Gi De Mopassan: Sən təltif olunmusan!

Gi De Mopassan: Sən təltif olunmusan!


Bütün insanlar bu dünyaya fərqli bir missiya və şakərlə gəlirlər, bəzən isə bu ömürlük istək insanın atdığı ilk addımda, çıxartdığı ilk qığıltıda özünü büruzə verir. 

Lap uşaq yaşlarından cənab Sakremanın ən ülvi arzusu – orden almaq idi. Tay-tuşları başlarına hərbi kepkalar qoyduqları vaxtda o, yaxasına qurğuşundan hazırlanmış Fəxri leqion xaçı taxar, küçədə anasının əlindən tutub yeridiyi zaman balaca köksünü şəstlə qabardardı ki, sinəsindəki qırmızı lenti və metal ulduzu hamı görə bilsin. 

Dərslərini zəif oxuduğu üçün o, bakalavr imtahanlarından keçmədi. Özünə uyğun bir iş-güc tapmadığından və sırf sərvəti imkan verdiyindən yaraşıqlı bir qızla evləndi. Özünü tutmuş bütün burjualar kimi, onlar da Parisdə yaşayır, öz təbəqələrindən olanlarla oturub-durur, qara camaata əsla qaynayıb-qarışmırdılar, günün birində nazir ola biləcək deputatla və şəhərin iki ayrı polis şöbəsinin rəisiylə tanışlıqlarıyla oturub-durub öyünürdülər. 

Özünü dərk etdiyi ilk günlərdən ağlına batan bu istək cənab Sakremana heç cür rahatlıq vermirdi və o, köksünü al qırmızı rəngli, xırda lentlə bəzəyə bilmədiyi üçün dərin iztirab çəkirdi. 

Bu ordenə layiq görülmüş şəxslərlə bulvarda rastlaşanda onun ürəyi sancırdı. Onları aşkar həsəd hissiylə, çəpəki baxışlarla süzürdü o. 

Gündüz yeməyindən sonrakı bekarçılıq saatlarında o, bəzən belələrini saymağa girişir, öz-özünə deyirdi: "Görüm hələ bu Madlen kilsəsindən Druo küçəsinə çatana qədər bunların neçəsinə rast gələcəyəm?” 

Ağır addımlarla irəliləyirdi ki, kostyumların yaxasındakı o xırda, qırmızı nöqtəni öz iti baxışlarıyla ayırd eləyə bilsin. Bu gəzintinin sonuna doğru rastına çıxan orden sahiblərinin sayı onu heyrətə gətirirdi: 

"Səkkiz zabit və on yeddi süvari! Ancaq bu xaç ordenlərini bu cür sağa-sola paylamaq da olmaz ki! Yaxşı, indi də baxaq, görək, geriyə dönəndə bunların neçəsiylə rastlaşacağıq?” 

Dönüşdə təmkinlə yeriyirdi və insan tünlüyü hesablamalarına əngəl törədəndə onun qanı qaralırdı, çünki kimi isə hesaba qatmamaqdan çəkinirdi. Belələrinin daha çox hansı məhəllələrdə dolaşdığını yaxşı bilirdi: bu adamlar Pale-Royalda qaynaşırdılar, Sülh küçəsiylə müqayisədə Opera avenyusunda bunlara tək-tük rastlanırdı. Sol cinahdansa bu ordenlilər bulvarın nədənsə sağ cinahına üstünlük verirdilər. Belə görünürdü ki, onların sevimli kafe və teatrları var idi. Hər dəfə səkinin tən ortasında toplaşan və gələn-gedənə mane olan bir dəstə çalsaç kişini görən kimi cənab Sakreman qət edirdi: "Bunların Fəxri legion ordenli zabitlər olduğuna heç şübhəm yoxdur!” Yanlarından keçərkən onlara təzim etmək keçirdi içindən. Süvarilərlə müqayisədə zabitlərin fərqli qamətə malik olduqlarına o, çoxdan diqqət yetirmişdi. İctimaiyyət arasında onların daha böyük nüfuza və çəkiyə malik olduğu sezilirdi. 

Ancaq bəzən bu mükafata layiq görülənlərə qarşı cənab Sakremanın içində qəzəb və hiddət hissi baş qaldırırdı, onlara duyduğu nifrət də bir sosialistinkindən əsla fərqlənmirdi. Baqqal dükanının vitrininə düzülən ləziz yeməklər qarnı ac yoxsulu necə rəncidə edirsə, o da bu ordenləri görüb, sinirlənir və evə dönən kimi uca səslə deyirdi:

– Axı, bu yaramaz hökumətdən görəsən nə vaxt yaxamız qurtulacaq? 

Arvadı heyrətlə soruşurdu: 

– Sənə nə olub bu gün?  

O da dillənirdi: 

– Addımbaşı rastlaşdığım haqsızlıqlara mən göz yuma bilmirəm! Ax, o kommunarlar necə də haqlıymışlar! 
Şam yeməyindən imtina edərək, təkrar evdən çıxırdı ki, ordenlərlə dolu vitrinlərə göz gəzdirsin. Müxtəlif biçimlərə malik, al-əlvan rəngli bütün emblemləri maraqla süzürdü o. Ürəyindən keçirdi ki, kaş bunların hamısına layiq görüləydi və nəhəng bir zalda keçirilən hansısa təntənəli ziyafətdə, hamıdan öndə gedərkən onun bütün yaxası sıra-sıra orden və medallarla dolu olaydı, o isə ətrafında yaranan o heyranlıq və pərəstiş dolu pıçapıçlar pərdəsini eynilə bir günəş kimi, əzəmətlə, qoltuğunda tutduğu yaylı silindriylə yarıb, keçəydi. Ancaq, təəssüf ki, ordenə layiq bir xidməti yox idi onun. 

Öz-özlüyündə belə fikir yürüdürdü: "İctimai vəzifə tutmayan bir şəxsin Fəxri legion orfeni alması imkansızdır. Bəlkə, mən Akademiyaya üzv seçilməyə cəhd göstərim?” 

Ancaq bu işə necə girişəcəyini də bilmirdi. Arvadıyla bu barədə məsləhətləşəndə qadın soruşdu: 

– Akademiya üzvlüyünə? Ancaq sənin bu sahədə hansı xidmətin var ki? 

Cənab Sakreman özündən çıxdı: 

–  Nə dediyimi sən başa düşmürsən! Mən də elə bilmək istəyirəm ki, bundan ötrü neyləyim, axı?! Arada tamamilə dilbilməz olursan sən! 

Arvadı gülümsündü: 

–  Yaxşı, deyək ki, mən dilbilməzəm! Ancaq mən də buna bir çarə bilmirəm, axı! 

Kişinin ağlına fikir gəldi: 

–  Bəlkə, sən o deputat Rosselenlə bir danışasan? O, bizə ağıllı məsləhət verər... Başa düş, mənim bu xüsusda ona ağız açmam yaxşı çıxmaz... Həm müşkül, həm də incə məsələdir bu... Ancaq sənin bundan söz salman yersiz görünməz... 

Xanım Sakreman ərinin xahişinə əməl elədi. Rosselen məsələni nazirlə müzakirə edəcəyinə söz verdi. Sakreman hər imkanda məsələnin nə yerdə qalmasıyla onu dəngəsər eləmişdi lap. Axırda deputat dedi ki, bundan ötrü o, öz elmi xidmətlərini sadalamalı və yazılı təqdimatla müraciət etməlidir. 

Sözə bax ha, "xidmətlər”ini sadalamaq”! Halbuki o, heç bakalavr da deyildi. 

Ancaq bir yerdən başlamaq lazım gələcəkdi və Sakreman: "Xalqın təhsil hüququ barədə” bir broşür yazmağa girişdi. Ancaq düşüncəsi o dərəcədə qıt idi ki, bu işi bitirə bilmədi. Nisbətən asan mövzu axtarmağa başladı və gah bu, gah o mövzuda özünü sınadı. 

Birinci mövzu beləydi: "Uşaqlara əyani vəsaitlərlə dərs verilməsi”. O, tələb edirdi ki, yoxsul məhəllələrdə uşaqlar üçün pulsuz teatr tamaşaları göstərilməlidir. Valideynlərinin lap erkən yaşda uşaqlarını oraya aparması sayəsində, həm də sehirli fənərin işığında uşaqlar insanlıq tarixi barədə ən müxtəlif mövzuda və ilkin bilgilər ala bilərdilər. Səhnədə gördükləri uşaqların beynini işıqlandırar, orada dərin iz buraxardı, bu sayədə elm onlar üçün bir növ əyaniləşərdi. 

Ümumi tarixi, coğrafiyanı, anatomiyanı, və sairəni və ilaxırı bu yolla tədris etməkdən asan hansı üsul vardı? 

Məqaləni bitirib, çap etdirdi, ondan hər deputata bir nüsxə, hər nazirə on nüsxə, ölkə prezidentinə yüz nüsxə, Parisdə çıxan qəzetlərin redaksiyaların hərəsinə on nüsxə, əyalət qəzetlərinin redaksiyalarına beş nüsxə göndərdi. 

Sonra isə küçə kitabxanaları ideyası üzərində baş sındırmağa başladı və hökumətdən tələb elədi ki, xırda arabalarda apelsin daşındığı kimi, kitab daşınması da təmin olunsun. Abonement üzrə bir su ödəyən sıravi vətəndaş bu sayədə ayda on cild kitab oxumaq imkanı qazanacaqdı. 

Cənab Sakreman yazırdı: 

"Xalq, sadəcə, əyləncələrə həvəs göstərir. Əgər o, biliyə can atmırsa, onda qoy bilik onun ayağına gəlsin” və sair, və ilaxır. 

Çalışmaları heç bir səs-küy, maraq oyatmasa da, o, özü barədə təqdimat verdi. Aldığı cavab məktubunda deyilirdi ki, təqdimatı qəbul olunub və onun çalışmalarının mahiyyəti araşdırılacaq. O, özünü inandırdı ki, uğurun lap astanasındadır. Nə qədər gözləsə də, heç bir cavab almadı. 

Durum belə olanda yenə özü əl-ayağa düşdü. Xalq təhsili nazirinin qəbuluna yazıldı, nazir köməkçilərindən yaşca cavan olanı onu qəbul elədi. Bu adam özünü tox və ciddi tuturdu, eynilə fortepianoda çalarmış kimi qarşısındakı sıra-sıra düzülən ağ düymələrə basaraq, giriş otağındakı qapıçını və ya kuryeri, ya da sıravi məmurları yanına çağırıb, buyruqlar verirdi. Sakremanı dinləyəndən sonra ona bildirdi ki, işləri yolunda gedir və o, öz dəyərli çalışmalarına eyni şəkildə davam etməlidir. 

Beləcə, cənab Sakreman təkrar fəaliyyətini canlandırdı. 

Deyəsən, deputat Rosselen indi onun uğurlarıyla yaxından maraqlanırdı və ona xeyli ağlabatan, karlı təklif vermişdi. Yeri gəlmişkən, Rosselen özü də həmin ordenlə təltif olunmuşdu və bunu hansı xidmətlərinə görə aldığı heç kəsə bəlli deyildi. 

Cənab Rosselen araşdırmaq üçün ona bir neçə yeni mövzu vermiş, onu elmin qaranlıq qatlarını araşdıran elmi qurumlara təqdim etmiş, onların rəğbətini qazanmasına şərait yaratmış, nazirlikdə ona himayədarlığa başlamışdı. 

Son aylar boyu Rosselen qəhvəaltı və axşam yeməyi üçün onun evinə gəlirdi. Bir gün yenə onlara gələrkən deputat öz dostu Sakremanın əlini sıxarkən onun qulağına pıçıldadı: 

– Sizin üçün şərəfli bir tapşırıq tapmışam: Tarixi araşdırmalar komitəsi sizinlə əməkdaşlıq edəcək və siz Fransanın müxtəlif kitabxanalarında araşdırmalar aparacaqsınız. 

Dərin həyəcana qapılan Sakreman nə bir şey yeyə, nə də içə bildi. 

Bir həftə sonra yola çıxdı. Bir şəhərdən digərinə yollanaraq, o, kataloqları araşdırır, çardaqlarda toza batmış cildləri eşələməklə orada çalışan kitabxanaçıları boğaza yığırdı. 

Bir axşam Ruanda ikən o, son bir neçə həftə boyu üzünə həsrət qaldığı arvadını qucmaq üçün evinə baş çəkmək fikrinə düşdü. Axşam saat doqquzda qatara mindi ki, gecəyarı evinə çata bilsin. 

Giriş qapısından öz açarı vardı onun. Sevincdən titrəyərək, səssizcə evə girərkən xanımını hədsiz heyrətləndirəcəyini sanırdı. Yataq otağının qapısı içəridən kilidlənmişdi. İşə bax da! O, səslənməyə məcbur oldu: 

– Janna, aç, mənəm. 

Görünür, qadın yamanca qorxmuşdu. Onun yataqdan necə sıçradığı, yuxuluymuş kimi, öz-özünə nələrsə danışdığı, sonra tualetə qaçıb, ardınca qapını çırpdığını, ayaqyalın ora-bura vurnuxduğunu, irəli-geri çəkdiyi şkafın şüşələrinin necə şaqqıldadığını eşitməkdəydi əri. Ən nəhayət, qadın soruşdu: 

– Sənsən, Aleksandr? 

Kişi dilləndi: 

– Hə də. Aç qapını görüm! 

Qapını açan kimi özünü onun qolları arasına yıxıb, dedi: 

– Dəhşətsən ey! Heç gözləmirdim! Əcəb məni sevindirdin! 

Həmişəki kimi kişi səliqəylə əyin-başını soyunmağa başladı. Stulun başındakı paltonu asmaq üçün kandardakı asılqana tərəf aparanda heyrətdən dondu: onun yaxalığında qırmızı lent vardı. 

Donquldandı: 

– Bu ordenli palto... haradan çıxdı? 

İrəli şığıyan arvad kişiyə çımxırdı: 

– Yox, sən səhv görmürsən... Ver bəri onu! Ancaq kişi paltonun qolunu buraxmadı və çaşqın halda bayaqkı sualını təkrarladı: 

– Bu nədir belə? Niyə, axı? Məni bir başa salsana! Kimin paltosudur bu?.. Mənimki deyil, çünki yaxasında Fəxri legion ordeni var. 

Heç nəyə məhəl qoymayan qadın paltonu dartıb, onun əlindən aldı və çaşqın halda dedi: 

– Qulaq as, bir dəqiqə, onu mənə ver! Bunu hələlik sənə deyə bilmərəm... Bu, sirrdir... Sözə bax da! 

Kişini qəzəb hissi bürüdü və rəngi avazıdı: 

– Bunun kimin paltosu olduğunu bilmək mənim haqqımdır! Çünki mənimki deyildir! 

Qadın ona bağırdı: 

– Yox, səninkidir... Sussana... Ancaq and iç ki, kimsəyə bir şey deməyəcəksən... Qulaq as... deməli, belə... Sən təltif olunmusan! 

Qapıldığı təlaşdan kişi əlindəki paltonu yerə saldı və kresloya sərələndi. 

– Deyirsən ki... mən... təltif olunmuşam? 

– Hə, ancaq hələlik bu, bir sirrdir... Həm də böyük sirrdir. 

Qadın yerə düşən o mübarək paltonu şkafa qoyub, ərinə yanaşdı. Rəngi ağaran, vücudu əsən qadın dedi: – 

Bu yeni paltonu sənin üçün sifariş edəndə mən söz vermişdim ki, hələlik bu sirri qoruyacağam. Bu barədə qərar sonradan, bir ay və ya ayyarım sonra çıxacaq... O vaxta qədər sən öz araşdırmalarını bitirməlisən. Ta ezamiyyətdən dönənə qədər sən heç nə bilməməliydin... Bütün bunları şəxsən cənab Rosselen özü düzüb-qoşubdur. 

Dərin sarsıntı hissi keçirən Sakreman mızldandı: 

– Rosselen... orden... Deməli, ordeni ona borcluyam... mən... ona... A-a! 

Özünə gəlmək üçün o, bir stəkan su içdi. 

Bayaqkı paltonun cibindən düşən bir parça kağız yerdə ağarmaqdaydı. Bu, bir vizit kartıydı. Onu götürüb, oxudu: "Rosselen - deputat”. 

Arvadı dedi: – İndi inandın? Kişi sevincdən hönkürdü. 

Düz bir həftədən sonra "Hökumət xəbərləri” qəzetində elan olundu ki, xüsusi xidmətlərinə görə cənab Sakreman Fəxri legion ordeninə layiq görülüb. 

Tərcümə: Azad Yaşar

Kult.az