Rey Bredberi.  Yelləncəklər mövsümü - TƏRCÜMƏ

Rey Bredberi. Yelləncəklər mövsümü - TƏRCÜMƏ

Rey Bredberi

Yelləncəklər mövsümü

("Zəncirotu şərabı”ndan parça)

Tərcümə: Aygün Süleymanqızı


Yay insanların vərdiş etdiyi adətlərdən ibarətdir, hər kəsin də özünün vərdiş etdiyi  zaman və məkan var. Bu  adətlərə limonad  və  ya  buzlu  çayın hazırlanması, şərab içmək, ayaqqabı  ilə  və ya  ayaqyalın  gəzmək  və  nəhayət  insana ən xoş və sakitləşdirici təsir göstərən adət -eyvandan  yelləncək  asmaq aiddir.
 Yayın  üçüncü  günü,günortadan sonra, Duqlasın babası  eyvana çıxır  və  soyuqqanlı bir  tərzdə  tavandan  asılmış iki  boş  halqanı  diqqətlə gözdən  keçirir. O,ağır-ağır ətirşah  dibçəkləri  qoyulmuş sürahiyə  yaxınlaşaraq, Axav (amerikan yazıçısı German  Melvilin 1851-ci ildə nəşr olunmuş "Mobi Dik” əsərinin baş qəhrəmanı kapitan Axav)  kimi  çox diqqətli  baxışlarla aydın  səmanı  seyr  edir.Barmağını  tüpürcəkləyir və  küləyə  uzadır,sonra pencəyini  soyunur.O,günəş batan zaman tək köynəklə soyuq olmayacağına əmin olmaq istəyirdi.  Sonra isə  uzaqdan  qonşuları  ilə  salamlaşır. Onlar  da  isti  yay  axşamından  zövq  almaq  üçün çiçəklər qoyulmuş eyvana çıxmışdılar. Onlar  hətta  divarın  o  üzündə  arvadlarının  bolonka (ağ,yumşaq tüklü otaq iti) kimi civildəməsini  və  vəngildəməsini eşitmirdilər.
- Hə, Duqlas, indi  gəl asaq.
 Onlar qarajdan  yelləncəyi  axtarıb tapırlar,onun  tozunu  silrlər,eyvana  gətirirlər.Babası  yay axşamının sakit və təmtəraqlı bayramı  münasibətilə filə  bayram  yəhəri  keçirirmiş kimi yelləncəyi  tavandakı  halqalara  keçirir.  
Duqlas babasından  yüngül  olduğuna görə  yelləncəkdə  birinci özü  oturur.Sonra isə yaşlı  babası  ehtiyatla onun  yanında əyləşir.Onlar  bir-birlərinə gülümsəyərək və başlarını yırğalayaraq yelləncəyi sakitcə o tərəf- bu  tərəfə  tərpədirlər...
On  dəqiqədən  sonra  nənəsi su dolu vedrə  və  döşəmə sildiyi taxta ilə birgə  eyvana çıxaraq,oranı  süpürüb-silir. Evdən  yüngül  stullar,yirğalanan kürsülər, şezlonqlar (uzanıb dincəlmək üçün xüsusi kürsü) gətirirlər. 
- Eyvana çoxlu  mığmığa gəlməmişdən qabaq  bura köçməyi  çox  sevirəm.-babası deyir.
Saat  yeddidə  yüngülcə cırıltı səsləri eşidilir--- stolun  arxasındakı stullar  geriyə çəkilir,əgər  yeməkxananın pəncərəsi altında dayanmış olsan,oradan  qırıq  forepianoya məxsus saralmış klavişlərin dınqıltısını eşidərsən. Kibritlər çırtıldayır,su şırıldayır-  mətbəxdəki  bütün çirkli qablar  yuyulub, quruması üçün cingilti ilə rəflərə düzülür. İri  palıd  və qarağacların  altındakı yarımqaranlıq küçələrdəki  evlər  bir-birinin ardınca dayanmadan  canlanırlar.Barometrli saatlardakı fiqurlar kimi havanı əvvəlcədən deyən insanlar sərin  eyvanlara çıxırlar.
Bert dayı ,dalınca babam,sonra atam,sonra isə başqa qohum-əqrəba gəlib çıxır.Qadınlar ocağın  istiliyindən  əsər-əlamət  qalmamış   mətbəxdə  hələ də söhbət edirlər,kişilər isə siqaretlərini az-az tüstülədərək  və öz daxili dünyalarında səliqə-sahman  yaradaraq, axşamın  şirin  sakitliyini hamıdan  qabaq seyr edirlər. Eyvanda  kişi  səsləri  eşidilməyə  başlayır:kişilər  yuxarıda  ayaqlarını  qatlayaraq  rahat stullarda otururlar,oğlanlar  isə  sərçələr  kimi   ya ovulmuş  pilləkənlərdə,ya da taxta  məhəccərlərin  üstündə  yerlərini tuturlar.Bu  müddət  ərzində  də  oradan  nə  isə  düşməlidir, ya  ətirşah  dibçəyi,ya  da  oğlanlardan  biri.
 Elə  ki,  eyvanın  qapısının  arxasından  kölgə  kimi qəfildən  anam,nənəm və  nənəmin  anası  peyda  olurlar, kişilər tez  hərəkətə  gələrək,ayağa  durub  stulları  və  yırğalanan kürsüləri  onlara  tərəf  çəkirlər.Qadınlar özləri  ilə  qatlanmış  qəzetlərdən,bambuk  süpürgəciklərindən,ya  da  ətirli  cib  dəsmallarından ibarət  növbənöv  yelpiklər  gətirirlər.Söhbət  edərkən onlar özlərini bu  yelpiklərlə  yelləyəcəklər.
Onlar  bütün  axşam  boyu  dayanmadan  o  qədər  danışırlar  ki,sabahkı  gün haqqında  artıq  heç  kim  fikirləşməkbeləistəmir.Böyüklərin  nə  danışdığı  heç  kimi maraqlandırmırdı: maraqlısı o  idi  ki,onların səsləri eyvanı  üç  tərəfdən  əhatə  edən  zərif  ayıdöşəyi kollarının üzərində  gah  yüksəlirdi, gah  da  eşidilməz olurdu.Şəhər  tədricən  qaranlığa  qərq  olurdu,sanki qara  su  göydən  evlərin  üzərinə tökülürdü. Bu  qaranlıqda isə evlərin  işıqları  al qırmızı nöqtələr şəklində  parıldayır, səslər isə  suyun  şırıltısı  kimi elə  hey  dayanmadan  eşidilirdi. Qadınlar mığmığalardan qorunmaq üçün  qollarını  yellətməkdən  yorularaq, havada  sərt və əsəbi şəkildə qolları ilə cürbəcür hərəkətlər edərək   qeybət  edirdilər.Kişilərin səsi evin  köhnə taxtalarına  elə təsir göstərirdi  ki,əgər  gözlərini  yumub başını döşəmənin  taxtasına sıxsan onların  səsinin  necə  uğuldadığını eşidə  bilərdin.Torpağın  dərin  qatlarındakı zəlzələlər kimi bu  uğultu da, bir  anda  keçib  getmir,ya çox zəif səslə ,ya da  yüksəkdən eşidilirdi.
      Duqlas xoşbəxt və sakit tərzdə eyvanın  quru  döşəməsinə sərilir-bu  səslər  heç  vaxt  susmayacaq,söhbət  axını onun yuxulu qulaqlarına dolaraq ömür boyu  bütün  bədənini,qapanmış kirpiklərini çulğayacaq.Yelləncəklər sisəy quşları  kimi arabir çırtıldayırlar,sisəy  quşları da yelləncəklər kimi dayanmadan  cırıldayırlar. Mətbəxin pəncərəsinin altına yağış  suları üçün  qoyulmuş çəlləkdə bütün yeni nəsil mığmığalar törəyərək neçə  illərdir ki, baş  verən söhbətlər üçün  mövzu  verirlər.
    Yay  axşamı eyvanda oturmaq çox  gözəldir,insana xoş və sakitləşdirici təsir göstərir. Kaş ki, bu axşam heç vaxt bitməzdi. Siqaret çəkənlərin tünbəki çubuqları qiyamətəcən alışacaq, toxuma millərini tutan solğun əllər yarımqaranlıqda parıldayacaq, dondurmanın gümüşü üzlüyü xışıldayacaq,həmişə kimsə gələcək və gedəcək...—Bütün bunlar  vərdiş edilmiş daimi  adətlərdirlər. Axşam olanda qonşu evlərdən,yaxud da küçənin o biri başındakı evlərdən kimsə mütləq gələcək:--Miss Fern və miss Roberta  bəzən gəlib Tomu və Duqlası  da özləri ilə götürərək səsli-küylü kiçik avtomobilləri ilə  evin ətrafında  dövrə vurur,qayıdanda isə  eyvanda  oturaraq  alışıb yanan sifətlərini yelpiklə yelləyirlər.Yaxud da köhnə şeylər alverçisi cənab Conas  atlı furqonunu haradasa ağacların altına qoyaraq tövşüyə-tövşüyə pilləkənlərlə yuxarı qalxır,o saat hiss olunur ki,heç vaxt eşidilməmiş yeni bir şey danışmağa onun hövsələsi çatmır,ancaq həqiqətən də onun danışdığı  nə isə yeni  bir şey olur.Nəhayət uşaqlar--- axşamın qaranlığında o tərəf-bu tərəfə qaçaraq, gizlənpaç və ya top-top oynayırlar. Artıq hava tam qaranlıqlaşaraq ,heç nəyi görmək mümkün olmayanda isə  təngənəfəs və yanaqları qızarmış halda  məxmər çəmənliklərdən bumeranqlar kimi səssizcə evə qayıdır və eyvanda söhbətin ahəngli səsi ilə sakitləşirlər. Səslər isə elə hey eşidilir  və eşidilir, uşaqlara laylay çalaraq onları şirin yuxuya qərq edir.