Seymur Su - Şəhər

Seymur Su - Şəhər

xoşbəxt anlarımtək qısa ipləri tez-tez açılan,



diplomumla yaşıd dabanları deşilən,
kölgəmi tapdalamaqdan
yorulan ayaqqabıların izidir -
ömür yollarımın cızıldığı şəhər..

 

kar insanlara dönə-dönə danışmaqdan,
dərin quyulara dərdini qışqırmaqdan
boğazı tutulan insanların
son ümid mənzilidir -
susqun şerlərin yazıldığı şəhər..

 

burda insanlar dözümsüzdü.
çətirin altında gizlənir özlərindən.
qaçaqaça düşən yağış nöqtələrindən
evinə çəkilənlər belə bilmir ki:
bura - küçə itlərinin qısıldığı şəhər..

 

haram, halal bilmədən "ötürən",
körpə heysiyyatları amansızca öldürən
yekəqarın "kişilər"in addımlarını
möhkəmdən basdığı yerdi -
incə qadınların sarsıldığı şəhər..

 

bura - sovet binasının mənzərəsindən
şam işıqlarının sızıldığı şəhər..

arada şerləri belə bezdirir

gənc Nəsimilərin asıldığı şəhər..

sevgi ərizəsini zibilqablarında gəzdirir

nifrət damğasının basıldığı şəhər..




Seymur Su