Seymur Su - Süd rəngli qadına məktublar

Seymur Su - Süd rəngli qadına məktublar

Salam, Süd rəngli qadın,
Qatarlarda dəyişilir
foyelərin rənginə bürünən adamlar.
Orda gülən üzlərdən dərin sevgilər,
qəribə hüzn yağırdı.
Tanrı hamının əvəzinə ağladığı gecələrdə
hər yerdən sənin saçın, ətrin,
kipriyin, gözün yağırdı..

Süd rəngli qadın
tavandakı ağcaqanadların sayı daha heyrətamizdi,
yoxsa pəncərədəki yağış damcılarının?
yazıram ki,
hisslərimə zərbəsinin yeri çox ağrıdır
ümid qamçılarının.
görmədən get.
ruhun məndə qalsın, süd ətrin məndə qalsın.
bir dəri, bir sümük, bir bədən get.

süd rəngli qadın,
ey mənim dünyam, ey mənim
qəlb qıran kobudum..
bu dəfə görüşmədən ayrılaq deyirsən,
oxudum.
heç mənə yazdığın məktubda yox,
düz stolun böyründə,
yanındadı ayrılıq..
bilirsən də,
qadınların canındadı,
bu şəhərin qanındadı ayrılıq.

Oxu, Süd rəngli qadın!
bilirəm
beş-altı ilə yeni bir cəhd olacaq
yeni bir sevgi, filan, toy, nişan, əhd olacaq..
amma, əslində
altmış-yetmiş ilin tək qadını
bu onlarla il,
bu minlərlə gəzən ruh içindədi.
sevdiklərimin hərəsindən iki dənə
- özlərini və yoxluqlarını
gəmiylə batırmaq istədim azman dalğalara.
amma yox, baxdım ki, Nuh içindədi..
sevgi süzgəcimdə qalanların yox idi xilası..
onlar - günahlı tənhalığın tövbəsiz tənhası.

Ey, Süd Rəngli qadın!
şəhərlər cəhənnəm olsun.
dünyadan qaçanların ilk ünvanını yaz.
dünyaya gələnləri qaçıraq yanımıza böyüdək.
adamlar qarışqatək çoxalıb, bilirsən.
buralarda az adam sağ qalıb, bilirsən..
buraların qiyməti – iki şahı, bir abbası
onlar - günahlı tənhalığın tövbəsiz tənhası.

Yaxşı yadıma düşdü, Süd rəngli qadın!
qaçır, daşıyır, yük altına düşür, beli bükülür,
qarışqaların ahına düşür,
illər öncə qarışqaları tapdalayan uşaqlar.
yuvalarına sadiqdilər intəhası,
onlar - günahlı tənhalığın tövbəsiz tənhası.

Eh, Süd rəngli qadın..
bura o qədər darıxdırıcı ki,
vaxt qazanır - tinləri dolaşmayan.
evdə arada özünü rəfdən atır
illərdi yeməklə bulaşmayan,
yuyulmayan qablar, qacaqlar.
qonaqların da qaçır iştahası..
onlar - günahlı tənhalığın tövbəsiz tənhası.


Seymur Su