Şeirlər

Şeirlər




Salam SARVAN
«A» böyük «a» balaca


A

Qorxmağa dəyməz…
Hündürlükdən atılmaqla
intihar edənlərin yarışında
yerə ən tez çatan da qalibdi.

Yıxılıb yol getməkdi
hündürlükdən yıxılmaq…

Darıxmağa dəyməz…
dünyada çox maraqlı şeylər var hələ:
məsələn, balaca qız uşaqlarının
kuklalara analıq etmələri kimi.

Məsələn, maniken qadının
içindəki ağrıları nümayiş etdirən
yerişi kimi.

a

Diksinərsən qanından
analiz verdiyin yerdəcə.

Diksinərsən bir damcı
qanının yayıldığı şüşə parçası
tibb bacısının əlindən
yerə düşüb sınanda.

Diksinərsən
sınmış şüşə qırıntıları
və sındırılmış kişi qırıntıları
tapılanda qanında.

Sonra tapançandan
atəş açarsan iki dəfə:
birini havaya - xəbərdarlıq atəşi,
birini gicgahına.

A

Bütün həriflərin əlifba sırasıyla
düzülüşü də bir sözdü…
Və yeganə sözdü ki, mənası
nəfəs dərməklə tələffüzdü.

Hündürlük - yıxılmış evlər səviyyəsindən,
səs sürəti iniltidən hesablanırsa
deməli bütün ölçülər dəqiqdi, düzdü.

Mənaların hamısı uydurmadı -
isti qadın nəfəsindən son nəfəsəcən
hamısı adicə tənəffüsdü.

a

Bu kimsəsizliyi, təkliyi,
mənasızlığı və boşluğu
ən yaxşı dolduran sənsən.

Çürük dostlarla içməkdənsə,
boş-boşuna küçələri ölçməkdənsə
bütün günü dayanırsan
metronun qabağında -
guya kimisə gözləyirsən deyə
aldadırsan özünü və hamını.

Aldadırsan özünü ki,
xoşbəxt bir ömür sürmüsən -
guya keçən günlərində hər şey
qəzetlərdən kəsib yığdığın
ulduz fallarındakı kimi olub.

Hər şeyi, hamını unutmaqla
ölü kimi bir şeysən.
Təkcə soyuducunun fasiləli səsidi
həyatı arabir yadına salan.

A

Əslində sıxır məni
dünyadakı mənə dəxli olmayan
torpaq artıqlığı, yer genişliyi -
bu yekəlikdə də heç dünya olar?!..

hansı daha çox faşistdi, qardaş -
çörəyi basabasdan çıxan sürücü,
yoxsa insan çoxluğundan
qəzəblənən sərnişin?

Bu boyda da ölkə olar?! -
ərazisi neft quyularının dərinliyindən
məscid minarələrinin ucalığınacan…

Əslində sıxır məni
ovuc içindən dərin,
«I» hərifindən enli,
dəniz ləpəsindən hündür,
körpüdən uzun bütün ölçülər.

a

Anayçun, arvad-uşaqçun,
lap elə vətənçin yaşayan insan
ömrün son illərini cənnətçin yaşar -
anasız, arvad-uşaqsız, vətənsiz bir yerçin.

Həə, deməli məlumdu məsələ…

Məsələn, işıq sönmüş otaqda
bir kibriti tapanacan
nə qədər lazımsız əşyaya toxunursan -
stola, divara, televizora…

Həə, deməli yaşamaq da belədi -
bir «kibrit» axtarışında
arvada, uşağa, vətənə, dosta və sairəyə
toxunmaqdı yaşamaq.

A

Çoxdandı burda qar yağmır-
təzəcə palto almış
kasıb evlərin xanımları
evdəki soyuqdan deyinir,
çöldəki istidən.

Çoxdandı burda qar yağmır -
qar örtüyü olmayan torpağı
vətən deyib uşaqlara sevdirmək çətindi.

a

Məsələn, bir stəkan suyun
ömrü yoxdur əslində.
Donmaq və ərimək
hərəkətində yaşayır su.

Məsələn, qazılan quyulardan
çıxarılmış torpaq zibildir artıq.

Təxminən sən də yaşamırsan.
Yalnız saçlarının və dişlərinin
yavaş-yavaş tökülməsidi həyat əlamətləri.

A

Bir də görəcəksən ki
gözlərinə qaranlıq çökür
işıq sürətiynən…

Hələ ki, yaşayırsan.
Çoxdan itirdiyin adamları
axtarırsan metrodakı çıxışlarda.

Adamlar öz fallarına baxır
ağacların qabığındakı qırışlarda.

Hələ ki, yaşayırlar.
Bir fotoqraf qarşısında
ömür boyu haldan-hala
şəkildən-şəkilə düşür adamlar.

Aparatın ani çıqqıltı səsi və ani işığı -
səs sürətiynən və işıq sürətiynən
dəyişir adamlar.

a

… Bir də yalın ayaqlar altında
çilik-çilik olmuş
ümid qırıntıları.

Bir də biz -
günəşin ucalıqlarda
unudub atdığı qar tullantıları.

A

Sənin yazdığın söz nədi ki, güya?!
samit kişilərin, sait qadınların
bir qəpikliyidi.

Sənin bərkliyin nədi ki, güya?!
şaxtadan quruyub qac olmuş
yaş paltar bərkliyidi.

Sənin tənhalığın nədi ki, guya?!
kirayə qaldığın evdəki
özgə əşyalar əhatəsində
insan təkliyidi.

a

Get sən də çirkaba bulaş
üfunət səni də vursun -
Bu yerin çirkini təmizləməkçin
gərəkdi hər kəs bu çirkdən
bir az özünə hopdursun.

Get sən də içkiyə qurşan -
göz yaşından çaxıradək
bil bütün içkilərin dadın.
Buranın qanunlarında da
maddələr maye halındadı.

Sən də nəsə ver vətənə -
ölüm hökmündən sonrakı
bir obrazlı son sözü ver…
Get sən də bu xəstə xanədə
nahaq qan analizi ver.

A

Guya tənhalığa çəkilmisən -
gizlətmisən dünyanı
dörd divarın o üzündə…

Ətrafa baxmırsan -
dülgərin satmaqçun qayırdığı pəncərədən
heç yerə baxmadığı kimi.

İndi sən
poliqonda atılan güllələrdən
taxta hədəflər dalında
gizlənmiş vəziyyətdəsən.

Yerigəldi şeirlər

Kişi

Zülmnən tapdığı çörəyi
hər axşam bölər evində
bir tikə hərəyə -
özünə, arvada, uşaqlara
və siçançün qurulmuş tələyə.

Sevgi

Zibil qutularında hər gün
çörək tullantılarını yığan bomj
bu dəfə tullanmış solğun gülləri yığırdı
qadınına bağışlamaqçün.

Vəziyyət

Eynən qatarların vəziyyətindəyəm.
Onlarçın qandal relslərdən
çölə, azadlığa çıxmağın
bircə yolu var - QƏZA!

Yaşayış

Tufanda qaçıb evə girirəm,
zəlzələdə qaçıb çıxıram çölə.
Başqa heç bir səbəb yoxdu
gəl-get üçün.

Körpü

Bu gün bildim ki,
ən etibarlı körpü suyun öz səthidi -
heç vaxt uçmayacaq, sökülməyəcək.

İntihar qərarına gəlmiş bu qadın
İntihar qərarına gəlib
döşlərini qucaqlamış bu qadın
qolları qoynunda
düyün düşmüş kimi görünər.

Son dəfə qışqırar:
- silləni sığaldan gözəl çəkə bilirsizsə
qadınçün fərqi yoxdu.

İntihar qərarına gəlib
eyvanda dayanmış bu qadın
özünü atmaq istəyər
göydə sürətlə axıb keçən bir ulduzun altına.

Xətlər

Falçının qarşısında açılmış
bu qoca əllərin içi
hələ də eyni şeyi göstərirdi:
«17 yaşında məhəbbətini tapacaqsan…»

Xəritə

Orta məktəb şagirdi
baxıb düşünürdü
insan skletinin şəklinə:
- dünyanın kontur xəritəsi budurmu?
Notasiya

e2 - e4

Bir də baxıb gördün ki,
sənin bu boyda dünyada
40 yaşdan savayı heç nəyin yoxmuş.

e7 - e5

Bu qırx yaş da səninçin
yalnız rəqəm kimi maraqlı.

Rəqəmlər sənə çox doğma, çox yaxın -
körpəlikdə danışmağı
saymaqla öyrənmisən axı.

At g1 - f3

Evdə divardan asdığın təqvimin də
səninçin zaman əhəmiyyəti yox.
O, səninçin təqvim deyil ki,
sadəcə sevdiyin rəqəmlərin şəklidi.

d7 - d6

Elə hey düşürsən…
Deşilib boşalır iddiaların,
göydən düşürsən.

Elə hey düşürsən…
Gözdən, ruhdan, həvəsdən,
heydən düşürsən.

İndi düşmək səninçin
yeganə mümkün hərəkət forması.

Fil f1 - c4

Kənddə doğulub böyüdüyün eviniz
uçulub-sökülmüş indi.

O evdən hamı və hər şey dağılışıb getmiş.
Ancaq uşaq vaxtı dişləyib atdığın qəndin başına yığışan qarışqalar hələ də ordadı.

Fil c8 - g4

İndi neynirsən bu şəhərdə,
neynirsən?!..

Gündüzlər təlim maşınında gəzib
yol hərəkəti qaydalarını öyrənirsən,
axşamlar isə balaca otağında
gərdiş eləyirsən «əlil arabasında».

At b1 - c3

Heç bircə saat da məhbəs görməyən
adamda bu nə azar ki,
hər şeyə barmaqlıqlar arasından
baxmağa həvəskarsan.

hətta torpaq da səninçin
ayaq barmaqlarının arasından
göründüyü qədərdi.

At g8 - f6

Evində iki pəncərə var. Onlardan biri…
Məhz onu siqaret tüstüsünün
çıxmasıyçun açırsan.

Açmasan belə, siqaret tüstüsü
həmişə çıxdığı yerə öyrəşmiş kimi
çəkilib yığışır məhz həmin pəncərinin qabağına.

Qalaqurma

Bir də binanın damındakı o «tanış» antenna.
Ötürdüyü dalğaları görmək arzusuyla
aşağıdakı «balkona» həsrətlə əyilmiş.

At f6 : e4

Belədi də, bütün ayrılıqlar belədi -
səs sürətiylə çıxıb gedir,
tabut sürətiylə qayıdırsan.

Elə mühacirlər də öz vətənlərinə
xalçadan qaçmış ilmə kimi bağlı.

At f3 : e5

Baxıb düşünürsən:
döşəmə boyu fikirli-fikirli
gərdiş eləyən bu kişinin
və tavan boyu ora-bura qaçan bu milçəyin
nə dərdi var görəsən?

Bax elə bu anda Allahın bu iki canlısının
nə fərqi var görəsən?..

Fil g4 : d1

Bir də bu milçəkqıran…
Adamlar o qədər aciz ki,
bir milçəyi öldürməkçin də silaha əl atırlar.

Fil c4 : f7 (şah!)

Düzdü, deyirsən də…
İş uçmaqda deyil ki
qəfəsdəki quş göy üzünə baxa bilirsə
deməli azaddı.
Sözdü deyirsən də…

Şah e8 - e7

Vaxt gələcək…
bir zamanlar kiməsə barmaq silkələdiyin,
gedən bir qadının arxasınca yellədiyin əllərin qocalıb əsməyə başlayacaq.
Bir zamanlar işarələrlə dil-dil ötən əllərin
indi topuq çalacaq.
Əldən pəltəklik daha dəhşətli.

At c3 – d5 (mat)

Və vaxt gələcək…
yol qırağında tapılmış
naməlum kişi meyidi olacaqsan,
«tanımağa» bir kimsə gəlməyəcək.