Rüstəm Kamal və Azərbaycan ədəbiyyatı - CAVAB

Rüstəm Kamal və Azərbaycan ədəbiyyatı - CAVAB

Şəmşad Ağa

Həmid Hersçinin Mirzə Cəlili "plagiat çıxarması"ndan sonra Rüstəm Kamal da gündəmə gəlmək üçün XIX əsr ədəbiyyatını "topa tutmaq” və bu dövrün ədəbi simalarını "xəstə” adlandırmaq iddiasında bulundu.

Sən demə, XIX əsr şairləri mənasızmışlar və həmin dövrün ədəbiyyatı da həyatla ölüm arasında vurnuxurmuş... 

Bəli, Rüstəm Kamal adında ədəbiyyatçı XIX əsr Azərbaycan ədəbiyyatını mənasız dövr adlandırdı. 

Bəlkə də, bu iddialar gündəmə gəlmək və ucuz şou axtarışına çıxmaqdan başqa bir şey deyil.

Tanınmış (şəxsən mən bu müsahibədən sonra tanımağa başladım) ədəbiyyatşünas belə bir iddia ilə əvvəlcə Azadlıq Radiosunun "Penklub” verlişində, bugünsə kulis.az saytında çıxış edib. 

Kobud çıxmasın, əslində, Rüstəm müəllim bir az özünü savadlı göstərmək istəyib. Tam səmimi deyim ki, cənab Rüstəm müəllimin bu cəhdi bəri başdan fiaskoya uğrayıb, bir sözlə, alınmayıb.

Birmənalı olaraq onun XIX əsr ədəbiyyatı haqqında səsləndiriyi fikirlər Minsk Qrupu həmsədrlərinin Qarabağla bağlı açıqlamalarına bənzəyir. Bunun başqa adı yoxdur.

Onun yanaşması ilə ədəbiyyata münasibət sərgilənsə, onda belə çıxır ki, bizdə ədəbiyyat olmayıb. O zaman sual yaranar və elə onun özünə ünvanlanar ki, bəs siz hansı ədəbiyyatın "şünas”ısınız? 

Tutaq ki, XIII əsr ədəbiyyatı Həsənoğlunun iki-üç qəzəli üzərində dayanır. Biz 3 qəzəllə tarixdə qalan şairi daş-qalaq etməliyikmi? Axı bu, xüsusi bir dövr təşkil edir. Həmin vaxt anadilli şeir yaranıb. Adı yalnız bir yerdə çəkilən Həqiri Təbrizi "Leyli və Məcnun"u Azərbaycan dilində ilk yazan şair kimi tarixə düşüb. Silib, ataqmı? 

Ortada bu qədər reallıq varsa, Rüstəm Kamal niyə bu cür iddiada bulunur? Əcəba, bu adamlar kitab oxumurmu? Yoxsa, Azərbaycan ədəbiyyatının neçə mərhələdə intibah dövrü keçdiyini, keçid mərhələsi yaşadığını fərq etməyiblər? 

Baxın, Rüstəm müəllim ilk atəşi Mirzə Şəfi Vazehə açıb: " Kim idi Mirzə Şəfi Vazeh? Mirzə Şəfi dərvişanə bir həyat keçirən sufi şair idi. Xəttatlıqla məşğul idi. Təsəvvür edin, millət dəmir yolu çəkir, Qafqaza poçt, mətbuat gəlir, universitetlər açılır, teatr gəlir, bu kişi də oturub öz guşəsində divan şeiri yazır”.

Birincisi, Mirzə Şəfi Vazehin işi xəttatlıq və nəstəliq xətti ilə kitab köçürürmək imiş. Bu da XIX əsrdə normal bir peşə sayılıb. İkincisi də, o, şair olmaqla yanaşı, yazı-pozu adamı olub, Nəqliyyat Nazirliyində işləməyib ki, yol çəksin. Belə çıxır ki, Rüstəm Kamal XXI əsrdə təyyarə ixtira edib ki, Mirzə Şəfiyə ixtirası olmadığını irad tutur...

Bundan başqa, hörmətli Rüstəm müəllim iddia edir: "Vazehi, Abbasqulu Ağa Bakıxanovu maarifçiliyin daşıyıcısı saymaq metodoloji baxımdan səhvdir". Niyə? 

Bakıxanovun elmi əsərləri bir yana, "Kitabi-Əsgəriyyə” ədəbiyyatımızda hələ də təşəkkül tapa bilməyən nəsrin ilk nümunələrindən deyilmi? Bu, maarifçilik deyildirsə, nədir? Ümumiyyətlə, filoloq alim maarfçiliyin metodologiyası deyəndə nəyi nəzərdə tutur?

Başqa bir yerdə deyir: "Folklor təfəkkürü etnik özünüdərklə bağlıdır. Bakıxanov, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani etnik özünüdərkə bağlı şairlər deyillər". 

Doğrudan da, dəhşətli və faciəvi bir yanaşmadır. Adam zərrə qədər də olsun fərqinə varmır ki, bu şairlərin hər üçü istəsəydilər belə etnik özünüdərkə bağlı ola bilməzdilər, çünki onları hansısa kiçik bir coğrafiya, təkcə Azərbaycan mühiti deyil, dünyanın yarısına hakim kəsilmiş müsəlman kültürü, mədəniyyəti yetişdirmişdi. 

Seyyid Əzimə gəlincə isə o, müsəlman intibahının Azərbaycan ədəbiyyatında son ən böyük qalası idi. Bir sözlə, onun yaradıcılığında daha çox ümumbəşəri dəyərlərdən, insani dərkdən söhbət gedə bilər.

Rüstəm müəllim deyir ki, "Əkinçi” yarananda Seyid Əzim bilmirdi nə yazsın, yəni maarifçiliyin nə olduğunu bilmədiyi üçün "avaragor” qalmışdı.

Məncə, burada bir-iki xatırlatmaya ehtiyac var: - hələ "Əkinçi" qəzeti yaranmamış Seyid Əzim Şirvani 21 yaşında, yəni 1869-cu ildə Şamaxıda yeni üsul üzrə məktəb açıb. Onun məktəbi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə kimi şəxsiyyətlərin yetişməsində əvəzsiz rol oynayıb. 

Müasirlərindən Zaxarov "Narodnoe obuçenie u Kavkazskix tatar" məqaləsində yazır: "Hacı S.Ə. 18 ildir ki, məktəbi idarə edir. O, birinci dərəcəli şair kimi tanınır. "İlham dəqiqələri" adlı əsəri Təbrizdə nəşr olunub. "Şirvan xanlığının tarixi" adlı bir əsəri də var ki, hələ də çap olunmayıb. Onun məktəbində 33 şagird oxuyur". Bu, maarifçilik deyil? 

1975-ci ildə "Əkinçi” nəşr olunanda adam xalqa, ziyalılara müraciət edir və bu da qəzetdə dərc olunur:

Bəs "Əkinçi" cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim "Əkinçi" vəfat.

Bundan başqa, ona maarifçilk sahəsindəki xidmətlərinə görə, ölümünə yaxın "Za userdiye" medalı verilib, əslində, bu mükafat hələ bir neçə il kecikib. Oğlu Cəfərə ithaf etdiyi şeirdə isə maarifşiliyin nə olduğunu aydın şəkildə ortaya qoyub. Şair, yazıçı təkcə yaradıcılığı ilə deyil, həm də fəaliyyəti ilə maarifçi olmalıdır. 

Bütövlükdə isə Rüstəm Kamalın müsahibəsi öz-özünü inkar və paradoksal fikirlərdən ibarətdir. Yəni gah XIX əsri Azərbaycan ədəbiyyatının ən mənasız dövrü hesab edir, gah da "Seyid Əzim Şirvani ədəbi davranışı və şairliyi ilə ədəbiyyat tarixində olmalı böyük şairdir", - deyir.

Zakir haqqında da eyni paradoksal fikir yürüdür: "İnsafən, onun mükəmməl şeirləri də az deyil. Zakirin şeirləri həm emosional aurası, həm də milli elementləri ilə çox güclüdür. Bizim milli şairlərimizdəndi". Bayaq isə Zakir mənasız şair idi.

Rüstəm müəllimin Zakirlə bağlı dediklərində müəyyən məqamlarla razılaşmaq olar, ancaq o, bir şeyi unudur ki, Vaqifin dövründəki siyasi mühit Zakirin, Axundovun və Seyid Əzimin dövrü ilə eyni olmayıb. Bu faktı da nəzərdən qaçırmaq lazım deyil.

Ədəbiyyatşünas alim Xeyrulla Məmmədov Seyyid Əzim Şirvanini "köhnə dünyanın sonuncu, yeni dünyanın birinci şairi” adlandırıb. Məncə, dəqiq pronozdur. Seyid klassik dünyanın son böyük şairi olmaqla yanaşı, maarifçi ədəbiyyatın da ilk böyük şairlərindən biri idi.

Ümumiyyətlə, Rüstəm Kamalın ədəbiyyata bu cür yanaşması, yenidən bir faktı ortaya qoyur: Azərbaycanda ədəbiyyatşünaslıq, ədəbi tənqid, onun öz sözü ilə desək, aqoniya dövrünü yaşayır.

Yəni böyük ədəbiyyat axtarışında olan çağdaş ədəbi tənqid əruzda yazan Xaqanini, Nizamini hələ də hecada oxuyursa, belə bir halda Rüstəm Kamaldan yeni nə gözləmək olar ki?.. Təəssüf ki, əruz, klassik ədəbiyyat adı gələndə diksinənlər, həmişə iki-üç qəzəlini əzbərlədikləri Füzulinin dahiliyindən danışıblar. Bax, ən böyük fəlakət budur…