Nicat Həşimzadə - Dionis unutqan, Hermes satqın

Nicat Həşimzadə - Dionis unutqan, Hermes satqın

o sonuncu təbəssüm 
sənin tükənən sevgin,
mənim yeni sevgili axtarışım idi. 
o sonuncu sevişmə 
bəşərin kədərinə hamilə qaldı,
sərxoş dünya küçələşdi
o sonuncu pıçıltıdan
bətninə enən həyat
mənim ölüm hökmüm idi.
o sonuncu gecə
Afrodita kor şair Homerin ayaqlarını yuyanda
sən ruhumda əriyib toza çevrildin.
o sonuncu həbs
məni zindana aparanda
son dəfə tənhalaşdım.
əlin əlimə dəymədən,
dodağın dodağıma toxunmadan
qucaqlaşmadan sadəcə baxışlarla sevişmək
unudulmağını gecikdirdi, amma sadəcə gecikdirdi
çox da işə yaramadı.
O sonuncu şənlikdə
Dionis şərab süzməyi unutmuş,
Hermes silahdaşlarını satmışdı
o sonuncu gecədə
həyat davam etmirdi, heç ölmürdü də
sadəcə əbədi olmayan ömrümdə
müvəqqəti sükuta dalmışdı