Adil Mirseyid. Alleqro Andrey Voznesenskinin xatirəsinə

Adil Mirseyid. Alleqro Andrey Voznesenskinin xatirəsinə

Rəssamları şairlərdən, şairləri isə rəssamlardan daha yaxın, daha düzgün heç kim bu dünyada anlaya, duya bilməz - mən bu sözlərin gerçək olduğuna cani dildən inanıram.

Mən özümü avropalı kimi hiss etmirəm - mən şərqliyəm, şərqdən gəlirəm. Şərq isə sözdür, poeziyadır.

Qərbdə - Fransada, İtaliyada və ya İspaniyada dünyaya gəlsəydim, mən həyatımı bütünlüklə təsviri sənətə verərdim, uca Tanrım mənim ruhumu şərqə göndərdi, göbəyim bu torpaqda basdırıldı. Tale məni hara atsa, yenə bu başımın bəlası vətənə, bir gün məzarım olacaq torpağa döndüm.

Mənim durumum belədir - bir üzüm şairdi, bir üzüm rəssam.

Amma bir gün anladım ki, vaz keçə bilmədiyim bu tütya torpaq, bu məmləkət, bu şəhər əslində mənim vətənim deyilmiş - bura qürbətdi, dostum. Mən vətənin başlandığı yeri itirmişəm...

***

Sənətkar ömrünün iki tərəfi olur - biz sənətkar ömrünün poeziyasını sevirik. Leonardo da Vinçinin, Rembrandtın, Van Qoqun, Səttar Bəhlulzadənin rəsmləri, Şopenin, Motsartın, Üzeyir bəyin musiqisi sənətkar ömrünün poeziyasıdır.

Gündəlik yaşam qayğıları, yoxsulluq, xəstəlik, taleyin üzdönüklüyü, edamlar, sürgünlər, duellər, intihar olayları, sənətkar ömrünün bəlli və ya gizli bioqrafiyası onun ömrünün prozasıdır.

Sənətkar öz ömrünün prozasını özü ilə qəbir evinə aparır - sənətkar ömrünün poeziyası isə ölümsüzdür. Onu dəfn eləmək, torpağa basdırmaq, gömmək zamanın belə əlində deyil, tiranlar, nadanlar bəzən onu basdırmaq amacında bulunsalar da, o, gün işığı kimi torpağın üstündə qalır.

***

Mən rəssamlıq təhsili almışam, amma şairəm. Mənim rəsmlərim şairin çəkdiyi rəsmlərdi. Mənim şeirlərim metropol, yəni şəhər şeirləridir. Ötən əsrin səksəninci illərindən başlayaraq, dünya poeziyasında dinamik metropol şairləri tərəzidə ağırlıq basmağa başlayıb. Ustad Nazim Hikmət türk ədəbiyyatında ən böyük şəhər şairidi. Türk şeirində metropol şeiri məhz Nazim Hikmət adı ilə bağlıdır. Modern türk şeiri Nazim Hikmətlə modernləşdi, Nazim böyük şəhərlərin şairidir.

Orxan Vəli, Attila İlhan, Dağlarca, Dranas, Necatigil... kimi şairlər də misralarında metropolların səsini yansıdırdılar. İlhan Bərki, Can Yücəli, Sezai Karakoçu, Ataol Bəhrəmoğlunu, Yaşar Bədirini gözardına almaq ən azından insafsızlıq olardı. Mən bu şairlərin aid olduqları mədəniyyətin içindəyəm.

Turan Koç nə demiş, "mən sözdən başqa bir şey deyiləm, insanım".

Mən şairdən başqa bir deyiləm, Tanrım - deyə pıçıldayıram. Və inanıram ki, Tanrım mənim pıçıltılarımı eşidir. Zira Tanrıyla mümkün olan yeganə ilişgi sözə dayanır.

***

İnsan oğlu hələ Tanrısını tanımadığı dönəmlərdə, ota, ata, gülə-çiçəyə, buluda, yağışa, gecəyə-gündüzə ad qoymadığı çox-çox əski zamanlarda, hələ dili söz tutub nəğmə oxumadığı çağlarda dağa-daşa, qayalara rəsm cızardı. Bu mənada təsviri sənətin, rəssamlığın tarixi şeirin tarixindən daha qədimdir. Təsviri sənətin daha bir üstünlüyü var, onun dilə, sözə ehtiyacı yoxdu. Biz yapon dilində üç kəlmə belə anlamadan on beşinci əsrdə yaşamış yapon rəssamının duyğularını, düşüncələrini asanlıqla başa düşə bilirik.

Rəssamın və rəsm əsərinin dilə ehtiyacı yoxdur. Bu mənada şairin işi müşküldür. Yaxşı, yapon adamı bizim yazdığımız şeiri əlbəttə anlamayacaq. Rəsm əsərindən fərqli olaraq şeir tərcümə olunmalıdır. Sözü, misranı, şeiri bir dildən başqa bir dilə uyğunlaşdırmaq olar, amma poeziya isə tərcümə olunmur.

Rəhmətlik Aydın Əfəndinin bir kitablıq şeirini rus dilindən tərcümə eləmişəm. Bu işə onun sağlığında, öz xahişi ilə başladım. Ömür vəfa qılmadı, 1996-cı ildə dünyasını dəyişdi. Mən Aydının ana dilimizə çevirdiyi şeirləri kitab şəklində çap etdirə bilmədim - Aydının kitabı hələ də öz naşirini gözləyir.

Ötən əsrin 80-ci illərin əvvəllərində Andrey Voznesenskinin şeirlərini tərcümə eləmişdim. O zaman "Gənclik" və "Yazıçı" nəşriyyatlarının qapılarını döydüm. Düzü, heç qonorar da istəmədim, dünyaca ünlü rus şairi Andrey Voznesenskinin şeirləri Azərbaycanda yasaqlandı.

A.Voznesenski bir neçə gün öncə 78 yaşında əbədiyyətə qovuşdu.

Gəncliyimdə şeirlərimi çap etdirə bilmədiyim vaxtlarda, şeir yazmadığım günlərdə təcrümə ilə məşğul olurdum. Sevdiyim şairlərin könlümə yatan şeirlərini başqaları da oxusun deyə çevirmişəm.

Gəlin bu məqamda Andrey Voznesenskini öz şeirləri ilə yad edək:

Əgər müqəddəs olsaydım,
Ah, Tanrım, hər məbəddən
Bayramlarda boş çərçivə
Gəzdirərdim hər il mən.

Gah müqəddəs ağcaqayın,
Gah bir çay panoramı
Görünərdi çərçivədən
və kövrələrdi hamı.

Qızıl çərçivəyə girər
Görüşdən gələn qadın.
Bilmirsən, müqəddəssən -
Hanı, hanı qanadın?

Küçənin sol tərəfi
durub ayaq saxlayardı.
sağ tərəf çərçivədən
baxaraq ağlayardı.

A.Voznesenski bir müsahibəsində deyirdi ki, 60-cı illərdə cavan idik, kasıb və kobud idik. Milyarderlər, krallar, prezidentlər mənim üçün nə idi ki? Reyqan "Ağ Ev"də mənimlə söhbət edib, Pikasso məni qəbul edib və mən bunları adi hal kimi qarşılamışam. Biz adamları pul kisəsinin qalınlığına görə deyil, qafalarına görə qiymətləndirməyi öyrənmişik...

80-ci illərdə A.Voznesenskinin Azərbaycanda çap olunmamış qovluğundan daha bir şeir:

Yəqin ki, tezliklə unudacaqsan,
Yer üzündə yaşamısan havayı.
Tarixi yuxudan oyada bilməz
şansonyenin susdurulmuş harayı.

Sənə şam gətirirlər
uçurumlardan keçirib,
və yağış söndürür şamları, qadam.
Hər şama bir gümüş damla,
hər gümüş damlaya bir şam...

***

Mənim ömrüm gerçəklərlə röyalar arasında keçib. Bəzən düşünürəm ki, bu dünyada bəlkə şairin yeri elə röyalarla gerçəkliyin arasındakı sınırdı, reallıqla irreallığın birləşədiyi yerdi. Dənizlə üfüq xəttinin bir-birinə qovuşdğu gözəgörünməz yer kimi. Üfüqə qədərki məsafə bizim üçün real dünyadı, üfüqün ötəsindəki dünya isə irreal aləmdi.

***

Siz yaşayan dünyada dörd fəsil mövcuddur - yaz, yay, payız, qış. Mən beşinci mövsümün adamıyam - beşinci mövsüm mənim içimin, könlümün mövsümüdür.

Mənim şeirlərim beşinci mövsümün şeirləridi.

Aydın Əfəndi, Attila İlhan, Sesar Valexo, Van Qoq, Səttar Bəhlulzadə, Kamal Əhməd... şair, memar və rəssam Andrey Voznesenski də beşinci mövsümün adamlarıdır.

***

Uzun illərdi havasını udduğum, suyunu içdiyim məmləkətimdə mühacir kimi yaşayıram, özü də heç bir haqqı, hüququ olmayan gizli mühacir kimi - içimdə bir hüzursuzluq var.

Mənim mühacir statusum yoxdu, olsaydı, mühacir statusundan faydalanardım.

...Andrey Voznesenski öldü. Və bu ölüm məni gerçəkdən sarsıtdı. Bir neçə il qabaq Attila İlhan İstanbulda dünyasını dəyişəndə özümə gələ bilməmişdim. Attila İlhanın ölüm xəbərini "Kanal-D"-dən duydum. Evdə tək idim. O gecə səhərə qədər yata bilmədim. Məndə Attila İlhanın iki şeir kitabı var. Kitabları mənə Antalyadan rəssam-şair Nazim Şah göndərib. Nazim beş-altı il Türkiyədə yaşadıqdan sonra yenə Bakıya dönüb.

Attila İlhan şeirlərində sıx-sıx keçmişi və ölümü xatırladır. "Ölmək yasaq" şeirindən;

ölüm qədər çabuqsa
əgər yaşamaq
heç doğulmamağı istərdim amma
bir kərə doğulmuşam ölmək yasaq

Böyük şəhərlər şairi Attila İlhanın başqa bir şeirindən;

həyata anlam verən
ölümmüş anlaşılınca
ölümü aşmaq üçün
öləsiyə yaşlanınca
nə qorxuya yer qaldı,
nə öfkəyə, nə hınca

Attila İlhan poeziyasında ölüm sanki həyata ayna tutur - mən ömrümü aynalarda yaşadım.

Jan Kokto deyir ki, aynalar ölümün girib çıxdığı qapılardır.

Amma mən keçib gəldiyim ömür yolundan imtina etmək fikrində deyiləm.

Amma Puqaçova A.Voznesenskinin sözlərinə bəstələnmiş "Milyon qızılgül" manhısını oxuyur.

***

Ünlü Belçika rəssamı, sürrealist Rene Maqrittin (1898-1967) qəribə bir əsəri var, əsərdə pəncərə önündə antik qadın heykəli təsvir olunub. Bu, bir gənc qadın heykəlidir. Pəncərə açıqdır, pəncərədən bir əlçim səma görünür.

Magik-realistik üslubda işlənmiş tabloda çözə bilmədiyim bir sirr gizlənib, sanki bu tablonu ilk dəfədir ki, görürəm, yenidən kəşf eləyirəm. Bu tablonun içində gizlətdiyi sirri çözməyə çalışıram, amma mənim cəhdimin uğursuz bir cəhd olacağını öncədən duyuram.

Antik qadın heykəlinin sol gicgahındakı dərin yaradan qan axır - isti insan qanı.

İsti insan qanı damla-damla axır, laxtalanır...

Hər dəfə bu tabloya, daha doğrusu bu əsərin repreduksiyasını görəndə qan qoxusu duyuram. Bu nə sirdi, Allahım! Gicgahından qan sızan heykəl-qadının dodaqlarında ilıq bir təbəssüm sayrışır.

Rene Maqrittin əsəri Yaddaşdı. İnsan yaddaşı.

Gicgahındakı yaradan qan daman antik heykəlin ilıq təbəssümü isə Yaddaşın, Ümidin və Ölümsüzlüyün təbəssümüdür.

...Alla Puqaçova oxuyur...

Mən özümü bütünlüklə taleyin ixtiyarına buraxmış adamam.

Sevdiyim şairlərdən biri, Andrey Voznesenski dünyasını dəyişdi. Bir ölüm də gerçək oldu.

Ən gözəl illəri güdaza verdim,
istedadam mən.
Sekundantlar yaltaqlıqla ayırdı bizi,
Sən - duel aşiqisən.

Sənin sərrast qəzəbindən
yaralanaraq,
Səndələyib aktyortək söylərəm belə;
Yox, arvadlarla vuruşmuram mən,
arvad üstündə - başqa məsələ.

Ah, necə sevgilim deyərdi o qız,
iyul günəşində yanardı donu.
İndi bülbül gülləsiylə səssizcə
öldürürsən içərimdə sən onu.

Andrey Voznesenskinin, Aydın Əfəndinin, Fəyyad Xamisin, Mark Şaqalın dilimizə çevirdiyim şeirləri kitab şəkildə işıq üzü görmədi. O şeirlər nəşriyyatları dolaşıb ünvanına yetişməyən məktublar kimi yenə mənim üstümə qayıtdı. A.Voznesenskinin bundan xəbəri olmadı. Bu gün mən Andrey Voznesenskinin, Aydın Əfəndinin, Fəyyad Xamisin, Mark Şaqalın xatirəsi önündə özümü günahkar kimi hiss edirəm. Tanrı bizi bağışlasın!