Musa Yaqub oxucularının görüşünə yeni kitabla gəldi

Musa Yaqub oxucularının görüşünə yeni kitabla gəldi

Xalq şairinin "Gərək bu sözümü daşlara yazam” kitabını Mədəniyyət Nazirliyi çap etdirib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Xalq şairi Musa Yaqubun şeirlərindən ibarət "Gərək bu sözümü daşlara yazam” adlı yeni kitabını çap edib. 

Kitab şairin 80 illik yubileyi münasibətilə işıq üzü görüb. Nəfis tərtibat və yüksək dizaynla çap olunmuş "Gərək bu sözümü daşlara yazam”da ustad şairimizin gənc yaşlarından indiyədək qələmə aldığı, dillər əzbərinə çevrilmiş çoxsaylı şeir və poemalarının bir qismi toplanılıb. 500 tirajla 456 səhifədə çap olunmuş kitab Renesans-A çap evində işıq üzü görüb. Buraxılışa məsul nazirliyin əməkdaşları Aslan Cəfərov və Ələddin Əsədzadədir. 
 
Kitaba ön sözü filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə (Daşlara yazılan söz) və kitabın redaktoru, jurnalist-publisist Nəzirməmməd Zöhrablı (Şairlik Yaradandan payıdı Musa Yaqubun) yazıb. 

Şairin yaradıcılığının böyük bir qisminə - əsas komponentlərinə ekskurs sayılacaq nəşr şeirlərdən ibarət beş hissəni və poemalar adlı bir bölümü əhatə edir. 
Mədəniyyət Nazirliyinin xəttilə ölkəmizin bütün kitabxanalarına paylanacaq poetik nümunə həmçinin hər bir soydaşımızın da stolüstü kitabına çevriləcəkdir.