"Qaraqan bunu bir qədər bacardı"

"Mercedes yerindən elə götürüldü ki, elə bil, at örkənini qırıb qaçdı”  

"Oxuzalı.az” Ədəbiyyat Portalının keçirdiyi "Ədəbi Azadlıq” müsabiqəsinin "20-liyi”nə düşmüş hekayələrdə kənd mövzusunun üstünlük təşkil etməsi yeni müzakirələrə səbəb olub. Müasir Azərbaycan ədəbiyyatında yazıçılar niyə görə kənd mövzulu mətnlərə üstünlük verirlər? Şəhər ədəbiyyatı bizdə niyə geniş şəkildə yayılmayıb? Bu suallara cavab tapmaq üçün yazıçılarımıza müraciət etdik.  

"Qaraqan şəhər ədəbiyyatı ilə oxucu toplaya bilib”  

"Zero” nəşriyyatının sədri, şair Zahir Əzəmət : "Şəhər mövzusu 60-cı illərdə epizodik şəkildə bir neçə yazıçının əsərlərində göründü. Sonradan müstəqillik dövründə bir neçə hekayədə və kiçik mətnlərdə özünə yer tutdu. Bilirsiniz yazıçılarımız hər hansı bir şəkildə kəndə bağlıdırlar. Çünki yaşamadığın həyatı yazmaq çətindir. Şəhərdə yaşasaqda uşaqlığımız, xatirələrimiz daha çox kəndə bağlıdır. Hətta bizim gənc yazıçılarımız belə şəhər ədəbiyyatından xəbərsizdilər. Onlar şəhərli insanın harda oturub-durmasından, hansı ağrıları keçirdiyindən məlumatsızdırlar. Bir az da dərinə getsək, görəcəyik ki, bizdə şəhər kültürünün tarixi qısadır. Buna görə də bizdə şəhər kinosu da, musiqisi də yoxdur. Bilirsiniz, bir də görürsən yazıçı "Mercedes”dən yazır, ancaq deyir ki, maşın yerindən elə götürüldü ki, elə bil, at örkənini qırıb qaçdı”. İstər-istəməz hiss edirsən bu adam kənd təfəkkürlü insandır. Bizdə az-çox Qaraqan şəhər ədəbiyyatı yazaraq öz oxucusunu toplaya bilib”.  

"Şəhər özü başdan-ayağa mövzudur”  

Şair Fərhad Yalquzaq şəhər ədəbiyyatının ləngidiyini düşünür: "Baxmayaraq ki, şəhər mühitində yazılası çox mövzu var, şəhər ədəbiyyatı bizdə hələlik iməkləyir. Təkcə rayondan olan yazarlar deyil, həm də öncədən şəhərdə yaşayan yazarlar da nədənsə təndir, nənə, kənd, mal-qara mövzusundan əl çəkə bilmirlər. Seymur Baycan, Əli Əkbər bu tendensiyanı dağıtmağa çalışan yazarlardandır. Mən özüm peşəkar yazar olmasam da öz yazılarımda kənd mövzularına yer ayırmıram - mənim üçün şəhər özü başdan-ayağa mövzudur. Təndir çörəyini, quzu kababını xoşlayıram, ancaq bu mənim üçün yalnız yemək mövzusu ola bilər, yazı mövzusu deyil. Yəgin ki şəhər mühitində çox darıxan yazarlar kənd mövzusunda yazmaqla haradasa bir balaca sürətli, səsli-küylü urbanistik həyatdan canlarını qurtarırlar”.  

"Böyük ədəbiyyatda bu bölgülər ikinci plandadır”  

Firuz Mustafa böyük ədəbiyyat anlayışına diqqət çəkmək lazım olduğunu dedi:"Şəhər ədəbiyyatı, kənd ədəbiyyatı bölgüsü əslində nisbi səciyyə daşıyır. Bu terminlər rus ədəbiyyatşünaslığından, daha doğrusu rus ədəbiyyatşünaslarından götürülüb. Ruslarda əksəriyyət tərəfindən belə bir fikir qəbul olunub ki, onlarda şəhər ədəbiyyatı kəndlə müqayisədə daha güclüdür. Rus kənd ədəbiyyatına adətən Şukşin, Rasputin, Belov, Astafyev aid olunur. Digər rus yazıçıları, məsələn, Bulqakovdan başlamış ta Fedinə, Yuri Trifonovdan tutmuş Tatyana Tolsayaya qədər şəhər ədəbiyyatı nümayəndəsi hesab olunur. Amma rus tədqiqatçıları bu cür bölgünü klassiklərə şamil edə bilmirlər. Məsələn, Tolstoyu, Tugenevi, Çexovu, Qorkini... nə şəhərə, nə də kəndə aid edə bilirlər. Yalnız arabir Dostoyevskini "peterburqun mahir təsvirçisi” kimi təqdim edirlər. O ki, qaldı bizim ədəbiyyata... Bizdə şərti olaraq kənd ədəbiyyatı deyilən anlayış bir növ rusları imitasiya etməkdən irli gəlir. Amma orası da var ki, bizdə doğrudan da kənd mövzusunda olan bədii mətnlər şəhər mövzusu ilə müqayisədə daha çoxdur. Səbəb sadədir: əvvəla, Sovet dövləti kəndə şəhər mədəniyyəti şüarını irəli sürmüşdü, bu mövzunu diqqətdə saxlayırdı. Çünki dövlət aqrar təsərrüfatdan sənayeyə keçmək istəyitdi, bu sahədə çalışan mədəniyyət adamlarından da dəstək almağa çalışırdı. İkincisi, burada subyektiv amillər də əsaslı rol oynayırdı. Yəni heç kəsə sirr deyildir ki,kənd mözusunda yazanlar, yəni kənddən şəhərə gələn yazıçıların sayı o dövrdə, əsasən də ikinci dünya müharibəsindən sonra xeyli artmışdı. Əlbəttə, böyük ədəbiyyatda bu bölgülər ikinci plana keçir, dediyim kimi, nisbi məziyyət daşıyır. Ön planda olan əsl böyük ədəbiyyat, böyük ilhamla yazılmış kamil ədəbi mətndir”. "Kənddəki buzovlara bənzətmələr etməklə bu iş olmaz”   Şairə Aytən Nəsibbəyli isə yazıçıların aqrar təfəkkürdən çıxa bilmədiklərini dedi:"Məncə bizim yazarlar nə qədər qara "kurtka”nı dəyişsələr də, hələ aqrar təfəkkürdən çıxa bilmirlər. Kənd təfəkküründən çıxa bilmirlər. Bu cür düşüncə tərzi ilə, mental yanaşma ilə şəhər ədəbiyyatı yaratmaq olmaz. "Underground” ədəbiyyat yaradıram deyib, kənddəki buzovlarlara bənzətmələr etməklə bu iş olmaz”.  

"Bizdə Anar bu istiqamətdə işlər görüb”  

Gənc yazıçı Rüfət Əhmədzadə özünü şəhər ədəbiyyatının nümayəndəsi hesab edir: "Şəxsən özümü şəhər ədəbiyyatının nümayəndəsi hesab edirəm.Bizdə Anar bu istiqamətdə işlər görüb. Düşünürəm ki, bu gün ədəbi mühitdə daha çox bölgələrdən olan yazarlar üstünlük təşkil edir. Xatirələri və uşaqlıq təcrübəsi iz salıb. Həm də şəhər ədəbiyyatında ədəbi ifadə vasitələrində heyvan və təbiət bənzətmələrini az istifadə etmək lazımdır. Bəzən görürsən ki, şəhər həyatından roman yazırlar, amma qızın gözlərini bulağa bənzədirlər, tarla bənzətmələrini nəsrə gətirirlər”.  

Rövşən DANYERİ 
teleqraf.com