Uçan dualar  - FOTO

Uçan dualar - FOTO

Aslan Quliyev

Tut, gavalı ağaclarının arasında oturmuşuq, artıq qaş qaralır, otlar rənglərini itirir, tutqun rəngə bürünür. Dağlar tərəfdən sərin meh əsir, çöl çiçəklərinin, soyuyan mamırlı daşların üzəriylə əsib gələn meh özüylə burun qıcıqlandıran xoş qoxular gətirir. Bulaqdan axan suyun şırıltısı ətrpafa çökən cansıxıcı sükutu pozur.

Bir müddətdi bizim rayondadı, amma vaxt tapıb görüşə bilmirik, elə bu gün də vaxtsız görüşmüşük. Bir azdan burdan durub getməliyik, soyuq   indidən özünü hiss elətdirir.

Çay içir, söhbət eləyirik, maraqlı həmsöhbətdi, vaxtın necə keçdiyi hiss olunmur. Ədəbiyyatdan yox, özündən, həyatından, gəzdiyi, gördüyü yerlərdən danışmasını istəyirəm. Yazılarına  kifayət qədər bələdəm, oxumuşam, onun öz yazıları haqda nə fikirdə olması isə mənim üçün o qədər də önəmli deyil.

Rusiyada ali təhsil almış, institutu qurtarandan sonra da orda işə düzəlmiş çox az hüquq işçilərimizdəndir. Ordakı işləri, yaradıcılığı haqda bir az sonra,  indisə mənim üçün maraqlı olan sualı verirəm. Deyirəm, Azərbaycan torpağında, yellər oynaşan bu çöldə oturmuşuq,    bir yazıçı kimi heç  Azərbaycan çölü ilə rus çölünün fərqli olduğu haqda düşünürdünmü?  Pusiyada olanda bu fərqi hiss eləyirdinmi?

Nəyə görəsə gözlərinin dərinliyindən xəfif kədər boylanır, siqaret yandırır. Rusiya çöllərində otlar daha yaşıl olur,deyir, bir qədər fikrə gedib, əlavə eləyir, ağacların yarpaqları da tünd yaşıl olur.

Mənsə bu fərqi rus çölündə otların seyrək olmasında görürdüm,   rus çölü geniş, intəhasızdır, torpaq da sarı rəngdə olur.

Çox dəbdə olan bir deyim dolaşır ədəbiyyat adamlarının arasında, «Biləcəridən o tərəfə keçməyib». Lap dəqiqi qələm sahiblərimiz «Biləcəridən o tərəfə keçə bilməmək» sindromunu yaşayırlar. Amma bu baxımdan həmsöhbətim ədəbi yaradıcılığına məhz Biləcəridən o tərəfdə başlayıb,  Biləcəridən o tərəfdəki torpaqlarda öz imzasını kifayət qədər tanıdandan sonra Biləcəridən bu tərəfə adlayıb və əsərlərini çox sevdiyi öz doğma ölkəsinin oxucularına da tanıtmağa başlayıb.

Nə qədər qəribə olsa da, Vahid Məmmədli ilk qələm təcrübələrini, xüsusi ilə də Rusiyada çap olunan kitablarını, «Eksmo» nəşriyyatı tərəfindən 2008-ci ildə işıq üzü görən «Palaç speşit ne lyubit» - «Cəllad tələsməyi sevmir» kitabını  «Vlad Mamişev» təxəllüsü ilə çap elətdirib. Əslində bu nəşriyyatın təkidi ilə olub, onlar  azərbaycanlı ad, soyadını daşıyan müəllifin nə yazmış olsa, necə yazmış olsa belə oxucular tərəfindən oxunmayacağını düşünüblər.

Biləcərini o tərəfə keçə bilməmək sindromunu yaşayırıq, keçə bilənlərimiz də ədəbiyyatımızı belə tanıdırlar. Ağrı-acısını da sözün həqiqi mənasında istedadı olan, heç də rus və digər millətlərdən olan müəlliflərdən pis yazmayan qələm sahiblərimiz çəkirlər. Həm də təkcə Rusiyadamı? Təəssüf ki, yox. Lap elə qardaş Türkiyədə, ədəbiyyatımızı necə tanıdıblarsa, özləri deyən kimi necə rezonans doğurub, türk oxucusunun qəlbində özlərinə necə yol tapıblarsa, türk nəşriyyatları   azərbaycanlı müəllifləri çap eləmək istəmirlər. Onsuz da müəllifin azərbaycanlı olduğunu bilən kimi, oxucu kitabı qatlayıb bir tərəfə qoyacaq, deyirlər.

Bizə qalan miras budur.

Vahid Məmmədli istisna təşkil eləyir, tamam fərqli yazı üsulu, hadisələri məharətlə oxucunun maraq dairəsinə daxil eləmək bacarığı ilə tezliklə rus dilli oxucuların qəlbinə yol tapır və daha nəşriyyatlar onun təxəllüslə yazmasında israrlı olmurlar, kitabları öz adı-soyadı ilə çap olunmağa başlayır. Həm də hörmətli yazıçılarımızdan biri öz adıyla yazmağı ona tövsiyyə edir: “Sən artıq tanınmağa başlayırsan. Qoy səni öz adınla tanısınlar. Sənin azərbaycanlı olduğunu   hamı bilsin”. Öz adıyla tanınır, azərbaycanlı olduğunu hamı bilir. Öz adı, soyadı ilə   «Rus bestselleri» seriyasından kitabları işıq üzü görür.

İlk kitabına aldığı qonarardan danışır, gözləri işıqlanır.

Düşünürəm həmsöhbətimi oxuculara ətraflı tanıtmağa ehtiyac var. 06 yanvar 1965-ci ildə   Qazax şəhərində anadan olub,   Rusiyanın Tver Dövlət Universitetinin hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirib, 2003-cü ildən beynəlxalq cinayət hüququ üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

Avropanın və Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən biri olmaqla, Rusiyada və Azərbaycanda bestsellerə çevrilən bədii əsərlərin müəllifi kimi tanınır. ("Tunc Allahın yükü" "Qrifon" 2007, "Cəllad tələsməyi sevmir" "Eksmo" 2008, "Qeksoqenli yol yoldaşı" "Eksmo" 2010).

Detektiv roman və povestlərinin qəhrəmanı olan Ancelo di Bronzo-Tunc Mələk , dünyanın tanınmış detektiv əsərlərinin qəhrəmanları olan Şerlok Holms, Puare, Komissar Meqre, Djeyms Bond, Rusiyada Erast Fandorin, Dronqo kimi qəhrəmanların sırasında duran ilk azərbaycanlıdır.   Tunc Mələyin Azərbaycanlı olmasını hər bir əsərində qeyd edərək, onu dünya oxucusuna məhz azərbaycanlı kimi tanıdıb sevdirməklə, əslində Azərbaycanı dünyaya tanıdır.   Tunc Mələyin yüksək intellektə, incə zövqə malik olması, onun xarici və daxili aləminin mükəmməlliyi, mərd, xeyirxah və insanpərvər olması   dünya oxucusuna azərbaycanlıların  məhz bu xüsusiyyətlərə malik olmasını göstərir,  bu da bir yazıçı kimi onun Vətəninə, millətinə ən böyük xidmətidir.

Vahid Məmmmədli həmçinin Rusiyanın ilk qansız döyüş romanının ("Tunc Allahın yükü" "Qrifon" 2007), Azərbaycanda isə fentezi janrında yazılmış ilk əsər olan "Atropatena dastanı" ("Zərdabi"nəşriyyatı,2010) trilogiyasının müəllifidir.
Üç kitabdan ibarət olan "Atropatena dastanı" Azərbaycanda həm dastan , həm də dünya oxuculaıı arasında maraqla oxunan fentezi janrlarının tələblərinə uyğun yazılan ilk trilogiyadır. Maraqlı magiyalar və sehirlərlə, yeni nağıl və fantastik qəhrəmanlarla, məcara, detektiv və döyüş səhnələri ilə zəngin olan bu əsər xüsusən gənc nəsil arasında böyük rəğbət qazanmaqla yanaşı, yaşlı nəslin də diqqətini durmadan özünə cəlb edir.

Onun son dövrlərdə yazdığı "Buddanın qayıdışı", "Qarabala", "Bakı-2031" "Müqəddəs Məryəm Ananın Efesə köç etməsi" povestləri, "Qırmızı böyürtkən", “Lacivərd kostyum”  hekayəsi və digər əsərləri dünyanın bir çox ölkələrində böyük oxucu marağına səbəb olmuş, onu dünya ədəbiyyatının istedadlı yazıçısı kimi tanıtmışdır. Əsərlərindəki həyatilik, bəşəri mövzular, sürrealist və postmodernist sujetlər oxucunu dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq düşündürür.

Ədəbi yaradıcılığa 2007-ci ildən başlamasına baxmayaraq qısa müddət ərzində böyük oxucu kütləsinin rəğbətini qazanmışdır.  Əsərləri  Rusiyada, Türkiyədə, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Yunanıstanda, Çexiyada, Hindistanda, Misirdə və dıgər ölkələrdə çap olunmuşdur.

Baş redaktorumuzun sifarişi ilə «Yazı» yurnalı üçün rus rəssamı Viktor Breqadanın müsahibəsini tərcümə eləyirdim. Rəssamlığa xüsusi marağım var, onları da yazı adamları hesab eləyirəm, yalnız fərqimiz bundadır, biz qələmlə yazırıq, onlar fırça ilə. Dünyanın əksər muzeylərindəki rəsm əsərlərinin illüstrasiyalarını hələ də özümdə saxlayıram.  Bu rəssamla isə elə də ciddi tanışlığım  yox idi, əvvəlcə müsahibəsini oxudum, hədsiz heyrətləndim,  əsərlərinə baxanda isə sadəcə, «şoka» düşdüm. Yalnız ilahi duyğuları və ilahi duyumu olan adam belə əsər yarada bilərdi.

Viktor Breqada deyir: «Mənim  hərdənbir «ali» nəyinsə iştirak elədiyini duyduğum vəhy dəqiqələrim də olurdu və belə vəziyyətdə olmaq mənim çox xoşuma gəlirdi».

Bu bir çox qələm adamlarına xas olan xüsusiyyətdir,  özünü və ətrafındakıları unudursan, başqa aləmdə olursan, o aləmdə   səndən başqa da ali nəsə olur, sənə mənzərələri, hadisələri, göy və yerin arasındakı boşluğun xaosundan  necə çıxmağı diqtə eləyir.   Breqada bunu daha dəqiq ifadə eləyir. «Vəhy dəqiqələri».

Soruşuram, sizdə necə, belə vəhy dəqiqələri olur? Əlbəttə, düşünmədən deyir, rəssamın beləcə vəhy dəqiqələrindən danışması ona da qəribə gəlir. Deyir, elə bilirdim bu hisslər təkcə mənə tanışdır, amma görünən bu ki, rus rəssamı da bu anları yaşayırmış.

Vahid Məmmədli həm də rəssamdır, həm qələmlə, həm də fırça ilə yazmağı bacaan çox az qələm sahiblərimizdəndir. Amma rəssamlığın üzərində çox da dayanmırıq, mənim üçün maraqlı olan onun qələmlə yazdıqlarıdır.

Bundan əvvəl   görüşəndə «Atropatena dastanı» və «Tunc mələk» kitablarını mənə bağışlamışdı. Bu kitabları, virtual aləmdə yayılan hekayələrini oxumuşdum. Yazıları  haqda fikrimi soruşmur,  mən də demirəm.

«Atropatena dastanı» üç kitabdan ibarət eposdur. Birinci kitab “Albaner”, ikinci kitab “Qazaka”, üçüncü kitab “Atropat”.     Tənqidçi dostumuz Tehran Əlişanoğlu “Tunc mələyin Azərbaycan səfəri» yazısında yazır: «Bu, tarixi əsər deyil, antik tarixə sadəcə geniş-kütləvi maraq oyatmaq istəyən bir fentezidir, tarix mövzusunda fantaziyadır».

Razılaşmaq da olar, amma mənim baxışlarım bir özgədir. Müasir nəsrdə   reallıqla fantaziya arasındakı sərhədlər aradan götürülüb, Vahid Məmmədli kimi   söz ustaları hər iki janrda eyni ustalıqla işləyir, əslində hansının real, hansının fantaziya olması üzərində düşünmür, fantastika və ya reallıq elementlərini əsərə eyni üsulla, eyni baxışla, bacarıqla daxil eləyirlər.

Həm də bu dastan çox ölçülü, çox qatlı bir dastandır. Əsərin çox ölçülü, çox qatlı olması haqqında bizim tənqidçilərimizin, lap elə oxucularımızın da öz baxışları var, amma məncə bunu ən gözəl elə yuxarıda adını xatırlatdığım rəssam Viktor Breqada izah eləyir. Uzun sitatdır, sitat çəkməyi   heç xoşlamıram, amma burda onsuz keçinmək mümkün olmayacaq:«…belə əsərdə tamaşaçı şəkildəki qatlara bir-birinin arxasınca nüfuz eləyir, hər dəfə də ilk baxışdan görə bilmədiyi yeni-yeni çalarlar və nüanslar aşkar eləyir. Bunun kimi «çox ölçülü»  şəklin ikili görünüşü – yəni şəklin üst qatında bir görünüş, onun altından ikinci və daha sonra üçüncü görünüşün açılması  - tamami ilə sürrealizm ənənələrinə uyğundur».

Dəqiq, sərrast deyilib, məncə əlavə izaha, şərhə ehtiyac yoxdur. «Atropatena dastanı»nda da belədir, oxucu oxuduqca romanlardakı qatlara bir-birinin arxasınca nüfuz eləyir,  ilk baxışdan görə, hiss eləyə bilmədiyi yeni çalarlar, mənalar aşkar eləyir. Mən bu dastanı modernizm və postmodernizm elementlərindən tam bəhrələnərək yazılmış real bir əsər kimi oxudum, üst qatlardakı fantastika elementlərinin arxasına hər dəfə nüfuz elədikcə də özüm üçün yeni-yeni kəşflər eləyirdim. Qələmin, yazıçının böyüklüyü bundadır!

Dastan belə başlayır:  “Zaman o zaman idi ki, Qafqaz Albaniyası çarlığı Kiçik Midiya dövlətinin tərkibində idi…” Bu isə sonluqdur: “Həmin vaxtdan etibarən bütün dünyada hamı bu ölkəni Atropatkan, Atropatena, Azərbaycan – deyə adlandırmağa başladı. Qüdrətli hökmdar Albaner və Atropatın bütün yer üzünə səpələnmiş nəvə və nəticələri, harada yaşamalarından asılı olmayaraq, daim fəxr və qürur hissi ilə deyirdilər: “Biz Azərbaycanlıyıq! Biz odlar yurdunun övladlarıyıq. Biz məğlubedilməzik…”

Vahid Məmmədlinin az qala hər sətirdə, hər abzasda oxucuya hiss eltdirməyə çalışdığı, cəhd elədiyi də budur. Oxuduqca da elə bilirsən müəllif hər sətirin arxasından boylanır, hamı eşitsin deyə səsini yüksəkliklərə qaldırır:

“Biz Azərbaycanlıyıq! Biz odlar yurdunun övladlarıyıq. Biz məğlubedilməzik…”

Yazıçılarımızn qəlbində bunca od-alov olsaydı, Vətənini, torpağını, millətini bunca sevdirməyə çalışsaydılar!

“Cəllad tələsməyi sevmir” əsərində   İraqda qaçırılıb girov alınmış işçini qurtarmaq üçün rus şirkəti Rusiyadan tanınmış müstəqil detektiv Dmitri Ağayevi dəvət edir; ərəbcəni gözəl bilən, lakin ləhcəylə danışan detektiv dörd ətrafında müharibə getdiyi bir halda amerikan əsgərləri ilə üz-üzə özünü Kərkük türkü kimi qələmə verməli olur.  Rus şirkətinin işçisini pul verib geri qaytarırlar; amma Ağayev ölümünü göz önünə alıb təhqiqatı dayandırmamaq qərarına gəlir, çünki  bir italyan jurnalisti də girov götürülüb, onu da qurtarmağı vicdani borc bilir. Təbii ki, detektiv qələbə ilə başa çatır, İtaliya xalqı mətbuatın müjdəsi ilə Ağayevi əzizləyir, əslində kim olduğunu bilmədən. Tunc Mələk adını da Ağayev italyan mətbuatında qazanır.

Yazmağa necə başlaması ilə maraqlanıram, mənim üçün qəribə olan cavab eşidirəm. Sən demə Rusiyada universtitetdə oxuyarkən onlara ədəbiyyatşünaslıq dərsləri keçirmişlər. Tələbələrə kitablar verirmişlər, oxuyurmuşlar, sonra da bu kitabların müzakirəsi keçirilirmiş. Ilk müzakirə elədikləri də «Iqor polku haqda dastan» olur. Bu dastanı oxuyur və haqqında necə danışırsa müəlliminin çox xoşu gəlir. Elə burdan da ədəbiyyata, yazmağa marağı artır. Ilk yazdığı kitab da Rusiya mədəniyyət fondunun nəşriyyatında çap olunur və hələ buna görə qonarar da alır. Bu əlbəttə Azərbaycan yazıçısına fantastika kimi görünə bilər.

Bəs Vahid Məmmədli özü ədəbiyyat haqqında nə düşünür? «Əgər başqa sahələrdə auditoriyanın diqqətini çəkməkçün milyonlarla pullar xərclənirsə, ədəbiyyatda yalnız bir qanun var. Oxucunun ürəyinə yol tapa bilmək. Bunu bacardınsa deməli səni tez bir zamanda tanıyıb sevəcəklər. Yox, əgər oxucu sevgisini qazana bilmədinsə, deməli tez bir zamanda unudulacaqsan. Bu həqiqi sevgidir. Bir də əgər yazıçının hər hansı bir qəhramanı sevilirsə və həmin qəhraman ilə onun özünün xüsusiyyətləri üst-üstə düşürsə, oxucular həmin qəhramanın prototipi olaraq yazıçının özünü görməyə meyillidirlər. Məncə bu sevgi və pərəstiş qəhramanım TUNC MƏLƏYə olan sevginin təzahürüdür».

Haqlıdır, qısa müddət ərzində həqiqi oxucu sevgisini qazanıb. «Kultaz» saytında, o cümlədən bir çox qəzetlərdə və mətbuat vasitələrində yayılan «Qırmızı böyürtikan» hekayəsinə yazılan şərhləri oxuyuram. Oxucular bu kiçik hekayəni ədəbi hadisə hesab eləyir, bu hekayəni oxuyarkən hadisələrin gözləri önündə bir film kimi canlandığını qeyd eləyirlər.  Kiçik bir hekayənin bunca rezonans doğurması əlbəttə müəllifin böyük uğurudur. Üslub, yazı tərzi, məna yükü ilə yanaşı, həm də hadisələrə cəsarətli baxışıdır.

Mən bu fikirlərlə şərikəm.  Onun bütün əsərlərində film mövzusu var, amma biz bu filmləri çəkməyə hazırıqmı?
Əsərləri haqda çox yazmağı lazım bilmirəm, bu tənqidçilərin işidir, öz sözlərini, rəylərini demək də oxucuların. Deyirlər də, şərhlərdən bir misal da gətirirəm: «Bu hekayə ürəyimi titrətdi, açığını deyim, Vahid müəllim əsrin bəlası narkomaniyanın dəhşətlərini elə canlı verib ki, bir az da  qorxdum. Son illər bu mövzuda oxuduğum ən güclü əsərdir. Onun yaradıcılığı gənclər üçün tərbiyə məktəbidir».

Burda da oxucu rəyinə nəsə əlavə eləməyə ehtiyac yoxdur.

Vahid Məmmədlini oxuculara tanıtmağı qarşımıza məqsəd qoymuşuqsa, elə bilirəm bəzi məqamların üzərindən də sükutla keçə bilmərik. Yuxarıda xatırlatdım, Qazax şəhərində anadan olub, amma kökən Bərdə rayonundakı Kərimbəyli kəndindən olan Qarabağın və Azərbaycanımızın pənah gətirilən müqəddəs ocaqlarından olan  Köyəlli Baba nəslindəndir.  Qarabağın adlı-sanlı, maarifpərvər, millətini, Vətənini və torpağını sevən bəylərindən olan Haqverdi bəy Kərimbəyovun nəticəsidir. Əlbəttə, tanınmış, hamının inam, ümid yeri kimi baxdıqları adamın nəslindən olmaq qürur vericidir, amma həm də  çətindir.

37-ci illərin ölüm maşını bu nəsildən də yan keçməyib, Məmiş babasını 37-ci ildə bəy oğlu kimi güllələyiblər. Mehdi babası da cavan yaşlarında vəfat eləyib.  Intervülərinin birində deyir: «Onların ruhu daim məni hifz etməklə yanaşı, həm də mən onların adlarına layiq övlad, oğul olmağa çalışmışam. Bu isə çətin və məsuliyyətlidir».

Babalarının ruhu daima onu hifz eləyib. O bunu bilir, başa düşür, hiss eləyir.

Onu təkcə ruhlar hifz eləmir.

Onun qoruyucu mələyi də var. Tunc Mələk.

Amma onun təsəvvürüncə dünyada mələklərdən də üstün missiyası olanlar var: «Bu dünyada heç kim mələk deyil. Hərənin də öz qoruyucu mələyi var. Başqaları üçün özlərini fəda edənlər mələklərdən də üstündürlər».
Burda da nəsə demək artıqdır, gözəl deyilib.

Bayaqdan söhbət eləyirik, nə soruşuramsa, qəribə bir təbəssümlə gülümsəyərək cavab verir, bu təbəssümdə kədər də var, gözlərinin dərinliyindən gizlicə boylanır, həmsöhbətinə qarşı diqqət, mehribançılıq da.

Cavan yaşlarından Rusiyada olub, qürbətdir, qürbət torpaqlar, yad adamlar. Vətən həsrəti ilə yaşayırsan, daima üzərində yad adamların yad baxışları, bunun da öz çətinlikləri  var. Onun həyatında da çətinliklər  az olmayıb. Istəyirəm soruşam, çətinliyə düşəndə dua eləyirdinmi? Axı o müqəddəs bir ocağın yetirməsidir. Yəqin ilk eşitdiyi də dualar olub.
Soruşmuram.

Onsuz da bilirəm, həyatı sona qədər dərk edən, duyan, onun əksər sirlərinə bələd olan insanlar duasız keçinə bilməzlər.
O da dua eləyir, necə dua elədiyini də bilirəm: «Allahım, bu dünyada tək olan yalnız Sənsən. Məni çoxluğun arasında tək qoyma». Özü deyib,  “KULT.AZ” saytına verdiyi müsahibəsində.

Özümdən asılı olmayaraq pıçıldayıram.

Allahım, bu dünyada tək olan yalnız Sənsən. Bizləri qoru!

Bizləri tək qoyma!

Tamamlamaq üzrə olduğum povestimdə Azərbaycanımızın görünüşündən qüssə, kimsəsizlik yağan çöllərində oxuyan balaca çobanların mahnılarını külək çöllərlə qovub aparır, dünya yollarına, torpaqlarına səpələyir. Uçan mahnılar hətta şimal torpaqlarına kimi də gedib çıxır, ordakı həmyerlilərimiz bu mahnıları eşidə bilirlər.

Qürbət eldə üzünü Allaha tutub dua eləyən həmvətənlərimizin də dualarını külək bütün dünyaya yayır, səpələyir, uçan dualar bizləri qoruyur, hifz eləyir.

Artıq hava dözülməz dərəcədə soyuyub, nə isti çay, nə də cavan oğlanın gətirdiyi nazik idman gödəkçələri soyuğun qarşısını ala bilmir. Ağaclar, otlar soyuduqca bayaqdan mehin gətirdiyi qoxular da, ağaclardan gələn qətran qoxusu da yoxa çıxır. Qaranlıq düşüb, gecə kəsif qoxuları və qara pərdəsi ilə başımıza çökür.

Daha burda otura bilmirik. Ayağa qalxırıq. Siqaret kötükləri ilə dolu olan külqabıda sonuncu siqaretin də kötüyü söndürülür.

Ağacların arasıyla qarşıdan gələn işığa doğru addımlayırıq. Işıq qaranlığı qovur, işıq şüaları qara kölgələrlə oynaşır.
Bu torpaq  ədəbiyyatımıza özünün layiqli töhvələrini verib, amma qələm əhli bu torpaqda qərar tuta bilmir, ilk yazıları işıq üzü görməyə başladımı, baş götürüb hara gəldi gedirlər. Külək onları da balaca çobanların mahnıları, uçan dualar kimi bütün yer üzünə səpələyir.

Hər addımda yerləri görünür. Xatırlayanda darıxır, qüssələnirəm. Belə bir vaxtda bu torpağa bir yazıçının, həm də bu çapda bir yazıçının gəlib çıxması məni sevindirir, çox sevindirir! Xoş təsadüfdür.

Mən nədənsə Rusiya torpağındakı gənc yazıçı haqda düşünürəm, əllərini göyə açıb Allahına dua eləyir. Təkcə özü üçün yox, sonsuz sevgilərlə sevdiyi Vətəni, milləti üçün. Mən onu görür, eşidirəm.

- Allahım, Vətənimi, millətimi qoru!

- Amin! – deyirəm.

Deyəsən bərkdən demişəm, bizim üçün gödəkçə gətirən cavan oğlan dönüb mənə heyrətlə baxır, gülümsəyir.
Bu dəfə heç kim eşitməsin deyə pıçıltı ilə təkrar eləyirəm:

- Amin!