Məşhur “Penguen” jurnalının rəssamı: “Karikatura hər zaman müxalifdir” – MÜSAHİBƏ+FOTO

Məşhur “Penguen” jurnalının rəssamı: “Karikatura hər zaman müxalifdir” – MÜSAHİBƏ+FOTO

Türkiyənin məşhur “Penguen" (Pinqvin) karikatura jurnalının yaradıcılarından biri, tanınmış karikaturaçı Erdil Yaşaroğlunun müsahibəsi

…Obrazlar şirin-şəkər. Sözlər onluğa dəymiş güllə kimi – ürəkdən tikan çıxarır. Amma bəzən qəhqəhə çəkib gülə bilmirsən. Həqiqət, bilmədən ağzına atdığın acı bibər kimi nəfəs yolunu tutur. Əsas odur ki, mesaj verilib və artıq ünvanına çatıb. Sənə müəllifi ayaq üstə alqışlamaq qalır…

Qəhqəhə çəkdiyim üçüncü karikaturadan sonra artıq qərar verilmişdi: bu adamla söhbətləşməliyəm. Kiçik araşdırmaya ehtiyac vardı: kim bu Erdil Yaşaroğlu, lan? Facebook-dakı həvəskarlardan olmasın? Vay bə! Dünyadan xəbərim yoxmuş. Türkiyə adama hayran, biz burdan-bura tanımırıq!

Dərhal bir məktub yazıram. Günlər keçir, cavab yox. Mən də boş dayanmıram, vaxt tapdıqca araşdırıram. Hərdən də düşünürəm ki, yəqin razı deyil də, tanımır-eləmir, Bakıdan hay-həşir “jurnalistəm” deyib, məktub yazmış bir adama niyə müsahibə verməlidi ki?

Amma cavab gəlir. Ura! Erdil bəy müsahibəyə razıdır. Sualları göndərirəm. Bir az da giriş verirəm. Bakıda Facebook sayəsində çox izlənməsindən, sevilməsindən, canlı müsahibələrin daha yaxşı olmasından-filan danışıram. Arada türkcəmin fikirlərimi izah edə bilmək üçün yetərli olacağına ümid etdiyimi də deyirəm. Hər ehtimala qarşı. Və bir neçə gündən sonra tanımadığım adamla ilk sualı kəşfiyyat xarakterli olan müsahibəni həvəslə oxumağa başlayıram. İndi oxumaq növbəsi sizindir.
Tərcümeyi-hal:

1971-ci ildə doğulub. İlk karikaturalarını 12 yaşında çəkib. İlk peşəkar karikaturaları 1989-cu ildə “Günəş” jurnalında çıxıb. 1989-2002-ci illərdə “Limon”, sonrakı adı “Ləman” olan jurnalda çap olunub. Bir çox televiziya layihələrində yaradıcı qrupda çalışıb. 1999-cu ildə komikaze.net saytını yaradıb. 2002-ci ildə dostlarıyla birlikdə “Penguen" (Pinqvin)” jurnalını (penguen.com) açıb. 2010-cu ildə aktrisa Begüm Kütüklə ailə qurub.
- Müsahibə verməyi sevirsinizmi?

- Deyəcək sözüm varsa, sevirəm. Yeni kitabım çıxıbsa, yeni layihəm başa çatıbsa, bu barədə danışmaq maraqlıdır. Təbii ki, gördüyüm işi tanıtmalıyam. Karikatura kütləvi sənət sahəsidir. Özümçün çəkib saxlasam, heç kimə xeyri dəyməz.

- Bloqunuzda oxuculardan biri sizi “günümüzün Molla Nəsrəddini” adlandırmışdı...

- Molla Nəsrəddin özü zarafat edən bir obrazdır. Amma mən özüm zarafatcıl deyiləm. Karikaturalarım daha gülməlidir. Molla Nəsrəddin yüz illərdir tanınan və çox sevilən bir yumor ustasıdır. Belə adlanma Mollaya bir az haqsızlıq olar.

- Molla Nəsrəddin dedim, yadıma 100 il əvvəl çap olunmuş bizim “Molla Nəsrəddin” jurnalı düşdü. Bu jurnal barədə məlumatınız varmı?

- Hə, əlbəttə eşitmişəm. Bir-iki nömrəsini də görmüşəm.

- Eyni vaxtda çox uğurla bir neçə iş görürsünüz. Bu qədər vaxtı haradan tapırsınız?

- Gördüyüm heç bir işi iş saymıram. Hamısı mənimçün hobbidir. Karikatura çəkməkdən yorulanda dincəlmək üçün heykəl düzəldirəm. Heykəl düzəltməkdən yorulanda bir az yazı yazıram. O da yoranda şəkil çəkirəm. Günün sonunda 15-20 saat işləmiş oluram. Amma heç də çox işləmiş kimi hiss etmirəm özümü.

- Karikaturalarınızda söyüşdən gen-bol istifadə edirisniz. “Lazım olan yerdə söyəcəksən, həmin anı ifadə edir” deyirsiniz. Lazım olan yeri necə hiss edirsiniz?

- Karikatura cəmiyyəti bütöv şəkildə əks etdirir. Nə az, nə çox. Həyatımızda söyüş var. İstifadə edirik. Karikaturalarda istifadə etməsək, saxtalıq olar. Nümunə gətirə bilərəm. Filmdə qəhrəmanın uşaqlarını öldürürlər, arvadını zorlayırlar, şirkətlərini əlindən alırlar, adam çevrilib kameraya deyir ki, lənət olsun! Amma o pis adamlar ən azı ağır bir söyüş eşitməlidirlər axı. Qəhrəmanın çevrilib “lənət olsun” deməsi səhnənin bütün duyğusunu məhv edir, həmin anı saxtalaşdırır. Karikatura saxtalığı həzm edəcək bir yer deyil.

- Yaxşı bir karikaturaçı olmaq üçün daha çox nə etmək lazımdır: çox oxumaq, çox gəzmək, çox düşünmək?

- Karikaturanın mövzusu hər şeydir. Hər şey haqqında bir az məlumatlı olmaq lazımdır ki, karikatura dünyan zəngin olsun. Bunun üçün də çox gəzmək, çox oxumaq, çox müşahidə etmək, çox söhbət etmək təbii ki, faydalıdır. Ən əsası, karikaturanı çox sevmək lazımdır. Çünki bir şeyi çox sevəndə onun üçün çox işləyirsən. Çox işlədiyin yerdə isə uğur qaçılmazdır.

- Gün ərzində neçə karikatura çəkirsiniz?

- “Penguen” jurnalı üçün 12-13 karikatura çəkirəm. Bunları çəkmək üçün də təxminən 30-a qədər mövzu tapıram. Ən yaxşılarını çəkirəm, digərləri gedir zibil qutusuna.

- Karikaturalarınıza görə təhdidlər eşitmisiniz, məhkəmələrə çıxmısınız. Belə bir vəziyyət işinizə necə təsir göstərir: daha da inadcıl olursunuz, yorulursunuz, yoxsa daha çox əsəbiləşirsiniz?

- Karikatura həmişə müxalidfir. Bu səbəbdən də iqtidarları əsəbiləşdirir. Bu iqtidarın mütləq hökumət olması vacib deyil. Baş qərargah da bizim üçün iqtidardır, müxalifət partiyası da. “Görəsən, başıma nə gələcək” düşüncəsiylə çəkməyə başlasam, heç nə çəkə bilmərəm. Əsasən siyası karikaturalarıma görə problemlərim olur. Yaşadığım hadisələrə, adamlara əsəbiləşdiyim üçün çəkirəm. Əsəbiliklə, amma sakit şəkildə çəkirəm. Beynimdə yalnız bir sərhəd var: təhqir. İnsanları təhqir etmədən sona qədər gedirəm.

- İnadcıl olduğunuzu solaxaylığınız da ələ verir…

- Solaxaylar inadcıl olurlar?

- Elə deyirlər.

- Bilmirdim. Amma bildiyim bir şey var: “Pinqvin” jurnalındakı karikaturaçıların yarısı solaxaydır.

- Sizcə, karikatura üçün hansı mövzu heç vaxt bitməyəcək?

- İnsanoğlu bütün problemlərini həll etsə də, özüylə olan problemlərindən heç vaxt qurtula bilməz.

- Karikaturaçının müxalif mövqeyi qədər onun ədalətli olması da şərtdir. Ədalətsiz karikaturaçı ilə rastlaşmısınızmı?

- Təbii ki. Amma onlar bu aləmdə çox duruş gətirə bilmirlər. Çünki oxucu ədalətsiz karikaturaçını dərhal hiss edir və rədd etməyə başlayır.

- Facebook əyləncəlidir deyirsiniz. Nəyi?

- Sosial mediada - Facebook, Twitter və digərləri, əylənirəm. Oxuculara bu qədər yaxın olmaq çox əyləncəlidir. Əvvəllər sadəcə imza günlərində və görüşlərdə toplaşa bilirdik. İndi hər dəqiqə birlikdəyik. Bu qarşılıqlı məlumat seli mənə çox şey verir.

- Türkiyənin karikatura tarixinə nəzər saldıqda necə bir nəticəyə gəlmək mümkündür: nə etməliydi, nə edə bildi və nə etməkdədir?

- Türk karikaturası XIX əsrdən günümüzə qədər zəngin bir yol keçib. İlk satira jurnalı “Diogen” XIX əsrin sonlarında işıq üzü görüb. Uzun bir tariximiz var, indi danışa bilmirəm. Amma bizim üçün dönüş nöqtələrindən biri Oğuz Aralın əfsanəvi “Qırqır” jurnalını (Azərbaycan türkcəsinə “Lağlağı” kimi tərcümə oluna bilər – J.İ.) yaratmasıdır. “Qırqır”la birlikdə karikatura çox geniş kütlələrə çatmağa başladı. Az qala bütün ölkənin oxuduğu “Qırqır” jurnalının dəst-xəttinə günümüzün jurnallarında da rast gəlmək mümkündür. Bütün satirik jurnalları izləyirəm. Sənətim olduğu üçün deyil, yaxşı satira oxucusu olduğum üçün.

- Türk karikaturası dünya karikaturası ilə ayaqlaşa bilirmi?

- Türk karikaturaçılarının dünyayla ayaqlaşmaq problemi yoxdur. Biz əsasən yerli satira yazırıq. Öz cəmiyyətimizi ifadə edirik. Karikatura sahəsində uğur qazanmış bir ölkəyik. Yerli satira yazsaq da, dünya miqyasında karikaturaçılarımız var.

- Təxminən bir ay əvvəl eşitdik ki, dünyada ən böyük karikatura Türkiyədə çəkilib və Ginnesin rekordlar kitabına salınıb…

- Elədir. Dünyanın ən böyük karikaturasını çəkməyə qərar verdikdən sonar digər böyük rəsmlərə baxdım. “Bəlkə yadplanetlilər çəkib?” deyilən əfsanəvi rəsmlər var. Əkin çevrələri, Naskadakı rəsmlər-filan. Həmişə kosmosdan bizə mesaj gəlir, bu səfər də biz kosmosa bir mesaj göndərək dedim. Yadplanetlilərin çəkdiyi güman edilən o cizgilərə ironiya olsun deyə belə bir karikatura çəkdim. “Kosmosa sözümüz var” adlı layihəyə “Samsung Türkiye” sponsorluq etdi. Bu karikaturanı 70 adam bir ay ərzində hazırladı. Dünyanın ən böyük karikaturası 10.952 kv.m. ərazidə çəkildi. Ginnesin kitabına düşdüyü üçün də çox sevindik. Orada bir park salınacaq. Biz 4000 ting əkdik. Eyni zamanda, galaksiyenotumuzvar.com saytında da bir kampaniya başladıq. Bu aksiya vasitəsilə hər adamın bir ağac əkməsini təbliğ edirik. Çox yorulduq, amma hesab edirəm ki, gözəl bir iş gördük.

- Bəs məşhur “Pinqvin” necə başa gəlir?

- Jurnalın ab-havası bizimçün çox özəldir. Kənar adamın gəlməsini istəmirik. Öz aralarında əylənən dəcəl uşaqlar kimiyik orada. Birlikdə işləməyi sevirik və bütün işləri son dəqiqəyə saxlayırıq. Jurnalın çapa getdiyi günün gecəsi ofisdə qalırıq. Əsasən son dəqiqədə təhvil veririk jurnalı. Buna görə də, “Pinqvin” bir çərşənbə günü çıxır, bir də cümə axşamı. Üz qabığını və siyasi səhifələri həmişə birlikdə hazırlayırıq. Bir masanın ətrafına toplaşıb əlimizə keçəni yeyə-yeyə müzakirələr aparırıq. Sonra hamı masasına keçir və öz köşəsinin çəkməyə başlayır. Təbii ki, səhərə qədər həm də söhbət edirik.

- “Pinqvin”in nəşr gününü gözləyən çoxdurmu?

- Türkiyənin ən çox satılan jurnallarındandır “Pinqvin”. Yalnız satirik jurnallar deyil, bütün jurnallar arasında. İnternetdə, mobil telefonda, planşetlərdə də oxunur. Onları da saysaq, milyondan çox oxucumuz var. Türkiyə gənc bir ölkədir. Və burada gənclər karikaturanı sevirlər.

- Karikaturalar çoxaldıqca “Kamikadze” kitablarınızın da sayı artır…

- 15 “Kamikadze” kitabım var. 1-2 ildən bir yeni kitab çıxarıram. Jurnaldakı karikaturalarımı bu kitablara toplayıram. Jurnal oxunur, atılır. Kitab isə qalır, təkrar-təkrar oxuna billir. Buna görə də kitabları sevirəm. “Kamikadze”dən başqa, bir “Marlon”, 4 dənə də cib kitabım var.

- Karikaturalarınızda niyə toyuqlar çoxdur?

- Çünkü toyuqlar gülməlidir.

- Facebook sayəsində Bakıda oxucularınızın sayı sürətlə artmaqdadır. Bəlkə burada bir sərgi açasınız?

- Bakıda karikaturalarımın oxunmasına çox sevinirəm. Hər bir oxucuma təşəkkür edirəm. Ümid edirəm, gələcəkdə bir sərgi açmaq və oxucularla görüşmək imkanım olacaq.

- Azərbaycanla bağlı ağlınızda karikaturalıq bir mövzu varmı?

- (gülür) Hazırda yoxdur.

- Oxucularımız bizə irad tuta bilərlər: “Hər şeydən danışdınız, şəxsi həyat qaldı…”

- Şəxsi həyatımdan danışmağı sevmirəm. Özümün deyil, karikaturalarımın ön planda olması məni sevindirir.

- Yaxın gələcəkdə oxucular sizdən nə gözləsin?

- İndi tammetrajlı bir cizgi filmi üzərində işləyirəm. Onu bitirdikdən dərhal sonra səhnə üçün müzikl layihəsinə başlayacam.

Jalə
ANN.Az

[gallery link="file" columns="2" orderby="title"]