Teatrda bayramdı, teatrın xəbəri yox

Teatrda bayramdı, teatrın xəbəri yox

(tap-tapmaca)

Dünyanın bəsit düyməciklərdən ibarət olduğu bir çağda, yəqin, bilməyən yoxdur ki, Vladimir Ulyanov (el arasında ona «Lenin» də deyirdilər…) rəfiqəsi Klara Setkinin təhrikiylə 8 mart tarixini Dünya Qadınlarının həmrəylik günü kimi elan etdi ki, (tarixi faktlara güvənibəni deyirəm) bu gün Dünya Qadınları öz siyasi, hüquqi və başqa haqları uğrunda apardıqları mübarizənin növbəti mərhələsinə bayram ovqatında keçə bilsinlər.
Tarixə ekskurs...

Yəhudi Klara Setkinin təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü (yəhudi təqvimində Purim bayramının yeri dəyişir). Purim bayramı isə yəhudilərdə qadın ağlını, eyni zamanda bu millətin özünümüdafiə haqlarını simvolizə edir.

Bibliya rəvayətlərinə görə, b.e.ə. 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Amma "özünü tutmuş" yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur. Tezliklə yəhudilər antisemit iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər. Yeri gəlmişkən, indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarının olması istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi. Bütün bunları nəzərə alaraq, demək olar ki, 8 Mart, sadəcə, qadınlar günü yox, qadın-inqilabçılar günüdür.

Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.

İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib. Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi olaraq qeyd edilməyə başlanılıb.

Mahiyyətə keçid...

…Deyirlər, mart gəldi, dərd gəldi... mart keçdi, dərd keçdi…

Aydın məsələdir ki, əcdadlarımız bunu yalnız və yalnız mart ayının iqlimi ilə bağlı söyləyiblər, çünki minilliklərlə aparılan müşahidələr mart ayının – boz ayın "bozaran” xasiyyətlərini hamıya bəlli etmişdi.

Köhnə kişilərdən ötrü sözügedən mart ayının başağrısı Beynəlxalq Qadınlar Bayramının əndişələriylə başlayırdı.

Təşəbbüskarlar saydıqlarını saysınlar, tarix öz saydığını saydı, baxaq görək, nə saydı: bu gün nə Sovetlər İttifaqı var, nə sosialist düşərgəsi, nə Leninin hörməti var, nə Setkinanın izzəti; qadınlar bayramı «beynəlxalq» status qazanmadı, lakin postsovet məkanında (o cümlədən Azərbaycanda…) siyasi mahiyyətindən imtina edərək bu bayram sadəcə "qadınlar günü” kimi qeyd olunur. Dərd isə ondadır ki, kişilər bu gün qadınlara mütləq (!!!) hədiyyə bağışlamalıdır. Dövlət müəssisələrində çalışanların (ümumiyyətlə çalışmayanların isə dərdi nə çəkiləsidir, nə də ki...) maliyyə imkanlarıyla qiymətlərin artan dinamikasını nəzərə alanda sözügedən "dərdin” iqtisadi səciyyələri haqqında uzun-uzadı danışmağa lüzum qalmır. Ümidverici məqam da var: gender konsepsiyasının təməlində qadın haqları uğrunda yorulmadan mübarizə aparan öncül xanımlarımız bu "bayramı” özlərinə qarşı cinsi prinsipə əsaslanan diskriminasiya aktı kimi pisləməkdədirlər. Hörmətli kişi oxucularımın üzündəki məmnunluq ifadəsini görüb, əcəba, sonuncu cümləni yazmasaydımmı deyə düşünməkdəyəm.

Düşüncədən dərhal ayrılıb bir məqamı da özümə və oxucularıma xatırladıram: "bayramlar ayı mart”da bayram bayrama qarışacaq. Belə ki, martın 10-u Azərbaycan Milli Teatrı Günüdür (nəhayət, 140 ildən sonra rəsmi status qazandı), martın 20-21-i artıq çoxdan öz təravətini, mistik təlqin gücünü itirmiş (məndən ötrü) Novruz bayramıdır, martın 27-i Beynəlxalq Teatr Günüdür. Peşə mənsubiyyətimə görə, bu yazımda, əslində, bayram ovqatına qərq olub da ağızdolusu teatrdan yazmalıyam. Yazsam öldürərlər, yazmasam ölləm. Cavan vaxtlarım olsaydı, yazardım. Yazmalıydım. İndi yazmıram. Nə demişlər, 18 yaşında inqilabçı olmayan qorxaq, 40 yaşında inqilabçı olan axmaqdır. Amma bunun yazmamağımla bir əlaqəsi yoxdur, çünki 18 yaşımda olmasam da, 40 yaşıma hələ çox var. Yazmamağımın səbəbi isə dərdimin çox, həmdərdimin yox olmasıdır. Necə deyərlər, dərdini anlayana danış. Anlamayan yoxdursa, anlatmağın da bir faydası yox.

- O nədir ki, özü yoxdur, adı var? - Teatr sənətçilərinin «fəxri adları». Ad var, fəxr yoxdur.
- Üstü bəzək, altı təzək - Təmirli binalarda nümayiş olunan keyfiyyətsiz teatr tamaşaları.
- "Can-can deyən çox, gəl-gəl deyən” - su, işıq və vergi idarələri, banklar, məşğulluq idarələri və s. və i.a.
- Ölmə teatr, ölmə... yaz gələr, yonca bitər - Teatr ölüb, yaşasın Teatr!
- Azərbaycana Teatr lazımdırmı? - Bilmirəm! Onu bilirəm ki, Türkmənistana balet lazım deyil.
- Axırıncı dəfə teatra nə vaxt getmisiniz? - Axırıncı dəfə simfonik orkestra qulaq asdığım vaxt.
- Bəs, axırıncı dəfə simfonik orkestrə nə vaxt qulaq asmısınız? – Axırıncı dəfə kitab oxuduğum vaxt.
- Sizcə, bu gedişlə Azərbaycan teatrı neçə ilə dünyanın qabaqcıl teatrları ilə bir cərgədə dayana bilər? - Yox, əşi, insan o qədər yaşamır.
- Aktyorlarımızdan razısınızmı? - Yaxşı "açıqlama” verməyi bacaranlar var...
- Teatr bayramı vacibdir, qadınlar bayramı? – Manatın məzənnəsinin qalxması...
- Siz teatrı sevirsinizmi? - Mən nə hayda, sən nə hayda...
Nə olsun Teatrımızın və teatr sənətçilərimizin bir günü yoxdur, zato Milli Teatr Günümüz var. Gününüz mübarək, ağ-qara günlü teatr adamları.

P.S. İlk dəfə mart gəldi, gəldi gördü ki, dərd ondan qabaq gəlib. Dollar böyüyüb, böyüyüb, manatı valyuta yerinə qoymur. Camaat da çaş-baş qalıb ki, banka olan kredit borclarını "köhnə” məzənnə ilə ödəsin, ya "təzə” məzənnə ilə? Dollar isə yenə də qalxır məzələnə-məzələnə...

Könül Əliyeva
teatrşünas