Ramil Əhmədin

Ramil Əhmədin "Zaman tuneli" - FOTOLAR

Mart ayının 3-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Gənc Ədiblər Məktəbinin üzvü Ramil Əhmədin "Zaman tuneli” kitabının imza mərasimi keçirilib.

Kitab Azərbaycan Yazıçılar Birliyinin ayb.Kitab layihəsinin nəşridir. Layihənin rəhbəri Xəyal Rzadır. "OL” MMC nəşriyyatında çap olunan kitabın üz qabığında Pablo Pikassonun rəsmi verilib.

"Zaman tuneli” ayrı-ayrı məkanları, zamanları birləşdirir. Kitab 7 bölmədən və 77 şeirdən ibarətdir. Burada keçmiş və gələcək iç-içə keçirilib, ağ və qara arasında xətt pozulub. Hamı və hər şey sınıq güzgünün göstərdiyi kimi yüzlərlə hissələrə bölünüb. Müəllif bu parçalanmanı yaratmaqla oxucunu sonsuzluğa səyahətə dəvət edir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin rəhbəri, şair Xəyal Rza qonaqları salamladıqdan sonra ayb.Kitab layihəsi haqqında iştirakçılara məlumat verib: "Bu layihəni gerçəkləşdirməkdə məqsədimiz müasir oxucunun kitaba olan marağını artırmaqdır”,

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxışında gənc yazar Ramil Əhmədi ilk kitabının nəşrinə görə təbrik edib, onun yaradıcılığı haqqında öz ürək sözlərini söyləyib: "Ramil Əhməd 2015-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə "Gənclər mükafatı” ilə təltif olunub”.

Təqdimat mərasimində "Azərbaycan” dərgisinin redaktor müavini, f.e.d. Vaqif Yusifli çıxış edərək Ramil Əhmədə, onun simasında müasir ədəbi gəncliyə öz məsləhət və tövsiyyələrini deyib.

Tədbirdə Qəşəm Nəcəfzadə, Əkbər Qoşalı, Kəmalə Abıyeva, Qan Turalı, İbrahim İlyaslı, Emin Piri, Sona Yaqubova, Arzu Hüseyn və başqaları çıxış edərək Ramil Əhmədi ilk kitabının işıq üzü görməsi münasibətilə təbrik ediblər, gənc şairə gələcək yaradıcılıq işlərində uğurlar arzulayıblar.

Tədbirin sonunda çıxış edən Ramil Əhməd gənclərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkür edib, kitabını imzalayaraq oxuculara təqdim edib. //ayb.az