Anton Pavloviç Çexov “Ehtiyatsızlıq” (hekayə)

Anton Pavloviç Çexov “Ehtiyatsızlıq” (hekayə)

Polkovnik zövcəsi İvanovanın qardaşı oğlu Pyotr Petroviç Strijin (keçən il qəttəzə qaloşlarını oğurlamışdılar ha, bax o) xaç suyuna salınma mərasimindən düz gecə saat ikidə qayıtdı. Evdəkiləri oyatmamaq üçün o, çox ehtiyatla elə dəhlizdəcə soyundu, barmaqlarının ucunda, nəfəs belə almadan öz otağına qalxdı və elə qaranlıqda yatmağa hazırlaşmağa başladı.

Strijin intizamlı və sərvaxt həyat sürür, sifətində ürəyə yatan ifadə var, yalnız dini-mənəvi kitablar oxuyur, amma bütün bunlara baxmayaraq Lyubov Spiridonovnanın azad olması münasibətilə keçirilən xaç suyuna salınma mərasimində üç-dörd qədəh araq və bir az uksus, bir də gənəgərçək yağı dadan şərabdan bir stəkan içməyi böyük məmnuniyyətlə özünə rəva görə bilib. Spirtli içkilər bir az dəniz suyuna, bir az da şöhrətə bənzər; nə qədər çox içirsən, bir o qədər çox yanırsan...

 

"Deyəsən, Daşenkanın şkafda bir az arağı olmalıydı axı. Hə,sağ küncdə..." - o düşündü.  "Bir qədəh içsəm nə olacaq ki. Hiss eləməz..."

Bir az tərəddüddən sonra Strijin öz qorxusunu yenərək qətiyyətlə şkafa tərəf yönəldi. Qapını ehtiyatla açaraq, sağ küncdəki şüşəni və qədəhi əl havasına tapdı. Şüşədən bir az süzüb onu əvvəlki yerinə qoydu və xaç çevirib qədəhi başına çəkdi. Elə o an möcüzəfason bir şey baş verdi. Dəhşətli bir qüvvə Strijini birdən-birə bomba kimi şkafdan sandığa doğru itələdi. Onun gözlərində sanki şimşək çaxdı, nəfəsi dayandı, bütün bədəninə elə bir hiss yayıldı ki, elə bil zəlilərlə dolu gölməçəyə yıxılıb.

Sanki araq yerinə dinamit parçası udmuşdu və bu dinamit parçası onun bədənini, evini, hətta bütün küçəni partladıb darmadağın eləmişdi... Başı, qolları - bütün əzaları sanki uçub hansısa cəhənnəmə vasil olmuş, fəzanın hər yerinə yayılmışdı.

 

O, sandığın üzərində təxminən üç dəqiqə nəfəs almadan və hərəkətsiz qaldı, sonra qalxıb özündən soruşdu:

- Mən hardayam?

Özünə gələn kimi hiss etdiyi ilk şey, kəskin kerosin qoxusu oldu.

- Pərvərdigara, mən ki vodka yerinə kerosin içmişəm!.. - Strijin dəhşətə gəldi. - İlahi!..

Zəhərləndiyini düşündü və bu fikrin dəhşətindən gah titrətməyə, gah da qızdırmağa başladı. Təkcə otağa yayılan qoxu deyil, ağız boşluğundakı yanma hissi də, gözlərində oynayan qığılcımlar da, beyninin içindəki cingiltilər də, mədəsindəki tikanlı ağrı da - hər şey zəhərin artıq qəbul edildiyinə şahidlik edirdi. Strijin ölümü lap yaxınlığında hiss edirdi və özünü boş ümidlərlə aldatmaq istəmədiyindən qərara gəldi ki, yaxınları ilə vidalaşsın. Bu məqsədlə də Daşenkanın otağına keçdi. (Dul olduğundan, o evdə sahibə olaraq baldızını - qarımış qız olan Daşenkanı saxlayırdı.)

 

- Daşenka! - O, yataq otağına atılaraq ağlamsındı:

- Daşenka, əzizim!...

Gecənin zülməti içində kimsə yerində eşələndi və dərindən içini çəkdi.

- Daşenka!

- Hə? Nədir? – qadın oyanıb hövlnak soruşdu. - Bu sizsiniz, Pyotr Petroviç? Qayıtmısınız? Hə, necə keçdi? Qızın adını nə qoydular? Şahid kim idi?

- Şahidlər - Nataliya Andreevna Velikosvetskaya və Pavel İvanoviç Bessonnitsın idi. Mən... Daşenka, mən deyəsən, ölürəm... Qızın adını isə Olimpiada qoyublar - öz himayədarlarının şərəfinə. Daşenka, mən deyəsən kerosin içmişəm axı...

- Bu hardan çıxdı? Sizə məgər orda kerosin veriblər?

- Yox. Boynuma alım ki, mən sizdən xəbərsiz araq içmək istəyirdim. Cəmi bircə qədəh... Amma budur, Tanrı məni cəzalandırdı. Qaranlıqda arağı kerosinlə səhv salmışammış. İndi mən nə edim, hə?

İcazəsi olmadan şkafın qapısının açıldığını eşidən kimi, Daşenkada qəfil bir canlanma əmələ gəldi. Başdan-ayağa çillər içində olan bu irisümüklü qarımış qız təkcə gecə köynəyində, başında biqudilər, yalın ayaqlarını şappıldada-şappıldada şkafa tərəf yüyürdü.

- Axı sizə kim icazə verib?.. - o, şkafın içinə göz gəzdirərək ciddiyyətlə soruşdu. - Bəyəm o araq ora sizin üçün qoyulub?

- Daşa, mən araq yox, kerosin içmişəm... - Strijin alnını bürüyən soyuq təri silərək mızıldadı.

- Kerosinə niyə dəyirdiniz ki? Bəyəm o sizin üçün idi? Ora kerosin sizdən ötrü qoyulub? Yoxsa elə fikirləşirsiniz ki, kerosin havayıdır? Siz heç bilirsiniz, ümumiyyətlə kerosin neçəyədir? Bilirsiniz?!

- Daşenka, əzizim... - Strijin inildədi. - Burada söhbət ölüm-dirim məsələsindən gedir, kerosindən və puldan yox!..

- Gedib, içib sərxoş olub. İndi də burnunu şkafa soxur! - Daşenka qapını çırparaq hirslə bağırdı. - Əzazillər, zalımlar! Əzabkeşəm mən, bədbəxt əzabkeş!.. Gecəm-gündüzüm yoxdur!.. İlanlar, zəhərli ilanlar, lənətə gəlmiş ilanlar! Görüm sizi o dünyada gün görməyəsiz! Günü sabah çıxıb gedəcəyəm. Mən qız xeylağıyam, icazə vermərəm ki, alt paltarında gəlib qarşımda dayanasız! Əynimdə paltar olmadığı halda mənə baxmağa ixtiyarınız yoxdur!

 

O, hələ çox deyinəcəkdi, lap çox. Strijin bilirdi ki, Daşenka əsəbiləşəndə onu nə sözlə, nə yalvarmaqla, nə də and-qəsəmlə yola gətirmək mümkün deyil, top atsan da xeyri yoxdur. O əlini yellədi, əynini geyinərək qərara gəldi ki, həkimə getsin. Düz üç küçə qaçdı, beş dəfə həkim Çepxaryantsın, yeddi dəfə də həkim Boltıxinin qapısının zəngini basdı, ancaq bunun artıq mənasız olduğunu görəndə, aptekə qaçdı ki, bəlkə əczaçı ona köməklik edə bilə.

Burda da uzun müddət gözlədikdən sonra çəlimsiz, qarayanız və buruq saçlı əczaçı ona yaxınlaşdı. Ağ xalatlı əczaçının üzündə o qədər ağıllı və ciddi ifadə vardı ki, Strijin bundan hətta bir az qorxuya düşdü.

- Allah xətrinə, kömək edin!.. - Strijin nəfəsi kəsilə-kəsilə dedi. - Mənə bir şey verin. Mən indicə ehtiyatsızlıq üzündən kerosin içmişəm, ölürəm!..

- Xahiş edirəm, həyəcanlanmayın və mənim verəcəyim suallara cavab verin. Həyəcanlanmağınız sizi başa düşməyimə mane olur. Siz kerosin içmisiz, hə-ə?

- Hə, hə, kerosin. Xilas edin, rica edirəm!

 

Əczaçı ciddi bir soyuqqanlılıqla kontorkaya yaxınlaşdı, ordan bir kitab götürüb açdı və oxumağa başladı. İki səhifə oxuduqdan sonra o, əvvəl bir çiynini, sonra ikinci çiynini çəkdi və bir az düşünərək qonşu otağa keçdi. Saat dördü vurdu.

On dəqiqə sonra əczaçı əlində başqa bir kitabla geri döndü və yenidən oxumağa başladı.

- Hmm! - O sanki çaşqınlıqla dilləndi. Özünüzü yaxşı hiss etmirsiniz və təkcə bu fakt onu göstərir ki, siz aptekə yox, xəstəxanaya müraciət etməlisiniz.

- Mən həkimə getmişəm. Qapını açan olmadı!..

- Hə də. Siz bizi - əczaçıları heç adam yerinə qoyursunuz ki?! Hətta gecə saat dörddə belə rahat buraxmırsınız bizi. Halbuki, itin, pişiyin də rahatlığa ehtiyacı var. Heç nə anlamaq istəmirsiniz. Sizin fikrinizcə, biz insan deyilik, əsəblərimiz isə kəndindəndir!..

Strijin ona qulaq asdı, ah çəkdi və evə getdi.

"Yəqin ki, mənim alnıma ölmək yazılıb..." - o düşündü. Ağzı yanırdı və kerosin iyi gəlirdi, mədəsində kəskin ağrı vardı, qulaqlarında sanki baraban çalırdılar - bum, bum, bum... Hər dəqiqə ona elə gəlirdi ki, sonu yaxınlaşır, ürəyi artıq döyünmür...

Evə çatan kimi tələsik yazdı: "Ölümündə heç kimi təqsirkar saymayın." Sonra Tanrıya dua etdi və uzandı. Səhərə qədər gözünü qırpmadan ölümünü gözlədi, bütün gecəni gözünə qəbrini getdikcə bürüyən yaşıl otlar və qəbri üstündə hay-küy salan quşlar göründü...

 

Səhər isə çarpayının kənarında oturmuş Strijin üzündə təbəssümlə Daşenkaya deyirdi:

- Daşenka, əzizim. Kim ki doğru və intizamlı həyat sürür, əziz bacım, ona heç bir zəhər təsir eləməz. Budur, məsələn, elə məni götürək. Ölümün bircə addımlığında idim, az qala məhv olurdum, çox əzab çəkdim. İndi isə heç nə. Yalnız ağzım bir az yanır və boğazım azca qıcıqlanır, amma bütün bədənim sağlamdır, şükür Allaha. Səbəb? Səbəbi odur ki, intizamlı həyat sürürəm.

- Yox, bu ona görədir ki, kerosin keyfiyyətsiz olub, - Daşenka dərin bir ah çəkdi, məchul bir nöqtəyə zillənərək xərclər barəsində düşünməyə başladı. - Deməli, dükançı mənə yaxşısını verməyib, funtu yarım qəpik olandan verib. Əzabkeşəm mən, bədbəxtəm!.. Əzazillər, zalım ifritələr! Sizi görüm o dünyada gün görməyəsiniz, lənətə gəlmiş ilanlar!..

O, hələ çox, lap çox deyinəcəkdi...

 

Tərcümə: Dinar Həmidova