Qulu Ağsəs:

Qulu Ağsəs: "Ədəbiyyat ya torpağın altındadı, ya da..." (MESAHİBƏ)

- Günümüzün ədəbiyyatında şeirin yeri hardadı? Bəs siz özünüz yaradıcılığınızı hansı bucaqda təsəvvür edirsiniz?
- Bu çox qəliz sualdı. Şeirin yerini axtarmaq ağlıma da gəlməyib. Çünki ümumiyyətlə, ədəbiyyatı heç bir vitrində görmürəm. Ədəbiyyat ya torpağın altındadı, ya da insanın əli çatmayan yerdə. O ayrı söhbətdir ki, bizdə nəzm həmişə nəsri üstələyib. Poeziyanın ənənəsi daha güclüdür. Bu ənənə çox qocadır. Amma köhnə deyil. Yəqin ona görə ölmək fikri yoxdur. Ola bilsin, haçansa poeziyanı da vitrinə qoyub satsınlar. Bu ancaq aptekdə ola bilər. Çünki gələcək insan nə vaxtsa ağrımamaqdan bezsə, yolunu dərman dükanından salmalı olacaq. Bax orda poeziyanı həb kimi sata bilərlər. Bəlkə yüz il sonra... Bəlkə min il... Bəlkə də yaxın vaxtlarda... Hələliksə poeziya adamları təkləyib məğlub etməklə məşğuldur. Kütləvi ədəbiyyatı qəbul eləmirəm. Öz yaradıcılığıma gəlincə, onun hansı bucaqda olduğunu yaxşı bilirəm. Bu, nə düz, nə iti, nə də kor bucaqdır. Onu hücrə adlandırmaq daha ədalətli olardı. Yazdıqlarım öz yerindədir. Heç kimin yerinə soxulmur, heç kəsi də yerinə buraxmır. Görərsiz! Siz görməsəz də, ağrıdan, həsrətdən, dərddən, nəşədən ötrü darıxacaq insanlar onu aptek vitrinində həb kimi görəcəklər.

- Müasir poeziyamızda daha çox səthilik hiss edilirmi?
- Səth - sənin toxuna bildiyin yerdir. Nəinki hiss etdiyin. Poeziyadakı səthilik nisbi anlayışdır. Baxır nə oxuyur və nə yazırsan. Tədbirlərdə, televiziyalarda, yaradıcılıq gecə-gündüzlərində özünü kütlənin, kameranın gözünə dürtən adamlar heç vaxt istedadlı yaza bilməzlər. Poeziyanın səthi onlardı. Reklam olunan, hətta təriflənən talantsızlar. İstedadsa o səthin üstündə dayanan adamdı, ayaqaltı yox. Onlara çox vaxt ayırmayaq. Onsuz da işə gedirik - rastlaşırıq, evə gəlirik - efirdən görürük, hətta bəzən üzüyumşaqlığından haqlarında bir-iki xoş söz də deyirik. Keçək növbəti suala.

- Şair olan gələcək hədəflərdən danışa bilər?
- Niyə də yox. Yazmaq, yazmaq, yenə də yazmaq.…

- Ədəbi gənclik sizdən hansı acı təcrübəni öyrənməməlidir, bu baxımdan tövsiyəniz?
- Yəqin ki, yersiz təvazökarlığı. Sadəlik həmişə adama başucalığı gətirmir. Bəzən kim olduğunu sillə kimi qabağındakının sifətinə çırpmalısan.

- Poema bir janr kimi ortada yoxdur, səbəbi?
- Ədəbiyyat indi monumentallıqdan uzaqdı. Adamlar vaxt tıxacında başlarını itiriblər. Hər şey var, vaxtsa tapılmır. Bu vurhavurda poema onsuz da oxunmayacaq. Ona görə poemanı da yazaq minacatın olduğu siyahıya.

- Həyatınızda ədəbiyyatdan daha əvvəl nə var?
- Ailəm, sevdiklərim. Onlar ədəbiyyatdan əvvəl olublar, sonra ədəbiyyat gəlib. Hərdən yerləri dəyişik düşür. Yazmaq istəyəndə hər şeyi unutduğum kimi, hamını da yaddan çıxarıram. Bax onda ədəbiyyatdan əvvəl heç kim və heç nə olmur.

- İlin sonuna yaxınlaşırıq. Bu ilin ədəbi uğuruna görə hansı ədəbi yazarımızı virtual Nobellə təltif edərdiniz?
- Nobel indi ədəbiyyatın qarınağrısına çevrilib. Hamı ödül almaq istəyir. Mənim sevdiyim yazıçıların 90 faizi Nobel mükafatçısı deyil. Yəqin çoxları belədir. Həm də bu ödül artıq siyasiləşib. Yazıçının mükafatı onun istedadıdır. Vəssalam.

- Şair üçün nasirləri tənqid etmək imkanı daim məhduddur? Nəsrimiz ədəbiyyatımızın zəif bəndidirmi?
- Nasirlər həmişə şairləri ələ salıblar. Pyes, hekayə, povest və romanlarda ən çox ələ salınan şair obrazıdır. Onlar bununla şairlərdən şeir yaza bilməməklərinin heyfini çıxırlar. Nəsrimiz, doğrudan da, zəif bənddir. Bu bənd çoxlu su saxlaya bilər. Amma göydən yağış tökən kimi daşıb aləmi batıracaq.

- Ədəbiyyat və televiziyamız... Bu gün onlar nə qədər «doğmadır»?
- Belə doğmalığı heç düşmənə də arzulamazdım. TV-lər ədəbiyyata nasir şairə baxdığından da pis baxır. Ədəbi proqramlar demək olar ki, yoxdur. Hərdən bir-iki yazarı efirə çıxarmaqla işlərini bitmiş sayırlar. Azərbaycan televiziyaları Azərbaycan ədəbiyyatına nifrət edir, desəm, bəlkə də çox tünd olar. Nifrət etmir desəm, az.

- Şairlik sizdən nələri aldı və nələri verdi?
- Rahatlığımı, gözümün işığını, çox şeyi, düzü. Amma verdiyi aldığından da çoxdur. Naşükür deyiləm.

Sabutay
"Mədəniyyət" qəzeti