Rauf Ra -

Rauf Ra - "Zibil qabı" (hekayə)

Yandırdığım kibrit qutusunun alovundan siqareti yandırıb alışqan və kibrit çöplərini cibimə qoydum. Siqaretdən iki qullab alıb taxta stolun üstündə hələ də yanan kiçik alovun üzərinə atdım. Asta-asta taxtanın qaraldığını görən kimi kənardakı külqabının altı ilə alovu söndürdüm. Stoldakı yarı yanmış kibrit qutusu ilə siqareti ovcuma yığıb, zibil qabına atmaq üçün mətbəxə keçdim. Zibil qabının mətbəxdə olmadığını görüb əlimdəkiləri mətbəxin pəncərəsindən evin həyətinə atdım. 

Yəqin, bu səhər zibilləri küçənin qurtaracağındakı zibil qutusuna atanda həmişə mətbəxin küncündə olan yaşıl zibil qabını orada unutmuşdum. Hər səhər yuxudan oyananda zibil qabının içində bir-iki yarı yanmış kibrit qutusu, bir-iki siqaret və bir də cibimdə qırılan kibrit çöpləri olurdu.

Evin qapısını bağlayıb, otağıma keçib, əynimi soyunub yatağıma uzandım. Küçədə unutduğum zibil qabı ağlıma gəldi. Yatmağa çalışsam da, yata bilmədim. Yatağımdan qalxıb, əynimi geyinib, qapını açıb evdən çıxdım.

Evimdən zibil qablarının olduğu tinə qədər təxminən beş dəqiqəlik məsafə vardı. Yol boyu qorxurdum ki, kimsə zibil qabını götürüb aparsın. Mətbəxdə zibil qabını görmədiyim kimi, orada da kiçik zibil qabını görməyim. Tələsmirdim. Beş dəqiqəlik yolu on dəqiqəlik edib tinə çatdım. Zibil qutularının ətrafına baxdım, kiçik zibil qabı yox idi.

Qorxa-qorxa zibil qablarının içinə baxmağa başladım. Baxdığım ilk zibil qutusunun içində yaşıl zibil qabını gördüm. İçində dünəndən qalan yanmış kibrit qutusu, siqaret və kibrit çöpləri vardı. Zibil qabını içindəkiləri yerə tökmədən zibillərin içindən çıxardım. Zibilə bulaşmış tutacağından tutub evə gəlməyə başladım. 

Beş dəqiqəyə evin qapısına çatıb həyətə girdim. Tez-tələsik evə girib mətbəxə keçdim. Zibil qabının həmişə qoyduğum yerə - mətbəxin sağ yuxarı küncünə qoydum. Əllərimi yumayıb həyətə düşdüm. Mətbəxin pəncərəsinin altına gəlib bayaq atdığım yanmış kibrit qutusunu və siqareti ovcuma yığıb evə çıxdım. Mətbəxə girib ovcumdakıları və cibimdəki kibrit çöplərini çıxarıb zibil qabına atdım. Əllərimi yuyub mətbəxin pəncərəsini və evin qapısını bağladım.

Otağıma keçib, əynimi soyunub yatağıma uzandım. Yatmağa çalışsam da, yata bilmədim.