Seyran Səxavət. Bəhanə -3 (Roman)
Proza
- 27.01.2009
- 0 Şərh
- 1225 Baxış
Bir dəfə gec gəldi. Evə yaxınlaşanda gördü ki, sakitlikdi, qəlbinə bir arxayınlıq, rahatlıq çökdü.
- Hardasan əə?
Başını qaldıranda ikinci mərtəbədə, artırmada dayanan atasını gördü, dinmədi.
- Deyirəm, hardasan?
- Horadizdən gəlləm.
- Nəyə getmişdin?
- Ət hazırlığına getmişdik, heyvan aparmışdıq, - dedi və günahkar kimi başını aşağı saldı.
- Kim göndərmişdi, səndən başqa adam yoxdu bu kənddə?
Süleyman dinmədi.
- Deyirəm kim göndərmişdi səni?
- Sədir.
- Səni sədir əkib, yoxsa mən?
Süleyman susdu. Atası bir az da üstünə qoydu.
- Deyirəm səni sədir əkib, yoxsa mən, cavab ver.
- Sən.
- Nə sən?
- Deyirəm məni sən əkmisən.
- Yox! Yox! Mənim səndən xəbərim yoxdu bala, səni Gəncalı əkib, Gəncalı... Kola keçi gəlməyib, get gör hardadı, tap gətir, qurd-quş basıb yeməsin...
And olsun Allahın birliyinə Süleymanın yerinə mən olsaydım deyərdim ki, ay dədə, məndən başqa uşağın yoxdu, sonsuzsan, nə istəyirsən ee, məndən. Ancaq Süleyman heç nə demədi, ac-susuz getdi kola keçini axtarmağa...
Süleyman Abdullayevin hüququnu beləcə pozur, indiki dildə desək, onun şərəf və ləyaqətini təhqir eliyirdilər - nə olsun ki, cavan uşaqdı, üzüyoladı? Adam elə üzüyola olanda onu minərlər.
Süleyman hər yanı ələk-vələk elədi, keçini gördüm deyən olmadı, kor-peşiman evə qayıdanda gördü ki, Kola keçi qonşunun çovustanının dalında bir erkək keçiynən - dıbırnan mazaxlaşır...
İki-üç gündən sonra işdən qayıdanda ortalıqda sinif yoldaşını gördü. Görüşdülər, qucaqlaşdılar, Süleyman soruşdu:
- Havaxt gəlmisən?
- Dünən gejə gəldim.
- Bir yana girdin?
- Girdim...
- Hara?
Sinif yoldaşı pıçıldadı:
- Heç kimə deməzsən ki?
- Yox.
- Diş doxdurluğuna girdim.
- Xeyirli olsun.
- Sağ ol... ancaq heç kəs bilməsin.
Sinif yoldaşı "ancaq heç kəs bilməsin" sözlərini dünəndən bəri yeddi adama demişdi, Süleyman səkkizinci idi.
- Bax heç kəsə demə ha... Bircə sən bilirsən, heç kəs bilməsin.
- Biləndə nolajax, oğurluq-zad eləmirsən ki?
- Dədəm deyib ki, heç kəs bilməsin.
Süleymanın sinif yoldaşının, gələcək "diş doxduru"nun anası dünəndən bəri üç-dörd dəfə Çinar bulağına gedib, hər dəfə qız-gəlinə deyib ki, uşaq dünən gecə gəldi.
- Uşaq hara getmişdi ki?
- Bakıya.
- Nəyə?
- Məktəbə girməyə...
- Girdi?
- Hə....
- Hara girdi?
- Diş doxdurluğuna.
Süleymanın sinif yoldaşı ondan soruşdu:
- Bəs sən nə olazsan?
- Kolxozçu.
Sinif yoldaşı ağız büzdü:
- Kolxozçunun gələcəyi yoxdu.
Süleyman özünəməxsus tərzdə dedi:
- Gələcək nədi ee, başımı aşağı salıb işə gedirəm, acından öləjəm?
- Məktəbi qurtaran kimi birinci saa qızıl diş qoyajam.
Süleyman sinif yoldaşının qızıl diş qoymağa söz verdiyi səkkizinci adam idi.
- Qoysan da sağ ol, qoymasan da... Bəri bax, özün girdin, yoxsa...
- Yatırımız vardı, yatır verdik.
- Yatır nədi?
- Gəbə...
- Neçə gəbə verdiniz?
- Beş...
- Evdə qırx dənə gəbəmiz var. - Süleyman özünü dartdı.
- Dədəm qoyun kəsəjək, gələrsən?
- Majalım olsa gəlləm...
- Uşaqlar da gələjək, sən gəl, oxuyarsan, özü də bilirsən hansını, "Bəyənmir məni". Nənəm deyir ki, doxdurruğu qurtaran kimi səni evləndirəjəm... Toyumda da oxuyarsan... Oxuyarsan?
- Oxuyaram... Toyda da "Bəyənmir məni"ni oxuyum?
- Hə... ikisin oxuyarsan... Bir onu, bir də "Ay çiçək", yaxşı?
- Yaxşı...
- İndi hara gedirsən?
- Kəl arabasının boyunduruğu qırılıb, samısı da düşüb itib, ora gedirəm.
- İstəyirsən, dədəmə deyim səni də düzəltsin?
- İstəmirəm.
- Niyə?
- Nə bilim...
- Bəri bax, - sinif yoldaşı ətrafda bir ins-cins olmasa da, ağzını Süleymanın qulağına yapışdırdı, - tay mən gedəsiyəm, gözün onun üstündə olsun.
- Kimin? - Süleyman uzada-uzada soruşdu.
- Qızın...
- Əə, qızdı dayna, durub orda, kimin onnan nə işi.
- Saa arxayın olum?
- Ol.
- Bakıdan bir saa kağız yazajam, bir də ona.
- Yaz, yaz.
Bir də gördülər ki, sinif yoldaşlarından biri də onlara yaxınlaşır. Gələcək "diş doxduru"nun him-ciminə baxmayaraq o, üzünü Süleymana tutub dedi:
- Eşitdin də... Diş doxduru.
Gələcək "diş doxduru" necə olsa da bir balaca qızarıb pərt olsa da, Süleyman özünü o yerə qoymadı:
- Siz söhbət eliyin, mən getdim, işim-gücüm var.
Süleyman sağollaşıb aralandı. Gələcək "diş doxduru" əlini yellədə-yellədə onun dalınca baxdı. Təzəcə yaxınlaşan sinif yoldaşının dalağı nə isə sancmışdı, odur ki, təəccüblə soruşdu:
- Noolub ki?
- Görmürsən... Deyirəm sən də get məktəbə gir, adam ol...
- Nə deyir ki?
- Nə bilim, əəə... Deyir mən kolxozçu olajam. Bayaqdan dannıyıram... Ağzıma gələni demişəm...
- Bəs nə deyir?
- Elə dediyin deyir... Bəri bax, bəs sən niyə getmədin?
- Hara?
- Məktəbə...
- Dədəm qoymur.
- Niyə?
- Deyir sən Bakıda baş çıxarda bilməzsən, qal kolxozda işlə, maa da əl yetirərsən. Deyir iki ildən sonra pirqədirdən xahiş eliyəjəm səni arabaçı qoysun.
- Arabaçı?
- Hə...
- Arabaçı yaxşıdı. Bəri bax, kəl arabası, yoxsa at arabası?
- Qabaxcan kəl arabası, sonra da... Bir azdan sonra at arabası.
- Bilirsən məni yandıran nədi?
- Nə?
- Hara hərrədim-fırradım elə deyir kolxoz. Elə danışır ki, elə bil kolxozu bunun dədəsi - babası qurub.
- Dədəsi-babası qurub dayna. Kolxozu kim qurub? Qoçəhmədlilər. Qoçəhmədli belşevikləri.
Gülüşdülər.
- Bəri bax, - gələcək "diş doxduru" ətrafda bir ins-cins olmasa da, ağzını sinif yoldaşının qulağına yapışdırdı, - tay mən gedəsiyəm, özün bilirsən, gözün onun üstündə olsun.
- Süleymanın?
- Sən nə dilbilməz adamsan əə. Süleyman kimdi?
- Bəs kimin?
- Qızın...
- Arxayın ol, arxayın ol.
- Arxayın olum, deyirsən?
- Arxayın ol.

- Mən də saa cavab yazajam.
- Bəri bax, dədəm qoyun kəsəjək, sən də gələrsən.
- Gəlləm, gəlləm. Ona da deyəydin, - Süleyman gedən səmti göstərdi, - gələrdi, həm də oxuyardı. Zalım oğlunda bir səs var qaxsıyanda yer titrəyir.
- Əə, noolsun səsi var, adamın əlində gərək bir sənəti olsun. Yoxsa səsi var - Qoçəhmədlidə arvadlı-kişili hamının səsi var dayna.
- Onu demirəm ee, deyirəm yaxşı oxuyur.
- Oxusun dayna. İlyasdan da yaxşı oxuyajax, paçtalyon işləyir. Onun-bunun qapısına gedir: kağız gəlib, saa kağız gəlib...
- Rəvan sənin girməyinə sevindi?
- Hə... Adamın Allahı var, boynumu qucaqladı, dedi xeyirli olsun.
- Yoox, yaxşı oğlandı...
- Oğlandı dayna, oğlan...
Gələcəyin "diş doxduru" dedi:
- Yaxşı, gedirsən gedək bizə.
- Yox, işim var.
- Onda mən gedirəm. Dədəmin gələn vaxtıdı, maa deyir ki, Bakıya gedənəcən ortalıqda çox hərrənmə, sağ ol.
- Sən də sağ ol, doxdur.
- Kəl arabası, - gələcəyin "diş doxduru" cavab verdi. - Bir azdan sonra da at arabası..
- Sağ ol.
- Sən də sağ ol.
Qoçəhmədlinin axşam tərəfi idi. Bu kəndin səsli-küylü olduğunu, bütün günü arı pətəyi kimi qaynadığını bələd olanların hamısı yaxşı bilirdi. Bakıdakı kimi evlər bir-birinin gözünə girmirdi, aralarında əməllicə məsafə var idi. Bu genişlik, açıqlıq adama ləzzət verirdi və ancaq göz oxşamaqla kifayətlənmirdi. Bu genişlik, burda yaşayan adamları qəlbi geniş, bu açıqlıq, burda yaşayan adamları ürəyi açıq eləmişdi. Və mənə elə gəlir ki, insan ata-anasından çox məskən saldığı, doğulduğu və yaşadığı yerə oxşayır. Dağ adamları buz baltası kimi olur. Onlar həm də dözümlü və çevik olurlar. Öz aramızdı, bir var düzəngahlığınan gedəsən kəfşənə və elə həmin düzəngahlıqla da qayıdasan. Bir də var kəfşənə gedəndə dağ qalxıb dərə yenəsən, ayağının altında torpaq quzulasın və yaxud daş qaçsın, üzü aşağı sürüşəsən və özünü saxlaya biləsən, durub təzədən yoluna düzələ biləsən - bu hamısı güc, çeviklik və təpər istəyir.
Bütün kəndlərdə olduğu kimi, bu kənddə də səhərin səs-küyü ilə axşamınkı bir-birinə oxşayır. Gün çırtdamamış xoruzlar banlayır, kəndin o başından bu başına bir-birinin səsinə səs verir, itlər hürüşür, qoyun-quzu mələşir, mal-qara böyürür, adamlar ucadan danışır, çağa səsi gəlir, heyvanları örüşə yola salırlar. Heyvanlar örüşə çatana qədər bu səs-küy azala-azala gedir və birdən xırp kəsilir, sükut nəhəng bir kəlağayı kimi kəndin üstünə sərilib titrəyə-titrəyə qalır.
Axşam tərəfi isə elə bil bu səs-küyü tərsinə çevirmisən; səs-küy kəndə çöldən gəlir, çöldən gələn səs-küyü kənd də səs-küylə qarşılayır və olur səs-küyqovuşan. Qoyun-quzu, mal-qara rahatlanan kimi səs-küy azala-azala sona yetir və bu dəfə səhərkindən fərqli olaraq kəndin üstünə sükutun axşam rəngli qara kəlağayısı sərilir, titrəyə-titrəyə qalır səhərəcən...
Əgər gecənin bir aləmində bir it hürə-hürə, özünü yeyib tökə-tökə zəncirini qırmaq istəyirsə deməli, nəsə var. Bu kənddə mühafizə işlərinə itlər baxır və deyim ki, bu işin öhdəsindən şərəflə gəlirlər.
1953-cü ilin payızı idi. İl yaxşı gəlmişdi, kolxoz gözləmədiyindən çox məhsul götürmüşdü. Qoyun-keçinin doxsan faizi ekiz doğmuşdu - kolxozunku da, camaatınkı da. Cümşüd kişinin, bir də Kovxalı obasında bir arvadın qoyunu üçəm doğmuşdu - təbiət açmışdı səxavət kisəsinin ağzını, xeyir-bərəkət aşıb-daşırdı.
Cümşüd kişinin kəllayi evi adamınan doluydu - bunlar o adamlar idilər ki, beş-altı il sonra Rəvanın adını dəyişmək üçün elə bu otağa yığışacaqdılar.
Qoçəhmədlidə beləydi, bir iş görmək istəyəndə ağsaqqalları, yaxınları məsləhətə çağırırlar və onların rəyindən asılı olmayaraq ev sahibi onsuz da öz bildiyini eləyirdi - əsas o idi ki, ağsaqqalları çağırasan, onları saya salasan.
Bu gün də elə günlərdən biri idi. Cümşüd kişi onları bir yerə yığmışdı desin ki, mən Abdullanı evləndirmək istəyirəm, ağlınız nə kəsir. Ağsaqqallar nə deyəcəydi ki? Deyəcəkdilər yoox, olmaz?!
Nə isə... Məsləhətdi don gen olar. Amma burda bir məsələ də var idi; əgər bura dəvət olunmusansa, gərək mütləq nəsə deyəsən, işə qarışasan, can yandırasan, sual verib cavab alasan. Ona görə də hərə bir söz deyirdi:
- Cümşüd, necə heyvan kəsəzsən?
- İki çöngə, beş dənə də erkək.
- Cümşüd, yuxa verəzsən, yoxsa ajıtmalı.
- İkisindən də.
- Toybaşı kimdi?
- Həmişə kim olursa o.
- Mağar qurmağa neçə palaz yığmısan?
- Çoxdu... Görüm bəlkə çadır da gətirdilər pambıq məntəqəsindən.
- Cümşüd sallama, haça, hambala var? Bizim qapıda var ee.
- Sağ ol, çatmasa deyərəm.
- Çatmasa deyəndə ki, vaxt azalıb.
- Cümşüd, tar-qaval olajax dayna.
- Onlar axşamüstü, axtiflər gələnə yaxın...
- Heylə yaxşıdı.
- Xanəndə kimdi?
- Ağabala Abdullayev, bir də Sərdərli var ee, İslam.
- Nə qalıb ee, toya... Bir həftə.
Hamısı bir ağızdan dedi ki, allah xeyir versin, ay Cümşüd.
- Nədi, ajmısınız?
- Tay hər şeyi danışdıq dayna, bir şey yaddan çıxsa onu da çörək yeyəndə...
Bu tərkib çox peşəkardı və demək olar ki, kəndin bütün xeyirində-şərində məsləhətçi-məşvərətçi səsi ilə iştirak edib və burda belə qəbul olunub. Bu kollektivin üzvləri kolxoz sədri, baş hesabdar, ferma müdiri, məktəb direktoru, feldşer, molla, uşaqtutan arvadın əri, sovet sədri, sovetin katibi, kolxozun anbardarı və su cuvarından ibarət idi. Gördüyünüz kimi kəndin iqtidarı burda layiqincə təmsil olunurdu - hamısı da əslən Qoçəhmədliydilər, hamısı da Sovet İttifaqı Kommunist Partiyasının üzvləri idi - bircə molladan başqa. Ümumiyyətlə, bu kənddə molladan, bir də həddi-buluğa çatmamışlardan başqa, demək olar ki, hamı kommunist idi. Cibində partbileti olmayanlar da komsomol, pioner, oktyabryatlar idi. Bax, kənddə vəziyyət beləydi. Bu kəndə kommunistlər, komsomolçular, pionerlər və oktyabryatlar kəndi də demək olardı.
Payızın dənindən çıxmış, beli taxta kimi düz, yerinən-göyünən əlləşən burulmuş, axta dıbırı son tikəsinə qədər yeyib getdilər.
Təhlifçiyə bir cüt əldə toxunma yun corab, üstündə də qırağı merişqalı bir dəsmal verirdilər; o da atını minib düşürdü kəndin canına;
- Cümşüd kişi, səni oğlu Avdıllanın toyuna təhlif eləyir.
- Toy nə vaxtdı?
- Bazar günü.
- Allah xeyir versin.

- Cümşüdün heylə oğlu var? Heç Cümşüdün tayları evlənməyib. Toy nə vaxtdı?
- Bazar günü.
- Allah xeyir versin, dırnağı bərk olsun, höylü qalın olsun.
- Cümşüd kişi səni oğlu Avdıllanın toyuna...
- Cümşüd hələ durur... Toy nə vaxtdı?
- Bazar günü.
- Çöngə kəsəcək?
- Hə...
- Neçəsin?
- İkisin.
-İki çöngəynən Qoçəhmədli camaatı doymaz.
- Beş dənə də saz erkək.
- Hə... bax, onda ağıza dad, qarına şivən ola bəkə. Sənin dədən də durur, a bala?
- Dədəm öldüyü beş ildi.
- Pah atonnan, o boyda kişi qırağını çəkib... Nejə xəbərimiz olmayıb ee.
- Niyə, yasda yuxarı başda oturmuşdun...
- Hə... Hə... Onu deyirsən... Hə... Allah xeyir versin. Bəri bax, o nənənizə yazığınız gəlmir?
- Nənəmizə noolub ki?
- Niyə vermirsiniz əə, onu ərə, yup-yumru arvaddı, özü də yumurta soyutması kimi.
- Getmir. Deyir dədənnən sonra bu kənddə maa layiqli kişi yoxdu, bir nəfərdən başqa.
- O allahın bəxtəvəri bir nəfər kimdi heylə?
- Səni deyir. Deyir onnan başqa kişi yoxdur.
- Sən dədəyin goru düz deyirsən? Bıy onun belə...
- A kişi heey.
- Dulun ayrı ləzzəti var, bala, sən onu qanmazsan. Elə onun səvabı mənim bütün nəslimə bəsdi.
- Toyda onnan oynayarsan, əlinə şabaş verərsən, oynaya-oynaya sözünü də deyərsən. Yaxşı, mən getdim, kəndin yarısından çoxu durur hələ.
İyirmi yaşlı bu oğlan Qoçəhmədlidə kimin qapısına at sürdüsə hərə onu bir cür qarşıladı, bir cür də yola saldı. Bu kənd belədi, burda zarafatdan incidinsə, deməli dədənin evi yıxıldı, sən də qaldın altında. Kənd camaatının ürək genişliyinin və saflığının bir mənbəyi də bax, bu zarafatlar idi; qərəzsiz, duzlu zarafat adamı saflaşdıran, ömür uzadan şeydi.
Qoçəhmədlinin qadınları toylarda kişilərdən daha fəal iştirak eliyirdilər. Toya bir-iki gün qalmış paltarbiçdi olurdu, yemək-içmək, zurna-qaval. Hər dəfə Qoçəhmədlidə paltarbiçdi olanda, yalan olmasın əlli -altmış cüt qaloş dəyişik düşürdü; kim tez gedirdisə təzəsini geyinib düzəlirdi yola; bir on-on beş cüt qaloş da itirdi və heç kəs də bunun davasını eləmirdi. Bir də ki, kimə nə sübut eləmək olardı ki, sovet hökumətinin qaloşları hamısı eyni idi, Qoçəhmədlidəki qaloşunan Kamçatka yarımadasındakı qaloşun heç bir fərqi yox idi.
Paltarbiçdidən də bir-iki gün sonra dəstə-tifaq gəlirdilər toya, yeyib-içirdilər, oynayırdılar, toyu yaraşığa mindirə-mindirə subay oğullarına qız da gözaltı eləyirdilər.
Qız-gəlin tumarlana-tumarlana toya hazırlaşırdı. Qoçəhmədlinin qız-gəlini də sığal-tumar götürəndi ha...
Arvadlar sandıqlarını açıb təzə paltarlarını çıxardır, kömür ütüsü ilə ütüləyib abıra salırdılar. Kənddə cəmisi üç-dörd kömür ütüsü vardı; belə günlərdə o ütülər növbə ilə Qoçəhmədlinin evlərini gəzə-gəzə adamlara arxayınlıq və gözəllik bağışlayırdı.
Çadır tapa bilmədilər. O vaxt indiki çadırın işini keçə görürdü, çadır nə gəzirdi. Kənddən iki yüzə yaxın palaz yığıb mağarın üstünü, böyür-başını örtdülər, qalanını da yerə sərdilər ki, arvadlar oturanda onlara soyuq dəyməsin. Kişilər isə altına yastı daş düzülmüş uzun taxtaların üstündə oturmalıydılar.
Mağar toya tam hazır idi, böyük, geniş, uzun. Kolxoz sədri evindəki otuzluq çırağı da göndərmişdi ki, göydən assınlar, gecə işıqlı olsun.
Qoçəhmədli də sığallanıb, tumarlanıb səhərin açılmasını gözləyirdi; vallah camaat elə xoşbəxt idi, elə gözəl, arxayın və rahat idi ki...
Cümşüd kişi qurban demişdi, demişdi ki, toyu sağ-salamat yola verim imam ehsanı verəcəm - Allah qəbul eləsin.
Qoçəhmədlilərin özlərinə sığal-tumar çəkdiyi zamanda Rəvan beşinci sinifdə oxuyurdu, on iki yaşı vardı. Nəğmə dərsi idi. Jurnalda adlar əlifba sırası ilə yazıldığına görə onun adı birinci idi. Müəllim sinifə göz gəzdirib dedi:
- Nəğmə dərsimizə başlayırıq, kim oxumaq istəyir?
Uşaqlar əllərini qaldırıb dirsəklərini partanın üstünə döyə-döyə, "müəllim mən, müəllim mən" deyə-deyə hay-küy saldılar. Bu məktəbin bu sinfində nəğmə dərsi həmişə belə başlayırdı. Müəllim sağ əlini qaldırıb:
- Sakit olun!, - dedi, - qarışmayın bir-birinizə, heç hesab dərsində özlərini belə öldürmürlər ee... Sakit!
Uşaqların qalxmış əllərindən səs çıxdı, özlərindən yox, tam və mütləq sakitlik. Müəllim sinif jurnalını götürüb sifəti bərabərində qaldırdı, sinifə göz gəzdirəndən sonra üz-gözünü turşudub jurnala baxdı:
- Abdullayev Rəvan.
- Mən.
- Çıx qabağa.
Bütün əllər aşağı yendi. Rəvan lövhənin qabağına çıxdı. Müəllim onu başdan-ayağa nəzərdən keçirib dedi:
- Başla.
Rəvan başladı:
- Vətən oğlu çoban Qara,
Yay sürünü göy dağlara.
Uşaqlar əllərini partanın üstündə cütləyib ona qulaq asırdılar.
Rəvan, müəllimin ona dəfələrlə irad tutmasına baxmayaraq yenə əlini qulağının dibinə qoymuşdu və oxumağında idi:
- Sürüləri çoxalt bəslə,
Kolxozunda sən həvəslə.
Ay doğanda eli səslə...
Ay doğanda eli səslə...
Heeeeeeey...
Çal tütəyin dilə gəlsin
Azad nəğmən elə gəlsin...
Bu yerdə Rəvan özünü saxlaya bilmədi, nətəhər elədisə ordan bir başa "Şahnaz"a keçdi:
- Sevgilim ləblərin yaquta bənzər
Sərasər dişlərin dürdanədəndir.
Sədəf dəhanından çıxan sözlərin,
hər biri bir qeyri xəzanədəndir,
ay dad, ay dad, ay aman, aaaaay, aman...
Uşaqlar onu alqışladılar, ayaqlarını yerə çırpa-çırpa qışqırışdılar - uşaqlar Rəvanın oxumağına belə qiymət verdilər. İndi isə qiymət vermək növbəsi müəllimə çatdı; o Rəvana yaxınlaşıb onun təpəsinə bir qapaz ilişdirdi:
- Sən heç bilirsən nə oxudun, hıy, sevgilim nədi əə gic, məktəb uşağı qələtini eləyir, çoban-çoluxdan, vətəndən oxuyar. Sən Sovet uşağısan, biz ölkəmizə layiq vətəndaşlar yetirməliyik... Dünən yumurtadan çıxıb... Sevgilim deyir. Belə getsə sənin axırın ya türmədi, ya kolxoz. Sənin bu hərəkətin sosializm əxlaqına qarşı yönəldilmiş bir təxribatdır.
- Müəllim təxribat nədi?
- Təxribat?
- Hə...
- Təxribat canına azardı, gözünə də vərəm... Otur aşağı. - Başqa bir uşaq dilləndi.
- Müəllim, yadımda qalmadı, onu yavaş-yavaş de, yazım dəftərimə.
- Kəsin səsinizi, elə hamınız bir zibilsiniz. Sonra çönüb ayaqüstə dayanıb qəbahət iş tutmuş adam kimi başını aşağı salmış Rəvana dedi:
- Sən bilmirsən ki, belə sözləri oxumaq olmaz? Hıy?
- Bilirəm ee, - Rəvan başını qaldırmadan mızıldandı.
- Bəs onda niyə oxudun?
- Müəllim qəfil oldu e... Qəfil nətəhər həvəsə gəldimsə özümü saxlaya bilmədim.
- Sovet uşağı ən çətin vəziyyətdə də özünü saxlamağı bacarmalıdı, bildiniz, - əvvəlcə Rəvana, sonra da bütün sinifə baxdı, sinfin sakitdiyində bir az gərdiş eliyəndən sonra dedi:
- Direktora deyəjəm sənin əxlaqını "dörd"ə yendirsin.
Elə bil sinifə su caladılar. Ağır sükutu uşaqlar pozdular:
- Müəllim, Rəvan qələt eliyib... Bir də eləməz.
- Müəllim, yazıxdı direktor bilməsin...
- Müəllim, qanmayıb.
- Müəllim, dədəsi öldürəjək Rəvanı.
- Müəllim, əxlaqdan "dörd"ə yensə məktəbdən qovular axı...
- Müəllim, Rəvanı bədbəxt eləmə, noolar...
Lap arxa sırada oturan bir qız uşağı içini çəkə-çəkə elə ağlayırdı ki...
Bir uşaq əlini qaldırdı. Müəllim ona dedi:
- Nə istəyirsən?
- Söz demək olar?
- De.
Uşaq ayağa qalxdı, əvvəl oturduğu yerdə pəncərədən bayıra boylandı, sonra sinifdəki uşaqları nəzərdən keçirib gözünü müəllimə zillədi:
- Müəllim... Müəllim... Mən...
- Nə hıqqanırsan, sözünü de.
- Müəllim deyirəm, hamımızın qarşısında Rəvan pioner kimi söz versin... söz versin ki, bir də heylə qələt eləməyəjək... siz də onun günahından keçin, yazıxdı. - Bunu sinifkom dedi. Vəziyyətdən çıxardı.
Müəllim sinifdə var-gəl eliyə-eliyə xeyli fikirləşdi, guya ki, çox çətin, ağır bir məsələnin pedaqoji həllini axtarırdı. Müəllim üzünü sinifkoma tutdu:
- Sən inanırsan ki, o söz versə yerinə yetirəcək.
- Sovet pioneri verdiyi sözü yerinə yetirməlidi.
- Uşaqlar siz necə? - Müəllim sinifdən soruşdu.
- Biz də sinifkomun dediyiynən razıyıq.
- Blirsiniz, uşaqlar, əgər Rəvan pionerə yaraşmayan hərəkəti ilə bu gün bizim sinifimizə qara ləkədirsə, sabah cəmiyyətin qara ləkəsi olacaq, cəmiyyət üçün təhlükəli adam olacaq. Ona görə də biz çalışmalıyıq ki, cəmiyyətimizi gələcəkdə belə təhlükəli adamlardan qorumaq üçün bəri başdan tədbir görək. Rəvan xasiyyətini dəyişməsə sosializm cəmiyyətində ona yer olmayacaq. Götürək elə öz kəndimizi, burdan nə qədər görkəmli bolşeviklər, kommunistlər yetişib, çox. Onlar qanları bahasına inqilab eliyib, bəy-xan zülmündən camaatı azad eliyib ki, Rəvan kimilər hər şeyi korlasın? Yox, biz buna yol verə bilmərik. Bütün bunları əldə rəhbər tutaraq sözü verirəm Rəvana.
Rəvan boğazını artladı, sonra bir az da qabağa gəldi:
- Mən Sovet pioneri Abdullayev Rəvan pioner kimi söz verirəm ki, bir də belə qələt eləmiyəjəm.
Uşaqlar bayaq "Şahnaz"dan oxuyanda Rəvanı necə alqışlamışdılarsa, indi də elə əl çaldılar.
Müəllim Rəvana yaxınlaşıb əlini onun başına çəkdi, buna sığallama demək olmazdı; həm də ona görə ki, pedaqoji nöqteyi-nəzərdən düz gəlməzdi və düz gəlməyəndə də Makarenkonun goru çatlayardı.
- Rəvan, indi də Vətən haqqında mahnı oxu.
- Hansını oxuyum, müəllim?
Müəllim dedi:
- "Əcəb ağ gündədir mənim vətənim".
Qardaşının toyuna az qalmış Rəvanın başına belə bir oyun gəldi.
Kənd camaatı Abdullanın toyuna axışırdı. Hay-küy kəndi başına götürmüşdü. Bax, bu səs-küy də tamam başqa idi, bu, nə kəndin axşam heyvan örüşdən qayıdan vaxtındakı səsinə oxşayırdı, nə də ki, tezdənki səs-küyünə bənzəyirdi - bu başqa səs, başqa həvəs idi. Belə yerdə deyərlər ki:
- Səsin gəlsin, Qoçəhmədli...
Rəvanın qanadı olsaydı, heç nə istəməzdi, eləcə havaya qalxıb kəndin üstündə dövrə vura-vura qaqqıldayardı, şığıyardı, qanadlarını yanlarına sıxıb dik qalxardı, yorulandan sonra isə qonardı Abdullanın toy mağarının üstünə. İmanım allah amanatı, bəlkə də Rəvanı Abdullanın arvad almağından çox bu toy, bura yığışıb gələn adamların səs-küyü, hamının bir yerdə olmağı cəzb edirdi, onu sevindirirdi. Hərdən-birdən də fikirləşirdi ki, "görən qardaşımın toyunda məni oxudajaxlar?" Ancaq ürəyinə nəsə dammışdı... və ürəyinə daman bir damcı ona dərya rahatlığı gətirirdi.
O illərdə Qarabağın hər yerində toylar iki gün olurdu. İki gün deyəndə ki, gün əyiləndən bir az sonra başlayır, bir də sabah gecə yarısına qədər davam eliyirdi. Xalq özü-özünü əyləndirə bilirdi.
Televizor, radio yox idi ki, yanını kəsdirib oturasan. Məhsulu yığıb qurtarıblar, çöldə-bayırda iş yox, taxılı da dəyirmanda üyüdüb yığıblar başlarının altına, odun-ocaq ehtiyatı, ot-əncər də öz yerində. Kəndin qarışqa yuvası kimi qaynaması, adamların bal arısı kimi vurnuxması qalırdı yaz ağzına. Yazın əvvəlindən payızın ortalarına kimi adamlar dayanmırdı, əgər dayansaydılar onda qışdan çıxa bilməzdilər. Əsas məsələ də qışdan çıxmaq idi; bu həm adamlara, həm də heyvanlara aid idi...
Ona görə də toylar belə olurdu, xalq toya həm də istirahət etmək, əylənmək üçün gedirdi. Məlum olub ki, xalq özü özünü əyləndirəndə daha gözəl, rahat olur, nəinki başqaları onu əyləndirsin, özü də xalqın istədiyi kimi yox, onun özünün bacardığı və istədiyi kimi. Əlbəttə, bu, arzuolunmazdır. İki günə yaxın çəkən bu toylarda heç kəs yorulmurdu, heç kəsin başı şişmirdi; toy qurtarandan sonra da camaat dağılışmaq istəmirdi; üç-üç, beş-beş, ya da ki, dəstə ilə dayanıb ya toyun necə yaxşı keçdiyindən, ya da başqa şeylərdən söhbət eliyirdilər. Və o toyda bəy oynayanda ucuzluq olurdu - inanın ki, bu sınanmış bir şeydi və yüz illər davam eliyib. Bugünkü toylarda isə bəylə gəlin toy başlayandan düşürlər ortalığa, taa toyun axırınacan, necə deyərlər, toyu ikisi savır - ancaq insan ucuzlaşır, yerdə qalan nə varsa hamısı bahalaşır...
Xeyir-şər kəndin sifətidi - min illərdən bəri həyatın gərdişi tərəfindən rəssam kimi çəkilmiş portretidi - necə deyərlər, bu yazıya pozu yoxdu. Toyda-mağarda hərə öz yerini bilirdi: taxtanın üstündə oturanlar, yerə döşənmiş xalça-palazın üstündə oturanlar, bir də mağarın çölündən palazın arasından toya baxanlar - əlbəttə, bu uşaqlara aid idi, onların yeri yox idi, yer tutmaq kimi çətin və qəliz idi. Yaşlı adamların sayı artırdı. Özləri durub yerlərini böyüklərə verirdilər - bu, bir qayda idi. Burası da bir həqiqət idi ki, əgər durub öz yerini səndən böyüyə verməsən onsuz da toybaşı səni durquzacaq; yaxşı olmazmı elə üzüsulu durub yerini verəsən, əvəzinə bir "sağ ol" da alarsan - bax, bu da var idi.
Toybaşı uşaqları bəri başdan razı salırdı; belə ki, toy başlayandan, kəndin vəzifəli şəxsləri - aktivləri gələnə qədər qara zurna, balaban və çubuqla çalınan nağara ancaq uşaqlara xidmət eliyirdi; uşaqlar tər dabanından tökülənə qədər oynayırdılar, "Görək kim kimi yordu?" Kim axıracan oynayıb hamını yorsaydı, kənd uşaqları növbəti toya qədər ondan danışardılar.
- Hümbət iyirmi uşağı yordu?
- Noolsun, bildir mənim qardaşım da bir heylə uşaq yormuşdu.
Uşaqlar nağaranı qara zurnadan da, balabandan da çox istəyirdilər. Onlara elə gəlirdi ki, əsas nağaradı və nağara olmasa oynamaq olmaz. Onların arasında hərdən belə söhbətlər də olurdu:
- Görəsən dünyada İbəşdən yaxşı nağara çalan var?
- Yox. Heç kəs onun kimi çala bilməz.
- Yaxşı adamdı. Bayaq dedim İbəş əmi qoyursan əlimi vurum nağaraya? Dedi ola... verdi maa, xeylaq saxladım, uşaqlar hamısı da gördü. Ancaq zırnaçı oğraş adamdı.
- Niyə?
- Dedim əmi qoyursan əlimi vurum zırnaya, dedi ki, irrəd ol əə, burdan... az qalmışdım ağlayam, nənəm qoymadı.
Uşaqların toyu gün əyiləndən axşam üstünəcən olurdu. Axşam çağından sonra isə işlər uşaqların ürəyincə olmayan başqa məcraya yönəlirdi ki, bu da onları kədərləndirirdi, elə bil ki, toy günü uşaqların zəmanəsi qurtarırdı ee, bax, heylə...
Gün əyiləndən sonra toy başlanırdı, bircə onu demirdilər ki:
- Uşaqlar üçün toyumuza başlayırıq!
Yuxarıda dediyim kimi burda hər kəs öz yerini yaxşı bilirdi. Hətta palazın arasından toya baxmaq da elə-belə məsələ deyildi. Musiqiçilərə yaxın yerdəki palazların arasından böyük uşaqlar baxırdı toya. Və müvafiq olaraq yaş həddinə görə mağarın aşağı başına qədər düzülürdülər. Bəzən belə də olurdu ki, palazın arasından növbə ilə baxmalı olurdular və qabaqcadan razılaşmaya görə də heç bir münaqişə baş vermirdi.
Oynayanlar bəsdi deyincən oynayıb yorulmuşdular. Qara zurnanın arxasından su damcılayırdı. Birdən camaat əl-ayağa düşdü. Musiqiyə ara verdilər. Kənd aktivləri təşrif buyurmuşdu. Onlar gəlməmişdən bir az qabaq taxtanın üstündəki yerlərin bir neçəsi boşaldılmış, ora döşəkçələr düzülmüşdü. Keçib ədəb-ərkanla əyləşdilər. Camaatın gözü onlarda idi. Muğam sənətinin ustadlarından biri, toylarımızın sayılan-seçilən yeri, yaraşığı Ağabala Abdullayev, tərzən və kamançaçalan içəri girəndə camaat gözlərini kəndin aktivlərindən çəkib onlara zillədi. Ağabala kişi pencəyini çiyninə salmışdı - pencəyi çiyinə salmaq hər kəsə Ağabala Abdullayev qədər yaraşmırdı. Bu, onu əzəmətli və nəhəng göstərirdi. Üçlüklə bərabər cavan bir oğlan da kəldi, onu hamı tanıyırdı, qonşu Sərdərli kəndindən idi - adı da İslam idi. Bakıda Asəf Zeynallı adına musiqi texnikumunda oxuyurdu, özü də Seyid Şuşinskinin tələbəsi idi. Bu orta boylu, gülərüz oğlan ona yaraşacaq dərəcədə özünü dartmışdı və keçib Ağabala gilinən bir sırada əyləşdi və belə demək mümkündürsə toyun böyüklər üçün nəzərdə tutulan hissəsi başlandı.
Toybaşı ortalıqda fırfıra kimi fırlanırdı, əlindəki şallağı da hərdən yerə çırpırdı, bu odlu silah aləmində xəbərdarlıq atəşi kimi bir şey idi. Əsas məqsədi isə sakitlik yaratmaq idi: Bu boyda kişilər çalıb-oxuyacaqdı... bu boyda kişilər də qulaq asacaqdı, burda kimin hünəri vardı ki, cınqırını çıxartsın...
Musiqiçilərdən sağ tərəfdə, yuxarı başda sağdişin və soldişin ortasında bəy oturmuşdu - Abdulla. Onların oturduğu stolda meyvə, şirniyyat var idi, bacıları üç dənə şax bəzəyib onların qənşərinə qoymuşdular.
Süleyman mağarın lap aşağısında, giriş qapısının yanında oturmuşdu. Onun yaşıdlarının hamısı palazın arasından baxırdı, necə olmasa bəyin sonbeşik qardaşı idi axı.
Tarçı tarını kökləyirdi. Ağabala kişi onun qulağına nə isə dedi, o da başını tərpətdi.
Necə deyərlər, mağarda milçək uçsaydı səsi eşidilərdi. Buna baxmayaraq toybaşı şallağını yerə çırpıb qışqırdı:
- Sakit!
Hər halda toybaşı Qoçəhmədli camaatını bizdən yaxşı tanıyırdı.
Ağabala Abdullayevin bir xasiyyəti vardı; o oxuduqca cuşə gəlirdi və coşğunluğun zirvəsinə çatanda əlindən qavalı göyə atırdı, qavalın arxasınca baxırdı, ancaq necə atırdısa qaval gəlib düz onun əlinə düşürdü, düşməyiynən də ritmi tutmağı bir olurdu. Ona görə də onun çalıb-oxuduğu mağar başqalarından fərqli olaraq hündür olurdu ki, Ağabala kişi istədiyi kimi oxuya bilsin, sərbəst olsun. Sənətkar da ki, sərbəst oldu onun qabağında bir ordu dayana bilməz...
...1990-cı ildə dünyanın ən böyük beş-on alimindən biri, uşaqlıq dostum, Milli Elmlər Akademiyasının müxbir üzvü Hətəm Quliyevlə on beş gün Londonda olduq. Hərdən taksiyə də minirdik. İngilislərin taksi maşınları dünyanın hər yerində gördüyüm minik maşınlarının hamısından xeyli hündürdü.
Tərcüməçiyə dedim ki, bu ingilislərin taksiləri niyə bir belə hündür olur? Dedi ki, bilmirəm. Dedim sürücüdən soruşun. Soruşdu. Sürücü ingilissayağı özünü darta-darta dedi:
- İngilislər hündür şlyapaları xoşlayırlar. Maşının tavanı ona görə hündürdü ki, onlar taksiyə minəndə bir də zəhmət çəkib şlyapalarını çıxartmasınlar, rahat otura bilsinlər. Bizim taksilər dünyada ən hündür maşınlardı.
Necə ki, Ağabala Abdullayevin oxuduğu mağar ən hündür mağar idi...
Qarabağlıların qanı, əgər belə demək mümkündürsə, "Segah" viruslarından ibarətdir, bunun o yanı - bu yanı yoxdu və bu muğamı heç kəs, nəinki onlar kimi oxuya bilər, heç yaxın da düşə bilməzlər. Ağabala kişi "Zabu Segah" oxuyurdu. Kişilər taxtdanın üstündə, arvad-uşaq da yerə döşənmiş xalça-palazın üstündə heykələ dönmüşdülər və heykəl-kompleksin müəllifi Ağabala Abdullayev idi.
Ağabala kişi, tar, kaman bayaqdan yol gəlirdilər; gəlib o yerə çatanda ki:
- Hər qaraaaaa... Hər qara zülfün əsiri olmaram bundan böylə...
Kolxoz sədri sakitcə ayağa qalxıb Ağabala kişiyə yaxınlaşdı, hələ toya gələndə döş cibinə qoyub qabaqcadan hazırladığı iki dənə palazqulaq yüzlüyü nümayişkaranə bir şəkildə onun qavalına atdı, ağır-ağır, heç kəsin üzünə baxmadan qayıdıb yerində oturdu. O əyləşən kimi kolxozun baş mühasibi durdu: yüz əlli manat... Ferma müdiri yüz, ambardar, partkom, briqadir... Vəzifədən asılı olaraq məbləğ üzüaşağı, azala-azala gedirdi və son hədd kimi gəlib əllidə dayandı.
Sədrdən sonra xanəndəyə yaxınlaşanların pulu ondan çox olmasa da, az da deyildi. Ancaq bu məqamda da hərə öz yerini bilirdi; əgər sədr iki yüz veribsə, baş mühasib uzağı yüz əlli manat verə bilərdi. Yoxsa sədr hərləyib-fırlayıb ona deyərdi:
- Qudurmusan haaa... Mənnən bəhs eliyirsən? - Bu üç-dörd kəlmə söz baş mühasibin taleyində əsaslı rol oynayıb onu yaman günlərə qoya bilərdi.
Əgər ferma müdiri yerini bilməsəydi baş mühasib hərləyib-fırlayıb ona deyərdi:
- Qudurmusan haaa... Mənnən bəhs eliyirsən?
Yerdə qalanlarını da üzüaşağı özünüz təsəvvür eləyin...
Bu anlarda Qoçəhmədli camaatı elə xoşbəxt idi, elə xoşbəxt idi ki... Bu bəxtəvərliyi dünyanın, yer üzünün bütün xalqlarının arasında dədə malı kimi bölən olsaydı hamıya pay düşərdi, hələ artıq da qalardı...
Ağabala Abdullayev həm də Qoçəhmədli yeznəsi idi; düzdür, onlardan qabaq on-onbeş il də Yağlıvənd yeznəsi olmuşdu - ancaq bu gün onlarınkı idi - yeznə statusunda ancaq qoçəhmədlilərə məxsus idi - allah mehriban eləsin...
Bu kənddə "Heyvagülü" havasına ancaq kolxoz sədri oynaya bilərdi, o da hər toyda yox. Sədrdən başqa "Heyvagülü"yə heç kəsin ərki çatmazdı. Bu da bir qanun kimi qəbul olunmuşdu. Ancaq bir məsələ də var: əgər bax, bu gün, rayonun ispalkomu bu toya gəlib çıxsa və təsadüfən "Heyvagülü"yə oynamaq istəsə, sədr ona heç nə deməzdi, durub onunla oynayardı və oynaya-oynaya onun qulağına deyərdi ki, yoldaş Hacıyev, mən də həmişə bu havaya oynayıram. Bir sözlə "Heyvagülü" oyun havası Qoçəhmədlidə sədrin manapoliyasıdır.
"Zabul Segah" mənzil başına yetişən kimi kolxoz sədri dedi:
- Sağ ol, Ağabala, halal olsun... - Sədr lap jüri sədri kimi dedi.
Ağabala Abdullayevin sənətinə qiymət verməyə ancaq sədrin ixtiyarı çatırdı, o biriləri ancaq qulaq asa bilərdi.
Tarçalan Ağabala kişinin sağ çiynindən azca sürüşmüş pencəyini elə bil ki, onun çiynində təzədən rahatladı və bu, bir mağar Qoçəhmədlinin fikrindən yayınmadı.
Toybaşı şallağını yerə qırpdı, yerindəcə fırlanıb üzünü musiqiçilərə çevirdi:
- Tərəkəmə!
Qız-gəlin tökülüşdü ortalığa, qırp ki, qırpasan. Törəhmədlilər çox oynağandı: onlara baxanda adama elə gəlirdi ki, Dövlət Mahnı və Rəqs ansamblıdı. Rəqs eliyənlər camaatın ürəyindən tikan çıxartdırdı. Oynamayanlar əl çalırdı və əl çaldıqca oturduqları yerdə silkələnirdilər və onlara elə gəlirdi ki, özləri də oynayır. Qara zurna damcılaya-damcılaya pülüyürdü, balabançalanın ovurları dolub-boşalırdı, nağaraçı qan eliyirdi.
Toybaşı əlini qaldıran kimi musiqiçilər dayandı, rəqs eliyənlər bir anın içində ortalıqdan çəkildilər. Toybaşının sağ əli hələ göydə idi:
- Bakıdan gələn qonaqlar üçün Ağabala kişi "Əmim oğlu bu yaylağa gəlmədi" oxuyacaq.
Oxudu.
- Yağlıvənddən gələnlər üçün "Nə bağ bildi, nə də bağban".
Oxudu.
- Kərimbəylidən gələn qonaqlar üçün "Qaçaq Nəbi..."
Koryagindən, Sərdərlidən, Qarqabazardan gələn qonaqlar üçün...
Kimlər üçün oxuyurlarsa, onlar həm də rəqs eliyirdilər.
Cümşüd kişinin həyətinin o başında qırxa qədər at bağlanmışdı. Bir nəfər məxsusi qonaqların atlarına baxırdı. Bu atlar yol gəlmişdilər, hələ yol da gedəcəkdilər. Elə Yağlıvəndlə Qoçəhmədlinin arası on altı kilometr idi, hələ Kərimbəylini demirəm, bəlkə də iki-üç dəfə artıq idi - sən bir camaatda sədaqətə, kişiliyə bax e... Atların çoxunun başına içi arpa ilə dolu torba salmışdılar ki, yesinlər və gecə vaxtı bu uzaq yolu qayıda bilsinlər...
Toya gələn Yağlıvəndlilər Qoçəhmədliyə girəndə at kişnərtisi kəndi başına götürmüşdü.
- Yağlıvəndlilərdi! - Mağarda oturanlar dillərinə gətirdi.
Atlar yerinən-göyünən əlləşirdi - hamısının da belində ingilis yəhəri.
Qonaqların atına baxan orta yaşlı kişi yaxınlaşıb əlini parıldayan ingilis yəhərlərinə sürtürdü, onlarda belə yəhər hardaydı ki?..
Şadlıq evi yox, mikrafon yox, fonoqram yox, qaldı diskotekoya - o da "Tərəkəmə" səviyyəsində idi və əslində bu zirvə idi, "Tərəkəmə" zirvəsinə qalxıb ordan baxan olsa, yalan olmasın dünyanın hər yeri görünər...
Toybaşı şallağı yerə çırpdı:
- Ay Qoçəhmədli camaatı, indi də Bakıda xanəndəlik məktəbində oxuyan, qonşu Sərdərli kəndindən olan Rzayev İslam oxuyacaq.
Sonralar hamının tanıyacağı, dünya ölkələrinə yüz iyirmidən çox qastrol səfərinə gedib musiqimizi təbliğ eliyəcək, böyük xanəndələr nəsli yetişdirəcək, ustad və nəhəng sənətkarımız, respublikanın xalq artisti İslam Rzayev, hal-hazırda Qoçəhmədlidə cavan Rzayev İslam, oxumaq üçün ustad Ağabala Abdullayevdən icazə istədi və bu icazə etika xatirinə deyildi. İnanın ki, icazə verməsəydilər heç vaxt oxumazdı; o vaxt dövr, zaman eləydi, böyük-kiçik vardı və böyük, kiçiyin yerini bildiyinə görə, kiçik də böyüyün yerini bilirdi. Bu da bir həqiqətdir ki, kiçiyin yerini bilməyən böyükdən böyük olmaz. Bəs, böyüyə ona görə böyük demirlər ki, o böyükdü, böyüyə ona görə böyük deyirlər ki, o kiçiyin yerini bilir...
Əlqərəz... Rzayev İslamın üzünə qızartı çökdü. Əyləşdi. Hamı qulaq kəsilmişdi. Rzayev İslam başladı nə başladı, nə təhər tutuzdurdusa, göydə bir Allah, yerdə də Ağabala Abdullayev başda olmaqla Qoçəhmədli camaatı şahiddi. Nə təhər başlamışdısa o şövqlə də qurtardı.
- Sağ ol, ay bala, ananın südü sənə halal olsun.
Kolxoz sədri qiymət verən kimi yerlərdən səs gəldi:
- Sağ ol, ay İslam.
- İslam halal olsun.
- İslam fəxrimizsən...
- Can, ay İslam, can...
- Birin də oxusun...
- Genə oxusun...
Oxusun oxusun də - İslam birin də, ikisin də... oxudu - Ağabala Abdullayevin gözlərində işıq... elə hey başını silkələyirdi. Lap axırda da Qoçəhmədlilərin gözünün qabağında onun üzündən öpdü. Bu öpüş Rzayev İslamın böyük sənətkar olacağına ürəklə vurulmuş möhür idi. Ağabala Abdullayev möhürü. Ancaq Qoçəhmədlilər elə bilirdi ki, möhür bir kolxoz sədrində olar, bir də sovet sədrində...
Ağabala kişi toybaşına baxıb əlini qaldıran kimi o, yaxınlaşdı. Ağabala kişi dedi:
- O Cümşüdün oğlu hardadı, onu tapın gətirin.
- Dayı onun beş oğlu var, biri burda oturub bəydi, qalanı da...
- Balacanı...
- Hə... Rəvanı?
- Rəvanı...
Bu kiçik mükaliməni heç kəs eşitmədi. Ancaq, mənim sizə bir andım yoxdu, and olsun bir olan Allaha ki, bayaq dediyim kimi bəyin qardaşı olduğuna görə mağarın lap aşağısında qapının ağzında oturan Rəvana elə gəldi ki, Ağabala kişi toybaşıynan onun barəsində danışır. Bayaqdan eşitdiyi oxumalardan uşaq uysa da bunu duydu. Doğurdan da Rəvan gördü ki, toybaşı ona tərəf gəlir. Gəldi, yaxınlaşdı:
- Dur, əə... - dedi.
- Niyə durram... oturmuşam dayna, qardaşımın toyunda oturmuyajam.
Rəvanın duyduğu öz yerində, ancaq qəfil ona elə gəldi ki, onu durquzub yerində ayrı adam otuzdurmaq istəyirlər.
- Əə, dur deyirəm, Ağabala kişi çağırır səni.
- Hə?..
- Hə...
Rəvan durdu, yanında oturana dedi:
- Yerimi saxla haaa...
- Yaxşı.
Rəvan musiqiçilərə yaxınlaşanda ayağı da ilişdi, az qaldı yıxılsın, toybaşı qolundan tutub qoymadı.
O, yaman utanırdı. Çevrilib bu həndəvərdə ən yaxın adamı olan bəyə-qardaşı Abdullaya baxdı, Abdulla da ona göz vurdu və göz vurmasını belə tərcümə eləmək olardı:
- Qorxma... vejinə alma... oxu.
Rəvan da qardaşının göz vurmasını təxminən belə yozdu və ürəyində dedi:
- Demək hasantdı... Saaa nə var ee, oturmusan orda, yanında da...
Rəvanı gülmək tutmuşdu. Yadına Abdullanın dünən gecə pəyədə çimməyi düşmüşdü. Buralarda bəy hamamı nədi, heç kolxoz sədri üçün də hamam yox idi, hamı tiyanda çimirdi. Bu tərəflərdə ancaq Qarğabazar kəndində bir hamam vardı ki, o da işləmirdi; vaxtilə Şah Abbasın tikdirdiyi məscid, karvansara, bulaq və hamam bu gün tarixi abidə kimi dövlət tərəfindən qorunurdu - içi də doluydu yazıynan, yetən öz adını yazırdı bura. Sədr-zad da həftədə, onbeşdə gedib Karyagində bir qədim hamam var idi, orda çimirdilər.
- Adın nədi? - Ağabala kişi ondan soruşdu.
- Rəvan.
- Məni tanıyırsan?
- Hə...
- Mən kiməm.
- Ağabalasan... Qoçəhmədli yeznəsi...
Ağabala kişi ağır adam idi, ancaq gülümsədi, bəlkə də Rəvanın xətrinə, xətri xoş olsun.
- Oxuya bilirsən?
- Niyə oxumuram ki?
- Bəs qorxmursan?
- Nədər qorxajam ki?.. Gündüz axşamacan dərələrdə oxuyuram dayna.
- Nə oxuyursan?
- "Bəyənmir məni".
- Onu kim yazıb?
- Nə?
- Deyirəm o havanı kim qoşub?
- Mən nə bilim... elə xoşuma gəlir oxuyuram, dayna.
- İndi nə oxuyazsan?
- "Bəyənmir məni".
- Kimdi ee o səni bəyənməyən, bayaqdan...
- Nəğmə müəllimi, təpəmə nə təhər qapaz vurdusa, az qaldı gözlərim düşə ovcuma...
- Bəs nə üstə vurdu?.
- Maa deyir ki, dünən yumurtadan cırt eləyib çıxmısan, deyirsən ki, "sevgilim ləblərin yaquta bənzər..." Deyir ki, bu Sovet pionerinə yaraşmaz.
Rəvan iki daşın arasında müəllimi qoydu "baqaja". Əslində burda "baqaja" qoymaqdan çox dərdini dağıtmaq var idi. Ağabala kişi də bunu hiss eləmişdi, odur ki, uşağı vəziyyətdən çıxarmaq, onun gərginliyini azaltmaq istəyirdi ki, oxuya bilsin.
- Deyillər yaman oxuyursan.
Qoçəhmədli camaatı məəttəl qalmışdı ki, o boyda kişi bu Cümşüdün qara-zırtıq gədəsiynən nə danışır. Toy əməlli-başlı dayanmışdı.
- Oxu, qorxma, burdayam.
- Nə oxuyum?
- Nə oxuyazsan?
- "Bəyənmir məni". Ancaq mən başlayım tar dalıncan gəlsin.
- Lap yaxşı.
Rəvan başladı:
- Bir Leyli gözlünün oduna yandım...
Tar, Rəvan demişkən, dalınca düşüb ona çatdı - tarın da dalınca kaman.
"Bayatı Kürd", "Bayatı Qacar" muğamlarının əvəzsiz ifaçısı Qulu Əsgərovun yazdığı, həm də oxuduğu "Bəyənmir məni" mahnısı, o dövrün, oxuyan olsa elə bu dövr də, çox populyar, şirin və qəlb axşayan mahnılarından biri idi. Mənim də yeniyetməlik, gənclik illərimə təsadüf eliyən bu mahnıya Qulu Əsgərovun ifasında qulaq asanda ürəyimizin telləri qalırdı titrəyə-titrəyə, necə deyərlər, qəlbimizin telləri soyuqdəyməli adamlar kimi titrətmə tuturdu və bu, uzun müddət dayanmırdı. Təzə cücərən vaxtlarımız idi də, təkrar-təkrar qulaq asırdıq, doymurduq. "Bəyənmir məni"yə qulaq asanda kəndimizin bizimlə həmyaşıd qızlarının, demək olar ki, hamısı gözümüzün önündən keçirdi; ona görə hamısı göz önündən keçirdi ki, hamısı gözəl-göyçək idi.
Rəvan oxuyurdu. Mağardakıların hamısı gözünü ona elə zilləmişdilər ki, elə bil onu qulaqlarıyla yox, gözləriylə dinləyirdilər. Bu, Rəvanın, musiqi duyumu son dərəcə güclü, dəqiq olan Qoçəhmədli camaatı qarşısında ilk kütləvi çıxışı idi; əgər Rəvan bu tələbkar camaatdan "üç" qiymət ala bilsə, bu qiymət ölkənin hər yerində "beş"ə bərabər kimi bir şeydi.
İmtahan hələ davam eliyirdi, qurtarmamışdı. Mahnının zil yerinə çatdı:
- Mənə əl eyləyib çağırır özü,
Çatılır qaşları, doluxur gözü...
Rəvan şeirdəki lirik qəhrəmanın gözünün doluxan yerindən keçdi "Cahargah"ın müxalifinə, bu yerdə onu alqışladılar. Bu Rəvanın qazandığı ilk kütləvi alqış idi və bu saat özünün bu "qazanc"ından xəbəri yox idi; ola da bilməzdi - haranı tutub gedirdi ki, xəbəri də olaydı - ümumiyyətlə, "Cahargah"ın o yerində nə oxuyanın, nə də dinləyənin heç nədən xəbəri olmur ha...
Az-maz o yerdə gəzişəndən sonra tələm-tələsik keçdi "Mənsuriyyə"yə - yenə alqış qazancı, yenə bu qazancdan xəbərsizlik, yenə məlum səbəblər; gör hara gedib çıxmışdı ee - ora başqa zirvə, başqa ucalıqdı...
Bu cingiltili, şirin, zil və üzüyola səs yeri gəldikcə zəngulələri muncuq dənələri kimi düzə-düzə gedirdi. Tar, kamança nə təhər qızışmışdısa, onları tanımaq olmurdu - bu toy başlayandan hələ bu cür çalmamışdılar. Onları, çox ağır bir yükün altına girmiş körpə uşağın hünəri, ədaları qızışdırıb bu günə salmışdı.
Rəvan "Si" kökündə "Ağ segah"a yaxınlaşdı və:
- Hərnə istəyirsən seç götür ey dost,
Bir tar ilə kaman qoy mənim olsun... - deyə-deyə "Ağ segah"ın bu başından girib o başından çıxdı. Mağardakıların hamısının gözü dolmuşdu, bir kiprik çalmağa bənd idilər. Allah-allah, hamının əzazil-əslində tələbkar adam kimi tanıdığı kolxoz sədri nə təhər ağlayırdı. Rəvan "Mənsuriyyə"ni axıra uşaq kimi yox, kişi kimi çatdırdı. Lakin heç kəs onu alşıqlamadı, camaat şoka düşmüşdü. Əslində, muğamsevər Törəhmədli camaatı, bu mənada şoka düşməyə meyilli idilər və düşmüşdülər də. Elə bil bu böyük toy mağarı "avariyaya" düşmüşdü, onları bu günə Rəvan salmışdı. Hamı ağzına su alıb oturmuşdu. Dilli-dilavər toybaşı da, əlində şallağı toyun ortasında donub qalmışdı. Rəvan da başını aşağı salıb durmuşdu. Belə yerdə kimin çox sevindiyini təyin eləmək qeyri-mümkün olsa da, mənə elə gəlirdi ki, ən çox sevinən, bəlkə də öyünən Rəvanın sinif yoldaşları idi:
Toyu yenidən öz məcrasına qaytarmaq üçün bir kişi tapılmadığı zamanda, Rəvanın palazın arasından baxan sinif yoldaşı qəfil nə təhər qışqırdı:
- Rəvan, halal olsun!!!
Yalnız bundan sonra "avariyaya" düşmüş toy yavaş-yavaş vəziyyətdən çıxıb özünə gəldi.
- Sağ olsun Rəvan!
- Rəvana malades!
- Yaşasın Rəvan, urrraaa!
Səs-küy mağarı götürdü başına.
- Halal olsun Cümşüdə!
- Cümşüdə niyə əə? - Kimsə etiraz elədi.
- Cümşüd əkib də onu...
- Noolsun Cümşüd əkib... Cümşüd onnan başqa altısın da əkib... oxusun də, onlar niyə oxumullar?! Hıy?!
Əslində Cümşüdə az təfavüt eliyirdi ki, Rəvanın "Mənsuriyyə" oxumağında onun rolu var, ya yox - əsas o idi ki, oxumuşdu, bu da Cümşüdə bəs eliyirdi. Ağabala Abdullayev üzünü toybaşına tutsa da, əslində hamıya deyirdi: - Ay camaat, üzərrik tapın gətirin... yoxsa bu uşaq çatdıyajax! Böyük sənətkar balaca Rəvanın gələcək taleyinə bax, beləcə möhür vurdu, verdi özünə. Ağabala kişi soruşdu: - Rəvan, bala, bu oxumağı hardan öyrənmisən? Bayaqdan bəri yerə baxan Rəvan yalnız bu sualdan sonra başını qaldırıb Ağabala kişinin üzünə baxmadan dedi: - Bir dəfə İlyas kəfşəndə oxuyanda eşitmişdim. - Bir dəfə?.. - Hə. - İlyasdan tay nə eşitmisən! - O deyir ee, əzizinəm Qarabağ... Şəki, Şirvan Qarabağ, Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ, bir də bunu eşitmişəm, - qayıdıb dik ustadın gözünün içinə baxdı, - Şəki, Şirvan, Qarabağ... Şirvan - bu bizim kənddəki Şirvan əmidi? - Heylə olar, - ustad gülümsədi, - indi onu oxuya bilərsən? - Niyə oxumuram. Rəvan "Qarabağ şikəstəsi" də oxudu və yenə toy "avariyaya" düşdü. Yuxarıda təsvir elədiklərim təzədən təkrar olundu. Mağar ağızbaağız sükutunan necə dolmuşdusa, tərpənməyə yer yox idi və adama elə gəlirdi ki, sükut mağarı çattadacaq... Bu, xeyli davam elədi və bu dəfə vəziyyətdən çıxış yolunu kolxoz sədri tapdı. Oturduğu yerdən dik qalxıb üzünü musiqiçilərə tutdu: - Mənim havamı çalın! - dedi. Doğurdan da "Heyvagülü" bəy-xan havasıydı. Şura hökumətindən qabaq bu havaya bəylər-xanlar oynayardı, indi isə kolxoz sədri oynayır. Sədr ağır-ağır, ağayana oynayırdı - kəndin qadınları ona, o əzəmətli kişiyə tamaşa elədikcə birtəhər olurdular. Qadın elə bilirsiniz həmişə qadın olur? Səhv eliyirsiniz, qadın görəndə ki, kişi var, bax qadın da onda başlayır yavaş-yavaş qadın olmağa. Onun rəqs eləməyinə baxdıqca bəzi qadınlar oturduqları yerdə, özlərindən asılı olmayaraq saçlarını sığallayıb bir az da abıra salırdılar, bəzilərinin öz kişilərinə yazıqları gəlir, bəzilərinin də öz kişilərindən zəhləsi gedirdi. Yəni sədrin oynamağı sadə məsələ deyildi və onun yuxarıda dediyim kimi, qəliz tərəfləri də vardı: qadınlar ərlərini onunla müqayisə eləyirdilər, müqayisə eliyəndə də məsələnin zibili çıxırdı. Sədr hər toyda oynamazdı. Bu gün də oynamaq fikri yox idi. Ancaq məclis onu nə təhər tutmuşdusa özü durdu oynamağa. Başqa toylarda məclisin ən şirin yerində toybaşı gəlib dayanırdı onun qənşərində, boynunu büküb üzünü camaata çevirirdi: - Camaat, indi də hörmətli sədrimizdən təvəqqə eliyək, bu toyda qol götürüb oynasın, cavanlarımıza xeyir-dua versin. Bu sözlərdən sonra əvvəlcə məclisə "Heyvagülü" təşrif gətirərdi, ondan bir az da sonra sədr buyurardı. Əlbəttə, sədrin hər hansı bir toyda oynayıb-oynamayacağını toybaşı qabaqca onunla razılaşdırardı. Bugünkü toyda isə hamının gözünün qabağında sədr özü ayağa durub dedi: - Mənim havamı çalın! Hələ Qoçəhmədli camaatı uzun müddət, təkrar-təkrar bu məsələyə qayıdıb deyəcəkdi: - Cümşüdün oğlu Abdullanın toyunda sədr minnətsiz-sünnətsiz özü durub oynadı. Sədr oyuna girib bir az tək oynadı, ancaq sonra arvadı, bacıları və sədrin yaxın olduğu kişilərin arvadları tökülüşdü ortalığa. Elə bil sədrin meydanı daraldı və bu meydangir kişi ağır-ağır oynadığı kimi, ağır-ağır da keçib yerində əyləşdi. Arvadlar isə oynamaqlarında idi. Gəlini isə bu gün günorta gətirmişdilər... Oğlan evi qız qapısına gedirdi. Kənd cavanları bu "gəlingətirdi"yə bir-iki gün əvvəldən hazırlaşmışdılar, atlar yuyulmuşdu, qaşovlanıb-tumarlanmışdı. Kimin toyunda atlıların sayı çox olurdusa, bu şərəf sayılırdı. Qoçəhmədli cavanları at belində daha əzəmətli olurdular. Qız qapısına çatdılar. Qapıda vur-çatlasın, qoy otlasın başlandı. Qız-gəlinin əllərində bəzənmiş, qırmızı kələğayı bağlanmış şaxlar, xonçalar... Cümşüd kişi qapının ağzına yaxınlaşan kimi bir nəfər onun qabağını kəsdi: - Xələt ver, sonra. Cümşüd kişi əlini cibinə saldı. Həyətdə qara zurna püləyirdi, nağaranın səsindən qulaq tutulurdu. Adam o qədər çox idi ki, rəqs eliyəndə bir-birinə toxunurdu; adamlar bir-birinə dəymişdilər. Kimsə qoşalüləni iki dəfə göyə buraxdı, başqa birisi də ona cavab verdi. Qız qapısında bir xeyli çalıb oynayandan sonra Cümşüd kişi Rəvanı çağırdı. - Gəl gəlinimizin belini bağla... sözlər yadındadı? - Hə... Anam-bacım qız-gəlin, əl ayağı düz gəlin, yeddi oğul istərəm, bircə dənə qız, gəlin. - Rəvan bu sözləri nə təhər üdülədisə, atası güldü. Rəvan gəlinin belini qırmızı yaylıqla bağlayıb iki dəfə də düyün vurdu, yəni ki, gəlin, bizim nəsil sənə bel bağlayır ha... Musiqi sədaları altında gəlin artırmada görünəndə hamı gözünü ona zillədi; ona elə baxırdılar ki, elə bil axşamacan dəfələrlə rastlaşdıqları bu qızı birinci dəfə görürdülər. Əslində, elə beləydi; kənd camaatı onu bu qiyafədə birinci dəfə görürdü. Gəlinin qabağında güzgü tutan qız, onun yanında çıraq tutan qız. Həyətdə hamı gəlinin başına yığışmışdı. Bəzənmiş bir at gətirdilər. Gəlin qədər olmasa da at da pis bəzənməmişdi. Gəlin utana-utana sol ayağını üzəngiyə qoyub atın belinə qalxan kimi qara zurna "Gəlin atlandı" çalmağa başladı və camaat atəşfəşanlıqla Cümşüd kişinin evinə tərəf tərpəndi. Qoşalülələrin gurultusu Ərgünəş dağına dəyib əks-səda verirdi. Atlar şahə qalxırdı. Qırxa yaxın atlı kəndin yollarında ötüşürdü. Bəzi qızlar bu atlıların içindəki bəzi oğlanlara baxıb elə köks ötürürdü, gendən baxanın gözləri göynəyirdi. Gəlinin mindiyi at isə Rəvanın yedəyində yavaş-yavaş gedirdi. Bir azdan atlı gəlin Cümşüd kişinin evinə çatacaqdı. Sonra da Abdullanın - ərinin yedəyində uzun bir ömür yolu keçəcəkdi - yolun yaxın olsun gəlin, ayağın yüngül olsun... Gəlin atası evindən çıxanda anası ağladı da. Sonra da at belinə qalxmış balasının dalınca baxa-baxa qaldı: - həmişə at belində, gəlin bala. O vaxtın dəbinə görə oğlan evi qız qapısından müxtəlif əşyalar oğurlayırdılar. Oğlan evi bu dəfə də əliboş qayıtmamışdı: balaca mis səhəng, bir hinduşqa, cürdək, bir dənə də xəlbir, bir dənə də sacayaq. Oğlan evinin qənimətləri bunlardan ibarət idi. Amma oğlan evinə çatandan sonra məlum oldu ki, başqa şeylər də var. Cümşüd kişinin qapısında qara zurna zilə çəkdi, qoşalülələr, guruldadı, atlar şahə qalxıb kişnədilər və qız-gəlin yorulub əldən düşənəcən oynadılar. Gəlini atdan düşürdülər, ayağının altına boşqab qoydular. Qoçəhmədli qızıdı də, sağ ayağı ilə boşqaba nə təhər ilişdirdisə cilik-cilik oldu və hay-küy ərşə dirəndi. Sonra kimsə başında saxladığı konfet dolu xonçanı gəlinin başından tökdü; uşaqlar cumdu konfet yığmağa - uşaqlar sevindi, nə sevindi. Bir su içim saatda bir məcmeyi konfetdən yerdə biri də qalmamışdı. Gəlin, gözəl-göyçək, subay Qoçəhmədli qızları ilə öz otağına çəkildi. At belindəki cavanlar da çəkilib getdilər öz növbələrini gözləməyə - allah qismət eləsin. ...Gecə keçirdi. Bəy tərifi başlanmışdı. Ağabala kişi oxuya-oxuya deyirdi: - Göydə bil ulduz var adı Talıbdı, Cümşüddə bir yüzlüyümüz qalıbdı. Görüm ay bəy, toyun mübarək olsun, Sağ dişin, sol dişin, elin var olsun. Cümşüd kişidən, sağ diş, sol dişdən xələt gəldi - pul. - Nə gözəldi bu yerlərin sonası, Bizə xələt versin bəyin anası. Anası da göndərdi. - Nə gözəldi bəyimizin sirdaşı, Bizə xələt versin bəyin qardaşı. Qardaşlar bir-bir gəlib qavala pul atdılar - Rəvandan başqa. O pərt olmuşdu. Cibində qara gün üçün saxladığı dörd yerə qatlanmış təzə, şax bir manatlığı vardı. Ağabala kişiyə yaxınlaşdı, onun qarşısında dayanıb pulu dörd dəfə açdı, qat yerlərini sığallayıb qavala atdı. Ürəyində dədəsindən incidi də: - Gərək dədəm qabaxcan cibimə pul qoyaydı... Nə bu günə qədər, nə də bundan sonra Ağabala Abdullayevin elədiyi bəy tərifində ona bundan aşağı pul verən olmayıb, olmayacaq. Ancaq burası da bir həqiqətdi ki, Rəvanın bütün var-dövləti bircə manatdan ibarət idi və o bütün varından-yoxundan keçmişdi - bu da hər kişinin işi deyildi; heç kolxoz sədri də bunu eliyə bilməzdi. Heç Ağabala kişinin özü də, övladlarının toyunda, götürüb olan-qalanını xanəndəyə verməzdi - ancaq balaca Rəvan elədi... Kəndin bütün aktivləri, sayılıb-seçilən, bəzən də sayılıb-seçilməyən adamlarının hamısı "bəy tərifi" deyilən körpüdən keçirdilər. Bəy tərifi qurtaran kimi toybaşı əlindəki şallağı yerə çırpıb dedi: - Toyumuzun axırına az qalıb, indi bir oyun havası çaldıracam. Bu havaya ancaq, indiyənə qədər bir dəfə də oynamayanlar oynayacaq. Elə biri də mənim özüm. Tərəkəmə! Toybaşı düşdü ortalığa, beş-altı nəfər də ona qoşuldu. Elə gözəl rəqs elədilər ki, hamı bir nəfər kimi əl çalırdı. Bu vaxta qədər macal tapıb oynamayanlar üçün çalınan hava da belə başa çatdı. Bu da Qoçəhmədlisayağı demokratiya idi - bir nəfər də bu toydan narazı getmədi. Kənd toyundan iki halda narazı getmək olar; bir yemək yeməyəndə, bir də ki, oynamayanda. Bu toyda pəpə yeyəndən məmə deyənə qədər hamı doyunca yedi də, oynadı da... Arada kiçik fasilə yaranmışdı. Ağabala kişi ayağının altında onun dizlərinə söykənib oturmuş Rəvanın çiyninə vurdu: - Rəvan, - dedi. - Hı... - Rəvan, sən tay oxuma. - Niyə pis oxudum ki? - Yaxşı oxudun... İndi demirəm, çöldə-bayırda oxuma tay. - Niyə? - Oxusan səsin bata bilər, sən hələ özünü tanımırsan. - Axı, oxumasam dura bilmərəm ee... Birdən oxumaq vurur başıma, qalıram belə. - Yaxşı, - Ağabala kişi dedi, - Cümşüdünən özüm söhbət eliyərəm... Sən gərək beş-altı il oxumayasan. Rəvan ustadın dediyini nə başa düşdü, nə də qəbul elədi, fikirləşdi ki, quzu otaranda Ağabala kişi yanımda olmayacaq ki, əlimi qulağımın dibinə qoyub ürəyimi boşaldaram - Ağabala kişi nə biləcək, mənim səsim batmaz... Niyə batır ki... Sünbülündən su daman qız-gəlinin, vurub-tutan cavanların, ağayana ağsaqqalların, nurani ağbirçəklərin, yeniyetmələrin, uzaq kəndlərdən gələn hörmətli qonaqların yeyib-içdiyi, oynadığı, kef elədiyi bu toya bircə nəfər gəlməmişdi, küsmüşdü, təkcə evdə oturmuşdu. Onun dalınca atlı da göndərmişdilər - atlını qovmuşdu, hikkəli kişi idi. Sonra başqa bir atlı ilə bişmiş də göndərmişdilər - geri qaytarmışdı. O kişi 1917-ci ildən kommunist partiyasının üzvü olan köhnəlmiş bir bolşevik idi. Toya bir-iki ay qalmış Cümşüd kişi ilə əməlli-başlı dilləşdilər. Xırmandakı adamlar olmasaydı, əlbəyaxa olacaqdılar. - Cümşüd, sən gəl bu daşı ətəyindən tök. - Yox... eliyə bilmərəm, gecdi. - Niyə gec olur? - Gecdi. - Axı, niyə gec olur ee, biz də bilək. - Abdulla iki ayağını bir başmağa diriyib... - Nə deyir ee, Abdulla? - Köhnəlmiş bolşevik istehza elədi. - Deyir indi evləndirirsən evləndir, evləndirməsən çıxıb gedirəm... - Cümşüd kişi onun səbəbini almaq üçün özündən uydurdu, o vaxt ataya belə söz demək mümkün deyildi. - Hara? - Nə bilim. - Qızıxıb?! - Qızıxıb... - Qələt eləyib qızıxıb. Bundan sonra məsələ bir az da qəlizləşdi, cin vurdu köhnəlmiş bolşevikin təpəsinə, xırmandakılar girdi araya. - Eybi yoxdu, Cümşüd, dünya belə qalmaz, su gələn arxa bir də gələr, - dedi və yedəyində tutduğu, təxminən özü yaşda olan atına minib getdi. O aralanan kimi camaat yerbəyerdən Cümşüdün üstünə düşdü: - Bu kişi nə istəyir ee, sənnən, nə deyir? - O kişidi, əə? - Yox dayna, nə deyir axı? - Neçə gündü zəhləmi tökür... qanımı qaraldır. Xırmandakı kişilərdən biri lap hövsələdən çıxdı: - Axı nə deyir ee? Cümşüd kişi ətrafı nəzərdən keçirib dedi: - Maa deyir ki, Stalinin ili çıxmamış niyə toy eliyirsən?
(Ardı var)