“Qurbağalı gölün sahilləri” (Kiçik hekayələr)

“Qurbağalı gölün sahilləri” (Kiçik hekayələr)

Həmid Piriyev


"Qurbağalı gölün sahilləri”


Qaragünlü kəndi Qurbağalı gölün sahilində yerləşir. Əslində göl dedikləri balaca şoranlıqdır – yayda suyu azalan, qışda yenə çoxalan, içində çoxlu qamışı, qurbağası, üstündə çoxlu milçəyi, ağcaqanadı olan balaca şor su dolu dərə. Dərinliyi adam boyu olar. Qaragünlü kəndinin camaatı buranın adını "Qurbağalı göl” qoyublar.
Burada qurbağa çoxdur, lap çoxdur. Rəngbərəngdir bu qurbağalar – sarımtıl, açıq yaşıl, tünd yaşıl, mixəyi... Qurbağalar gölün sahilində düzüləndə göy qurşağının tünd rəngli versiyası əmələ gəlir. Qurbağalar gündüzləri özlərini günə verirlər, çimirlər, oynayırlar, gecə isə xorla quruldayırlar. Qurbağa xoru Qaagünlü kəndi üçün layla yerindədir, onu eşitməsələr yatmazlar. Qurbağalar gölün üstündə uçan milçəklərlə, ağcaqanadlarla qidalanırlar. Bu uçuşan balaca həşəratlar ölmək üçün yaranıblar və taleləri ilə barışıblar. Qaragünlü kəndi binə olandan milçəklərlə ağcaqanadlar da buranın sakininə çevriliblər. Bəziləri evləri seçib, bəziləri gölü. O vaxtdan bu yana heç nə dəyişməyib; evi seçənlərin nəvə-nəticələri evlərdə, gölü seçənlərin nəvə-nəticələri göldə yaşayır. Hər yer eynidir; hər yerdə onlara divan tuturlar – evlərdə milçəköldürənlər, göldə qurbağalar. Gözlkərinin qabağında minlərlə soydaşlarının öldürülməyinə baxmayaraq onlar heç yerə getmirlər. Onsuz da axırı ölümdür, nə təfavütü?!
Qurbağalar isə öz keflərindədilər. Qaragünlü camaatının onlarda işi yoxdur. Camaat qurbağalardan iyrənir; onlara toxunanın əlinə, üzünə zigil çıxır – deyir. Binəyi-qədmidən belə olub, bu yaxınlaracan da beləydi...
Qaragünlü kəndinin sudan şikayəti olmayıb. Kəndin içindən hardan gəlib hara getdiyi bilinməyən su axır. Arxdan böyük, çayfdan balaca olan bu axar suya Qaragünlü camaatı "Güllü çay” deyir. Güllü çay Qaragünlü kəndinin su ehtiyacını tamamilə ödəyir. Camaat Güllü çayın suyundan həm xörək bişirəndə, həm yuyunanda, həm paltar yuyanda, həm bağ-bağatı sulayanda, həm də, eyib olmasın, subaşına çıxanda istifadə edirdi. Vaxt gəlib dövran dəyişib elə bir gün oldu ki, Güllü çay qurudu. Susuz qalan Qaragünlü camaatı tamamilə qara günlük oldu. Bir gün, beş gün, bir həftə, gördülər ki, yox, ay qardaş, su qoyub özünü Şahdağın başına, gəlmək fikri yoxdur. Nəsə əncam çəkmək lazımdır. Qaragünlü kəndinin qara günlü camaatı böyüklü-kiçikli, ağsaqqallı-qarasaqqallı yığışıb xeyli məsləhət–məşvərət eləyəndən sonra qərara gəlirlər ki, quyu qazımaq lazımdır. Kəndin saqqalı başqalarınınkından bir qarış uzun olan ən qoca ağsaqqalı deyir ki, hazırlaşın, quyunu qazıyın. Biri soruşur ki, bəs quyunu kim qazıyacaq? Doğrudan a, axı kənddə kənkan yoxdur. Qonşu kənddən kənkan gətirirlər, quyunu qazıtdırırlar. Başlayırlar bu quyunun suyundan işlətməyə. Bir dənə quyu o boyda kəndə neyləyəcək? Elə ki, yaz gəldi, bağ-bağat su istədi, Qaragünlü camaatının işi lap qəlizləşdi. Içməyə güclə su tapırlar, ağacları necə sulasınlar? Tərslikdən yaz da quraqlıq keçir.
Camaatın susuzluğa çarə axtardığı günlərdən birində Qaragünlünün hər şeylə maraqlanan yeniyetmələrindən biri maraq xatirinə nənəsinin ona da nənəsinsdən qalma sandığını qurdalayanda sandığın lap dibindən inanclar kitabı tapır, maraq xatuirinə başlayır oxumağa. Kitabda yazıldığına görə qurbağa öldürüləndə yağış yağırmış. Oğlan oxuduğunu atasına deyir. Atası əvvəl-əvvəl gülsə də, sonra deyir ki, yoxlamaqla heç nə itirmərik. Ata oğul gedirlər Qurbağalı gölə, on-on beş dənə açıq yaşıl, tünd yaşıl rəngli qurbağa tutub öldürürlər. Ata baxır səmaya, sonra da oğluna ki, bəs hanı yağış? Oğlan çiyinlərini çəkir. Həmin gecə yağış yağır. Suya həsrət qalmış torpaq tezliklə suyu canına çəkir, yer quruyur. Kişi apardığı eksperimenti qonşularına danışır. Bir neçə qonşu qurbağa ovuna çıxır. On-on beş dənə qurbağa tutub öldürürlər, bu dəfə öldürülənlər arasında sarı qurbağalar da var idi. Axşam yenə yağış yağır. Bu dəfə ildırım da çaxır. Bir neçə günə yer tamam quruyandan sonra kişi və qonşular bütün kəndə səs salırlar ki, bəs, hali-qəziyyə belə. Bu dəfə bütün kənd məmə yeyəndən pəpə deyənə axışır Qurbağalı gölə. Camaat yarım saat qurdalanıb evlərinə qayıdandan sonra sahildə xeyli yaşıl, sarı, mixəyi qurbağa leşi qalır. Bu gecəki yağışda şimşək də çaxır, göy də guruldayır. Dördüncü dəfəki qurbağa ovunda böyüklər böyük qurbağa öldürməklə məşğul olanda, balacalar da çömçəquyruq və xırda bala qurbağalar öldürürlər. Dördüncü dəfə şimşəyin və göy gurultusunun müşayiəti ilə yağış yağan gecənin səhəri səmada göy qurşağı grünür.
Qaragünlü kəndində qurbağalara münasibət dəyişir. Daha heç kim onlardan iyrənmir. Uşaqlar qurbağa leşlərini qurudub yeni ildə yolkadn asmaqçün saxlayırlar. Böyüklər durub-oturub qurbağaların canına sağlıq arzulayırlar. Hətta ağsaqqallardan biri Qaragünlü kəndinin adının dəyişdirilib Qurbağaabad qoymağı təklif etir.
Bahar və yayın iki ayı bu cür keçir.
Iyul ayının axırı növbəti yağışa ehtiyac duyulanda dəstəfər yığışıb gedirlər gölə. Amma göldə qurbağa qalmamışdı! Hər tərəfi axtarsalar da balaca qurbağa skeletlərindən başqa heç nə tapmırlar. Camaatsa elə bilirdi ki, qurbağalar o qədər çoxdur ki, öldürməklə qurtarmaz.
Yağışsız qalıb su həsrəti çəkən Qaragünlü camaatı qəm dəryalarına qərq olur. Tezliklə kənddə ağcaqanad və milçək əlindən tərpənmək omur. Kənd də qalır tək quyunun ümüdünə...

5-8 iyun 2013


"Yollar qurtaran deyil”

Dünyada ən qədim şey göy üzüdür,
ən köhnəlmiş şey – yollar...
V. Səmədoğlu

Dünya yollardan başlayır...
Südabə arvadın yaşı altmışı keçmiş olar. Kəndin bir tərəfində oğlugili yaşayır, bir tərəfində qızıgili. Mərkəzdə özüdür. Səhərdən axşamacan bu üç evin arasındadır. Ona spidometr qoyulsa, kənddəki bütün maşınlardan çox yazar. Gün ərzində kəndi nə qədər dövrə vurduğunu heç özü də bilmir. Pinəçi Əli ancaq onunçün işləyir – iki gündən bir ayaqqabılarını yamatdırır. Həmişə cibində "Valeryanka” dərmanı gəzdirir; onu da elə yollarda içir. Şüşədəki dərmanlar azaldıqca cingilti çoxalır. "Valeryanka” Südabə arvadın "zınqırov”udur. Bu arvadın haçan yatdığı, haçan çörək yediyi bilinmir. O zaman anlayışını da itirib – səhər altıda da çıxsan onu yollarda görəcəksən, geçə on birdə də. Onunçün fəsilin də, temperaturun da fərqi yoxdur. Qışın oğlan çağı; mənfi iyirmi dərəcə şaxta; dizəcən qar yağıb – bu arvad gəzir. Və ya yayın qız çağı; müsbət qırx iki dərəcə isti; adamın beyni qaynayır; küçədə heç it-pişik də yoxdur – bu arvad yenə gəzir! Bütün günü kəndi fırlanıb evdə oturmadığı üçün kommunal xidmətlərdən istifadə etmir; bu səbəbdən kommunal xərcləri də ödəmir. Ancaq işıq puludan başqa. Hərdən axşamlar yolüstü evə girib hər şeyin yerində olduğuna baxmaq üçün bir-iki dəqiqəlik işığı yandırır. Bu da eləsin ayda uzaq başı on-on beş qəpik. Südabə arvad onu da ödəyəcək. Südabə arvad qanunları bilir və vicdanlı vətəndaş kimi onlara riayət edir! Ən çox dayanıb fasilə verdiyi yeganə yer pensiya vaxtı bankomatın qabağındakı sırada olur. Bir nəfər belə sıralardan birində çaşıb Südabə arvaddan soruşar ki, bəs, hökümətə bir qəpiklik xeyrin dəyməyə-dəyməyə onun pensiyasını nöş güdürsən? Aydın olur ki, sən demə Südabə arvad SSRİ vaxtı kəndin küçələrini ayaqdan salanda, indi özü mövcud olmayıb adı da unudulan hansısa idarədə adı işə gedirmiş.yəni bu pensiya onun halalca haqqıdır. Südabə arvad haramzadə deyil, haqqı olmadığı bir şeyə iddia etməz! Burası da var ki, bankomatdan başı çıxmadığı üçün sıradakı uşaqlardan birinin qulağına kodu pıçıldayıb aldırdığı pensiya onun halalca haqqı ola-ola heç ona qismət olmur – "Valeryanka” ilə ayaqqabı təmirinə gedir. Hər halda udan əczəxanaçı Tahirə xala və pinəçi Əli olur. Deyilənlərə görə Südabə arvad builki marafon yarışlarına hazırlaşır. Bütün kənd indidən sevinir. Urra, qələbə bizidir! Birinci yerə çıxacağı təqdirdə - ki buna heç kimin şübhəsi yoxdur – ona mükafat kimi veriləcək pula kəndin bütün yollarına asfalt basdırmaq niyyətindədir.
...Yollar qurtaran deyil! Nə qədər gəzirsən gəz. Təki ömür yolu qurtarmasın...

24 may 2013

"Qadınsız evlər”

 Qadınsız ev heyvansız meşə kimidir. Yox, bu alınmadı, kobud bənzətmə oldu. Belə deyək, qadınsız ev qiyməsiz xingal kimidir. Heç birinin dadı olmaz...
 Mən gözətçi işləyirəm. İki gündən bir sutkalıq növbəyə çıxıram. Iş yerim yol qırağındadır. Yolun o biri tərəfində doqquz mərtəbəli, beş bloklu bina var. Axşamlar tək əyləncəm bu binanı müşahidə etməkdir. Binada birinci işıq yanandan axırıncı işıq sönənəcən balaca gözətçi otağımın yola baxan pəncərəsinin qabağında oturub binanı marıtdayıram. Eyib olmasın, binadakı qadınları və qızları güdürəm. Pis mənada yox, yaxşı mənada. Yəni onların nə etdikləri məni maraqlandırır. Pis mənada istəsəm də baxa bilmərəm. Çünki evlərin yataq otaqlarının pəncərələri yola baxmır. Yəni mən dərsdən qqayıdan qızların, işdən gələn qadınların paltardəyişmə səhnələrini görmürəm. Halal olsun bu binanın sakinlərinə, uzaqgörən tərpəniblər. Neyləsinlər, mənimkimiləri çoxdur. Olsaydı yaxşı olardı, amma təəssüflənmirəm. Əvəzində yemək bişirməklərinə, paltar yumaqlarına doyunca baxıram. Əhatə dairəm geniş deyil. Gözətçi otağımın pəncərəsindən birinci, ikinci və üçüncü bloklarınm dörd mərtəbələrinin pəncərələri aydın görünür. Qalan bloklara, mərtəbələrə ancaq kimsə eyvanda paltar sərəndə baxıram. Yol qırağında adda-budda əkilən ağaclar da bəzi pəncərələrin qabağını kəsir. O evlərdə yaşayanları görmək üçün o ağacları məmnuniyyətlə kəsərdim. Amma oksigenin də vacibliyini dərk edirəm.
 Binadakıların əksəriyyətini artıq tanıyıram. Məsəlçün, birinci blokun ikinci mərtəbəsindəki qız evdə həmişə ağ qolsuz köynəkdə gəzir. Kofeni xoşlayır. Yekə, qırmızı fincanı var, kofeni onda içir. Üçüncü blokun beşinci mərtəbəsindəki gəlin hər iki gündən bir, yəni mən növbədə olduğum günlərdə paltar yuyur. Cavan ailədir, hələ uşaqları yoxdur. Ər-arvad tək yaşayırlar. Paltarlardan bilirəm. Üçüncü blokun ikinci mərtəbəsində yaşayan ailənin iki uşağı var. Biri qız, biri oğlan. Bunu da paltarlardan bilirəm. O gəlin deyəsən paltarları bir gündən bir yuyur. Çünki həmişə mənim növbəmə təsadüf etmir. Ikinci blokun ikinci mərtəbəsindəki qadın yaman cəlddir. Işdən qayıtdı, bir dəqiqə oturmur, otağın içində o yan-bu yana qaçır. Ta yatanacan. Birinci blokun üçüncü mərtəbəsində qoca arvad var, tək yaşayır. Hər növbədə onun tənhalığını bölüşürəm. Ikinci blokun dördüncü mərtəbəsindəki qız hər axşam ondan sonra işığı söndürüb oynayır. Televizorun pəncərəyə düşən göy işığında onun qıvrılan, tullanıb-düşən kölgəsini görürəm. Ancaq xarici mahnıları oynayır...
 Bir də bir qoca kişi var. Üçüncü blokun dördüncü mərtəbəsində yaşayır. O da təkdir. Axşamlar eyvana çıxıb çay içə-içə yoldan keçən maşınlara baxır. Heyif, onun yolun qarşı tərəfində çoxlu pəncərəsi olan binası yoxdur. Havalar isti olsa da çiyninə pencək salır. Onu başa düşürəm. Qadınsız evlər soyuq olur...

 28 sentyabr 2013