürü axtarır ki, görəsən bu bizim kitabxananın kitabı deyil. Anamın ən acığına gələn kitab oğrusu oğru deyil kəlməsidir. Anam deyir ki, çox da böyük oğru sayılır. Ona görə də kitab mənim üçün çox əhəmiyyətlidir.
-Fəsəfə bu gün üçün və bugünki həyat üçün nədir?
-Düşünürəm ki, hər bir insanın öz fəlsəfəsi var. Bəzən, məsəl üçün, deyirlər ki, filankəs nə bilir fəlsəfə nədir. Hər bir normal düşünən insanın öz fəlsəfəsi var və onun o fəlsəfəsi öz gerçəyidir. Məsəl üçün, birinə qulaq asırsan və görürsən ki, o sənə anlatmaq istədiyi mətləblər əslində yanlışdı, amma öz arqumentləri ilə o sənə haqlı olduğunu isbat edir. Bu onun fəlsəfəsidir. Beləliklə fikirləşirəm ki, hər kəsin öz fəlsəfəsi var və o sənə öz fəlsəfəsi vasitəsi ilə haqqını isbat edə bilir. Mən fikirləşirəm ki, həyatda nə olursa olsun, formasiyaları da dəyişsələr, həyat şərtləri də dəyişsə, nə dəyişirsə dəyişsin insanın meyarı dəyişməməlidir. Mənim fəlsəfəm budur ki, insanın vahid bir meyarı olmalıdır və o meyardan heçnəyə görə aşağı düşməməlisən.
-Ekspromt sualları verməyi çox sevirəm. Xahiş etsəm bizim oxucularımız üçün hansı şeiri söyləyərsiz?
-Çox sevdiyim şeir Mehmet Akif Ersoyun "Sakarya” şeiridir. İndi Sizi hüznləndirib bu şeiri demək istəmirəm. İndi başqa bir şeir demək istəyirəm. Ramiz Rövşəndən "Şirin-şirin yuxudaydıq” şeiri…
Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların qucağından
Bu dünyaya atdı bizi.
Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi.
Biz ki yol nədi bilməzdik,
Biz ki öl nədi bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi...
-Bilirəm ki, universitetdə işləriniz həddindən artıq çoxdur. Ona görə də dəyərli vaxtınızı mənimlə müsahibəyə ayırdığınıza görə təşəkkür edirəm! Sağ olun. İnşAllah görüşərik.
-Siz sağ olun! Hüseyn, maraqlı suallara görə təşəkkür edirəm. İnşAllah.
Müsahibəni hazırladı:
MƏMMƏDSALAHOV HÜSEYN,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi.