Xumar Ələkbərova.  Bir ömrün sirri - HEKAYƏ

Xumar Ələkbərova. Bir ömrün sirri -
HEKAYƏ


Xumar Ələkbərova

Bir ömrün sirri
(hekayə)

Açıq pəncərədən otağa dolan təkcə təzə çiçəklərin, parlaq yaşıl tər yarpaqların bahar qoxusu, ruhuna laylay çalan quşların səsi, dümağ yumşaq saçlarını sığallayan bahar mehi deyildi. Sanki açıq pəncərədən oturduğu divana qədər bəmbəyaz işıqdan bir yol çəkilmişdi. Otaq elə də böyük deyildi, amma divanla pəncərə arasında işıqdan süzülən bu yol çox uzun, sonsuz görünürdü. Oturmuşdu, amma o yolu titrəyən ayaqlarının, yumşaq addımlarının altında hiss edirdi. Gözünü oturduğu divanla o pəncərə arasındakı "uzun”, ağ işıqlı yoldan çəkə bilmir, sanki azacaqmış kimi, kirpikləri də ağarmış gözlərini qırpmağa belə qorxurdu. 
- Ay əmi, nolub sənə?
- Heç nə, a bala, nə olub ki? - gözlərini o yoldan ayırmadan cavab verdi.
- Heç... bayaqdan oturub pəncərəyə baxırsan. Ağrıyırsan? Bəlkə təzyiqin qalxıb yenə? Ölçüm?
Elə bu vaxt körpə nəvəsi topu xalının üstünə atıb özü də arxasınca qaçınca, başı ilə işıq seli yolunu yarıb keçdi. Günəşın şüaları uşağın açıq şabalıdı saçlarını büllur kimi xəfif işıqlandırdı. 
- Sən uşağı öz otağına apar, nəzarət elə. Mən yaxşıyam, mənimlə işin olmasın, - Rza kişi məmnun halına bu gözlənilməz müdaxilədən narazı, gəlnini tənbeh etdi. Gəlini bir söz deməyib uşağı əlindən çəkib otaqdan çıxdı. Rza kişi "Bəlkə kobud davrandım” düşünüb:
- Ay qızım, narahat olma, yaxşıyam. Nəsə lazım olsa, səslənərəm, bala, - deyə gəlinin arxasınca səsləndi. Gəlini gülümsədi və razı halda onu yenə o yolun başında tək buraxdı. 
Birdən ona elə gəldi ki, Narıngül o yolun başında durub, Günəşin şüaları altında gözlərini qıyıb ona baxır. Rzanın titrəyən dizlərinə güc gəldi sanki. Uşaq qıvraqlığı ilə ayağa durub pəncərənin qarşısına keçdi. Yox, Narıngül nə gəzir? Gözünə görsənmişdi. Üç il idi, arvadı dünyasını dəyişmişdi. Sağlığında rəhmətliklə az qala hər gün mübahisə edər, özü küsər, onu incidər, əsəbiləşdirərdi. Narıngül rəhmətə gedəndən sonra isə onun ölümü ilə doğmaları, qızı, oğlu belə barışdığı halda, Rza barışa bilmədi, hey xiffətini çəkirdi. Sanki yaşaması üçün vacib olan hava, su, çörəklə bərabər bir də Narıngül lazım idi ona. 
Yenə oturdu, gözlərini Narıngülün yoxa çıxdığı ağ işıq yoluna zillədi. Köksünü ötürdü, bir anlıq gözlərini yoldan çəkib Narıngülün addımları dəyən, əlləri toxunan evi xatirə kimi süzdü. Sonra yenə yola qayıtdı, bu dəfə yolun başında anasını gördü. Görüncə də, indi yadına düşdü ki, gecə yuxuda rəhmətlik anasını görüb. Demə, xatirində qalan, hətta yuxularında belə gördüyü anasına oxşamırmış, unudubmuş anasının simasını. Gör bir neçə illər keçib vəfatından. Ağ yolun başında gördüyü isə anasının özü idi ki, durmuşdu. "Anam beləymiş. Unutmuşam anamım üzünü. Amma elə bilirdim xatırlayıram” düşündü. Yuxusu da gündəlik yaşadıqlarını belə unudan Rza kişinin xatirinə gəldi həmin an. Bağda qarağat kollarının arası ilə gəlib Rza ilə üzbəüz dayandı. Rəhmətlik yenə qəmgin idi, necə ki, o hadisədən sonra heç üzü gülmədi. Qarşısında dayandı və dedi:
- Bilirəm, Rza! Bilirəm, bala!.. Amma susdum, sənin sirrini susdum.
Həmin an Rza sanki uşaq qorxusu ilə düşündü. "Vay, anam bilirmiş. Amma yaxşı ki, anam bilib, başqası bilməyib. Anam heç kimə deməz, məni tutmazlar. Anam susar”.
- Bəs sən niyə susdun? Mənə görə?
- Hə, sənə görə.
- Məni həbs edərdilər?
- Sən uşaq idin, bala. O hadisə isə qəza. Kim həbs edəcəkdi səni... 
- Doğrudu... Heç kim həbs etmədi, özümdən başqa. Bu neçə illəri o sirrin, vicdanımın məhbusu olmuşam, ana. Bəs sən niyə susdun? Heçə illər heç mənə sezdirmədin bildiyini, heç hiss etmədim mənə qarşı münasibətinin bir zərrə dəyişdiyini. Niyə susdun?!
Anası ona bir az da yaxınlaşdı ki, kimsənin qulağından gizlin ona niyə susduğunu pıçıldasın, zəngli saat çaldı. Rza sübh namazına durdu...
Görəsən, doğrudanmı anam bilmişdi həqiqəti?
Ağ yolun başına baxdı, anası da Narıngül kimi işığa qərq olub yoxa çıxdı. Boş, mənasız baxan gözləri gəzdirən qəmli siması qaldı Rzanın gözləri önündə. Təkcə həmin gün ağlamışdı anası. Sonra onu nə ağlayan, nə gülən gördü. Heç həmin hadisəyə görə atası rəhmətliyi həyətin ortasında təpiklə, qırıq bel ilə döyəndə, əlinə nə keçdisə başına, gözünə vuranda da nə səsini, nə də gözündən bir damla yaş çıxardı. Rza ilk dəfə onda gördü heyvan kimi döyülmək necə olur. Ona qədər atası həmişə onu, bacı-qardaşlarını bu sözlə hədələyərdi ki, "Bax səni heyvan kimi döyərəm a!” Amma atası heç vaxt heyvan vurmamışdı ki, görəydilər heyvanı necə döyürlər. Rəhmətlik heç toyuğa "kiş” deməzdi. Tək bircə dəfə atasını elə gördü, sonra heç vaxt. Atası anasını döyəndə irəli çıxıb "Mənəm günahkar” deyə etiraf etmək keçirdi içindən, amma o anda zavallını onun atasının əlindən almaq üçün irəli çıxanlar nə edə bildilər, Rza çıxıb nəsə deyəydi. "Amma qorxduğumu da etriaf etməliyəm. Heyvan kimi döyülməkdən qorxdum. Mənə görə anam yedi o təpik, yumruğu. Bəlkə də yazıq həqiqəti bilsə də, ona görə susdu ki, mən döyülməyim. Sonralar da açmadı bu sirri...” düşündü.
Yaş artıq illərlə, aylarla deyil, günlərlə öz təsirini onun hafizəsində buraxsa da, həmin günü indiki kimi xatırlayırdı. Payızın əvvəli idi, dərslər yeni başlamışdı. Beşinci sinfə gedirdi. Dərsdən sonra sinif yoldaşları ilə çantalarını bir-birlərinə vura-vura, toz-torpaq yolla yenicə həyətə girmişdi ki, kiçikləri Səməd həmişəki kimi, özünü onun üstünə atdı.
- Səməd, qaqam, ana hanı?
- Damda, - dörd yaşlı Səməd həm şirin danışığı, həm balaca barmağı, həm başı ilə həyətdəki dama tərəf işarə etdi. Həyətin ortasında sac qalanmışdı. Küçənin başına girəndə bütün küçəni bürüyən təzə çörək ətrinin onların həyətindən gəldiyinə sevindi. Çantasını elə yerə tullayıb sacın yanındakı dəsmalın arasına yığılmış təzə çörəyə tərəf atdı özünü. Boşqabda kərə yağı, "keçi pendiri” də var idi. "Bir də şirin çay olsa” düşünüb həyətdəki dama tərəf boylandı ki, anasını səsləyib istəsin. Yəqin un gətirmək, ya da kündə tutmaq üçün dama keçmişdi.
- Ana, ay ana.
Cavab gəlmədi. Görünür, eşitmədi. Bu vaxt Səməd xırda addımlarla ona yaxınlaşıb "Mənə də ver” deyə zırıldadı.
- Elə məni gözləyirdin?!
Amma uşaq onun sualındakı kinayəni nə başa düşürdü ki. "Ver!” deyib dodaqlarını büzdü və totuş əllərini boşqaba uzatdığı ilə yağı-pendiri yerə dağıtdı. Rzanın hikkələnib onu boşqabdan kənara itələməsi ilə Səməd büdrəyib arxası üstə sacın üstünə düşdü. Elə həmin an vəhşi bir çığırtı həyəti başına aldı. Rza ürəyinin dəli bir döyüntü ilə atdığını hələ indi də sinəsində hiss edirdi. Həmin an sacda yumşaq ipək telləri, paltarı od tutan balaca qardaşına baxa-baxa tək ağlına gələn şey, onu çəkib qaldırmaq olmadı. Bəlkə də, Səmədi xilas edə bilərdi. Amma Rzanın uşaq təfəkkürü ilə düşündüyü tək şey - "Atam, anam bilməsin” oldu. Sanki evdə bir boşqab qırmışdı, ya atasının əşyalarına əl vurmuşdu. Bunun ardınca düşündüyü isə "Milis gəlib məni tutacaq! Məni qazamata salacaqlar” oldu və həyətdə heç kəsin olmadığını, anasının isə hələ də damdan çıxmadığını görüb dərhal həyətin ortasına atdığı çantasını götürüb küçəyə çıxdı. Nəfəsi tükənənə qədər qaçdı. Sonra tanımadığı bir evin darvazasının kölgəsində oturub olanları və qorxduğu şeyləri bir də düşündü. Daha çox qorxduğu şey evə geri qayıtmaq, görəcəyi mənzərə idi... "Bəlkə Səmədə bir şey olmayıb?.. Bəlkə bir damcı əli-ayağı yanıb?.. Bəlkə sağdı qardaşım?.. Əgər sağdısa, onda "Məni Rza itələdi” deyəcək! Qollarımı qandallayıb aparacaqlar. Məni də Tacirə xalanın oğlu kimi qazamatda bit yeyəcək, qayıdıb gələnəd heç kim məni tanimayacaq. Qocalacam, dişlərim də töküləcək. Sonra da vərəm tutub öləcəm, meytimi də yandırıb külümü dağıdacaqlar. Kimsə qorxudan mənə yaxın gəlməyəcək ki, xəstəliyə tutular. Eybi yox, qoy desin. Təki salamat olsun, Səməd. Mən həbsdə yataram”, düşününcə hönkürdü. Gözünün yaşı qurtarana qədər ağladı. Gün əyilmişdi. Ayağa durdu. Başı hərləndi. Üst-başının tozunu çırpıb, yaxınlıqdakı artezian suyundan ovuc-ovuc içib, üzünü-gözünü yudu. Sonra cantasını yerdən qaldırıb tələsmədn evə qayıtdı. Yol boyu elə hey pıçıldadı: "Bircə qaqam sağ olsun, kitab-dəftərimi cırsa da, yazsa da, heç nə deməyəcəm... Bircə Səməd sağ olsun, daxılımdakı bütün qəpikləri pirə verəcəm... Mən həyətə girəndə bircə Səməd qabağıma qaçsın,..”
Artıq evə çatanda həyət adamla dolu idi - qonşular, qohumlar, bacı-qardaşları... təkcə Səmədi görmədi onların arasında. Anasının səsinə addımladı və bayaqdan düşünməyə belə qorxduğu mənzərə gözləri önündə açıldı. Anası həyətin ortasında oturub qucağında Səmədin sarı ləkəli mələfəyə bürünmüş qanlı cəsədini tutmuş, ağlayırdı. Rza anasının üstünə qaçmaq istədi, ama kimsə biləyindən yapışıb saxladı. Bibisi idi. Sonra Səmədi anasının qucağından aldılar. Anası vəhşi heyvan kimi səslər çıxarırdı. Qohum-qonşu onu sakitləşdirməyə çalışsalar da, alınmırdı. Çox keçmədi atası gəldi. Bəlli ki, xəbəri çatdırmışdılar, yoxsa atasını heç vaxt gün işığında evdə görməzdilər. Qapıdan içəri kirincə gözü dörd bir tərəfi gəzdi. Yəqin ki, Səmədi axtarırdı. Amma qapıdan içəri keçincə hamının qarşısına qaçan Səmədi tapmadı. Həyətdə bu qədər kənar adam olduğunun fərqinə varınca, eşitdiyi xəbərin doğru olduğunu anladı. Bir an yerində donub qaldı. Sonra asta-asta addımlarla anasına tərəf yeridi. Anasının ətrafındakı qadınlar bunu görüncə, həm yad kişidən ar edib kənara çəkildilər, həm də düşündülər ki, həyat yoldaşı daha yaxşı təskinlik verər, ovudar. Birdən atası anasının üstünə şığıdı. Təpik, yumruq, sakitləşdirmək mümkün deyildi. Həyətdəki vedrə, ləyən, stul, qab-qaşıq, əlinə nə keçdi biçarəyə vurdu. Anası qanlı yumağa dönmüşdü. Üst-başı cırılmış, ağzından, burnundan, gözündən qan axırdı, amma artıq gözündən yaş axmırdı. Sakitləşmiş, təpiklənən daşa dönmüşdü anası. Atasını qonşu kişilər güclə aralayıb uzaqlaşdıra bildilər... Sonra dəfn etdilər balaca Səmədi. Sonra heç vaxt atası anasını diqqətsizliyinə görə bağışlamadı. Sonra heç vaxt hər şey əvvəlki kimi olmadı. Sonra heç vaxt anasını nə ağlayan, nə gülən gördülər. Sonra həmişə Rza bu sirrlə yaşadı...
Yenə yuxusu yadına düşdü. Amma sirr bildiyini, neçə illərdi yuxuda sayıqlıyar deyə rahat yuxu belə yatmadığı, ömrü boyu sirr saxladığını doğrudanmı anası bilirmiş görəsən? Yəqin... Elə ona görə ölüm yatağında "Səməd, Səməd” çağırıb durdu. Düşündülər ki, ağlı, huşu gedir, Səməd gözünə mələk qiyafəsində görsənir. Onu sakitləşdirməyə çalışdılar, amma yatağına kim yaxın gəldisə, əlləri ilə itələyib, yenə "Səməd” deyə xırıldayırdı. Bu dəm çarpayısının başına toplaşmış doğmalarının arasında Rzanın üzünü seçincə əli ilə çağırdı. Rza çarpayıya yaxınlaşdı, anası əli ilə lap yaxına çağırdı. Buz kimi əlləri ilə onun üzünü sığallayıb, mənalı-mənalı gülümsədi. Tənəffüsü ahəngləşdi, xırıltısı kəsdi və yenə həmin məlahətli ipək səsi ilə "Səmədim...” deyə pıçıldadı. Sakitləşdiyini görüncə, doğmaları düşündü ki, artıq adamları seçə bilmir, heç kimi tanımır. Amma yalnız Rza bildi, nə üçün anası "Səməd” çağırıb onu qucaqlayınca rahatladı. Boğazında qəhər kimi düyünlənib qalmış kəlməni - "Bağışla” pıçıldadı. Yalnız özü bilirdi nəyə görə... Bu zaman doğmaları Rzanın halallıq istədiyini düşünüb "Halalın olsun” deyə anasının yerinə bir ağızdan dedilər. Və yalnız anası da Rzanın nəyə görə üzr istədiyini bilirmiş kimi, vücudunda qalan son taqətini toplayıb, titrəyən barmaqları ilə Rzanın boynunu çəkib alnından öpdü. Və gözlərini yumdu. Səməd özünü əhv olunmuş bildi. Çünki nəhayət ki, anasının gülümsüyən çöhrəsini gördü... 
Birdən ağ yolun başı ilə Səmədin ona tərəf xırda-xırda addımlarla qaçdığını gördü. O vaxtlar qapıdan girənin qarşısına qaçdığı kimi əllərini uzadıb adını çağırdı. Rza da onu qucaqlamaq üçün ayağa durdu. Şüurunda bilirdi ki, belə ola bilməz, mümkünsüzdü. Amma Səmədi qucaqlamaq hissi içində o qədər böyük idi ki, bu istək ağlını üstələdi. Tələsik addımlarla pəncərəyə tərəf yeridi. Amma o yaxınlaşdıqca, elə bil Səməd uzaqlaşırdı, artıq ağ yol ilə qaçıb həyətdən çağırırdı onu. Rza onun arxasınca qaçmağa ayaqlarında taqət hiss etmədi. Ürəyi titrəyincə, bütün bədəni titrədi. Pəncərənin çərçivəsinə söykənib həyətə baxdı. Səmədin yanına istədi...