QÜRBƏTDƏ  VƏTƏN  HAVASI…  - Baloğlan Cəlil

QÜRBƏTDƏ VƏTƏN HAVASI… - Baloğlan Cəlil

«Bizdən uzaq…bizə yaxın doğmalar» silsiləsindən

Vaqif  YUSİFLİ

Neçə illərdir Baloğlan Cəlil İdrisinin şeirlərini oxuyur, onun ildən  ilə, kitabdan kitaba bir şair kimi irəliləyişinin şahidi oluram. Lənkəranın Zövlə kəndində dünyaya göz açan, orta məktəbi bitirəndən sonra iki il kəndlərindəki sovxozda çalışıb həyat təcrübəsi keçən, sonra ali məktəb bitirən, gah Zövlədə, gah da Sumqayıtda fəhlə və müəllim işləyən Baloğlan 1996-cı ildən Başqırdıstanın paytaxtı Ufada yaşayır. Onun şeirləri Rusiya qəzet və jurnallarında, həmçinin Türkiyədə kitab halında çap olunub. Amma Baloğlanı bir şair kimi tanımaq istəyirsinizsə, «Azərbaycan» və «Ulduz» jurnallarını izləyin. Onun oxucuları Azərbaycandadır, hər gün, bəlkə hər saat burnunun ucu göynəyən Vətənindədir.
Baloğlan olsun ki, Ufada özünə, ailəsinə normal bir yaşayış qurub, amma əsasən müsəlman şəhəri olsa da, Ufa Bakı deyil, Lənkəran deyil, heç Sumqayıt da deyil. Qürbətdir.

  Bu qürbət gözümü çəkib aparır
  Qəlbimdə ulayır Vətən yelləri.
  Şirin vədələrin yelləncəyində
  Bu gün də anasız Vətən yellənir.
 ..Vətənsiz bir ömrə ömür demərəm,
   Qürbət də ömürlük sürgün kimidir.

Bu misralar Baloğlan Cəlil İdrisinin qürbətdə keçirdiyi hisslərin şeirdə əks-sədasıdır. Ancaq Baloğlanın şeir dünyasında Qürbət mövzusu o qədər də önəmli yer tutmur, deyək ki, yuxarıdakı misralarda olduğu kimi xeyli şeiri ilə üzləşmirsən. Baloğlan Ufada yaşasa da, fikri, xəyalı doğulduğu Vətəndədir. Uzaqda olanda Vətəni daha dərindən duyursan, sevirsən, yaddaşın bütün kökləriylə Vətənə bağlı olur. Qürbətdə Vətən havası yaradırsan. Darıxsan da, bayaq dediyim kimi, burnunun ucu göynəsə də… qürbəti Vətənləşdirirsən.
Bu söhbəti burda bitirək. Baloğlan Cəlil İdrisinin şair səciyyəsini açıqlamağa çalışaq.
Hələ doxsanıncı illərdə, «Bənövşə ətri» adlı ilk şeirlər kitabında Baloğlan ədəbiyyata təsadüfü gəlmədiyini sübut elədi. Şairi də, şeiri də sərraf kimi seçən, necə deyərlər, quşu gözündən vuran Məmməd Aslan həmin kitaba ürəyincə bir ön söz yazmışdı. Bircə cümləsini misal gətirirəm: «Şairin bir çox şeirində söz, kəlmə ilkin mənasından sıyrılıb çıxır, tamam başqa mənalara xidmət eləyir, həm də necə heyrət doğurucu şəkildə». Bəli, Baloğlan sözə poetik məna verən, sözü cilvələndirən bir şair olmaq istəyirdi və get-gedə, şeirdən şeirə, kitabdan kitaba buna nail olurdu. Təbii ki, şairliyin mahiyyəti və cövhəri sözü adilikdən çıxarmaq, poeziya donuna salmaq, ona qeyri-adilik bəxş etməkdir. Baloğlanda bu istedad siftədən vardı. Onun Qarabağda qəhrəmancasına şəhid olan sevimli şagirdi Məmməd Qarayevin əziz ruhuna həsr elədiyi şeirlə açılırdı birinci kitabı və elə bu şeirlə  Baloğlan Cəlil İdrisinin özünəməxsus ifadə tərzini, fərdi dəst-xəttini görə bildik:

             Ağırdı söz demək, susmaqdan ağır
             Yuxumu görürəm nədir, İlahi?
             Dağları çiynində gəzdirən oğul
             Bu gün çiyinlərdə gedir, İlahi!

             Ovub gözlərimi çıxarın bu gün,
             Göynəyir bağrımın başı, göynəyir.
             Hələ geyinməmiş toy libasını,
             Oğullar şəhidlik köynəyi geyir.

Üstündən illər keçib. Ən azı iyirmi il. Bu illər ərzində Baloğlanın bir neçə şeir kitabı işıq üzü görüb. Baloğlan müasir şair kimi formalaşıb. Həyatın, gerçəkliyin, cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin, mənəvi dünyamızdakı olayların heç birini gözdən qaçırmayıb, qürbətdə yaşasa da, könlü, fikri daim Azərbaycanla bağlı olub. Baloğlan öz ruhi dünyasından, könül aləmindən dünyaya, həyata, təbiətə boylanıb. Və həmişə çalışıb ki, sözü hədəfə düz tuşlasın, şeirlərində sözlər, ifadələr, onların yaratdığı misralar, bəndlər məna yükünə malik olsun. Necə deyərlər, o, sözün ağrısını çəkən şairdir. Bir şeirində yazır ki:

            Başına dolanım, sözün yiyəsi,
            Pıçılda sözünü, mənə pıçılda.
            Yaman qəribsəyib sözümün ruhu,
            Kol-koslar bitirən bu qərib çöldə.

            Güvənib yatmışıq fil qulağında,
            Biz «ana südünə, dağ çiçəyinə».
            Vətənin köksünə dağlar düzülür,
            Baxıb vuruluruq ağ çiçəyinə
Onun son illərdə qələmə aldığı şeirlərdə də özünəməxsusluq nəzərə çarpır. Baloğlan hansı mövzuya müraciət edirsə, təzə söz deməyə, daha doğrusu, sözün təzəsini deməyə can atır. Məsələn, Baloğlan «Qadın da hardasa şeir kimidir» şeirində Qadınla Şeir arasında assosiativ əlaqəni sezir və bunu şeirə gətirir.  «Qara çəkmələr» şeirində Qar, Qara, Ağ məfhumlarını bir yerə cəmləyir, fikrini təzadlar vasitəsilə əyaniləşdirir.


    Sən qarın üstündə dümağ bir çiçək
    Qara çəkmələrin-qara güldanın.
    Qürbəti Vətənə yaxınlaşdıran,
    Çiçək dodağından qara gül damır.
 
 
    Qar yağır, yenə də ağarır dünya
    Ağaran yaxanda qar çiçəkləyir.
    Enir göy üzündən damcılar kimi
    Əriyir köksündə dağ çiçəkləri.

Baloğlan Cəlil təbiəti duyan və bu duyğuları şeirə çevirən şairlərdəndir. Onun təbiət duyğulu şeirlərində sırf peyzaj səciyyəli bir nümunəyə rast gəlməzsən. O şeirlərdə insan hissləri ilə təbiətin ahəngi vəhdətdədir, o, təbiətdən danışanda insanı, insandan danışanda təbiəti görür. Bu şeirlərdə metaforik düşüncə tərzi ilə qarşılaşırsan. Sən ağaca ağac kimi baxmırsan, insan kimi baxırsan.

    Saçları seyrəlir xanım payızın,
    Soyuq nəfəsindən yağış qoxuyur.
    Çılpaq budaqların gözü yaşarır,
    Deyəsən, hardasa Qədir oxuyur.

   Sanki Qarabağda qızıl payızın
   Bələnib qızılı qana bülbülü.
   Ağaclar sapsarı səsə çevrilir,
   Hıçqıra-hıçqıra «Sona bülbülü».

Baloğlanın bir silsilə «Bənövşə» şeirləri var. Bu silsilədə uğurlu olanları az deyil. Hərçənd Qurbanidən üzü bəri «Bənövşə»lərin sayı az qala həndəsi silsilə ilə artır, amma poetik bənövşələrin sayı o qədər də çox deyil. Məncə, Baloğlan ən yaxşı «Bənövşə» şeirini hələ yazmayıb, amma bu silsilədən altıncı şeiri təqdir etmək olar.

    Sinəsi yaralı qaranquş kimi,
   Düşdüm bu dağlara qonaq-bənövşə.
   Gəl bu gün səninlə qol-boyun olaq,
   Eşqin zirvəsinə qonaq, bənövşə.

   Niyə ah çəkirsən, ahfın dağlara,
   Yaxın gəl bir qədər, yaxın dağlara.
   Körpə çiçək kimi sığın dağlara,
   Bir daha çəkməsin Gün ah, bənövşə.

   Qürbəti dolaşıb gəzib gəlmişəm,
   Qaya daşlarından sızıb gəlmişəm.
   Səni anam üçün üzüb gəlmişəm,
   Üzündə dumandan duvaq, bənövşə,
   Şahiddi bu dərə, bu dağ, bənövşə.

Baloğlan Cəlil bir sıra sərbəst şeirlərində uğurlu cəhdlərə nail ola bilir, amma mənim fikrimcə, onun hecalı şeirləri ruhuna daha yaxındır. Bu vəznli şeirlərdə Baloğlan naşı kimi yox, usta kimi nəzərə çarpır. Deyirəm ki, «Heyva ağacı» şeirində o, bir ağajın timsalında özünü və atasını «rəsm» edirsə, fikrini poetikləşdirə bilir. Amma bəzi sərbəstlərində hecalı şeirlərlə müqayisədə fikrin poetikləşməsi zəif nəzərə çarpır. Bəlkə Baloğlan Cəlil İdrisi özü məndən yaxşı bilir ki, hər hansı bir şeirdən alınan informasiyada ilk növbədə, poetik məna nəzərə çarpmalıdır. Yoxsa o nümunədən şeir yox, adi məlumat kimi xəbər tutarsan. Baloğlanın şeirlərində bu mənada ayrı-ayrı obrazlar (onun özünün şeirə gətirdiyi obrazlar) diqqəti cəlb edir. Deyim ki, Payız obrazı var. Bu, təbiətə şair baxışının ifadəsidir ki, Payız obrazında öz ifadəsini tapır. Ya Bənövşə obrazı. Bu isə ənənəvi, klassik poeziyadan gələn obraza təzə poetik xallar artırmaq cəhdindən irəli gəlir. Papaq obrazı var- bu da ənənəvi obrazdır, amma Baloğlan onu çağdaş dövrümüzün kişilik, namus, qeyrət anlamları, Vətənin, millətin bu günü ilə əlaqələndirir və necə deyərlər, PAPAQ müasir məna kəsb edir.

    Bu özün, bu qılınc, bu da ki, kəndir…
    Dünyada bir gün də bu yurdu ağla.
    Yetər dolandığın başı papaqsız
    Başına papaq qoy, başını saxla.

    Bu yurdun yaş dolu ovcu içində
    Papaqsız yağının atı dayanmır.
    Papağı başında millət kef çəkir,
    Papağı altında yatıb oyanmır.

Onun «Qıvrılan sükut» şeirini həyəcansız oxuya bilmədim. Bu şeirdə dəyişilmiş dünyanın dərdini içində yaşadan bir insanın könül fəryadı eşidilir.»Qorbaçovun dövründə yaşıl dəniz kimi dalğalanan bərəkətli çay kollarımızı az bir zamanda kəsib məhv etdilər. İndi isə o yerlər satılır»-şeir bu məlumatla başlayır. Elə güman edirsən ki, bəlkə bir publisistik haray eşidəcəksən, ittihamlar səslənəcək. Amma belə olmur, nisgilli, kədərli, hətta boğazda qəhərə dönən qüssə ilə üz-üzə gəlirsən.

  Getdi o kolların yanaqlarında,
  Bizim anaların holavarları.
  Dəstənin başında çay yığa-yığa
  Səsləyən yox daha dilavarları.

  Əs, ey dəli külək, yol saçlarımı,
  Hönkür, başım üstə qaralan bulud!
  Danış, o günlərdən bir nağıl danış,
  Döymə dizlərini qıvrılan sükut!

  Bu kəndin payızı qorxudur məni,
  Soyuq nəfəsinin bir xatası var.
  Bu kəndin başında hələ yellənən,
  Yarpağı saralmış kəndxudası var.

«O yaşıl kolları dibindən kəsib, Yaşıl dünyamızı güllələdilər»-başqa bir şeirində də eyni dərd çözələnir.
Səmimiyyət müasir şeirin məziyyətini artıran bir cəhətdir və bu səmimiyyət Baloğlanın sevgi şeirlərində daha qabarıq nəzərə çarpır. Hiss edirsən ki, onun sevgi şeirlərində hisslər, duyğular …nə varsa, yaşanılıb. Hərçənd, Baloğlan ən yaxşı sevgi şeirini də bundan sonra yazacaq qənaətindəyəm (şəxsi fikrimdir), amma qoy o şeirlərdən də musiqi, könlün melodiyaları əskik olmasın.

   Könül vermərəm özgəyə,
   Yalan uyduran güzgüyə,
   Məni sevən o qız guya
   Baxır yollara-yollara.

   Baxmaz daha, baxmaz vara,
   Ürəyində bir Aypara.
   Hərdən dönüb buludlara
   Yağır yollara-yollara.


   Qaldı duman, çən qayada,
   Bir yarımçıq jan qayada.
   Deyir, Baloğlan qayıdar,
   Çıxır yollara-yollara.

Elə bilirəm, Baloğlan Cəlil İdrisinin-qürbətdən Vətənə boylanan bu kövrək qəlbli həmyerlimizin şeirləri barədə azca da olsa, sizləri məlumatlandırdım. Ona şeiriyyətdə, Vətəni daha artıq sevgilərdə uğurlar arzulayaq!