Rauf Ra - Aynalama və çarpaz xətlər...
SƏNƏT
- 24.04.2021
- 0 Şərh
- 13920 Baxış
Məşriqdən qeydlər:
Qarşı-qarşıya qoyulmuş iki ayna arasında, əks etdirmə morafonu - rəssamlıq və ədəbiyyatın əbədi qaçış oyunu.
Əlbəttə ki, bu aynalama məsələnin realizm pikselindən görünən və ya təsviri və ədəbi realizmi əsas götürürüksə, görünməyən tərəfidir. Aynalar arasındakı boşluqda yerləşən bənzətmə dəhlizində hər iki tərəf, əvvəl ana başlığa, sonra isə monoton təqlidə çevrilən əks etdirmələrin orijinallığına müəllif hüququ etiketini yapışdırmağı bacarır.
İki tərəf arasında olan perseptiv, sənət ünsiyyəti - qavrama və anlama bağlarının oxşarlığı "sənət persepsiyası"nı oluşdurur.
Bu təsviri ünsiyyət sayəsində rəssamlıq və ədəbiyyat arasında qurulan çarpaz xətlər bəzən yeniliyin, bəzən isə təkrarlığın səbəbinə çevrilsə də, əsas mahiyyəti olan davamlılıq funksiyasını yerinə yetirir.
Sadə praktiki izah üçün Dalinin sürreal "günəş - yumurta sarısı" təsvirinin proza və poeziyaya keçidini və ya eləcə rəssamlıqda Vladimir Kuş kimi sürreal rəssamlar tərəfindən davam etdirilməsini demək olar.
Prosesin neytral təqlidi tərəfinə deyil də, orijinal tərəfinə baxdıqda təsvirdən təsvir alındırmaq sənətində yazarın rəsm, rəssamın isə ədəbi bilgilərdən məlumat bazasının labüdlüyünü sezmək elə də çətin deyil.
Yəqin ki, indi uzun sözün qısasına başlamaq daha ədalətli olar.
(c) Çinarə Sandy
Rəssamın sürreal simvolikalarla işləməyə çalışdığı qadın obrazı. Şablonlaşmış, banal "dəniz gözlü(m)" bənzətməsinin əsərə naturalistik köçürülməsi və qayıq vasitəsi ilə yerdəyişmə - minimalizm.
Köçürülmənin praktiki təəssüratının müsbət olmasına rəğmən, belə təəssüratlar realistik əsər üçün ilkin müsbət cəhət sayıla bilər. Lakin sürreallığın öz anlamını ən öndə saxlamaq adəti, ilk baxışda bu şansı kulisə yollamaq zəruriliyini yaradır.
"Notlara hakim adam
rənglərə kəniz qız
Bir gözü gölməçə,
Bir gözü dəniz qız"
Bu misralar isə Səddamın (red: Səddam Laçın) öz poetik çərçivəsindən əsərə baxışıdır. (qeyd: şeirin digər misraları "aynalama təhlili "nə uyğun olmadığı üçün yalnız bu misralar seçilib)
Təqlid edilmiş hissədən (dəniz gözlü) təsvir edilən daha bir təqlid - möhürlənmiş basmaqəlibliyin üzərinə yenidən bənzər möhürün vurulması və bu zaman "təqlidi realizmin" qəlib realizminə keçidi. (bu eyniylə rəsmə də aiddir)
Coşub-daşan, dalğalı gözün arxasıyca digər gözün də gölməçəyə bənzədilməsini Lük Törnerin postmodernizmi adlandırdığı kimi adlandırmaq yerinə düşər - nikahdankənar övlad.
Lakin kiçik bir nüansı da deməmək haqsızlıq olar. Rəssamın təsvir etdiyi gözün rəngi ümumi rəsmə və gölməçəyə bənzədilməyə adekvat seçimdir. Eləcə də səddamın dərhal bunu sezməsi də gözəldir. Təqlidi və banal anlayışları kənara qoysaq, incə və yaxşı ayrıntıdır.
Yuxarıda dediyim çarpaz xətləri rəsm və şeir arasında yerləşdirsək, rəssamın sürreal, simvolik göz təsvirinə realizmdən, realistik, gölməçə nişanı qoyulmuş göz təsvirinə isə sürrealizmdən baxan misraların və ya tərsi, rəsmin olduğunu görürük.
Uzun sözün qısası, uyğun çarpazlaşdırma yerinə, "düz" paralelləşdirmə - yumşaq desək, təqlidi silsilə, sərt qrotekst tonda desək, banal silsilə nümayişi və ortada qalan nikahdankənar övlad.
Və bütün bunların fonunda daha yaxşısını etmə istəyi. Bu istək isə əvvəl-axır ortalıqda qalmır.