500 il əvvəl İslam və xristianlığın toqquşması haqda roman

500 il əvvəl İslam və xristianlığın toqquşması haqda roman

"Qanun” nəşriyyatı oxuculara 3 yeni kitab təqdim etdi.
 

AMİN MAALOUF "LEON AFRİKALI”

Romanın əsas temalarından biri İslam və xristianlıq arasında münaqişədir.

500 il əvvəl. Əndəlusluların xoşbəxt, qayğısız əyyamı davam edir. Kimin ağlına gələrdi ki, Qərb renessansının əsasını qoyan Əndəlus mədəniyyəti məhz o əyyamda dönüşü olmayan bir iflasın astanasında imiş.

"Heç bir sivilizasiyanı kənardan işğal etmək mümkün deyil, bu, yalnız həmin sivilizasiya özü-özünü daxildən məhv etdikdən sonra mümkün olur” – tanınmış filosof Uilyam Dürant belə deyirdi. Amin Maaloufun "Leon Afrikalı”sı da məhz bu fikrin bədii həllidir.

Əsərin qəhrəmanı Leon Afrikalı tarixi şəxsiyyət olub. Onun yaşadığı dövrdə qos-qoca müsəlman dövlətləri süqut edir, amma Osmanlı İmperiyası yüksəliş dövrünü yaşayır. Avropalılar üçün bu, təhlükə mənbəyidir, müsəlmanlar üçünsə ümid yeri...  

Tərcümə: Cəmaləddin Quliyev

THEODORE DREİSER "DAHİ”

Əsər Yucin Vitla adlı amerikalı rəssamın taleyindən bəhs edir. Sənətdə düzgün bir yol tutmuş Yucin Vitla öz həqiqi realist mühitindən uzaqlaşaraq pul, dollar hakimiyyəti ilə barışığa girir, həyatı olduğu kimi göstərməyə çalışan bir rəssamdan Uoll-strit maqnatlarının zövqünü oxşayan bir "dühaya” çevrilir. Yucin Vitlanın faciəsi də buradan başlayır.

Tərcümə edən: Cəfər Bağır

"BERİYA”

Stalinin ölümündən sonra Sovet İttifaqının növbəti rəhbəri Lavrenti Beriya olmalı idi, lakin Xruşşovun sui-qəsdi nəticəsində o devrildi və qətl edildi.

Tarixi nöqteyi-nəzərdən Beriyanın şəxsiyyəti o vaxtdan müxtəlif cür qiymətləndirilir. Sovet siyasi və ideoloji savaşlarından uzaq Qərb tədqiqatçıları bu məsələyə daha obyektiv yanaşırdılar.

Diqqətinizə çatdırılan bu kitabda aparıcı Qərb sovetoloqları – ingilis professorları D.Hollovey və D.Reyfild və Amerika professoru Q.Ferr – Beriyanın siyasi portretinə və fəaliyyətinin nəticələrinə öz düşündükləri kimi yanaşırlar. Onların tədqiqatları təkçə çoxlu sayda sənədli mənbələrə yox, həm də Lavrenti Beriyanı şəxsən tanıyan insanların xatirələrinə əsaslanır. Başlıca diqqət onun rəhbərliyi altında yaradılmış QULaq imperiyasına yetirilir.

Tərcümə: SƏRKAROĞLU