İsmayıl Rizvanoğlu - İsti hisslər

İsmayıl Rizvanoğlu - İsti hisslər

 


 

19.05.2015- ci ildə binada yanğın zamanı

dünyasını dəyişənlərin əziz xatirəsinə ithaf edirəm.

Hekayəmə başlamazdan öncə istərdim qısa bir girişi sizlərə təqdim edim. 19.05.2015. Səhər tezdən yuxudan oyanan kimi telefonumla facebook səhifəmə daxil oldum. Məlumatları gözdən keçirərkən "Bakıda növbəti yanğın” başılığna rast gəldim. Girib məlumatı oxuduğumda gördüklərimdən böyük əsəb keçirtdim. Hələ dünyasını dəyişənlər barədə heç bir məlumat yox idi. Məlumatları izlədim, bir qədər sonra isə... Saatlar keçdikcə özümə yer tapa bilmirdim.. Yaşlıların, gənclərin, uşaqların bir-bir ölüm xəbərlərini eşitdikcə, qəhərdən boğulur, göz yaşlarıma hakim ola bilmirdim. Hal-hazırda da özümü orda, istər fiziki, istər mənəvi zərər çəkənlərin yerinə qoyaraq fikirləşirəm " ya birdən belə bir hadisə mənim və ailəmin başına gəlsə idi necə?”... Təəssüflər olsun ki, çoxları həmin gün ki faciəni dərk etsə də, bəziləri buna ötəri yanaşdı.

 

*QEYD: Hekayəmi yazmaqla oxucularımın yaddaşında, bundan əvvəlki faciələr kimi məhz bu günün də daima yaşamasına çalışmışam. İndi oxuyacaqlarınızın isə həmin gün ki, hadisə ilə oxşarlığı olsa da, heç bir bağlılığı yoxdur. Yazılanlar sadəcə mənim təxəyyülümün məhsulu və fərdi yanaşmamdır. Diqqətinizə görə təşəkkür edirəm.

Həmişəki adəti üzrə Cəmil dünən gecə də çox içmişdi. May ayı olduğundan havalar artıq qızıb, Günəş öz şüalarını pəncərədən Cəmilin üzünə vururdu. Yerində bir qədər gərnəşəndən sonra qalxmağı düşünsə də başından qalxan küt ağrı ona bunu eləməyə imkan vermədi. Amma susuzluq da öz işini görürdü. Boğazını arıtdayıb yoldaşı Xəyaləni səslədi. Xəyalədən səs gəlmədiyini görüb məcbur oldu ki, ayağa qalxsın. Birtəhər yerindən sürünərək qalxıb qonaq otağına getdi. Anası Məlahətlə, qızı Aytən televizora baxırdı. Amma bu seyr etmədə bir fərq var idi, nənə öz sevimli türk serialına, nəvə isə serial arası reklamalara baxırdı. Gülümsəyərək bu mənzərəni pozmamağı düşünən Cəmil qərara gəldi ki, mətbəxə özü keçsin. Buna baxmayaraq yoldaşı Xəyaləni bir ər vəzifəsi olaraq soruşmağı özünə borc bildi.

-Mama..Mama...Xəyalə hardadı?

-Dükana düşüb bala, indi gələr, nəsə lazımdır?

-Yox..

Mətbəxə keçib susuzluğunu yatırdmağa can atsa da, birdən qarnından tutan sancıdan məqsədindən yayındı. Özünü cəld ayaqyoluna saldı. Başının ağrısı isə gecədən ləzzətlə içdiyi içkinin dadını onun burnundan gətirirdi.

Cəmil iyirmi altı yaşında uzun saçlı sadə biridir. Ailəlirdir, qızının 2 yaşı var. Yoldaşı Xəyalə 22 yaşlı evdar xanımdır. Atası çoxdan dünyasını dəyişib, anası isə 60-65 yaşlarında yaşlı , ibadət edən bir qadındır. O, yerli telekanalların birində montaj işçisi kimi çalışaraq ailəsini dolandırır. Tez-tez dostları ilə içki məclisləri qurduğundan yoldaşı Xəyalə ilə problemlər yaşayır. Amma buna baxmayaraq bacardığı qədər ailəsinə sadiq olmağı özünə borc bilir. Ara-sıra sərxoş olduğunda hekayələr, şeirlər yazmaq onun ən sevdiyi məşğuliyyətidir. Demək olar ki, gününün çox hissəsini evdən kənarda keçirtdiyindən də yoldaşı Xəyalə ilə daha bir problemlə, söz-söhbətlə üz-üzədir. Məncə burda Cəmilin tərcümeyi halını bitirsək yaxşı olar.

Artıq 30 dəqiqəyə yaxın olar ki, ayaq yolunda olan Cəmil birdən anasının səsinə ayılır. Özünü qaydaya salıb hamama keçir ki, yuyunsun. Anansının növbəti qışqırığından, cəld onlar olan otağa gedir. Məlahət xala eyvandan qaçaraq çıxıb, balaca Aytəni qucağına götürərək, ona nəsə dedisə də, amma Cəmil sərxoşluq sonrası olan baş ağrısı və yuxusuzluqdan bir şey anlaya bilmədi.

-Ana, nə olub?

-Bala, deyəsən binada aşağı mərtəbə yanğındı. Tez ol Xəyaləyə zəng elə evə gəlməsin, yığış düşək aşağı.

Cəmil önəmsəməyərək eyvana yaxınlaşdığında anasının yenidən qışırığından geri döndü. Məlahət xala giriş qapısının ağzında dayanıb ağlayırdı. Qapıdan çöldə izdiham var idi. Kimisi aşağı qaçır, kimisi daha yuxarı mərtəbələrə qaçmağa çalışırdı. Alov getdikcə binanı öz ağuşuna aldığından, aşağı mərtəbələrə qaçmağa çalışan camaat, əksinə qaçaraq yuxarı qalxırdı. Cəmil artıq vəziyyəti başa düşdüyündən özünü toplayıb, yataq otağına keçib, cəld odeyalı götürərək hamama keçdi. Tamam islanmış odeyalla Aytəni qucağına alıb izdihama qarışdı. Liftin qabağına keçib düyməni nə qədər basdısa da, amma lift işə düşmədi. Yanğının təsirindən idi, ya da həmişəki texniki nasazlıqdan başa aça bilmədi. Cəmil fikirləşdi ki, bəlkə onlar da hamı kimi aşağı mərtəbəyə qaçıb canlarını qurtarsınlar, amma aşağıdan yuxarı getdikcə şiddətlənən alovu gördükdə fikrindən yayındı. Binanın ən yuxarı mərtəbəsinə qalxmağı düşündü. Geriyə döndüyündə anasını görə bilmədi. Məlahət xala evdən daha bir islanmış odeyal götürməyə qayıtmışdı. Aytən qucağında evə daxil oldu. Artıq yanğın mətbəxə keçmişdi. Cəld anasını səslədi, amma Məlahət xaladan cavab gəlmədiyindən otaqlara baş çəkməyə başladı. Birtərəfdən insanların ah naləsi, digər tərəfdən balaca Aytənin çığırtısı ona özünü toparlamağa imkan vermirdi. Buna baxmayaraq qonaq otağına keçməyi fikirləşdi, amma qucağında uşaqla dəhlizin alovunu yarıb keçmək mümkün deyildi. Artıq nəfəs kəsən tüstü onu boğmağa başlayırdı. Nə qədər çalışdı ki, alovu yarıb keçsin amma bacarmadı, çünki, qucağındakı balaca Aytənin vahiməli qışqırtısı ona bıçaq kimi sancılırdı. Sanki bu qızcığaz gözləri ilə yalvarırdı ki, "ata nə olar qoyma mən ölüm, nə olar..” Həyatında heç vaxt belə seçim qarşısında qalmayan Cəmil bu an üçün seçim eləməli idi...Cəmilin tüstüdən qızarmış və qaralmış sifətini göz yaşları yumağa başladı. Özünü bir təhər ələ alıb, balasını bağrına sıxaraq çölə qaçmaq istədi. Zəhərli tüstü hər iksini boğurdu. Birtəhər balaca balasına sıxılaraq izdihama qarışmağa çalışdı. İnsanların qışqırıqları, ağlayaraq yardım istəməkləri, dəhlizdə olan yüksək hərarət onu tamam huşsuzlaşdırırdı. Başı gicəllənməyə başladı. Özünü ayaqda saxlamağa çalışsa da birdən balaca Aytənə gözləri sataşdı. Məsum körpə artıq sakit dayanmışdı. Sağ əli ilə gözlərini silib son dəfə qızına baxdı. Balaca Aytən gözlərini həmişəlik yummuşdu. Cəmil istədi bağırsın, amma səsi çıxmadı. Ayaqları boşaldı. Dizi üstə çöküb, balasını bağrına basaraq hönkürtü ilə ağladı. Xəyallarından bu günə qədər yaşanan hər bir hadisə kadr - kadr keçməyə başladı. Uşaqlığı, məktəb illəri, Xəyalə ilə ailə qurması, Aytənin doğulmağı, dünən ki, dostları ilə deyib gülməsi, qızı ilə qucaq-qucağa yatdığı anlar, Xəyalə ilə dalaşdığı vaxtlar, bu gün səhər ki gördüyü nənə-nəvə mənzərəsi, başını ara-sıra anasının dizinə qoyub onunla dərtləşməsi, hər şey, bütün xatirələr son dəfə onun beynində canlandı...

Hər tərəf bütünlüklə od içində idi, amma Cəmil yalnız üzünün yandığını hiss edirdi. Ətrafdakı səslər də artıq yox olmuş, hər yer sükuta qərq olmuşdu. Cəmilin göz qapaqları yumulmuş, ağır-ağır son nəfəsini alırdı. Birdən qucağındakı, balaca Aytənin "ata” deməsi onu ani olaraq həyata qaytardı sanki. Gözlərini açdığında otağına düşən Günəş şüaları onun üzünü yandırmağa başladı. Qızı Aytən isə başını Cəmilin qoluna söykəyərək ilk dəfə olaraq "ata” kəlməsini işlədirdi.

Cəmil dərindən köks ötürüb qızını bərk-bərk qucaqlayıb onun ətrini ciyərlərinə çəkməyə başladı.

-Can ata.. can ata.. Ata deyən dilinə qurban sənin...

Ata qız bir-birinə sarılmışdılar. Cəmil göz yaşlarına hakim ola bilmirdi. Bir anlıq öz-özünə düşündü: "Görəsən bu göz yaşları nəyin nəticəsidir? "

Cəmil gözlərini tavanda bir nöqtəyə zilləyib fikirə getmişdi. Indiyə qədər vaxtının çox hissəsini evdən kənarda keçirtdiyinə görə özünü qınayırdı, söyürdü... Bir gün itirə bilcəyi hər şeyə görə peşmançılıq çəkəcəyini dərk elədikcə gözlərindən yaşlar yastığına damırdı. Sanki özünü yenidən həyata qaytarılmış, cəhənnəmi görüb gəlmiş biri kimi hiss edirdi. Qızını öpüb əzizləyərək, mobil telefonunda saata baxdı. Sonra isə həmişəki adəti üzrə facebook səhifəsinə daxil olaraq məlumatlara göz gəzdirdi. " Bakıda Yaşayış binasında dəhşətli yanğın” başlığını görəndə dərindən köks ötürüb, hönkürtü ilə ağlamağa başladı...

 

 

İsmayıl Rizvanoğlu

.