Əli Babazadə. Min bir nağıl (Hekayə)

Əli Babazadə. Min bir nağıl (Hekayə)

Əbu Əli Həsən ibni-əl-Həsən İbni Əli ibni-əl-Həsəni indi çox az adam xatırlayır. Əmməli, həlim təbiətli bəsrəli kimyagər. 

Otuz üç yaşı olanda Əbu Əli Həsən vilayətindəki qazilərin əlindən didərgin düşüb, Dəclə çayı üzərindəki körpüləri o baş-bu başa var gəl edərkən hər biri o birindən min bir dəfə böyük olan min bir ədəd haqqında düşünürdü. Amma elə həmin gün darğalar onu tapıb, qazilərin fitvası ilə zindana saldı və Bağdadın səssiz hücrələrindən birində kimyagər dərin letargiya yuxusuna daldı.

Əbu Əli Həsən yuxuda ucsuz-bucaqsız fəzada üzürdü, başını qaldıranda Saman yolunun işıqlı zolağını gördü. Çox keçməmiş yer-yurd silkələndi, yer ayaqlarının altından qaçdı, saysız-hesabsız ulduz göy qübbəsindən qopub sel kimi aşağı axmağa başladı. Həsən əvvəl-əvvəl qorxdu, sonra maraq güc gəld, kimyagər özünü ələ aldı və bir az da yüksəyə can ardı . Bütün ulduzları qopub töküldükdən sonra Saman yolu aşağıda qaldı. 

Uzaqlıqlarda – aləmin vahiməli qaranlıqlarında ehtişamlı, rəngbərəng işıqları bərq vuran çəhrayı saray ucalırdı. Əbu Əli hər birindən min bir körpü açılan min bir körpüdən keçərək çəhrayı saraya vardı. Sehrli sarayda onu gülərüz pərilər qarşıladı, dadı yer üzündəki meyvələrin dadına bənzəməyən içkilərə qonaq etdilər. Cavan, gözəgəlimli pərilər onunla zarafatlaşır, şən-şən gülür, Əbu Əli qəlbindən keçəni dilinə gətirməyə macal tapmamış oğlanın arzusunu yerinə yetirmək üçün bir-birilə bəhsə girirdilər. Günəş körpülərin arxasında gizlənəndə axşam düşdü, sehrli sarayın həyətində qızılı lampalar közərdi. Əbu Əli pərilərin yanında hər şeyi unutdu, hər biri min bir otaqla qonşu olan min bir otaqda eyş-işrətə aludə olub, bu minvalla ömür sürməyə başladı.

Ömrü tozlu əlyazmalar arasında eşələnməklə keçən kimyagər çəhrayı sarayda qaşına-gözünə baxmadan hər gün bir qadınla gecələyir, səhər açılanda isə qadınların simasını yaddan çıxarırdı. Əbu Əli heç vaxt duyuq düşməmişdi ki, dünən gördüyü cavan pəriləri ikinci dəfə bir də görmür, bu gün dövrə vurub başına toplaşan pərilər gecə ilə harasa yoxa çıxır və səhəri o, bambaşqa qadınların əhatəsində yuxudan ayılır. 

Bir gün qəribə hadisə baş verdi, min birinci körpünün üstündə yolunu azmış, ürkək, qarayanız, ipək donunun arxasında toxunma qanadları olan pəri peyda oldu. Əbu Əli diqqətlə baxanda pərinin insan olduğunu dərhal anladı və birdən başa düşdü ki, bu neçə vaxtı pərilər onu tilsimə salıbmış. Amma kimyagər soyuqqanlılığı ilə sayıq tərpənib, heç nəyi büruzə vermədi. Məkrli pərilər tezliklə Əbu Əliyə bildirdilər ki, sarayda qonaq saxlamaq üçün otaq yoxdur, hər biri min bir otaqla qonşu olan min bir otağın hər birində bir pəri yaşayır. Kimyagərin hafizəsinə birdən əyan oldu ki, o niyə bir qadını ikinci dəfə görmürmüş. Əgər o, bu sarayda sonsuzacan ömür sürsə də, bu belə davam edəcək, çünki sayı-hesabı olmuyan otaqlarda yaşıyan pərilərin də sayı-hesabı yoxdur və hər gecə onların yalnız birinə Əbu Əli ilə gecələmək növbəsi çatır. Elədə o, dərin zəkasını işlədərək kiçik bir hiyləyə əl atdı, xoşqılıqlıqla pərilərdən xahiş etdi ki, hər biri öz otağını qonşu otağa dəyişsin. Beləliklə, birinci otaqdakı ikinciyə, ikincidəki üçüncüyə, üçüncüdəki dördüncüyə, ... , minincidəki min birinci otağa keçdi, pərilərin də bütün bəhanəsi kəsildi. 
Əbu Əli çox keçməmiş qarayanız qıza aşiq oldu, gecə-gündüz şiddətlə bu quşürək qızı arzuladı. Amma pərilərin məkrli baxışları ilə toqquşanda Əbu Əlinin canına vic-vicə düşür, o da bu qara sevdadan əl götürməli olurdu.. Saysız-hesabsız gecələr ötüşdü, sarayın lampaları min bir dəfə közərəndən sonra Allahın hər günü Əbu Əlinin bir oğlu dünyaya gəldi. Min bir pəri min bir hərfi düzüb, oğlanlara ad qoydu.

Çəhrayı sarayda vaxt göz qırpımında keçirdi, tezliklə uşaqlar böyüdü və onlara da otaq tapmaq lazım gəldi. Pərilər ana olandan sonra bir-birilə yola getmirdi. Hər biri min bir otaqla qonşu olan min bir otağın hamısı dolu idi, elə olanda Əbu Əli yenə kiçik bir hiyləyə əl atdı. Şirin dillə pərilərin könlünü alıb razı saldı ki, hər biri öz otağının ədədini ikiyə vursun və həmin otağa köçsün. Beləliklə, tək ədədli otaqlar boşaldı, cüt ədədli otaqlarda pərilər, tək ədədli otaqlarda oğlanlar yaşamağa başladı. Hiyləgər ədədşünas pəriləri aldada bilmişdi, çünki otaqların ədədləri böyüdükcə pərilərin bir otaqdan o biri otağa keçməyinə hər birinin min bir gecəsi olan min bir gün vaxt lazım idi, elə olanda Əbu Əli fürsət tapıb, insan nəslindən olan ürkək, utancaq qıza sahib oldu və onların əkiz qızları dünyaya gəldi, anaları qızlarının birinə Şəhrizad, birinə Dünyazad adını verdi.

Vaxt yenə göz qırpımında keçdi, Əbu Əlinin uşaqları böyüdü. Bir gün yenə gecə lampalar közərən vaxt hər birindən min bir körpü açılan min bir körpünün hər birinin üstündə min bir gənc pəri gözükdü. Bunlar Əbu Əlinin gənc oğlanlarının rəfiqələri idi və elədə Əbu Əli oğlanların analarını şirin dilə tutub, yenə kiçik bir hiyləyə əl atdı. 

Hər biri min bir otağa qonşu olan min bir otaqda yaşıyan analar, hər biri min bir otağa qonşu olan min bir otaqda yaşıyan oğlanlar, hər birindən min bir körpü açılan min bir körpünün hər birinin üstündəki min bir qız hər biri min bir otağa qonşu olan minbir otağın önündə durdular. Əbu Əli min bir qızın hər birinə min bir ədəd söylədi, onların da hərəsi min bir qıza min bir ədəd söylədi. Sonra Əbu Əli min bir oğlana, min bir anaya min bir ədəd dedi, onların da hər biri min bir oğlana, min bir anaya min bir ədəd dedilər. Anaların, oğlanların, pərilərin otaqlarına çatması üçün hər birinin min bir ayı olan min bir il, hər birinin min bir gündüzü olan min bir ay, hər birinin min bir gecəsi olan min bir gündüz vaxt lazım oldu.

Əbu Əli fürsət bilib yer üzünə qayıtmaq istədi. Arvadını, Şəhrizadı və Dünyazadı da yanına alıb, hər birindən min bir körpü açılan min bir körpüdən keçdi, ayaqları yerə çatanda yuxudan oyandı. 

Əbu Əli min bir gün, min bir gecə yatmışdı, amma yuxuda qocalmamışdı. Yeni xəlifə Əbu Əlini əfv etdi, Əbu Əli zindandan çıxıb, Allaha həmd-səna oxudu, min bir gün, min bir gecə keçəndən sonra yuxusu Əbu Əlinin hafizəsindən tamam-kamal silindi və Əbu Əli qarayanız bir qızla evlənib şad-xürrəm ömür sürməyə başladı.

Onun qarayanız, utancaq tacir qızından iki övladı dünyaya gələndə Əbu Əli dünyadan köçdü, anaları qızların birinə Şəhrizad, birinə Dünyazad adını qoydu, hər gün hər birinin içində min bir nağıl olan min bir nağıl danışaraq qızları boya-başa çatdırdı. 

Şəhrizad şaha ərə getdi, hər birindən min bir nəvə-nəticə törəmiş min bir nəvə-nəticənin nənəsi oldu. Hər birindən min bir nəvə-nəticə törəmiş min bir nəvə-nəticənin hər birinə min bir nağıl öyrətdi, onlar da öz nəvə-nəticələrinə min bir nağıl danışdılar. Əbu Əli əl-Həsən ibni-əl-Həsən İbni-əl-Əli ibni-əl-Həsənin nağılı kimi.