Sarı ədəbiyyat: intellektual-kulturoloji aşınma

Sarı ədəbiyyat: intellektual-kulturoloji aşınma

Aydın Xan (Əbilov),
yazıçı-kulturoloq, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri

Ədəbiyyat da yaşadığımız bu dünya kimidir: zaman-zaman onun bir çox rəngləri, çalarları üzə çıxır, yaxud bizlər ona çoxsaylı adlar qoymuşuq. Adi, sadə, xalq, şifahi, yazılı, saray, küçə, toy, elitar, intellektual, modern, postmodern, klassik, sovet, milli, çağdaş, rəsmi, dövlət, yeni və ən yeni ədəbiyyat ifadələri ilə yanaşı, göy, yaşıl, qırmızı, boz, hətta qara ədəbiyyat anlayışlarının birini də biz əlavə etmək istəyirik - sarı ədəbiyyat!..Qavranılması asan olsun deyə rəngli ədəbi-bədii söz sənəti nümunələri ilə bağlı kiçicik bir şərh verməklə keçəcirik əsas mətləbə - get-gedə ədəbi-kulturoloji məkanımızı birrəngli aləmə çevirən sarı ədəbiyyat anlayışının izahına.
Göy... - Azərbaycan-türk yazı-estetik düşüncəsinin məhsuludur; yaşıl... - Şərq və İslam mədəniyyətinin təsirindən yaranan, əsasən ərəb və fars dillərində yaradılmış ədəbi-bədii nümunələrimiz sayılır; qırmızı... - sovetlər zamanı yaradılmış ədəbiyyatımızdır, boz... - hər dövrdə həvəskarlar və diletantlar tərəfindən beyinlərə yeridilən, zövqləri zorlayan «əsərlərə» demək mümkündür; qaldı qara... - faşist və ultra-millətçi, separatçı-etnik, yaxud burjua yazarlarının yazılarının təsnifatında biz tədqiqatçıların işinə bu «rəng» yarayır.
Oxucular soruşa bilərlər: bəs sarı ədəbiyyat anlayışı haradan çıxdı ortaya? Bu anlayışın mənası ətrafında düşünməkdən ötrü bəzi fikirlərimizi bölüşmək istəyirik. Şühbəsiz, bəziləriniz haqlı olaraq etiraz edə bilərlər ki, əgər boz ədəbiyyat termini vardısa, yeni bir ifadəni filoloji düşüncəyə pərçimləmək çox vacibdirmi? Tələsməyin, yazımızın axırında bu barədə fikirlərimizi açıqlayacağıq.
Son illərdə Azərbaycanda buraxılan çeşidli poeziya, yaxud nəsr, publisistika, dərslik, hətta elmi kitabları vərəqləmək, mətbu orqaların səhifələrində çap edilən poetik-bədii əsərlərlə tanışlıq, milli radio və televiziya kanallarındakı bədii söz sənətinə həsr olunmuş verilişləri izləmək, indilərdə isə hətta İntertendəki - müxtəlif elektron dərgilərdəki, ədəbiyyat saytlarındakı postmodern ədəbi nümunələrə nəzər salmaq yetər ki, diqqətli oxucu, bir sıra qəzetlərimiz kimi, çağdaş ədəbiyyatımızın da «sarılıq» xəstəliyinə tutulduğunu görsün.
Doğrudan da indi bizdə hər cür yazıya ciddi ədəbiyyat donu geyindirmək, onları kitab şəklində nəşr etdirmək və xalqa sırımaq bir dəb halını çevrilib. Əlinə qələm alan har bir kəs başlayıb əsər yazmağa, kitab buraxdırmağa. Əvvəlcə Azərbaycan, sonra ayrı-ayrı bölgələr, ardınca rayonlar, qəsəbə və kəndlər barədə cild-cild kitablar «yazıldı»: ən axırda da nəsillər - kimlərinsə ata-babaları barədə müasir dastanlar və nağıllar «qoşulmağa» başlandı. Bu kitabi-əfsanələrin də doxsan faizi eyni üslubda, bərbad səviyyədə, dolaşıq dildə qələmə alındığını, kiçik nəşriyyatlar və köhnə mətbəələrdə - saralmış kağızlarda, bəlkə də surətçıxarma aparatlarıı vasitəsilə «basıldığını» nəzərə alsaq, belə qənaətə gələ bilərik: uduzan nəinki haqqında yazılan obyekt, yaxud subyektdir, həm də milli ədəbiyyatımız, çağdaş ədəbi-ictimai düşüncəmizdir.
Sonra da Azərbaycan oxucularından şikayətlənirik ki, ana dilimizdə deyil, rusca, türkcə, inciliscə, hətta fars və ərəbcə kitabları mütaliə edirlər. Cavab birdir: azərbaycanlı müəllif yaxşı əsər yazsın ki, biz də onu oxuyaq. Məntiqlidir, ədəbiyyat da intellektual-kulturoloji məhsuldur - istifadəçi onun tələblərinə ən yaxşı cavab verən «malı» seçib əldə etməyə çalışır...
Kitab mövzusu elə bir böyük intellektual-kulturoloji problemi əhatə edir ki, bu ağrılı məsələyə təkrar-təkrar qayıtmağın yeri var.
Çağdaş kitab-nəşr prosesimizdə baş verənlər bir daha sübut edir ki, milli kitab mədəniyyətimiz hələ də ötən əsrin sonlarından düşdüyü intellektual-estetik, texnoloji-standartoloji böhrandan tam çıxa bilməyib.
Bir daha xatırladaq ki, ölkə başçısı İlham Əliyevin xüsusi sərəncamı ilə dövlət vəsaiti hesabına dünya və Azərbaycan ədəbiyyatının dəyərli nümunələri iyirmi beş min nüsxə tirajla nəşr olunaraq respublikanın bütün kitabxanalarına pulsuz paylanılır.
İlk baxışdan elə görsənir ki, Avropa poliqrafik-nəşr standartlarına cavab verə biləcək çap məhsullarımız buraxılır, saysız-hesabsız şeir, bədii nəsr, publisistik, sənədli və ictima-siyasi, dərslik, elmi-kütləvi kitablar işıq üzü görür: ildən-ilə də onların kəmiyyəti durmadan artır. Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, Azərbaycanın çağdaş kitab sənətində yüksəliş hiss olunmaqdadır. Bəli, üzdən belə görsənir, amma tirajlarının məhdudluğu, qiymətlərinin bahalığı səbəbindən çox hissəsi geniş oxucu kütləsinə gedib çıxmayan yeni kitabların, nəşr məhsullarının - müxtəlif əhali təbəqələrinin, xüsusən də əsas mütaliəçilər sayılan gənclərin, tələbələrin, intellektualların, həmçinin təqaüdçülərin zəif sosial-iqtisadi durumu buna imkan vermir - ilkin kulturoloji monitorinqini keçirmək yetər ki, onların böyük əksəriyyətinin ucuz İnternet - qlobal və lokal məlumatlar şəbəkəsinin, kompyuter texnologiyalarının imkanlaryıla əhatələnmiş, müxtəlif elektron informasiya daşıyıcılarıyla həvəsləndirilən çağdaş yeni nəsil oxucularının intellektual-estetik təlabatlarını ödəmədiyi açıq-aşkar görünsün...
Sözsüz,şstisnalar da olur: müxtəlif Beynəlxal kitab yarışmalarının kulturoloji mükafatlarına layiq görülmüş bir çox kitablar barədə yuxarıdakı kəskin fikirləri yürütmək insafsızlıq olardı.
Məsələn, «İlin Ədəbiyyat Dostu» seçilmiş Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili, milli mədəniyyətimizin himayədarı Mehriban xanım Əliyevanın müxtəlif ədəbi-mədəni layihələri əsasında işıq üzü görmüş və Qarabağ həqiqətlərinə, qədim Şuşa tarixinə, dəhşətli Xocalı faciəsinə həsr olunmuş dəyərli kitablar, «İlin seçilmiş nəşriyyatı» nominasiyasında qalib çıxmış «Təhsil» nəşriyyat-poliqrafiya müəssisəsinin buraxdığı, Avropa çap standartları səviyyəsinə cavab verən rəngarəng nəşr məhsulları, albomlar, dərsliklər, nəfis tərtibatla nəşr edilən Mehriban xanım Alışanovanın «Heydər Əliyev: iqtisadi müstəqilliyimizin banisisdir» monoqrafiyası, «Naxçıvan» ensiklopediyası kimi oxunaqlı, dəyərli kitablar nəinki Azərbaycan mütaliəsevərinin zövqünü oxşayır, həm də dünyanın hər hansı bir beynəlxalq kitab yarışmasında qalib çıxa bilər. Ötənilkivg builki Beynəlxalq Moskva Kitab Sənəti Yarışmasında öz nominasiyaları üzrə birinci, ikinci yeri qazanmış Azərbaycan milli çap məhsullarının uğurunu yada salmaq yerinə düşür. Doğrudan da son illər ölkəmizdə işıq üzü görən bir çox nəşr nümunələri milli kitab tarixində əsl hadisəyə çevrilə bilib… Fəqət...
Dəfələrlə xüsusi vurğuladığım bir fikri təkrarlamaq istəyirəm: XXI əsr bədii-poetik düşüncədən çox elmi-intellektual, analitik-kulturoloji düşüncə məhsulu kimi təqdim edilən kitablar dövrüdür. Hətta milli kitablar nəşr edəndə belə, biz qarşımıza məqsəd qoymalıyıq ki, onu həm də dünya ictimaiyyətinin qarşısına çıxarırıq. Qlobal dünya oxucusunu isə şeir, hekayə, hətta irihəcmli nəsr əsərləri ilə təəccübləndirmək çox çətindir.
Son illərin işıq üzü görmüş romanlarına - Orxan Pamukun «Qar», eləcə də «İstanbul: şəhər və xatirələrim» əsərlərini xatırlayaq - diqqət ayıranda, görürük ki, bu kitablarda zəmanəmizdə, həmçinin dünyamızda baş verən əksər lokal, qlobal və milli proseslərə, hadisələrə planetar düşüncə baxımından qiymət verilir və onlarda kulturoloji-analitik, hətta ictimai-siyasi təhlil xüsusi nəzərə çarpır: bu metod isə insanları həm düşünməyə, həm polemika aparmağa, həm də öyrənməyə yönəldir.
Biz də milli kitablarımızı məhz bugünkü mədəni-kulturoloji təlabata uyğun yaratmalıyıq ki, bu nəşr məhsulları həm öz oxucularımızdan ötrü, həm də dünya ictimaiyyəti üçün maraqlı bir intellektual-estetik hadisəyə çevrilsin...
Qayıdaq yenə qaldırdığımız problemə: axı ədəbiyyatla kitab kulturoloji əkiz qardaşlardır...
Sarı ədəbiyyat nümunələrinin içində nəsr əsərlərinə də, poeziyaya da, tarixi-publisistik yazılara da tez-tez rast gəlmək mümkündür: dəhşətlisi odur ki, hətta elmi, sahə və dərslik kitablarında da bir qəribə «sarılaşma» - intellektual-kulturoloji aşınma prosesi get-gedə güclənir.
Böyük mənəvi-mədəni dağıntılara aparıb çıxaran bu düşüncə-sənət aşınması prosesinin isə qarşısını cəmiyyətin bütün institutları və təbəqələri almalıdır: dövlət orqanları, müxtəlif təsərrüfat subyektləri, yəni nəşriyyat və mətbəələr, kitab yayımı firmaları, çap məhsullarını satan dükanlar, yazılı və elektron KİV, QHT-lər - yaradıcılıq qurumları, elm və təhsil müəssisələri, intellektual-estetik fərdlər, naşirlər, yazarlar, ən əsası isə oxucular sarı ədəbiyyata, aşağılayıcı mədəniyyətə ellikcə «yox» deməlidir . Hələlik nə qədər gec deyilsə...

P.S. Sarı ədəbiyyata - səviyyəsiz, zövqləri zorlayan, mədəniyyəti və ədəbi-bədii düşüncəni dağıdan əsərləri, boz ədəbiyyata isə zəif, ideologiyalara, dövrün konyekturasına xidmət edən yazı nümunələrini şamil etmək daha düzgün olardı...