Çarəsizliyimizin anatomiyası

Çarəsizliyimizin anatomiyası

Qan Turalı

Ədəbiyyatın cəmiyyətdəki nüfuzu azdır.

Kitabın tirajı acınacaqlı.

Mağazalar masaj salonu.

Bir sözlə, əsl antiədəbiyyat...

Bəs biz niyə belə olduq?

Biz deyilikmi Nizami ilə fəxr edən?

(Və Nizamini oxumayan. Nizamini kamil bir palançı səviyyəsinə endirən)

Məsələ bu deyil.

Məsələnin kökü başqadır.

Ölkədə normal nəşriyyat sistemi yoxdur.

Olsaydı ortalıqda bu qədər şair-şüara olmazdı.

Pul təkcə əl çirki deyil.

Pul, ümumiyyətlə bazar iqtisadiyyatı prosesi tənzimləyir.

Biri kitabın yüz min satır.

Digəri beş ədəd.

Beş ədəd kitab satan yazıçını hansı nəşriyyat ciddi qəbul edər?

Kim onun kitabını çap edib böhrana düşər.

Nəşriyyat da kimlə işləyir?

Xalqla, oxucu ilə...

Oxucu beləliklə bazarı tənzimləyir.

Prosesi nizama salır.

Yaxşı və pisi ayırd edir.

Bu zaman isə meydanda təsadüfi adamlara yer qalmır.

İş axarına düşür.

İnsanlar kitablarla təmasa girirlər.

Bu yazıçıya impuls verir.

Onun dərdi daha yaxşı yazmaq olur.

İş maraqlı rəqabətə gedib çıxır.

Bizim indiki birincilik yarışımız isə tragikdir.

Atı ölmüş iki süvarinin "mənim atım daha yaxşı qaçırdı" mübahisəsi kimi...

Doğrudan da bizim nə zamansa atımız olmuşdumu?

Lap olmayıb.

Amma olmalıdır.

Biz buna çalışmalıyıq.

Bu sistemi qurmaq üçün...

Yalnız bu zaman ədəbiyyatımız güclü olacaq.

Yalnız bu zaman insanlar kitabla təmasa girəcək, oxucu arealı genişlənəcək.

Yazıçılar daha səmərəli və impulsiv olacaq.

Yoxsa indi...

Öz yağımızda qovruluruq.

"AYB tənqidi...

Açıq-saçıqlıq olarmı, olmazmı?

Kim daha yaxşı yazır?

Kim dahidir, kim deyil?

Kim istedadlıdır kim deyil?

Kim həyatdan gəlib, kim ədəbiyyatdan?"

Belə mövzuların məngənəsində sıxılırıq.

Açıq etiraf edək, bu situasiyada biz ədəbiyyata peşə kimi baxmırıq.

Xobbi kimi baxırıq.

Çünki xalqdan qopmuşuq, oxucudan uzaq düşmüşük.

Bir yazıçı üçün bundan böyük fəlakət yoxdur, ola da bilməz...