Bakıda 21 həftəlik art festivalı başladı - FOTOLAR

Bakıda 21 həftəlik art festivalı başladı - FOTOLAR

Fevralın 24-də “ÜNS Yaradıcılıq Səhnəsi”ndə müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan “YARAT!” qeyri-kommersiya təşkilatının birinci “012 Bakı Public Art Festivalı”nın təntənəli açılış mərasimi keçirilib.

Kultaz.com AzərTAc-a istinadən verdiyi xəbərə görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Festivalın açılış mərasimində layihənin ümumi ideyası, konsepsiyası və eləcə də yaradıcılıq prosesi gedişində toplanmış eskizlər, qeydlər, fotoşəkillər təqdim olunub.

“012 Bakı Public Art Festivalı”nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdiriblər. Rəssamlar tarixçilərlə bir yerdə məlumat toplayaraq seçdikləri yerlərin – binaların, küçələrin, parkların və hətta ayrı-ayrı eyvanların tarixini ətraflı şəkildə öyrəniblər.

Layihə martın 9-dan başlayaraq (ilk sənət işinin təqdimi) 21 həftə davam edəcək. Layihə planı çərçivəsində hər cümə günü növbə ilə rəssamlar öz əsərlərini seçdikləri ərazidə yerləşdirib təqdim edəcəklər. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq tamaşaçıya hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaq.

Beləliklə, rəssamlar öz əsərlərini daha açıq məkanda, geniş şəkildə təqdim edərək qalereyaların və muzeylərin yaratdıqları müəyyən məhdudiyyətdən azad olaraq tam yaradıcılıq sərbəstliyi əldə edəcəklər. Bu, şübhəsiz, şəhər sakinlərinin və qonaqların - geniş auditoriyanın diqqətini cəlb edəcəkdir.

Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar.

Sərgidə rəssamlar Altay Sadıqzadənin, Ağa Hüseynovun, Fuad Salayevin, Məmməd Mustafayevin, Hüseyn Haqverdinin, Mahmud Rüstəmovun, Teymur Daiminin, Niyaz Nəcəfovun, Mehdi Məmmədovun, Rəşad Ələkbərovun, Əli Həsənovun, Aida Mahmudovanın, Faiq Əhmədin, Leyla Əliyevanın, Fərid Rəsulovun, Sitarə İbrahimovanın, Rəşad Babayevin, Nail Ələkbərovun, Orxan Hüseynovun, Nəzrin Məmmədovanın və Şərqiyyə Rəhmanlının əsərləri nümayiş olunacaq.

Tamaşaçılar “ÜNS” teatrındakı bütün eksponatları fevralın 25-dən martın 1-dək seyr edə biləcəklər.

Bildirilib ki, “012 Bakı Public Art Festivalı” çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcək. Müəlliflərlə ünsiyyət nəticəsində rejissor layihəyə hazırlıq prosesini lentə alacaq və hər həftə sənət əsərlərinin sərgisinin açılması filmin kulminasiyasını təşkil edəcək.

Film “012 Bakı Public Art Festivalı”nın sentyabrda keçiriləcək bağlanış mərasimində göstəriləcək.