Rasət Pirisoyu. Keçmiş  Naqif  Gəncəli, indiki Seyfi Sadıxlı (Absurd hekayə)

Rasət Pirisoyu. Keçmiş Naqif Gəncəli, indiki Seyfi Sadıxlı (Absurd hekayə)

İnboksu  yenə də  Qürbət  Həmzəyevin başına  oyun açırdı... Artıq  bir saata yaxındı,  eyni xəbəri  kimlərsə  dalbadal  Qürbət Həmzəyevin  inboksuna  göndərirdi.  Qürbət Həmzəyev  də  deyinə- deyinə  inboksu xəbərlərdən  təmizləyirdi,  aradan üç-dörd dəqiqə keçməmiş  inboksun  qırmızı işığı  yenidən yanırdı və  Qürbət Həmzəyev  inboksu açıb yenidən  həmin xəbəri  inboksunda görürüdü.

Qürbət  Həmzəyev   feysbukda  özünə səhifə  açanda çox sevinmişdi.  Şəkillərinin içindən ən gözəlini  seçib  feysbukda yerləşdirmişdi .  Ürəyində feysbuku icad eləyənin atasına bir xeyli  rəhmət  oxumuşdu.  Fikirləşmişdi ki,  nə yaxışı,   feysbuk  var,  darıxanda   adamın  dadına  çatır.  Amma  sonra  görmüşdü ki, feysbukunda  öz xata-balası az deyil. Bir neçə  dəfə  feysbukda Qurbət  Həmzəyevə möhkəm sataşmışdılar. Qurbət Həmzəyev ona sataşanı nə qədər axtarsa da,  tapa bilməmişdi.  Eləcə qovrula - qovrula qalmışdı. «Meşə  çaqqalısız  olmaz !» deyib özünü birtəhər sakitləşdirmişdi.  Arada hətta  özünə  söz vermişdi ki,  bir də   feysbukdan  istifadə etməyəcək.  Söz vermişdi, amma sözünə əməl edə  bilməmişdi. 
Qürbət Həmzəyev hardan biləydi  ki,  feysbuk da  siqaret kimi,  narkotika kimi,  lap elə ivanovka çaxırı kimi  bir şeydir,  bir dəfə daddınmı,  bir də  dadmaq istəyəcəksən. 

«Kimdi axı bunlar?»  Qürbət Həmzəyev   inboksunu xəbər  atəşinə tutan xəbərçiləri   tanımaq  istəyirdi,  amma ha fikirləşirdi,  bir yana çıxara bilmirdi.  
Özü də bu xəbərçilər  nə yazsalar, yaxşıdır:  «Təcili:  Azərbaycan Istiqlal Partiyasının  sədri  Seyfi Sadıxlı polisə çağırılıb». 

Əşşi,  başa düşdük də!  
Başa düşüdük ki,  Azərbaycan Istiqlal Partiyasının  sədri Seyfi Sadıxlı polisə çağırılıb.

Nə olsun?
Nə böyük iş olub?
Bəs siyasətçi  nə üçündür?   Özü də müxalif siyasətçi!    Müxalif  siyasətçini  polisə  çağırarlar  da!   Daha yeyib-içməyə  çağırmazlar ki…

Deyəsən, bunların  dünyadan  xəbərləri yoxdu.  Atam,  qardaşım, günün günorta çağı   adamın  başına  tapança  dayayıb, nəyin ki, pul-parasını,  var - dövlətini, hətta şalvarını da əlindən  alırlar, heç cınqırını çıxara bilmir, bunlar  da söz tapıb:  «Təcili:  Azərbaycan İstiqlal Partiyasının  sədri Seyfi Sadıxlı polisə çağırılıb». 
Görünür,  Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlının cibi də  narkotika  həvəskarıymış.  Özü də təcili  narkotika ... 
 
Deyəsən, vallah bu  istiqlalçıların  heç Allahı yoxdu.  Heç kimə  yazıqları gəlmir; əşşi, bəlkə birinin  ürəyi xəstədir.
Bəlkə kiməsə  təcili xəbər çatdırmağın  xatası var.
Doğrudur,  bu  və  bu kimi  xəbərlər  Qürbət Həmzəyevin  heç vecinə   deyildi. Amma yenə də olsun. Mədəniyyət yaxşı  şeydir.
Qürbət Həmzəyev  onsuz da  siyasətlə  məşğul olmurdu.  Siyasətlə  məşğul olanlardan da zəhləsi  gedirdi. 

Qürbət  Həmzəyev  növbəti  xəbərı  silmək  istəyəndə   təzə olduğunu görüb   əl saxladı.  Xəbərdə deyilirdi : «Təcili:  Azərbaycan İstiqlal Partiyasının  sədri Seyfi Sadıxlı pasport  stola çağırılıb»  

Lap elə belə də  yazmışdılar: «….Seyfi Sadıxlı pasport stola çağırılıb»   

«Siz Allah, savadsızlığın  dərəcəsinə baxın e…»  Qürbət Həmzəyev  xəbərdəki  «pasport  stol»  sözündən  az  qala  əti ürpəşdi:  «Hələ bunlar özlərini   müstəqil  Azərbaycanın  qurucuları hesab  edirlər.  Amma bilmirlər ki,  «pasport  stol»  sözü  mənfur  SSRİ-dən qalma  sözdür.  Bu  sözdən imperiya  sapoqlularının qoxusu gəlir.  Nə «pasport» sözü  Azərbaycan  dilindədir,  nə də «stol»  sözü.  Azərbaycanda  pasportun  gül  kimi adi var:  «şəxsiyyət  vəsiqəsi» . Qürbət Həmzəyevin  bu sözdən çox xoşu gəlirdi.  

Qürbət Həmzəyev  pasportunu «şəxsiyyət vəsiqəsi»nə  dəyişəndə  əməlli - başlı  qürur hissi keçirmişdi;  fikirləşmişdi ki,  deməli,  o,  artıq  təkcə vətəndaş deyil, həm də  şəxsiyyətdir,   dövlət  Qürbət Həmzəyevin  şəxsiyyət   olduğunu  «şəxsiyyət  vəsiqəsi»  sözü ilə təsdiq edir.  Bundan gözəl nə ola bilərdi. Əsl müstəqillik elə bu deməkdir də!  
  
Qürbət Həmzəyev  indi qürur hissi ilə xatırlayır ki, onun mənsub olduğu  nəsil  «stola»  hələ  imperiya  vaxtında  qorxmadan, çəkinmədən,  hətta bəzən biclik işlədərək,   lap elə mənfur  imperiyanın  acığına   «masa»  deyirdi.  Lazım gələndə,  «stola»  hətta  «miz»  də deyən  tapılırdı.

Əslində  müstəqilliyi  Azərbaycana  Qürbət  Həmzəyevin  mənsub  olduğu nəsil gətirmişdi. Amma buna baxmayaraq Qürbət Həmzəyev özünü istiqlalçı hesab  eləmirdi. Özünə istiqlalçı deyənlərə də  birtəhər  baxırdı.  «Adama deyərlər», - Qürbət Həmzəyev özünə haqq  qazandırırdı  -  «əgər  sən belə istiqlalçısansa,  niyə səni  istiqlalçı kimi adam yerinə qoyan yoxdur, hə?...»  

Qürbət Həmzəyev xəbərlərin içində  istiqlalçıların savadsızılığını sübutа yetirən  daha  bir dəlil tapdı.  O, öz - özünə  fikirləşdi, yaxşı,  bir tərəfdən təcili xəbər göndərirsən, o biri tərəfdən də  xəbər yaymağın  prinsiplərini pozursan.  «Bəs xəbər  göndərəndə  adam   dəqiqlik prinsipinə əməl etməzmi?»   - Hardansa yaddaşında ilişib qalan bu «dəqiqlik prinsipi»  ifadəsi  Qürbət Həmzyevə ləzzət elədi. Hələ o, qərəzsizliyi və vicdanlılığı bir tərəfə qoyur.  «Bax elə tutaq ki, biri mən!... Mən bilmək istəyirəm,  sizin Azərbaycan İstiqlal Partiyasının  sədri  Seyfi Sadıxlını  hansı  pasport  stola çağırıblar?»  Xəbərdə  bu barədə  heç nə yazılmamışdı. 
Xəbər sirr içindəydi.
Onsuz da son vaxtlar yayılan bütün xəbərlər  axıra qədər deyilmir.
Xəbər sahibləri adamlardan mütləq nəyisə gizlədirlər.
Bəzən gülməli, bəzən qəribə, bəzən də qorxulu olan bu xəbərlər az qala  hər gün adamların kələyini kəsir
Şəxsən  Qürbət Həmzəyevin başı  bu xəbərlərdən  şişib qazana dönmüşdü. Təzə xəbər  eşitməmək üçün  Qürbət Həmzəyev  bəzən  nəyin ki  feysbukdan,  hətta  dost - tanışdan da qaçıb  gizlənirdi,  əl telefonunu söndürüb, kompüteri  vayfaydan  ayırırdı,  arada  iki -üç  ivanolvka çaxırı alıb, səhərdən axşama, axşamdan səhərə kimi bala-bala vururdu özü üçün.

Belə vaxtlarda  televizora  baxmaq da  Qürbət Həmzəyevə  ləzzət eləyirdi.   O,  bəzən  fikirləşirdi ki,   bu telekanalları bəlkə də elə  invanovka  içənlər  düzüb qoşur,  elə ona baxanlar da ivanovka içənlərdir.  Qürbət Həmzəyevin belə düşünməyə  tamamilə haqqı vardı.  Çünki  Qürbət Həmzəyev son vaxtlar  qəti  qərara gəlmişdi ki,  ayıq başla  televizora  baxmaq,  ən azı  ağrımayan başına dəsmal  bağlamağa bərabərdir.  Doğrudur,  bəzi şişkalar  hərdən Azərbaycan televiziyasına baxmağı  özlərinə rəva görmürlər.  Amma Qürbət Həmzəyev  özünu  o  şişkalardan   hesab etmirdi.  
Xeyr! 
Amma  Qürbət  Həmzəyevin ayıq başla  televizora baxmamasının bir səbəbi də vardı.  Məsələ ondaydı ki,  Qürbət Həmzəyev cavanlığında  bir balaca baz olmuşdu.  Çox - çox illər əvvəl  Yasamal  tərəflərdə evinə gedib gəldiyi bir arvad  vardı.  O arvad   eynən indi televizorda tez-tez  çıxış edən, dava salan,  şpaqat  açan  arvadlara oxşayırdı  və  ayıq  başla televizora baxanda  o arvad  gəlib dururdu Qürbət Həmzəyevin gözlərinin qabağında. Qürbət Həmzəyev hərdən xəlvətə çəkilib o arvada zəng etmək istəyirdi.  

Hamının gözü qarşısında televizorda min bir oyundan çıxan adamları  görəndə   bütün bunları  onların ivanovkasız  etdiklərinə  Qürbət Həmzəyev  heç  cürə  inana bilmirdi.   Bu ivanovkada  necə bir kəramət vardısa,  təkcə  Qürbət   Həmzəyev yox, həm də   dostları,  bir - iki  butulka boşaldandan sonra dönüb olurdu əsil istiqanlı, atılıb düşməyə hazır  televiziya aparıcısı,  yaxud «mən səni görmək istəsəm hara gəlim?» deyib  ilan dili çıxaran müğənni,  xülaseyi - kəlam,  jurnalist, alim, şair, yazıçı, yaxud siyasi icmalçı… Qürbət Həmzəyev həm də fikirləşirdi ki,  bu  adamların ivanovka içməsi məsələsində bəlkə də bir az  ifrata varır,  nöşün ki, onların ivanovka içməsi bir az ağılabatan şey deyildi.   Nə olar, olmasın ivanovka,  olsun  viski.   Yoxsa  hamının gözü qarşısında  o söhbətləri ki,  onlar eləyir, o hərəkətləri ki,  onlar  göstərir, o göz yaşlarını ki, onlar axıdır,  onu  ivanovkasız  eləmək , vallah,  qeyri- mümkündür. 
Qürbət Həmzəyevin dostları arasında bir qarabağlı vardı. Əməlli - başlı ivanovkabazdı. O  ikicə  stəkan kəmşirin  ivanovkanı içəri ötürəndən sonra  «Qarabağ  şikəstəsini»  elə oxuyurdu, elə oxuyurdu, adamın başının tükləri biz-biz olurdu...  Ermənini  yadına salıb  ürəyinin başı  alışa -alışa  erməni  ölüsü kimi  yan-yana düzülmüş  boş butulkalara nifrətlə baxmaqdan  özgə  adamın əlindən heç nə gəlmirdi.


Qürbət Həmzəyevin  inboksunda  yenə də qırmızı işıqlar bir - birinin ardınca yanmağa başladı. İnboks Qürbət Həmzəyevi,  doğrudan da,  boğaza yığdı.
Qürbət Həmzəyev kompüteri  söndürdü. 

Başını əlləri arasına alıb saçlarımı ovuclarıyla   bir - iki dəqiqə əməlli- başlı qarışdırdı,  belə edəndə Qürbət Həmzəyevin  canı həmişə azacıq dincəlirdi  və bütün əzalarında  həzin bir yorğunluq  hiss edirdi. 
Kompüteri  söndürəndən sonra Qürbət Həmzəyev   fikiləşdi ki,  bəli, 2  manat 62 qəpiyin başına daş salmağın əsil  vaxtıdır;   aşağı düşüb bir ədəd ivanovka aldı.

 *  * *

Qürbət Həmzəyev  bir də  gecə yarısı yuxudan ayıldı.  Canında  zərrəcə sərxoşluq  rahatlığı yoxdu. Qürbət Həmzəyev öz təcrübəsindən bilirdi ki, ivanovka ən azı bir gün adamı  öz ilahi beşiyində yırğalayır,  yatmaq istəyəndə  yatırdır, yatmaq istəməyəndə  adamı xəfif  yelpiklə yelpikləyir.  Amma bu dəfə ki  ivanovka  nədənsə daşa dönüb  Qürbət Həmzəyevin  mədəsində  ilişib qalmışdı,  gül kimi çaxır sehrini itirmiş sehrbaza oxşayırdı.  Bəlkə də buna görə  Qürbət Həmzəyevin  ürəyi  bulanırdı.  Elə bil başının içinə qurğuşun doldurmuşdular.  Qürbət Həmzəyev başını  birtəhər  çarpayıdan  qaldırıb otaqdakı  qaranlığı  bir xeyli  dinlədi.   Qaranlıq  onu elə hey harasa,  anlaşılmaz  bir boşluğa çəkirdi. Və  o  boşluqda  həm də isti qumu yada salan bir  nəsə vardı.  Bu nəsənin  təsiri  altında  Qürbət Həmzəyevin  ağlından keçdi ki,  bir  dənə də  ivanovka olsaydı, pis olmazdı.
Amma ivanovka hardan olaydı? 
Küçədən heç maşın səsi də gəlmirdi. Hamı şirin yuxudaydı. İndi bircə oyaq olan vardısa, o da  vayfaydı.  
Qürbət Həmzəyev  uşaqları narahat etməmək üçün  üsulluca yerindən qalxdı, barmaqlarının  ucunda qonşu otağa  keçdi  və  kompüteri  işə saldı.
Pah! 
İnboksu aşıb daşırdı.
Qürbət Həmzəyev əməlli - başlı əsəbləşdi.
Öz özümə: «əşşi» - dedi - «bu zalım uşağı   bu xəbərləri niyə mənim inboksuma göndərirlər,  niyə feysbukun gül kimi səhifəsinə yerləşdirmirlər”   Qürbət Həmzəyev  birdən özündən şübhələndi "Ə, bunlar  bəlkə  məni özlərinki  bilirlər.  Yox, əşşi, mən hardan onlarınkı oldum. Hamı bilir ki, mən nə balığam, nə də ət!”   
Qürbət Həmzəyev gözünü  inboksa dikib bir xeyli bu sualı ürəyində  götür  - qoy etdi,  ağlına  min cür  fikir gəldi, sonra elə bil içindəki  düyün  açıldı, yadına  düşdü ki, bu günlərdə  axı  feysbuk nazirini  işdən  çıxarıblar.   Arada feysbuk üç  gün, üç  gecə işləmədi. 

Və  o, inboksunu açdı. 

İnboks  yenə də «Təcili:  Azərbaycan İstiqlal Partiyasının  sədri Seyfi Sadıxlı pasport stola çağırılıb»  xəbəriylə doluydu… Qürbət Həmzəyev  səbrlə bu  xəbərləri  inboksundan təmizləməyə başladı, ən nəhayət  gəlib  növbəti xəbərə  yetişdi.   Xəbərdə deyilirdi: «Təcili:  Azərbaycan İstiqlal Partiyasının  sədri Seyfi Sadıxlı pasport stolda  kobudluqla  üzləşib.  Otaqda olan  üç nəfərdən biri  Azərbaycan İstiqlal Partiyasının  sədri Seyfi Sadıxlıdan   pasportunu  tələb edib,   Azərbaycan  İstiqlal  Partiyasının  sədri  Seyfi Sadıxlı  tələbin məzmununu  başa düşməyib, pasportunun  ondan niyə  tələb oluduğunu bilmək istəyib,  bunun  izah olnumasını xahiş  edib.  Elə bu zaman  otaqdakı başqa bir nəfər  Azərbaycan İstiqlal Partiyasının  sədri Seyfi Sadıxlının sözünü kəsib və  onu polisə müqavimət göstərməkdə  günahlandırıb.  Bu ittihamın  müqabilində   Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlı  gülümsəyib  və  soruşub. 
- Siz deyə bilərsinizmi, mən polisə hansı hərəkətimlə müqavimət göstəmişəm?
Polis Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlıya   növbəti  kobudluq  edib: 
-Sən  (sən-?!)  sual verməklə polisə müqavimət göstərmisən ! – deyib  və  sonra əlavə edib.  - Sual verməyin özü də polisə müqavimət göstərmək deməkdir.
Azərbaycan İstiqlal Partiyasının  sədri Seyfi Sadıxlı  ona  kobudluq  göstərən  şəxsdən özünü təqdim etməyi xahiş edib,  həmin şəxs özünü Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlıya təqdim etməyib» 

 Artıq  neçə illərdi ki, Qürbət  Həmzəyev polislə müxalifətçilər arasında müxtəlif  münaqişələrin  şahidi olurdu.  O, bu münaqişələrin heç  birinə qoşulmamışdı.  Hər  dəfə də bu dedi - qodudan yaxasını kənara çəkmişdi. 

Bu dəfə də inboksundakı   bütün xəbərləri   "dilit”  düyməsi ilə  silib  atdı. Özünə söz verdi ki, bir daha inboksuna gələn  xəbərlərin heç birini oxumaycaq. Bundan sonra  öz feysbuk səhifəsini açıb  digər xəbərləri  oxumağa başladı. 

Xəbərlərin birində deyilirdi ki, hansisa  keçmiş nazirin  evində axtarış aparılıb,  evdən xeyli  miqdarda  dollar, daş - qaş və digər qiymətli əşyalar  tapılıb. 
Qürbət Həmzəyev ürəyində «ay lotular!» deyib gülümsündü və  xəbəri  klavinin «aşağıya»  düyməsi  ilə yuxarı itələdi. 
Növbəti xəbərdə Azərbaycanın xalq  artistlərindən biri  televizyaya buraxılmadığından  şikayətlənirdi,  ölkədən çıxıb gedəcəyi ilə kimisə hədələyirdi. 
«Buna da bir quş!»

Növbəti xəbər  Qürbət Həmzəyevi sözün həqiqi mənasında şoka saldı.  Xəbərdən belə məlum olurdu ki,   hansısa  bir küçə iti, bəlkə də  yeməyə  nəsə tapmaq ümidi ilə hansısa  zibil   eşləyərəkən,  zibilin içindən yenicə doğulmuş  körpə uşaq tapıb  (bunu uşağın üst  - başındakı  zibil  qırıntılarından  görmək  olurdu),  amma ac olmasına baxmayaraq  it  körpəni  yeməyib,  zir - zibili uşağın üstündən bacardığı  qədərində  təmizləyib,   üsulluca uşağı dişlərinə alıb və  yaxınlıqdakı  dayanacaqda  avtobus  gözləyən adamları sarı aparıb. 
İtin ağzında uşaq görən dayanacaq  əhli  o dəqiqə əllərinə keçən  daşla - dəmirlə yaraqlanıb,  itin üstünə hücuma keçiblər. 
Kimsə  102-yə, polisə  zəng edib.
 
Qürbət Həmzəyevin  inboksununun  qırmızısı yenə də yandı. 

«Yanır  yansın,  cəhənnə ki…»

Xəbərdə yazılırdı ki,  dayanacaqdakı   adamlar  iti daşa basıblar.  Yazıq  it  yambızına dəyən  daşın ağrısından  adamların onu öldürcəyini  başa düşüb,  uşağı üsulluca yerə qoyub və qaçıb canını  adamlardan qurtarıb, atılan daşların  çata bilməyəcəyi  bir məsafədə  dayanıb,  uzaqdan  adamların uşaqla  neyləyəcəyinə  göz qoymağa başlayıb.
Adamlar əvvəl  qarğa  - quzğun kimi uşağın üstünə  tökülüşüblər.   
Kimi  cavanların  tamamilə pozulduğunu, kimi  insanlığın fəlakət içində olduğunu, kimi  dünyanın axırının çatdığını, kimi tezliklə  imam Mehdi əz - zamanın zühur edəcəyini … deyib, amma heç kəs uşağa kömək etməyib,  adamların bəziləri  isə hətta burnunu barmağıyla tutub kənara çəkilib. Uşaq yerdə eləcə zarıya - zarıya  qalıb.  Bunu  uzaqdan görən  it  dayandığı  yerdən uca səslə  hürməyə başlayıb.
Dayanacağa yenicə  gəlmiş on beş- on altı yaşlı bir  qız  tez əynindəki jaketi soyunub uşağı altına sərib, amma  nə qədər uşağı əlinə götürməyə çalışsa da, bunu necə edəcəyini bilməyib.  
İt   baş verənlər dözə bilməyib,   həyəcanlı  halda  hürə - hürə adamları  üstünə  gəlməyə başlayıb.  Bunu  görən adamlar  uşağı ortada qoyub hərəsi bir tərəfə qaçıb.  
Bircə  o qızdan başqa.  
Cavan  qız   itin niyə həyəcanlandığını o dəqiqə başa düşüb,  nəinki   uşağın yanından  uzaqlaşmayıb, hətta  itin  başını da  sığallayıb, it cavan  qıza   qətiyyən   müqavimət  göstərməyib, sonra  cavan qız  «Təcili  yardım»a  zəng edib. «Təcili yardım»  gəlib çıxandan, qız  körpəni  maşına yerləşdirəndən sonra  it  dayanacağı  tərk edib. 

Səhifəyə  hələ  göbəyi  üstündə olan uşağı ağzına alıb narahat-narahat adamlara baxan itin şəkli də qoyulmuşdu.

İtin gözlərində izaha gəlməyən dəhşətli  bir  ifadə  vardı.

Doğrusu,  bu xəbər Qürbət Həmzəyevi  əməlli- başlı kövrəltdi. Hətta  kövrəkliyi  o yerə çatdı ki, inboksuna gələn xəbərlərə də ürəyində  mərhəmət hissi  baş qaldırdı. 

Qürbət Həmzəyev inboksu açdı.

«Təcili:  Pasport  stolda  Azərbaycan İstiqlal Partiyasının sədri  Seyfi Sadıxlının  pasportu  əlindən  alınıb. Ona yeni pasport  təqdim olunub. Təqdim olunan yeni pasportda  Azərbaycan İstiqlal Partiyasının sədri  Seyfi Sadıxlının  şəkli olsa da,  adı yerində:  «Naqif» , soyadı yerində:  «Gəncəli»,  atasının adı yerində isə: «Əhmədağa»  yazılıb.  
Azərbaycan İstiqlal Partiyasının  sədri  Seyfi Sadıxlı ona təqdim olunan  pasportu  nifrətlə  qarışlaylb,   pasportunun  qaytarılmasını  tələb edib, israrları  müqabilində qarşı tərəf pasportu qaytarmaq əvəzinə, Azərbaycan İstiqlal  Partiyasının sədri  Seyfi Sadıxlıya  məhkəmyə müracət etməyi məsləhət görüb, sonra  Azərbaycan İstiqlal Partiyasının sədri  Seyfi Sadıxlını  itələyə -itələyə otaqdan bayıra çıxarıblar» 

Qürbət Həmzəyev  gözlərinə inanmadı.   
Hətta əsil bakılı ləhcəsi ilə:  «Bu nədi, alə?» - deyib donquldandı. «Olmaya bütün Bakı əhli bu gün özünü ivanovkaya tutub!»»
 
Qürbət Həmzəyev  Naqif Gəncəlini  şəxsən tanımasa da o, feysbukda   Qürbət Həmzəyevin  dostu idi. Naqif Gəncəli  pis oğlana oxşamırdı.  Feysbukda yayılan xəbələrdən belə məlum olurdu ki,  guya o,  Azərbaycan İstiqlal Partiyasının sədri  Seyfi Sadıxlınin  müavini olub, sonra nə səbəbəsə, onu Azərbaycan İstiqlal Partiyasından  qovublar. Gözünə döndüyüm,  Naqif Gəncəli də,  eləməyib  tənbəllik,  təzə bir partiya yaradıb,  adını qoyub Azərbaycan İstiqlal Partiyası.  Özü də olub həmin partiyanın sədri. Bu əhvalat Qürbət Həmzəyevi  xeyli güldürmüşdü.  O, hətta  yeni Azərbaycan İstiqlal Partiyasının  yeni sədri  Naqif  Gəncəliyə təbrik də göndərmişdi.  Ürəyində fikirləşmişdi ki, onsuz da bizim məmləkətdə həmişə   bir qızın  ya aşikar, ya da qeyri-aşikar  iki adaxlısı  olub.  Amma  bir  partiyanın,    bir adın və soyadın  iki  «adaxlısı»  olması  məmləkətdə  nə isə təzə bir şeydi.  Zarafat,   zarafat, daha bu boyda zarafat  yox da…  Qürbət Həmzəyev  arada  fikirləşdi  ki,  bəlkə  sərxoşdur,  bəlkə ivanokanın təsiri    indi-indi başlayır.  Durub qapını açdı, eyvana  çıxdı,   eyvanın  pəncərələrini araladı,  şəhərə divan tutan Bakı küləyi  iliyinə işlədi,  dişləri bir-birinə  dəydi, cəld özünü  otağa saldı. 

Qürbət Həmzəyev  sərxoş - zad deyildi. 

«Onda bunlar kimdirsə,  deməli məni dolayırlar» deyib düşündü.  «Kimdi bu bic-vələdüznalar?»
İnboksuna xəbər göndərən adamların adlarına baxdı. Bu dəfə xəbər göndərənləri tanıdı. Yox,  xəbəri göndərən adamlar kifayət qədər ciddi adamlardı. Doğrudur, Qürbət Həmzəyevin  bu adamların  heç biri ilə şəxsi tanışılığı yoxdu, onları hamısı onun feysbuk dostlarıydı, onların ciddi adam olması yazdıqlarından görünürdü.  
O, bu adamların onu  doladıqlarına heç cürə inanmaq istəmədi. 
Sonra yenə də elə bil hər şey birdən - birə, özü özünə aydınlaşdı, Qürbət Həmzəyev  bir neçə saniyənin içində   qərara gəldi  ki,  bu hansısa virusun işidir.  Bu qəribə xəbərləri yəqin ki, hansısa  virus yayır.  Bu bic -vələdüzna  viruslardan nə desən, çıxar.  O gün  görkəmli Azərbaycan  hüquqşünası Aslan İsmayılov  özü  feysbuk  dostlarından  üzrxalıq edirdi ki, mənim səhifəmdən  virus yayılır, təcili virusları təmizləyirəm, xahiş edirəm məni bağışlayasınız.
Bir vuris ki, Aslan İsmayılovdan qorxmaya,  o, yəqin ki,  Qürbət Həmzəyevi  heç  yerili - dibli vecinə almaz.
Qürbət Həmzəyev  inboksuna  göndərilən  xəbərlərin hardan gəldiyıni  özünə aydınlaşdırandan sonra xeyli rahatlandı, hətta ivanovkanın  ağrı - acısı da başımdan çəkilib getdi.
Amma yenə də bir ivanovka olsaydı pis olmazdı.

Amma  bu dünyada nə baş vermir ki?

Qürbət Həmzəyevin  bütün bu şübhələrinə  feysbukda yayılan bir xəbər son qoydu. Xəbərdə deyilirdi ki,  Azərbaycan İstiqlal Partiyasının sədri  Seyfi Sadıxlı  son vaxtlar Azərbaycan İstiqlal Partiyası  ətrafında  baş verən hadisələrə  aydınlaq   gətirmək üçün  2 noyabr, 2015-ci il  tarixində, saat 10.00 -da    İfadə Azadlığı  Mərkəzində  mətbuat konfrası  keçirəcək. 
Giriş  sərbəstdir. 
İstənilən adam mətbuat konfransında iştirak edə bilər. 

Qürbət Həmzəyev  mətbuat  konfransında iştirak etmək qərarına gəldi. 
           
*  *  *

 İfadə Azadlığı  Mərkəzində əsl qələbəlik idi. Necə deyərlər,  iynə atsaydın yerə düşməzdi.  Mərkəz   ağzına qədər jurnalistlə doluydu. Qürbət Həmzəyev Azərbaycan İstiqlal Partiyasının sədri Seyfi Sadıxlıya  ürəyində «afərin»  dedi.  O ki,  bu qədər  jurnalisti  bir günün içində bir yerə yığa bilib,  deməli,  zor adamdır.  Hətta ürəyində  fikiləşdi,  nə qədər ki imkan var  Azərbaycan İstiqlal Partiyasına üzv yazılması   pis olmazdı.   Sonra elə bil şeytan Qürbət  Həmzəyevi  qıdıqladı,  özü  ürəyindən keçənlərə güldü: «Mən?... partiya üzvü!!!… öz ivanokamla bir yerdə!!!…  hə,   elə  Azərbaycan İstiqlal Partiyasında  bircə  mən çatmıram»   Sonra bir az da fikirləşdi,  öz özünə ürək- dirək verməyə başladı.  «Əşşi,  hamının görə bildiyi  işi sən niyə görə bilməyəsən.  Niyə öz  özünü hürküdürsən?   Burda pis nə var?  Bu vaxta qədər  siyasətlə  məşğul  olmamısan,  nə olsun,  bundan sonar  məşğul olarsan»
Bu fikrə gəlib çıxmağı elə bil  Qürbət Həmzəyevə qol- qanad verdi  
«Əgər Azərbaycan İstiqlal  Partiyası bu qədər adamı bir yerə yığa bilibsə,  deməli,  hardasa  hakimiyyət məsələsi də həll olunub.  Olmasın prezident, lap elə olsun  Baş nazir!  Partiyaya üzv  olsam,  bunlar da hakimiyyətə gəlsələr,  məni də heç olmasa  harasa  JEK müdirindən - zaddan qoyarlar…»

-Nə  JEK müdiri, a bəy. Ən azı bələdiyyə sədri olacaqsan, bələdiyyə sədri!  Biz hakimiyyətə gələn kimi  bələdiyyələrin  statusunu  genişləndirəcəyik…

«Bu nə danışır, ə?»  Qürbət Həmzəyevi  hövl götürdü, «böyrümdə əyləşib  irişə-  irişə üzümə  gülümsəyən bu cüvallağı  olmaya   mənim  fikirlərimi oxuyur?» 

Hər  etimala qarşı Qürbət Həmzəyev  özünü mədəni  aparmaq qərarına gəldi:
-Siz nə deyirsiniz, bəy?
Cüvallağı  gəncin  ağzı qulaqlarının  dibinə getdi:
-Elə indicə özünüz dediniz ki, Azərbaycan İstiqlal Partiyası hakimiyyətə gəlsə,  bəlkə məni harasa JEK müdirindən - zaddan qoyarlar.  JEK  müdiri nədi, biz hakimiyyətə gəlsək, (mütləq  gələcəyik!)  sırazu  Sizi  parlamentə üzv qəbul edəcəyik.

 Cüvallağaı  gənc belə deyəndən sonra hər şey Qürbət Həmzəyevə   aydın oldu.  Lənətə gəlsin bu ivanovkanı, axır  vaxtlar ivanovkadan vuran kimi  öz - özünə  danışır. Bunu  evdə arvad da bir neçə dəfə  onun  üzünə vurmuşdu.   Bu cüvallağı  Qürbət Həmzəyevi  yaman yerdə yaxalamışdı. Ona görə  Qürbət Həmzəyevin  ağzını  ayırıb, cüvallağı  gəncin üzünə gülümsəməkdən başqa çarəsi qalmadı. 

-Sizin adınız,  familyanız necə oldu?
Qürbət Həmzəyev  başa düşdü ki, ilişib. 
-Nə?
-Sizin  haqqınızda  partiyamızın sədri ilə  şəxsən mən özüm danışacağam.

Qürbət  Həmzəyev  birtəhər yaxasını cüvallağıdan  qurtarmaq qərarına gəldi.
-Bilirsiniz, bəy, mənə indi götür - qoy  mərhələsindəyəm. Hələ qəti qərara gəlməmişəm.
-Nə götür - qoy mərhələsi, a bəy - cüvallağı gənc Qürbət Həmzəyevdən   əl çəkmək istəmirdi - Sən artıq «la İlahə İl Allalh» demisən,  «artıq,  necə deyərlər,  istinnıy  müsəlmansan,  biz səni,  bəy,  mütləq  sünnət  eləməliyik.   Sənə bir sünnət  toyu düzəldim  ki…
Cüvllağı gənc bütün bunları birnəfəsə Qürbət Həmzəyevin düz üzünə dedi və  özü də öz hazırcavablığına ürəkdən güldü.
Qürbət Həmzəyev  pərt halda:
-Mən artıq sünnət olunmuşam- dedi
Cüvllağı gənc, gülə-gülə: 
- Narahat  olmayın, bəy, mən partiya sünnətindən danışıram… - dedi

Birdən  zalda əməlli- başlı canlanma yarandı. Adamlar ora - bura  qaçışıb, həyəcanlandılar, vurnuxdular və  komanda verilmiş kimi  birdən - birə  dayandılar. Hamı üzünü qapıya tərəf  çevirib, farağat  komandasında dayandı.  Cüvllağı gənc əyilib Qürbət Həmzəyevin   qulağına pıçıldadı:
-Bəy gəlir!… -  və görünməmiş bir ilhamla  ayağa qalxdı  və  Qürbət Həmzəyevin  oturduğunu,  ayağa qalxmaq fikirində olmadığını görüb ərklə yaxasından yapışdı və  Qürbət Həmzəyevi ayağa qaldırdı. 

Bütün kameralar  Bəyin gəldiyi  qapıya tuşlanmışdı. Bir - birinə  qarışan işıqlardan qapının ağzında əlvan,  xəfifcə sayırışan, əsrarəngiz  bir halə yaranmışdı.  Birdən Qürbət Həmzəyevə   elə gəldi ki, içəri girən  Çingiz xandır, həmən qıyıq gözlər, əzəmətlə irəli çıxmış  çənə, möhtəşəm böy- buxun… Qürbət Həmzəyev  təbii ki, yenə də qeyri - iradi olaraq  ürəyində  ivanovkanı lənətlədi: «Lənətə gələsən, ivanovka!»
Cüvllağı gənc:
-Biz bütün ivanovların planlarını alt-üst edəcəyik! -  dedi  və əl çalmağa başladı.
Və Qürbət Həmzəyev  gözlərinə  inanmadı;  qapıdakı «Çingiz xan»  Seyfi  Sadıxlı deyildi,  Naqif Gəncəliydi.  Ola bilməzdi.  Axı Qürbət  Həmzəyevin  oxuduğu elanda açıq aydın yazılımışdı: «… son vaxtlar Azərbaycan İstiqlal Partiyası   ətrafında  baş verən hadisələrə  aydınlaq   gətirmək üçün  2 noyabr, 2015-ci il  tarixində, saat 10.00 -da  İfadə Azadlığı  Mərkəzində  Azərbaycan İstiqlal Partiyasının   sədri Seyfi  Sadıxlı  mətbuat  konfransı  keçirəcək» 
Naqif  Gəncəli  idmançı  cəldliyiylə, yanında da bir nəfər  tələsik  yuxarı qalxdı və yəqin ki,  məxsusi  onun üçün nəzərdə tutulmuş   uzun, əzəmətli  stolun arxasına keçdi və başı ilə onu alqışlayanları salamladı. 
Qürbət Həmzəyev  yanındakı cüvallağıdan soruşdu:
-Naqif Gəncəlinin yanındakı kimdir?
-Bizim mətbuat  katibimizdir.  Bir də Naqif Gəncəli dünəndən Naqif Gəncəli deyil,  Azərbaycan İstiqlal Partiyasının   sədri Seyfi Sadıxlıdir.

-Nə?-  Qürbət Həmzəyev  inboksuna  göndərilən həyəcanlı xəbərlərin  virus olmadığını anlayıb  ağır - ağır altındakı oturacağa  çökdü. 

Mətbuat  konfransı başlandı.  Keçmiş Naqif Gəncəlinin  indiki Seyfi Sadıxlının mətbuat katibi ayağa qalxıb, zalı bir neçə saniyə zəhmli baxışlarla süzdü, deyəsən,  bu  ani  göz  kəşfiyyatı  ona hər şeyin yerində olduğunu xəbər verdi,  mətbuat katibinin üzündə xəfif  təbəssüm  dolaşdı,  sonra  birdən - birə  ciddiləşdi və ən nəhayət,  mətbuat konfransını açıq elan etdi.
- Cənab jurnalistlər, son vaxtlar dünyada və ölkəmizdə bir - birindən maraqlı və gərgin hadisələr baş verir.  Bu hadisələr haqqında  dolğun və dəqiq informasiya almaq hər bir vətəndaşımızın  hüququ  və arzusudur. 
Bunu nəzərə alaraq, bizə ünvanlanan  çoxsaylı müraciətləri əsas götürürək, vətəndaşlarımızın baş verən hadisələrə marağını lazım bilərək , xəbərlər  haqqında  dolğun və  dəqiq informasiyanın vacibliyini  mümkün sayaraq   bu gün  Azərbaycan İstiqlal Partiyasının  sədri  cənab Seyfi Sadıxlı  Sizin qarşınıza çıxmağı  lazım bilib.

Sinəsindəki nişanda hansısa ölkənin bayrağı əks olunmuş bir alabəzək xanım jurnalist   ayağa qalxıb Azərbaycan İstiqlal Partiyasının mətbut katibinin sözünü ağzında qoydu, icazə - zad almadan, birbaşa  həm zala, həm də keçmiş Naqif Gəncəliyə  indiki Seyfi Sadıxlıya  sual ünvanladı: 

- Skajite pojalsta, on Naqif Gəncəli ili Seyfi Sadıxlı?

Mətbuat katibi özünü itirdi. Nə cavab verəcəyini bilmədi, sual dolu baxışlarını keçmiş Naqif Gəncəliyə indiki Seyfi Sadıxlıya zillədi. 

Qürbət Həmzəyev qulaqlarını şəkləyib, gözlərini dörd açıb  keçmiş Naqif Gəncəlinin  indiki Seyfi Sadıxlının suala nə cavab verəcəyini huş -guşla gözləməyə  başladı.
Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı  sual verən alabəzək xanım jurnalisti  heç vecinə  almadan  sualı cavablandırmağı lazım bildi.

- Mən   Azərbaycan İstiqlal Pariyasının sədri Seyfi Sadıxlıyam.  Xahiş edirəm, bundan sonra hamı mənə bu adla müraciət etsin.  Doğrudur , kimin  məni  necə adlandırmağının mənim üçün heç bir əhəmiyyəti yoxdur. Amma yenə də olsun, mən  Azərbaycan İstiqlal Pariyasının sədri Seyfi Sadıxlıyam.

Azərbaycan İstiqlal Partiyasının mətbut katibi zalda kiməsə,  nəsə işarə elədi və sonra zala üz tutdu:
-Cənab jurnalistlər, bir neçə dəqiqəlik diqqətəinizi xahiş edirəm.  Zəhmət olmasa monitora  baxın. 
Və elə bu vaxt  zalın yuxarı başındakı nəhəng  monitor işıqlandı, monitorda dalğalanan Azərbaycan bayrağı göründü, sonra  o bayrağı  Azərbaycan İstiqlal Partiyasının  rəmzi  əvəzlədi  və  rəmzin   içindən, yanar odların fonunda  keçmiş Naqif Gəncəlinin  indiki Seyfi Sadıxlının  şəkli olan  şəxsiyyət vəsiqəsi  qanadlanırmış  kimi monitorda  göründü;  şəxsiyyət vəsiqəsində Naqif Gəncəlinin əzəmətli  çöhrəsi ilıq bir təbəssümlə işıqlanmışdı,  şəxsiyyət vəsiqəsində  adının yerində:  «Seyfi»,  atasının adı yerində: «Əhmədağa»,   soyadının yerində:  «Sadıxlı»  yazılımışdı. 

Qürbət Həmzəyev zala baxıdı. 
Zalın bir hissəsi gülümsəyirdi, bir hissəsi açıq-aşikar əsəblik  keçirirdi, bir hissəsi də donub yerində qalmışdı. Qürbət Həmzəyev  altdan - altdan keçmiş Naqif Gəncəliyə indiki Seyfi Sadıxlıya  göz qoyurudu,  keçmiş Naqif Gəncəli  indiki Seyfi Sadıxlı xeyli rahat idi, elə bil baş verənlərin ona heç bir dəxli yoxdu. 
Qürbət Həmzəyev  ürəyində fikirləşdi,  bax əsil siyasətçi belə olar.  Elə bu  vaxt  böyründəki  gənc cüvallağı ayağa qalxdı,  özünü ng_istiqlal.net  saytının əməkdaşı  kimi  təqdim edib  keçmiş Naqif Gəncəliyə  indiki  Seyfi Sadıxlıya belə bir sual ünvanladı. 
- Cənab Seyfi Sadıxlı, bildiyimiz kimi  Azərbaycan  müxalifətinin   siyasi həyatında böhran hökm  sürür.  Müxalifətdə olan bütün siyasi partiyalar  faktik öz  aktiv fəaliyyətlərini dayandırıb.  Ancaq boş - boş bəyanatlar verməklə məşğuldurlar. Belə bir şəraitdə Siz görünməmiş cəsarət  nümayiş etdirib, müxalifəti, xüsusən də iflas həddində olan İstiqlal Partiyasını  yenidən bərpa emək fikrinə düşdünüz. Bunu böyük uğurla həyata  keçirdiniz. İndi bizdə belə bir məlumat var ki, Sizin İstiqlal Partiyasını Azərbaycan xalqına yeni formatda  və yeni  məzmunda  təqdim etmək planınız var. 
Bu format və məzmun özünü nədə ifadə edir?

Keçmiş Naqif  Gəncəli indiki Seyfi Sadıxlı əzəmətlə ayağa qalxdı, ya Qürbət Həmzəyevə  belə gəldi,  ya bəlkə bu,  keçən axşamdan mədəsində  ilişib qalan ivanovkanın hikmətiydi, demək çətindir. 

-Rəhbərlik etdiyim Azərbaycan İstiqlal Partiyası kim tərəfindən tanınacaq, ya tanınmayacaq bu bizi qətiyyən narahat etmir.  Əsas məsələ tamamilə  iflasa uğramış  bir partiyanı həyata qaytarmaq , ona yeni nəfəs vermək  idi. Biz bu tarixi vəzifənin öhdəsindən ləyaqətlə gəldik.  İstiqlalçılarımız  da  partiyanın bərpa olunmasında görünüməmiş  cəsarət  nümayiş etdirdilər. Mən  buna görə hər bir istiqlalçıya  partiya adından, şəxsən   öz adımdan  dərin minnətdarlığımı bildirirəm. Biz belə hesab edir ki,  partiyanı o, bu,  yox, xalq tanımalıdır. Biz  artıq buna da nail olmuşuq.

Yerdən hansı  jurnalistsə keçmiş Naqif  Gəncəlidən indiki Seyfi Sadıxlıdən  nəsə soruşmuq istədi.
- Naqif bəy, Naqif bəy …
Keçmiş Naqif Gəncəli  indiki  Seyfi Sadıxlı əsəbi halda çıxışını dayandırdı və qəzəblə  jurnalistə baxdı.
Keçmiş Naqif Gəncəli  indiki  Seyfi Sadıxlınin mətbuat katibi əlüstü ayağa  qalxdı,   monitoru jurnalistə göstərdi:  
 - A bəy, a bəy, axı Sizə dedilər,  Seyfi bəy!
- Yaxşı,  olsun  Seyfi bəy!
Mətbuat katibi sözünə davam etdi:
- İndidən  liderinizi tanmığa çalışın, cənablar. Bu bir. İkincisi,  cənab Sadıxlı çıxışını qurtarandan sonra mən Sizin hər birinizə sual üçün ayrı-ayrılıqda  söz verəcəyəm. Heç kəs diqqətdən kənarda qalmayacaq.  Bir az mədəni olsaq, xancalımızın qaşımı düşər?   Cənab Sadıxlı  çıxışınızı davam etdirməyinizi xahiş edirəm. 
Birdən - birə   keçmiş Naqif Gəncəlinin  indiki Seyfi Sadıxlının  gözləri əməlli - başlı doldu,  nitqini  kəsib, mövzunu dəyişdi.

-Biz bilirik, ağır yol seçmişik. Bizə çox adam daş atacaq. Amma bizə daş atanlar  hansı günahın  sahibi olduqlarını biləcəklərmi?   Çətin!  Amma biz o daşları  bir yerə yığıb  Azərbaycan xalqı üçün möhtəşəm bir saray ucaldacayıq.   Mən  öz xalqımı sevirəm.  Mən  xalqımın yolunda hər şeyə getməyə hazıram.  Mən bu addımı niyə atmışam?   Bircə şeyə görə… Mən  müstəqilləik  tariximizdə  xüsusui yeri olan  Azərbaycan  İstiqlal Partiyasını  düşdüyü  bataqlıqdan  çəkib  çıxarmalıydım.  Azərbaycan İstiqlal Partiyasında   son vaxtlar avtoritarizm hökm sürürdü. Mən isə  xalqımızın xilasını  demokratiyada görürəm.  İstiqlalçıların  da  böyük əksəriyyəti  bunu arzulayırdı. Ən nəhayət,  biz bir yerə yığışıb  İstiqlal Partiyamızı  bərpa etdik.  İndi biz beynəlxalq  skandala yol vermədən  prtiyamızın  dövlət  qeydiyyatına  alınmasına  çalışmalıyıq.  Bunun üçün biz  mümkün sivil   addımların hamısından istifadə etməliyik. Hər şey  ölkəmizin  qanunları çərçivəsində baş verməlidir.  Ölkəmizin qanunları isə  hər bir bir vətəndaşa  öz adını,  soyadını, hətta atasının adını dəyişmək hüququ  verir. 
Birdən keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı bayaq onun  sözunü kəsən jurnalistə üzünü  tutdu:
-Hörmətli cənab  jurnalist, deyin görüm qanunlarımız  hər bir vətəndaşa belə bir hüquq verir, ya vermir?!
Keçmiş Naqif Gəncəlinin  indiki Seyfi Sadıxlının  qəfil hücumundan  jurnalist  özünü itirdi, ayağa qalxıb bir müddət böyümüş  gözlərini  keçmiş Naqif  Gəncəlinin  indiki Seyfi Sadıxlının üzünə dikdi,  ən nəhayət  boğazını arıtladı, sonra fit səsinə bənzər bir səslə:
-Verir, Naqif  müəllim,  verir -dedi.

-Yenə dedi  Naqif müəllim, yenə dedi  Naqif  müəllim.  A qardaş, a yoldaş, a vətəndaş,  Naqif  müəllim yox e, cənab Sadıxlı… Yenə dedi  Naqif  müəllim…  Yenə dedi  Naqif  müəllim…
Mətbuat katibi vurnuxa – vurnuxa,  deyinə-deyinə, donquldana-donquldana  tikan üstündə otururmuş  kimi ehmallıca altındakı  stula əyləşdi. 

Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı  mətbut katibinin  donqultusunu  vecinə  almadı, xüsusi bir  şövqlə  şəhadət barmağını yuxarı qaldırdı :
-Ay sağ ol! - dedi.  - Elə bu qanuna görə də mən öz adımı və soyadımı dəyişmək  qərarına gəldim.  Mən bu hüququmdan istifadə etdim. İndi deyin görək burda qeyri - qanuni nəsə  varmı.  Hay? 
Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı bir daha kövrəldi: 
- Bunun  mənim tərəfimdən böyük fədakarılıq olduğunu gələcək nəsillər  mütləq başa düşəcək.
Hansısa jurnalist yerdən söz atdı:
-Seyfi Sadıxlıya  da  Naqif Gəncəli  pasportu veriblər axı.
Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı əməlli - başlı hirsləndi:

-Axı, ay qardaş,  bunun  mənə nə dəxli var?  Bu mənim problemim deyil axı.   Bu kimin problemidirsə, qoy o,  öz probleminin  həll ilə məşğul olsun! 

Keçmiş Naqif Gəncəli indiki Seyfi Sadıxlı  bayaqdan əlində tutduğu  əl dəsmalı ilə geniş alnının tərini sildi. 
Sual verən  jurnalist keçmiş Naqif Gəncəlidən  indiki Seyfi Sadıxlıdan əl çəkmək istəmirdi.

-Necə həll etsin?

Keçmiş Naqif Gəncəli  indiki Seyfi Sadıxlı əllərini yana  açıb bir xeyli «mən nə bilim» pozasında dayandı,  səsi qəribə şəkildə  dəyişdi,  bilmək olmadı keçmiş Naqif Gəncəli  indiki Seyfi Sadıxlı ağlamsınır, yoxsa gülümsəyir:

-Məhkəmyə müracət etsin?

Keçmiş Naqif  Gəncəlinin  indiki Seyfi Sadıxlının  cavabı yerinə düşdüyündən, ya nədənsə, zalda kimsə əl çalmaqla bu cavabı alqışladı.  Və sonra bütün zal  bu alıqışa qoşuldu.  Zalı sürəkli və gurultulu alqışlar bürüdü. Bu  sürəkli və gurultulu alqış səsləri keçmiş Naqif Gəncəlini  indiki Seyfi Sadıxlıni  növbəti dəfə kövrəltdi. 
Keçmiş Naqif Gəncəlinin  indiki Seyfi Sadıxlının bu kövrəkliyi  zala  da  öz təsirini göstərdi.  Bir neçə qadın jürnalist  əl dəsmalı  tapmaq üçün dizlərinin  üstündəki  çantalarını  əlləşdirməyə başladılar.

Zalı qəribə bir hənirti bürdü. 

Qürbət Həmzəyev  bir - birinin ardınca  aldığı emosional  təəssüratın  təsiri  altında,  nə qədər qəribə olsa da, əməlli- başlı keflənməyə başlamışdı.  Elə bil  axşamkı ivanovaka indi  gəlib onu  tapmışdı. Özü də bu keflənmə bir-iki butulkanın  işi deyildi.  Elə bil  Qürbət Həmzəyev  bir neçə invanovkanı  bir nəfəsə başına çəkmişdi.   
Qürbət Həmzəyev  bilirldi  ki,  bu  keflənmənin  axırı yaxışı qurtarmayacaq,  ona görə də   ehmallıca  böyründəki cuvallağı gəncə  tərəf əyildi:
-Qardaşım,  deyəsən mənim vəziyyətim yaxışı deyil. Mən bayıra çıxmaq istəyirəm.
Cuvllağı  gənc qəzəbli və sınayıcı nəzərlərlə Qürbət Həmzəyevə    baxdı
-Necə yəni bayıra çıxmaq istəyirəm.  Bura  mətbuat  zalıdı e, tualet deyil.
Qürbət Həmzəyev   nə qədər kefli olsa da, gənc cüvllağının nə dediyini  göydə  tutdu.
-Mən o mənada demirəm…   mən demək istəyirəm ki,    … mən təmiz  havaya çıxmaq istəyirəm…  - Qürbət Həmzəyev  sakitcə gənc  cüvalağının  qulağına pıçıladı - …deyəsən, mən həm də mahnı  oxumaq istəyirəm… 
-Hə… həə… - cüvallağı gənc  gülümsündü və bir allah bilir  nə səbəbəsə  kefi  açıldı: - Ay xətəkar, bura   vurub gəlmisən.  Səndən  elə əvvəldən  ivanovka  iyi gəlirdi.  Yaxşı bu dəqiqə…
İvanovkanın  adını eşidən kimi elə bil  bütün dünyaını Qürbət Həmzəyevə  bağışladılar,  deysən bu cüvallağı da ivanovkanın dadını yaxışı bilirdi.  Cüvallağı  bir anın içində Qürbət Həmzəyev  üçün  dünyanın ən əziz  adama  döndü: 
-Can, ay jurnalist!
Qürbət Həmzəyev  cüvallağı  gənci qucaqlayıb bağrına basmaq istədi.   Amma cüvallağı gənc buna imkan vermədi, Qürbət Həmzəyevi  qamaralayıb  qoltuğuna  aldı. 
- Cənablar,  yol verin, burda bir soydaşımız  özünü yaxışı hiss etmir.  Sonra  Qürbət Həmzəyevə tərəf  əyildi - Özünü saxla, qaytarıb eləmə!
Adamlar üsulluca  cüvallaığı  gənclə  Qürbət Həmzəyevə    yol verdilər. 
Aranı pıçıltılar  bürüdü: 

-Deyəsən, bu keflidir
-Deyəsən nədir, ə, görmürsən  keflidir.

Kimsə Qürbət Həmzəyevi danışdırmaq  fikirinə düşdü:

-Alə, sübhün gözü təzəcə açılıb, bu nə vaxtın vurmağıdı belə?

Qürbət Həmzəyev hiss etdi ki, hardansa,  canına  şıdırığı nağara ritmi  dolur.  Amma hardan? Qürbət Həmzəyev dəqiqləşirə bilmədi. Qollarını qaldırdı. 
-Can, ay jurnalist!
Sonra bu ritm öz yerini  hansısa melodiyaya verdi. Amma bu melodiyanın da  hansı melodiya olduğunu  Qürbət Həmzəyev heç cürə  yadına sala bilmədi. 
Adamlar kənara çəkilib  cüvllağı gənclə Qürbət Həmzəyevə  yol verməkdə davam edirdilər. Hamı da gülümsəyirdi.
 Çıxış qapısına bir on beş addım qalmış melodiya Qürbət Həmzəyevin yadına düşdü. Melodiyanın  Qürbət Həmzəyevin yadına düşüməsi ilə içərisində  oxumaq, zəngulə vurmaq, haray çəkmək  istəyi  aşıb daşdı. 
Bu hissin buyruğunu yerinə yetirmək üçün Qürbət Həmzəyev  qarşısındakı jurnalistin boynuna sarılmaqdan   özünü saxlaya bilmədi:
 - Can, ay jurnalist! 
Jurnalist  onu ikrahla özündən uzaqlaşdırdı.
Qürbət  Həmzəyev  açıldı, nə açıldı:

-Gedirdim günbatana,
Rast gəldim meymun satana,
Dedim, meymun neçəyə,
Dedi, qalsın gecəyə,

Dedi, qalsın gecəyə,
Dedim, meymun neçəyə… 

Qürbət Həmzəyev birdən - birə həm də hiss etdi ki, zaldan çıxmaq  istəmir,  zalda qalıb mahnını axıra qədər  oxumaq istəyir.  Bunu hiss edən kimi başa düşüdü ki,  arzusunu yerinə yetirmək üçün ilk növbədə özünü cüvallağı  gəncin əlindən qurtarmalıdır.

-Əl çək məndən, ə, cüvallağı!

Amma cüvallağı gənc  Qürbət Həmzəyevin bu arzusunu  gözündə qoydu. Bir neçə gənc jurnalist  də cüvəllağının köməyinə gəldi,  biri    çiyinlərindən, o biri isə ayaqlarından tutub  Qürbət Həmzəyevi   İfadə Azadlığı  Mərkəzinin zalından  bayıra çıxartdılar.  Qapını örtüb  geri qayıtdılar. Qürbət Həmzəyev jurnalistlərin  bu  hərəkətini  özünə  qarşı olan  haqsızlıq kimi başa düşdü,  etiraz etmək  məqsədi ilə zalın qapısını açıb yenidən içəri qayıtdı  və elə qapının ağzındaca:
-Siz məni təhqir etmisiniz!  Siz məni təhqir etmisiniz! - deyib bağırmağa başladı: 
-Mən bu işi belə qoymayacağam.   Mənim keçmiş Naqif Gəncəliyə indiki Seyfi Sadıxlıya  sualım var.

Hələ oturmağa  macal tapmamış cüvallağı yendən geri dönməli oldu. 

-Alə,… - o,  dodağının  altında  nəsə deyə-deyə  Qürbət Həmzəyevə  doğru yeriməyə  başladı,  deyəsən cüvallağının dediyi o sözü  Qürbət Həmzəyevdən  başqa  zalda hamı eşidirdi  və  gülürdü: 
- Biz səni təhqir etmişik, ə,  … ,  yeri  get məhkəməyə müracət elə! 

Qürbət Həmzəyev elə bil birdən - birə ayıldı:

-Hara?

-Məhkəməyə… 
   
Deyəsən,    yenə   kimsə   zalda  baş verənləri  alqışlamaq  fikrinə düşdü, əlini  əlinə çırpdı,  adamlar  əlüstü  bu alqışa qoşuldular  və  bir anın içində   İfadə Azadlığı  Mərkəzinin  geniş və işıqlı zalını  sürəkli və gurultulu alqış səsləri  bürüdü.