Cavid Zeynallı: “MKM-in

Cavid Zeynallı: “MKM-in "onluğ"unda gözlənilməz adamlar var"

Milli Kitab Mükafatının "onluğ”u ətrafında müzakirələr davam edir. "İyirmilik”də təmsil olunan, amma "onluğ”a düşə bilməyən yazarlar arasında "Günəşi gözləyənlər” əsərinin müəllifi Cavid Zeynallı  da var. Cavid Zeynallı qısa siyahı ilə bağlı ANN.Az-ın suallarını cavablandırıb.

-    "İyirmi”liyə düşəcəyini gözləyirdinmi?
-    Əvvəlcə, onu deyim ki, bu cür müsabiqələrin keçirilməsini birmənalı olaraq dəstəkləyirəm və  hesab edirəm ki, Milli Kitab Mükafatı Azərbaycan ədəbiyyatında baş verən ən ciddi hadisələrdən biridir. "İyirmiliy”ə düşəcəyimi ehtimal edirdim və ehtimalım doğrulduğunu görəndə sevindim. "Onluğ”a gələndə isə haradasa, 60-70 faiz güman edirdim, amma alınmadı. Yenə də ruhdan düşmürəm. Hər halda, bu mənim iştirak etdiyim ilk müsabiqə idi.

-    Amma sən bundan öncə "Nəsimi" ədəbiyyat müsabiqəsində də iştirak etmişdin.
-    Doğrudur, ora hekayələrlə qatıldım və birinci yeri qazandım. Amma Milli Kitab Mükafatında ilk dəfəydi iştirak edirdim və bu müsabiqəyə artıq hekayələrlə deyil, "Günəşi gözləyənlər” romanı ilə qatılmışdım.

-    Bəs MKM-in "onluğ”una düşən əsərlər barədə nə düşünürsən?
-    Açığı, bu əsərlərin heç birini oxumamışam. Burada elə müəlliflər var ki, onların onluğa düşəcəyini gözləyirdim, amma onluqda mənim üçün gözlənilməz adamlar da vardı. Sadəcə, əsərlərlə tanış deyiləm deyə, bu barədə danışmaq istəmirəm. İnşallah, müsabiqə bitəndən sonra əsərlər kitab halında nəşr olunar, sonra fikirlərimi bildirərəm.

-    Deyirsən, "onluq”da sənin üçün gözlənilməz olan adlar var. Hər halda, müasir ədəbiyyatı yaxından izləyən gənclərdən birisən. Səncə, bu gözlənilməzlik nə ilə bağlı ola bilər?
-    Müsabiqə başlayan ilk gündən Nigar xanım obyektiv olacaqlarını vəd etmişdi və mən MKM ekspertlərinin də obyektivliyinə şübhə etmirəm. Adətən belə müsabiqələrdən sonra müəyyən narazılıqlar olur və narazılar müxtəlif ittihamlar səsləndidirirlər. Mən bilmirəm, bəlkə də, kiməsə nəyəsə görə müəyyən güzəştlər edilib, bu barədə heç bir söz deyə bilmərəm.

-    Milli Kitabın qalibi kim olacaq, bu barədə hər hansı fikrin varmı?
-    "Onluğ”a düşən əsərləri oxuya bilmədiyim üçün cavab vermək mənə çətindir. Ümid edirəm ki, daha çox layiq olan qalib gələcək.

-    Növbəti müsabiqələrdə iştirak etməyi düşünürsənmi?
-    İstər MKM-də, istərsə də başqa müsabiqələrdə iştirak etməyin tərəfdarıyam. Gələn il də, o biri il də MKM-ə əsər təqdim edəcəyəm, hətta bu cür müsabiqəni ildə iki dəfə keçirsələr belə, yenə də iştirakçı olacağam.