Mehman Qaraxanoğlu. İstedadin səmti… (Esse)

Mehman Qaraxanoğlu. İstedadin səmti… (Esse)

Əli Babazadənin bir neçə hekayəsini və iki yarımçıq romanından parçaları mənə gənc dostum Həmid Piriyev yollamışdı. Ardınca da çox istedadlı bir yazar olduğunu söyləmişdi. Həm də iki hekayəsi haqqında tanınmış tənqidçi və mətnşünas Cavanşir Yusiflinin "Ədəbiyyat qəzeti”ndə məqalə çap elətdirdiyini də xatırlatmışdı. 

Özüm social şəbəkədə xırda bir axtarış apardım və Cavanşir müəllimin həmin məqaləsi "Çexovun dəli etdiyi adamlar” adı ilə "Yapqaq. az” saytında rastıma çıxdı. Yazmağa fokuslananda belə mətnlərdən qaçıram, zira onların öz hakimiyyətini üstümdə bərqərar edəcəyindən qorxuram. Bəlkə də yanlış düşüncədir. Amma nə edim ki, beləyəm… Bu dəfə də özümə xəyanət etmədim. Amma çalışdım biləm ki, Cavanşir müəllim hansı hekayələrdən yazıb. Cümlələrin başı üstündən oğrun-oğrun boylanıb iki hekayənin adına rast gəldim. "Gecikmiş dəlilik” və "Bir payız noktürnü”. Ona görə də Əli Babazadədən oxuduğum ilk hekayədən – "Yağışlar şəhərinin kitabxanası”ndan başlamaq istəyirəm. (Belə çıxır ki, hələ başlamamışam…)
 


Bəri başdan hamıya məlum olan bir fikri təkrarlamaq istəyirəm: İstedad da maddi və mənəvi sərvətlərimiz kimi ümumxalq mülküdür. Həm də onlardan az qiymətli deyildir. Bizim bu sərvəti hansı səviyyədə qoruyub qoruya bilməməyimiz başqa söhbətin mövzusudur. Mənim fikrimi bilmək istəyənlərə isə deyirəm: Qoruya bilmirik! Hətta heç qoruya bilmirik! 

Əli Babazadəni oxuya-oxuya istər-istəməz bu cür pessimist fikirlər məndən əl çəkmirdi. Amma onu da deyim ki, bəzən özümüz də həmin fikirlərin xəfiyyə kimi arxamızca düşməsinə şans yaradırıq. Ola bilər ki, mətndəki təkliyimizdən qorxuruq…

İndi mən Əli Babazadənin mətnində təkəm… Amma yox, tək deyiləm, yağışlar şəhərinin kitabxanaçısı B.L.X. iləyəm. Verilmiş işarələri hərflərlə dolduranda Xorxe Luis Borxes alınacaq… 

Labirint, güzgü, yuxu effektlərindən gen-bol bəhrələnib özünün magik realizmini yaradan argentinalı dahi Xorxe Luis Borxesin (1889-1986) nəsr havası Əli Babazadənin hər bir mətnində dolaşır. Bu gənc istedad heç bir montaj və imitasiyaya yol vermədən çox rahat bir şəkildə öz mətnini qurur və adama elə gəlir ki, bu hava kənardan gəlib mətnlərinə daxil olmur, bunu çox təbii halətdə mətnin özü əmələ gətirir, necə ki, dəniz dalğanı özü yaradır və onun rəqsini dışa yansıdır. Burada reallıq irreallığa, müəyyənlik qeyri-müəyyənliyə, zaman zamansızlığa, məkan məkansızlığa bircə anda keçə bilir. 

Borxesin gənclik illərində çap etdirdiyi şeir kitablarınıdan birinin adı belədir: "O tərəfdə Ay”. Dahi argentinalı bütün həyatı boyu məlum olan tərəfləri deyil, məhz onun işıqları azalmış gözlərinə qarabasmalar kimi görükən məchul "O” tərəflərin Ayını bizə göstərməyə çalışmışdır…  

Diqqətəlayiq haldır ki, gənc Əli Babazadə də həyat gerçəkliklərinə sehrli bir bucaqdan baxır. O istədiyi vaxt yağışlar şəhərinin kitabxanasında qeyri-adi, çəkici və gözlənilməz fəndlərlə öz oyununu qura bilər. Bizim bu oyuna nə ad verəcəyimizin heç bir önəmi yoxdur, əsas odur ki, labirintvari bu oyun var, mövcuddur.
İyirmi ildən sonra nostalji nəm kitab qoxusunu "qoxlayan” müəllif rəflərdəki xronologiyanın əvvəlki kimi pozulduğunu görüb dilxor olur. Amma bu əhval pozuntusu müəllifə kömək edir ki, çox rahat bir şəkildə əvvələ qayıtsın. 

Kitabxanaçı B.L.X. bütün zahiri görünüş və batini aləmi ilə Borxesin özüdür. Təhkiyəçi Borxesin öz kitabını oxuyub qaytaranda onun özünün özünə verdiyi qiymət (yəni, B.L.X - nın) oxucunu heyrətləndirir:  "Xorxe Luis Borxesin bir kitabını təhvil vermək üçün masasının üstünə qoyanda B.L.X. eynəyinin üstündən kitabın adına nəzər salıb, zəndlə bir neçə an üzümə baxdı, bir qədər saymazyanalıqla, - hər halda onda mənə elə gəlmişdi, - yazı yazmağına davam edərək, sezilməz dərəcədə xəfif nifrətlə mızıldandı:
- Şarlatan...”. 

Cüvəllağı, haramzadə, fırıldaqçı, sehrbaz, avahtürüst və s. bu tip adamlar şarlatan adlanır. Gerçək Borxesdə bu keyfiyyətlərin hamısı var idi. O, bir saniyə əvvəl dediyi fikri danıb, tamamilə əks, ziddiyyətli fikir söyləyə bilirdi. Bu sahənin əsl peşəkarı idi. Sanki o bir neçə adamdan ibarət idi. Hekayədə o adamlardan birini də kitabxanaçı B.L.X. simvolizə edir. 

Müsahibələrinin birində Borxes deyirdi ki, şair təsəvvür etdiyinə inanmalıdır. Amma özü isə tək Allah bilirdi ki, buna əməl etmirdi. Fərqli bir realizm ortaya qoyurdu. Sanki Borxes  özü özü ilə də oyun oynamaq üçün üçün dünyaya gəlmişdi. O daha çox məğlubiyyətlərindən həzz alırdı.

Bu da məlumdur ki, o, roman yazmadı. Zənnimizcə, qorxurdu. Kiçik nəsr ərazisində elədiyi "şarlatanlıqlar”ı irihəcmli əsərlərində eləyə bilməzdi. Daha dəqiq desək, buna nəfəsi çatmazdı. Çünki qısa zaman sürəsində təlxəklik, sehrbazlıq, janqlyorluq eləmək rahatdır. Həm də istifadə olunan alətlər də buna hesablanır.  

Borxes metaforaya qarşı idi. Diqqətçəkici bir haldır ki, Əli Babazadədə də bu hal vardır. Biz də vaxtilə demişdik ki, hər hansı bir hekayəni metafora üzərində qurmaq çox təhlükəlidir. Metafora yazıçının əl-ayağını bağlayan bir ipdir. Yazıçı metaforik obrazın içərisindən real dünyaya gec qayıdır. Daha doğrusu, ləngiyir. Bu zaman mətnin sürəti də düşür. Lap sadə dillə desək, ipək yolda sürətlə gedən arabanın qarşısına çıxan bir maneədir metafora. Fərq orasındadır ki, həmin maneəni müəllif özü öz qarşısına atır… Niyə?! Çünki gözünə görünən obrazın ani cilvələrinə aludə olur… 

Kitabxanaçı B.L.X. ilə təhkiyəçinin arası Borxes üstündə dəyir. Çünki birincisi ikincisini rədd edir - vərəqləri sonsuz olan "Qum kitabı”na lağ eləyir. Necə deyərlər, Borxes Borxesə qarşıdır… Maraqlıdır ki, gənc nasir yaranmış situasiyanı ustalıqla təsvir edir. Özü sezdirməsə də, ikincinin tərəfindədir…

"Həqiqət yazmaq üçün bəxş olunmur...”. Hekayədən çıxan başlıca ideya budur. Borxesin də bütün həyat və yaradıcılığı bu ideyanın reallaşmasına xidmət edib. Maraqlıdır ki, Əli Babazadə də öz hekayəsini bu tezis üzərində qurur. Ümumən, onun digər hekayələrində də bu model işləyir. 

Götürək "Nihilist və maymaq göyərçinlər” hekayəsini. Burada da həqiqət yoxdur. Amma suallar və şübhələr vardır. "Şübhələr” kəlməsini "suallar”dan əvvəl də yazmaq olardı. Nə dəyişiləcək?! "İndi hara gedirik? Bütün günəşlərdən uzağamı? Dayanmadan yıxılmırıqmı? Önə, arxaya, sağa, sola, hər yerə yıxılmırıqmı? Hələ də yüksəklik və alçaqlıq qavramları mövcuddurmu? Sonsuz heçlikdə boş-boş gəzmirikmi? Sifətimizdə boşluğun nəfəsini hiss etmirikmi? Hava indi həmişəkindən daha da soyuq deyilmi? Gecələr daha çox qaranlıqlaşmırmı?”. Bu sualları Əl Babazadə deyil, Nitşe verir. İndi isə Əli babazadəni eşidək: "Nə idi o sual? Nəyə lazım idi? Kimə gərək idi? Bir etiraz? Bir şübhə? Bir qorxudanmı doğmuşdu? (Niyə qorxmuşdular?) Bir acıdanmı? (Acı niyə duymuşdular?) Bu acılar, qorxular, etirazlar, etiraflar niyə vardı?... Var olan hər şey niyə var? Var olanlar doğrudan da varmı?...”. Gödüyünüz kimi heç bir şey dəyişilməyib. Sualların qrammatikasında nəsə vardır. Məncə, tərcümədə Nitşe o "nəsə”ni də itirib… Əli Babazadəni də başqa dilə çevirsək, belə olacaq; suallar həmin dilin daşıyıcılarına bir köynək də yaxın olcaq… 

Fərqlər yoxdur! "Rok-barlarda sülənən” Hacı ilə onun (təhkiyəçinin – M.Q) arasında, əslində heç bir fərq yoxdur. Biz hamımız bir-birimizin içərisindən sıçrayıb çıxırıq. İşi-gücü lapdan kənara tullanmaq olan nihilist və maymaq göyərçinlər kimi: "Göyərçinlər dəstə ilə qanadlananda içimdəki adamlar uçub dörd tərəfə dağılışır, bir-iki dəqiqə özümlə tək qalıb rahat nəfəs alıram. Onda özümü Hacı kimi hiss edirəm. Rok-barlarda sülənən gülərüz gənc. Bir az kədərli”. 

Əli Babazadənin hekayələrində "deformasiyaya” uğramış həqiqətlər bir-birini təqib edir. Müəllif yaranmış çatları aradan götürmək üçün onlara elmilik qatır. Bu geniş imkanları ona magik realizm verir. Bu əlamətləri Azərbaycan nəsrində daha çox Kamal Abdullanın yaradıcılığında görürük.   

Biz bütün bunları, başlıcası, "Həqiqət yazmaq üçün bəxş olunmur...” fikrini təqdir edirik. Bu tezisə inanan yazıçı üçün birinci növbədə yazmaq rahat olur. Madam ki, həqiqət yazmaq üçün deyildir, deməli, hər bir mətndən mütləq həqiqət tələb eləmək doğru deyildir. Nyuton, Eyneşteyn, Heyzenberq, Lütfi Zadəni və sairəni xatırlayın. Müəllif həqiqətin yerinə öz təsəvvürlərini, xəyali gerçəklikləri və ya fantastik versiyalarını qoya bilər.

Yenidən qayıdaq "Yağışlar şəhərinin kitabxanası”na. B.L.X. şübhəni təhkiyəçinin qəlbinə salır. Müəllif də necə deyərlər, Borxesləşir, hər şeyə şübhə ilə baxır. Hətta oxuduğu romanlara da.
Hekayəyə başqa bir personajın gəlişi labüdləşir, bu, Sevda olur. Sevda da təsadüfü deyildir ki, kitabxanada "Qədim nağıllar”ı axtarır. Əslində, Borxesi! Oxucu bilir ki, kor kitabxanaçı kimi tanınan dahi Borxes dünyanın ən qədim kitablarının keşiyində idi. Kor və kitablar… Səhərdən ziddiyyətlərin kökünü axtarırıq; bu da kök!

Maraqlıdır ki, kartoçka yeşiyində kitabın adı "20 ildən sonra” kimi qeyd olunub. Avropaya təhsil almağa gedən Sevdanın Argentina səfirliyində işləyən tələbə yoldaşı ilə ailə qurub Buenos-Ayresdə yaşaması bizim Borxes barəsində şübhələrimizə son qoyur. Təhkiyəçi özü haqqında da bəzi ipucları verir. Sedaya vurulduğunu, ezoterika üzrə ən məşhur mürəxəssislərindən biri olduğunu, bugün, sabah professor olacağını və Höttöngen rəsədxanasında işlədiyini söyləyir. Otuz üç yaşında olmasına baxmayaraq, qoca kitabxanaçının vaxtilə dediyi sözlər onun yaddaşından silinmir. Artıq özü də dünyada sirrin mövcudluğuna şübhə ilə baxır. 

Hekayənin sonluğu da Boxessayağıdır. Əslində, Borxesin özü də öz labirintində azıb. Bunu təhkiyəçi ilə görüşən rus qadını Anna deyir. Annanın dediklərinə görə, həyatının son anları Borxes üçün dəhşətli olub. Yuxuda tez-tez diksinirmiş… 

Cəmi dördcə ay Borxeslə nigahda olan Anna deyir ki, Borxes təkcə özünə görə deyil, həm də minlərlə simvolik nəvələrinə, daha konkret desək, oxucularına görə də narahat imiş, onların da labirintdə azacağını narahatçılıqla dilə gətirirmiş: "Mən günahkaram, Anna...”. Bu da Borxesin son cümlələrindəndir. Borxes indi Annanın yuxusuna girib yazdıqlarının hamısının cəfəngiyyat olduğunu deyir və əsl kitabın sahibinə qaytarılmaması sürədə əzab çəkəcəyini dilə gətitir. Borxes yuxuda Annaya ona bukinistdən kitablar gətirən qoca şərqlidən danışır. "Şərqli kişi sonuncu dəfə mənə xəbərdarlıq edəndə demişdi ki, sənin yazdığın hər hekayəyə görə dünyada bir insan doğulur, çünki bunları kimsə oxumalıdır, hekayə dünyaya doğulubsa, burulğan kimi özünə yol açıb öz qəbrini tapmalıdır. Bu qəbir oxuculardır... Gələcəyin oxucuları...”.

Sonsuz sayda hekayələr həm də sonsuz sayda oxucu və qəbir deməkdir. Azmış oxucular – azmış qəbirlər… Borxesin son nigarançılığı buna görədir. Amma gecdir.
Müəllif Əli Babazadə də son cümləsinə qədər bizimlə Borxessayağı oyun oynayır. "B.L.X. 2017-ci ilin dekabrında öldü. Dəfnə çata bilmədim. Milçək masanın üzərindəki saralmış kartoçkanın üzərinə qondu. İstər-istəməz kartoçkaya göz atdım, siyahıdakı birinci kitabın adını oxudum: "20 il əvvəl...”. Xatırlayırsınızsa, bir az əvvəl "20 ildən sonra” idi…
Yekunlaşdıraq; bəzən ürəyimizcə olmayan informasiyalar da bizi yazmağa təhrik edir. Dostum Həmid bəy mənə son vaxtlar nədənsə Əli Babazadənin ədəbiyyatda görünmədiyini (Və ya belə oxuyaq: yazmadığını) deyəndə, açığı, pis oldum. Mətnin əvvəlində istedadın ümumxalq sərvəti olduğunu elə-belə dilə gətirmədim. Gerçəklikləri bu şəkildə görmək istedadını Tanrı hər kəsə müyəssər etmir… 

Qətiyyətlə deyirəm: Əli Babazadə "Turana qılıncdan daha kəskin, ulu qüvvət / Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” - deyən böyük Hüseyn Cavidin arzularını gerçəkləşdirməyə qadir olan çox sayda istedadlı Azərbaycan gənclərindən  və "Şərqin Borxesi” adlandırılan Kamal Abdulladan sonra nəsrimizin diafraqmasını magik realizm istiqamətində mümkün qədər genişləndirmək gücünə malik olan qələm sahiblərindən biridir…