Çingiz Səfərli. Pəhləvanın eşşək olmaqlığı (Hekayə)

Çingiz Səfərli. Pəhləvanın eşşək olmaqlığı (Hekayə)

Kənddə demək olar hamının bir ayaması var. Uzun Nəriman, Filosof Yaşar, Pişik Əli, Porsuq Nağı... Hələ şəhərdən təzə gələn Məhəmməd, "burda müvəqqətiyəm, xahiş edirəm mənə bir ləqəb qoşmayın” demiş, o gündən onun da adı "Müvəqqəti” qalmışdı. Adəmə də iri cüssəli olduğundan Pəhləvan deyirdilər. Yaşlı anası, iki də uşağı vardı. Böyüyü bu il məktəbə gedəcəkdi. Ailəsini dolandırmaq üçün fəhləlik edər, boş vaxtında da təsərrüfatla məşğul olardı. İşləməkdən rəngi o qədər qaralmış, üzü, əlləri elə codlaşmışdı ki, yaşı 30-35 olsa da, 50-dən aşağı verməzdin. Amma son illər əvvəlki kimi elə də iş olmurdu. Camaatın çoxu şəhərə köçdüyündən fəhlə üçün iş də həddən artıq azalmışdı. Axırıncı işdən bu yana 10 gün olardı ki, heç kim çağırmır, elə boş-bekar evdə otururdu. Düzdü, arada həyətdən bir-az mer-meyvə yığıb bazara aparır, beş-üç manat qazanırdı. Amma bu, evin xərclərini təmin etmirdi. Nə olursa-olsun, bir iş tapmalıydı. Yoxsa evin əşyalarını satmaq məcburiyyətində qalacaqdı. 

Bu gün bazara aparmağa da bir şey olmadığından, yeməyini yedikdən sonra bəlkə kimsə bir iş verər ümidi ilə kənd çayxanasına tərəf yollandı. Elə təzəcə çatmışdı, gördü Haşım kişi uzaqdan iti addımlarla gəlir. 

- Salam, Haşım dayı. Səndən nə əcəb? Yolun bu tərəflərə düşməzdi axı. 

- Əleykum-salam. Elə sizə tərəfə gəlirdim. Həyətdə bir az işim var, dedim bekarsansa, onu görək.

- Bekaram. Elə 10-15 gündü evdə oturmuşam. Nə işdi elə?

- Əslində iş bir az ağırdı. Bilmirəm, razılaşarsan, ya yox. Yolda 100-150 kisə qumum var, onu həyətə daşımaq lazımdı.

İş ağır olsa da, Adəmin razılaşmaqdan başqa çarəsi yox idi. Cibində 1 manatı belə qalmamış, əlində-ovucunda nə vardısa, xərcləyib qurtarmışdı. Bircə anasının pensiyasına ümidliyidi, onun da vaxtına azı yüz il vardı. 

Haşım kişinin evi isə kəndin lap yuxarısında yerləşirdi. Burdan o tərəfə artıq kəpirli dağlar başlayırdı. Elə ki güclü yağış başladı, su dağın bütün daş-kəsəyini yığıb həyətə gətirirdi. Yaşı yetmişi haqlayan Haşım kişi də hər yağış yağandan sonra 2-3 gününü bağın daş-çınqılını təmizləməyə sərf edirdi. Ata-baba yurdu olduğundan satıb köçməyə də əli gəlmirdi. Satmaq istəsə belə, guya kənddə buranı kim alacaqdı?! Heç kəs bu dağ başında yaşamaq istəməzdi. Qonşularının da çoxu köçüb getmiş, Haşım kişi kimi beş-altı yaşlı adam, iki-üç cavan qalmışdı. 
Daha yaş da o yaş deyildi ki, səhərdən-axşama qədər işləsin. Bir az torpaqla əlləşəndən sonra təngnəfəs olur, saatlarla ağacın altına qoyduğu dəmir çarpayısında uzanırdı. Həyəti hər dəfə təmizləməkdən o qədər zara gəlmişdi ki, nə olur-olsun buna bir əncam çəkməliydi. Ələlxüsus belə qərara gəldi ki, daş-çınqılın qabağın almaq üçün həyətin yuxarısına bir hasar çəksin. Bunun üçün qum sifariş vermiş, amma həyətə maşın girmədiyindən gətirib yolun kənarına boşaltmışdılar. İndi kisələrdəki bu qumu dar yolla həyətə daşımaq lazım idi. Amma buna Haşım kişinin gücü çatmazdı. Əvvəl qonşu Müzəffərlə 30 manata razılaşmışdı ki, eşşəyi ilə daşısın. Amma eşşək onu yarı yolda qoymuşdu. Bir-iki ayaqdan sonra heyvan yerə yapışmış, iş də yarımçıq qalmışdı. Sabah ustası gələcəyindən Haşım kişi əlimyandıda qumu içəri daşımalıydı. Kənddə də Adəmdən başqa bu işi heç kəs boynuna götürməzdi. Ona görə Adəmin sorağıyla evdən çıxmışdı. Adəm də bir tərəfdən iş tapdığı üçün sevinir, o biri tərəfdən işin ağırlığı gözünə dururdu. 

Qolunu çırmalayıb işə başlayanda artıq gün günortanın yerinə gəlmişdi. Günəşin yandırıcı şüaları get-gedə sərtləşir, onsuz ağır olan işi bir tərəfdən də isti hava çətinləşdirirdi. İşlədikcə fikirləşirdi ki, bəlkə də başqa vaxt olsa, razılaşmazdı. Amma uşaq da bu gün-sabah məktəbə gedəcəkdi; ona əyin-baş almaq lazım idi.

Xülasə 4-5 saata eşşəkdən geri qalan qumun hamısını daşıyıb həyətə tökdü. Artıq günün sonunda elə yorulmuşdu ki, belini güclə dikəldirdi. Səhərdən bu qumu necə daşıyacağı fikri ilə narahatlıq keçirən Haşım kişi isə olduqca məmnun görünürdü. İşin axırında Adəmə 35 manat pul uzatdı. Amma o, çox olduğunu deyib, bir hissəsini qaytarmaq istəyəndə, Haşım kişi zarafatla, "bu işi eşşəklə 30 manata razılaşmışdıq. Amma yarıda imtina elədi. Halal xoşun olsun”, - deyib gülə-gülə pulu Adəmin cibinə basdı. O isə sağollaşıb səndələyə-səndələyə yola düzəldi. Üst başı toz-torpaq içindəydi. Aşağıdan da Professor Həmid gəlirdi. Səliqəli geyimdə, diplomatı da əlində. Ayaması "professor” olsa da, elmlə yaxından-uzaqdan əlaqəsi yox idi. Həmid həyətlərdə quyu qazardı. Amma səliqəli ağ kostyumu və iş paltarlarını qoyduğu diplomatı ilə uzaqdan professora oxşayırdı.

Evə çatanda artıq qaranlıq düşmüş, bütün ailə süfrə başına toplaşmışdı. Adəm əlləri titrəyə-titrəyə qazandığı 35 manatı yoldaşına uzadıb, yorğunluqdan qapının ağzındaca yerə sərildi. 
Kənddə isə artıq yeni ayama yayılmağa başlamışdı. Daha doğrusu ilk dəfə birinin ayaması dəyişdirilmiş, "Pəhləvan Adəm” "Eşşək Adəm” olmuşdu. Bundan sonra kimin ağır işi olacaqdısa, yada "Eşşək Adəm” düşəcəkdi.


28/05/2020
Karantin günlərində