“YUĞ”da premyera:

“YUĞ”da premyera: "Müəmmalı bir qətlin üç versiyası"

19 oktyabr tarixində saat 19.00-da YUĞ Dövlət Teatrında R.Akutaqavanın "Cəngəllikdə” novellası əsasında hazırlanmış "Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşanın premyerası keçiriləcək. 

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Tamaşanın  səhnə tərtibatı Vüsal Rəhimə, musiqisi Vüqar Camalzadəyə, plastik həlli Leyla Hacızadəyə aiddir. Tamaşada YUĞ Teatrının aktyorları Əməkdar artist Gülzar Qurbanova (Qadın), aktyorlar Oqtay Mehtiyev (Quldur), Əbdülqəni Əliyev (Ər), Vüqar Hacıyev (İttihamçı), Amid Qasımov (I Şahid) və Elşən Əsgərov (II Şahid) çıxış edirlər. Tamaşanın janrı epik pritça kimi müəyyənləşdirilib.  

Rejissor tamaşanın yozumu barəsində belə deyir: "Mütləq həqiqət yoxdur. Nə irrasional, nə mistik, nə intuisiya, nə fideizm prinsipi burda əsas götürülə bilməz. Heç yerdə həqiqət birmənalı deyil. Hadisəyə hər baxış bucağında bir həqiqət var. Kimsə əksini sübut edə bilmədiyi kimi, əslində, baş verənlərin tam sübutu da mümkün deyil. Hadisə var - müəmmalı bir qətl. İştirakçılar qiyabi və əyanidir. Həqiqət isə iştirakçıların sayı qədərdir. 

Əsər dedektiv təsiri bağışlasa da, daha çox fəlsəfi metaforik üsluba meyllidir. Cəngəllikdə bir ölüm, bir zorlanma hadisəsi baş verib. Əsas sual ortadadır. Kim kimi öldürüb? Bu suala 3 müxtəlif cavab-yanaşma var. Cavab-həqiqət isə yoxdur. Əslində, hadisə necə baş verib? Tamaşada bu suala cavab axtarılır. Bu axtarışda tərəflərin və insan sifətlərinin kəşfi baş verməlidir. Sonuc isə yenə də eyni... birmənalı həqiqət yoxdur. Hətta intersubyektiv həqiqət mütləq həqiqətə çatmır. 

Müəllif intensiyası: Həqiqət nisbi anlayışdır. Baş verən hər hansı hadisədə iştirak edən tərəflər qədər həqiqət var. Hətta intersubyektiv həqiqət belə hər zaman əlçatan deyil! Həqiqət, yalan, ya etiraf? Aydın deyil. Müxtəlif subyektiv ifadələr əsil həqiqəti aşkarlaya bilərmi? Birmənalı cavab yoxdur. Cəngəllikdə cəngəlliyin qanunu da dəyişib”.