Qəşəm Nəcəfzadə. 50 yaşın şeirləri

Qəşəm Nəcəfzadə. 50 yaşın şeirləri

Oğlum, qapını aç, qapıda bir külək ölür

Bəlkə dünən sındırdığın budaqdı
Oğlum, qapını aç, qapıda bir külək ölür

Bəlkə dünən əkmədiyin ağacdı
Bəs niyə qapımızda ölsün bu gözəl külək?

Bəlkə bir ağacın kəm gəlibdi yarpağı
Qəfil ayağı sürüşüb küləyin.
Küləyin sürətidi qadınların saçları
Saçlar hanı?
Uçub küləyin dirəyi.

Külək gərək ata dəyə, at hanı?
Külək gərək telə dəyə tel, hanı?
Külək gərək sevənlərin arasından keçməyə
Deyəsən keçib oğlum, qapıda bir külək ölür.

Külək adama dəyər, qalxar
Körpə bir tumurcuq kimi
Şümal budaqdan çıxar
Külək gərək əldən göyərə
Otdan yüksələ
Dünyaya bir yaşıl yarpaqdan əsə
Gərək pəncərə şüşəsinə külək
Zivədə asılmış bir uşaq corabından dəyə
Hanı, hanı, külək ölür.

Əsdi, əsdi dəyməyə əl tapmadı
Bir az görünməyə bir tel tapmadı
Ətrin daşımağa bir gül tapmadı
Bir corab görmədi zivədə yelləməyə
Hanı, hanı uşaqlar?
Bir yol tapmadı tozunu qaldırmağa
Yolu basıbdı otlar.
Otların üstüncə sürüşdü külək
Qalxa bilmədi ayağa.

Oğlum, qapını aç, qapıda bir külək ölür
O küləyi ağlayan ən çox sənin
Külək kimi qalxan telin olacaq.

Çay simfoniyası

Balıqdan-balığa böyüyər sular
Daşlardan-daşlara səs eylər, eylər.
Dərələr çayları tutar ovcunda,
Gəzdirər dünyanı su söylər, söylər.

Elə bil meşələr çay qırağında
Şəkil çəkdiribdi asıbdı dağdan.
Bilmədik küləklər gəldilər hardan?
Şəkli dağ döşündə ha yellər, yellər.

Əllərimi çaya salıb gedirəm,
Əlimin başına sular dolanır.
Balıq balıq bilir barmaqlarımı
Gəlib barmağımla qoşa dayanır,
Ayə, əllərimi şeir yandırır
Balıqla öpüşüb bu əllər, əllər.

Çaylar yerə qonan buluddu dedim,
Küləklər yorulmuş göy atdı dedim.
Çaylar at görəndə qalxdı bir dodaq
Dodaqlar çayları ha əylər, əylər.

Köhnə evimiz

Biz gözəl yaşadıq köhnə evimizdə...
Oğlumun yüyrüyü üçün tavana vurduğum mismar
ən gözəl yazıdı
Artıq gərəksiz olduğunu bilir
Bizimlə getmək istəyir yazı.

Divara dərs cədvəlimi vurmuşam
Dərs dediyim günlər
Sinif uşaqları kimi
Atılıb düşürlər.

Divardam asdığım saat
Həmişə düz işləyir.
Divar qədər etibarlı kağız yoxdu
Yaddan çıxmasın deyə
Balaca oğlumun peyvəndinin
Tarixini yazmışam divara...

Bir də ağ divarlar
Balaca oğlanlarımın
Ilk əlifbası:
A B V Q D S hərifləri
Sonra it
Eşşək
At şəkli
Burun, göz, ayaq şəkli
Oğlanlarımın danlaq yeri
Qulaqlarının burulmaq vaxtı
Arvadımın - "xaraba qalsın, bu nə evdi, biz yaşayırıq”- kəlməsi
Yol işarəsi,
Həyat nişanəsi.

Köçdük köhnə evimizdən
Qaldı tavanda mismar
Divarda yazı
Şəklim çıxmış köhnə qəzetlər
Dərs çədvəlim
Bir də kiçik qızımın
arabasının bir təkəri...

Gözəl anam

Sənə şeir yazmadım, gözəl anam
Gözləri yol anam
əli yol anam,
qəbri də özünə oxşayan anam
qəbrinin üstünə şeiri də dostum yazdı.
Səndən sonra atamı evləndirdim
Gözəl anam
Sən saxlayan atamı bəs kim saxlasın?
Bir səhər evimizə bir gəlin gəldi,
Qazanlar, qaşıqlar durdular üzə.
Bacılarım daha çox ağladılar.
O qadın evimizi dəyişdirdi.
Atam aldansın deyə
Mənə ona ana dedim.
Dilimdəki "Ana” sözünə
Aldandı atam.
Mən ona ana deməsəm
Bu saat o qadını boşayar atam
Bir gün səhər  o qadın
Sən sağan inəyimizi sağdı
Inək qoymadı.
Sən sağan inəyimizi atam ağacla vurdu...
Bir vurdu, iki vurdu...
Yəqin ki, deyərdin: əlin qurusun
Inəyin ayaqları əsdi
Onda mən ağladım, gözəl anam
Bu şeiri də  yazdım, gözəl anam,
Innən belə gedib qələmimi  sındıracam.

Məşhur adamın gülümsəməyi

Məşhur adamlarla şəkil çəkdirməyə
Düzələn sıraya gülməyim tutur.
Məşhur adam da həmişə ortada gülümsər
Bir dəqiqəlik.
Şəkilçəkən adamları əvvəlcədən belə öyrədib:
Bir az gülümsəyin.

Adamlar yan-yörəsinə elə dartınırlar ki,
Təki çiyinlərinə dəysinlər,
amma dəymirlər.
Elə bil içlərində mıx var
əslində hamımız beləyik
bizi içimizdəki
iri taxtaya mismarlayıblar.

Hər gün arvadı şəklin tozunu silər
Ortada məşhur adam, yanında əri.
Bir az da böyüyər balaca kişi
Şəkillə ovudar evindəkiləri.

Evdə ümid yavanlığı olar -
Şəkil,
Bir gün kişinin oğlunu tutdular...
Kişi sandıqdan çıxarıb şəkli
Ölə-ölə tapdı məşhur adamı
Kişi təccübləndi, bir az da qorxdu
Üzü büsbütün çılpaqdı məşhur adamın.
Şəkli qorxa-qorxa qoydu ortaya
Bu mənəm, bu da  sizsiz - dedi.
Məşhur adam nə qədər elədi
heç kəsi
Tanıya bilmədi.
Şəkil öldü...
Stola toz kimi töküldü,
Şəkildəki çürümüş təbəssümlər.

Anam bu şeiri mənim dörd yaşım olanda
üstümdə oxuyub

Qəşəmin azarı çaylarla getsin
Ay sular ey, ay sular ey...
Dilində sözləri çiçəklə bitsin
Ay çiçək ey...ay çiçək ey...

Çölnən gedən, ay göy atlı
Balam öskürür, dərmanı nədi?
-qara qarğanın qanı
-qarğanın da balası var
Ölürəm eey, ay qara qarğa, ölürəm.

Balam gedib quzuları qaytarıb
Örən yeri qoyub, xamı otarıb
Atların da hörüyünü qoparıb
Quzular qoyunları əmib qurtarıb
Axşama bir qaşıq süd də qalmayıb
Ay balam ey, ay balam ey...

Pəncərənin şüşəsini sındırır
Doxturları görən kimi ağlayır
Ojaxda əl-ayağını yandırır
Dəftər-qələmini maşın qayırır
Hələ ayaqqablı evlərə girir
Bişikləri kürəyinə mindirir
Küçükləri axşamacan hürdürür...
Ay balam ey, ay balam ey...
Ay Qəşəm ey, ay Qəşəm ey...


Yeni quruluş

Mənə deyirlər ki, etibarsızsan
Düzdü mən su kimi dəyişkənəm
Adamam axı.
Və heç kəslə əbədi dost olmağa məhkum da deyiləm
Canım çıxır bir şeyə əbədi bağlanmaqdan.
Birinə etibarımı subut eləməkdən
Birinin hörmətini qazanmaqdan
Canım çıxır
Sevgi çan çıxarmaqdı-
Allah kəssin bu vərdişi.

Mən həyatımın rejissoruyam-
Yoxsa ölərəm-
Həyatımda adamların,  əşyaların yerini tez-tez dəyişirəm
Onları ürəyim istəyən kimi düzürəm
Bəzən birini qabağa
Birisini isə lap arxaya atıram
Qoy həyatımdakı şeylər mənə xidmət etsin.
Mənə lazımdı qalsın
Lazım deyil getsin.
Hər gün
Həyatıma yeni quruluş verirəm
Ağlatmaq
Aldatmaq
Unutmaq
Hətta adam öldürmək belə
Əsas işimdi.
Tamaşadan-tamaşya dəyişirəm
Axı mən necə dəyişməyim
Həyatam axı.
Niyə məni başa düşmürsünüz
Ay adam uşağı?

Yüz altmış

Maşınım yolları çəkir başına
Mənzilin sağlığına.
Arxada adamlar qalır
damlalar kimi
qabaqda adamlar var
buludlar kimi.
Təkərlər asfalta səsin yazdırır
Sonra da oxuyur qara val kimi.

Sürətə bax: yüz altmış
Sürətlə arxaya qaçır
Problemlər, xatirələr, nələr...
"Ədəbiyyat qəzeti” ndə
Çap etdirə bilmədiyim şeirlər.
Millət vəkilindən
edə bilmədiyim xahiş
Oğluma tapa bilmədiyim iş.
Arvadımın əlindən səpələnir keçmişə
Baralgin
Analgin
Sedalgin
Validol,
Cəhənnəm ol.
Balaca oğlumun əlindən sürüşür
düşür
Ev almaq üçün boynubüküklüyüm
Yazıxlığım
Vüqarımdan dönüklüyüm
Vərdiş elədiyim səbr
Öyrəşdiyim ədəb-ərkan.
Qalır arxada tənələr...
Tənqidçinin haqqımda yazdığı
Qərəzli məqalələr.
Arvadım soruşur məndən
Hara tələsirsən
Kim qovur səni?
Sürətlə deyirəm
Mən cəhənnəmə
Qaçıram adamların əlindən
Bircə balamın hələ kölkə düşməmiş
Iki misra gözlərini.

Şəkil sevdası

Daha şəkli gözəl çıxmır bu xanımın
Gedir qonşulara əlində albom.
Maşşalla söyləyir arvadın biri
Sanki gözəlliyindən
utanır xanım.

Salıbdı meylini şəkillərinə
Köhnə  şəkilləri
verir ərinə.
ərinin də bir əsgər şəkli var...
Şəkil ötürürlər
Biri-birinə.

Qırışmış əlini  şəklin altında gizlədib,
Sən allah şəkildə əlimə bax - deyir.
Buna bax, buna
Keçən il çəkdirmişəm – deyir
Qaynanam sağ idi onda.

Şəkilləri ərinin tüklü sinəsinə düzür qadın
əri boğazına qədər şəkil.
Elə bil əriylə kart oynayır qadın
ən gözəl şəkli ürəyinin üstə qoyur
tuz kimi
əri qalxır quduz kimi
öpür, öpür
qucaqlayır şəkildəki qadını.

Səhər, səhər, yenə də
Qadın
Tapır  şəkllərin ən köhnəsini.
Əri gələnə kimi
Köhnə şəkillərdən
Özünü oğurlayır.
Sonra
Köhnə şəkillər ilə...
"Sevgi-sevgi” oynayır.

Unudanda...

Ən gözəl qadın unudulanda  gözəldi
Yaddı.
Bir az azaddı
Ələ keçirilmək etimalı bir az sevgidi.

Unudanda, unudanda
Mən şeir yazıram.
Mən daşı, qayanı söyəndə sevirəm.
Məsələn bu qayanı
Bu qayanın içini
Bu qayanın altını...
Bir görə biləydim, ay çiçək-çiçək.

Yağış nədi, bir az dərindən düşünsən tozdu
Su tozu.
Tozlanar çiçəklər
Bəlkə yağış çəmənlərə söyüşdü
Yağış söyüşünü mən çox sevirəm
Mənə halaldı sulu söyüş.

Yollar ayağı sürüşkən-
Buludla mazağlaşan-
Yolu söyürəm
Töpürürəm  palçığa
Sevirəm.

Mən balaca olanda nənəm deyirdi:
Qəşəm qız söyür.

Indi sən fikir ver, neçə ildi
qolum qalıb boynundakı havada.
xəbərin var,
boynunda bir qol çürüyür
mən səni söyməyim, neyləyim?
Ay itin qızı.