Sara İbrahim. Od qonşusu (Hekayə)

Sara İbrahim. Od qonşusu (Hekayə)

Evin ikici mərtəbəsi tikilib başa çatmaq üzrəydi.Daşı daş üstə qoyduqca, evin divarları ucalıb  boy verdikcə Sahibin köksü genişlənir, boynunu indi yuxarıdan aşağı baxdığı birmərtəbəli,kürsülü evi olan qonşusunun həyətinə sarı uzadırdı.Məhəllədə ən böyük həyətyanı sahəli ev onunkuydu.Yan- yana,iç- içə tikdiyi balaca,darısqal otaqları kirayə verməklə ayın sonunda kirayənişinlərdən xeyli pul alırdı.Heç bir normal şəraiti olmayan, yalnız bir çarpayı, iki stul və stol qoydüğu bu darısqal otaqlarda rayonlardan tikintidə,bazarda işləməyə gələnlər qalırdı.Sahibin həyəti yataqxananı xatırladırdı.Səhər tezdən işə getməyə hazırlaşan kirayənişinlər həyətdə qarışqa kimi qaynaşırdılar. Həyətdəki yeganə əlüzyuyanın,ayaqyolunun qarşısında əməlli- başlı növbə yaranırdı.Bəzən növbə üstə höcətləşib əlbəyaxa olurdular.

- İşə gecikirəm,ölsən də qoymaram irəli keçəsən,- deyib bir də görürdün iki bığıburma kişi ayaqyoluna girməyin üstə qol güləşinə çıxdılar.

Sahibin arvadı Fatma şəhərdəki təsərrüfat idarələrinin birində küçə süpürgəçilərinin briqadiri işləyirdi.Sübh tezdən  çıxıb gecəyarısı qayıdan Fatmanın öz evindən xəbəri olmadığı kimi kirayənişinlərdən də xəbəri olmurdu.Fatmadan fərqli olaraq,Sahib heç bir yerdə işləmirdi.Onun işi kirayənişinləri idarə etmək,həyət- bacaya baxmaq idi.Döşəmə silmək,pəncərələri yumaq,yemək bişirmək onun öhdəsinə düşmüşdü. Sahib  pəncərə  şüşələrini təmizləmək üçün  küçə tərəfdən divara söykədiyi nərdivana dırmaşıb əlindəki suçiləyən və əsgiylə şüşələri parıldadanda qonşu qadınlar Sahibə tərəf yağlı "aley” verib pıqqıldaşanda Sahib onların cavabını gecikdirmirdi:
- Kül sizin paxıl başınıza!Sizin kişilər işə gedir,ev işlərini siz edirsiniz.Bizdə arvad işləyir,  evdə mən qalıram,neyləməliyik?

Sahib ömrü boyu işləməmişdi; əsgərlikdən gələn kimi onu Fatmayla evləndirmişdilər.Ev də elə Fatmaya atasından qalmışdı.O vaxtdan işləyən Fatma  evlənəndən sonra da Sahibin evdən çıxmağa çox da həvəsli olmadığını görüb işindən ayrılmamışdı.Əvvəllər adi küçə süpürgəçisi olsa da,illər keçdikcə vəzifəsini böyüdüb küçə təmizlikçilərinin briqadiri qoymuşdular.

Sahib də özünü kirayənişinlərin briqadiri hesab edirdi.Bütün günü həyətdə onlara nəzarət edirdi.Kimin harda işlədiyi,evdən nə vaxt çıxıb qayıdacağını əzbər bilirdi.Kirayə haqqını gecikdirənlərə güzəştə getməyi xoşlamırdı.Əvvəldən şərt kəsirdi: 
-Bir ayın pulunu əvvəldən verəcəksən,gecikdirsən səni üç gün gözləyə bilərəm.Əks halda şələ- küləni yığışdıra bilərsən!

Kirayənişinlərin əksəriyyəti bu qırmızısifət,balacaboy,yekəqarın ev sahibindən çəkinirdi.Gözünə xoş gəlməyəni,ona cavab qaytaranı dərhal evdən çıxarırdı.Darısqal,şəraitsiz olsa da, Sahibin evi şəhərin mərkəzindəydi.Metro stansiyasına,avtobus dayanacağına yaxın ərazidə yerləşdiyinə,həm də nisbətən ucuz olduğuna görə  burda yaşamağa üstünlük verirdilər.

Qurban bayramı yaxınlaşırdı.Maşınını həyət darvazasından küçəyə çıxarıb bazara getməyə hazlrlaşan qonşusu Sahibi görüb ona səsləndi:
- Qonşu,qurbanlıq heyvan almağa gedirəm,gedirsənsə, gəl səni də aparım.Deyəsən,sən də qurban kəsməyə hazırlaşırsan.
Sahib başıyla öz evinə tərəf işarə edib:
- Çox sağ ol,qurbanımı səhər tezdən alıb gətirmişəm,- dedi.Əlini boğazına çəkdi:-kəsib soymuşam da,qalır kabab eləmək!

Bir neçə dəqiqədən sonra Sahibin həyətindəki manqalın tüstüsü,şişlərdə qızarıb cızıldayan yağlı kababın ləzzətli iyi ətrafı bürüdü.
Kirayənişinlərin çoxu evdəydi.Bayram günü olduğundan iş yerlərinin çoxu bu gün bağlıydı.İki uşağıyla Sahibin evində yaşayan kirayənişin qadın tüstünü,kabab iyini uşağı hiss etməsin deyə qapı- pəncərəni möhkəm- möhkəm bağladı.Amma,tüstü,iy o qədər qüvvətliydi ki,qadının səyi boşa çıxdı.Kabab iyi evə,burunlarına dolmuşdu.On yaşlı qız anasının qabağına qoyduğu şorba nimçəsini kənara itələdi:
- Uff, bu iydən sonra şorba yemək olar? Mən də kabab istəyirəm, atama de ki,qoy o da bizə kabab bişirsin.
Ana xəcalətli gözlərini qızından qaçırmağa çalışaraq:
- Hələ bunu ye,atan  evə gəlsin,deyəcəm qoy ət alsın, kabab da bişirərik,- dedi.

Yediyi kababdan sonra gözlərinə dolan yuxunu qovmaq üçün küçəyə çıxdı.Qonşusu kəsdiyi qurbanın ətini sellofan torbalara doldurub oğluyla harasa getməyə hazırlaşırdı. Sahib dişini qurdalaya- qurdalaya təəccüblə qonşusunun əlindəki torbalara baxdı:
- Qonşu,bunları hara aparırsan? Sənin manqalının tüstüsünü görmədim,hələ qurban ətini bişirməmisən?
Qonşusu  torbaları bir əlindən o birinə keçirib yolun sonundakı qaçqınlar yaşayan pansionatı göstərdi:
 - Ordakılara qurban payı aparıram hələ, xanım özümüzə bir şey hazırlayar,kabab bişirmək vacib deyil,- tələsik ondan aralanıb oğlunun getdiyi səmtə üz tutdu.

" Hər ağılda adam var da; kəsdiyi qurbanı özü yemir,ona- buna paylayır” başını bulayıb həyət qapısından içəri keçdi.Küncdə,talvarın altında külü qaralan manqala gözucu baxıb evə getdi.” Gedim bir az gözümün acısını alım,yağlı kababdan sonra bir az yatmaq pis olmaz” İki dəqiqə keçməmiş xorultusu evi başına götürdü.

 ...Kirayə biznesini böyütmək istəyirdi.Birmərtəbəli evin üstündə ikinci mərtəbə tikməyi planlaşdırırdı.Bir neçə cərgə hörüb pəncərənin yerini qoymaq istəyəndə tərəddüd etdi; yan tərəfdən küçəyə də qoymaq olardı,öz həyətinə baxan divara da.Amma son anda fikrini dəyişdi;arxa divardan- qonşunun həyəti tərəfdən pəncərə açmaq qərarına gəldi.Sağ tərəfdəki cavan ailə onda həmişə qıcıq yaradırdı.Hər ikisi-ər də ,cavan qadını da hansısa dövlət idarəsində işləyirdilər.Evdən səhərlər qoşa çıxıb axşamlar da bir yerdə qayıdırdılar.Sakit,səs- küysüz ailə idilər.Hər ikisi oxumuş,mədəni adam təsiri bağışlayırdı.Hərdən Sahib cavan qonşusunu söhbətə çəkmək istəsə də,nədənsə  ağ köynəkli,qalstuklu bu mədəni qonşu ondan qaçırdı.Sahibin ürəyinə qonşusuna qarşı səbəbini özü də bilmədiyi kin,nifrət toxumları səpilmişdi.

Evin ikinci mərtəbəsinin pəncərəsini hansı tərəfə qoyacağını ürəyində götür- qoy edib sonda qəti qərar verdi:”Şimal tərəf yaxşıdı,havanı  bu tərəfdən yaxşı  çəkər,elə burdan qoyacam” Hörgü işi aparan ustaya tapşırıq verib fit çala-  çala divara söykənmiş nərdivandan düşdü.
Axşam evinə qayıdan qonşu həyətinə tərəf açılan pəncərəni görüb mülayim tərzdə:
 - Sahib,pəncərəni mənim həyətimə açmaqda düz iş görməmisən.Hamı istəyər ki,öz həyətində,evində sərbəst olsun,- sonra əlini  təzə hörülmüş  barıya uzadıb dedi:
 - Əgər başqa çıxış yolu olmasaydı,evinin qaranlıq olmasına razı olmayıb göz yumardım,amma sən iki tərəfə pəncərə açmaq imkanın ola- ola mənim həyətimə pəncərə açırsan.Xahiş edirəm ki,buranı bağlatdır,o biri tərəfdən aç.

Sahibin qırmızı sifəti bir az da pörtdü:
 - Heç yanı bağlayan deyiləm,divar mənimdir hansı tərəfə istəsəm,pəncərəmi aça bilərəm.Get,kimə istəyirsən şikayət elə!

Cavan qonşu Sahibin piyli qarnına,ətli sifətinə baxıb başını buladı:
- Səninlə od qonşusuyuq,öz aramızda həll edə biləriksə,niyə şikayət edim axı? Daşı ətəyindən tök,sənə nə pisliyim keçib ki,imkanın ola- ola tərslik edirsən?
Sahib qızıl dişlərini parıldadıb hırıldadı:
- Sənin kimi oxumuş,mədəni deyilik də,heç nə başa düşmürük.Mən istəyirəm ki,evimə bu tərəfdən hava girsin,başqa sözün var?
Sahibin sözündən dönməyəcəyini görən qonşu evlər idarəsinin qapısını döysə də,ordan  bir nəticə hasil olmadı.O, idarəyə ayaq döydüyü dövrdə Sahib pəncərəsi qonşunun həyətinə açılan ikinci mərtəbəni tikib qurtardı.Sonradan belə məlum oldu ki,Sahibin həyasızlıq edib qürrələnməyinin səbəbi varmış: evlər idarəsinin rəisi onun yaxın qohumu imiş.

Sahib döşəməni təmizlədiyi tozsoranın xortumunun yaxşı çəkmədiyini görüb qapağı açıb toz torbasını çıxardı.Torba hörümçək toruna dönmüş toz saçaqlarıyla dolub pərçimlənmişdi.Burnuna dolan tozu udmamaq üçün nəfəsini içinə çəkib torba əlində küçəyə çıxdı.Küçədəki zibil yeşikləri xeyli aralıda qoyulmuşdu.Ora getməyə tənbəllik elədi.Ətrafa boylanıb onu heç kimin görmədiyinə əmin olanda tozlu torbanı qapıbir qonşusunun yenicə rənglənib günəş şüalarının altında parıldayan  göy rəngli darvazasının önünə boşaltdı.Torbanı çevirib dəmir darvazaya bir neçə dəfə çırpdı.Künclərdə,parça səthdə yapışıb qalan toz duman kimi Sahibin başı üstdən havaya uçuşdu. 

Həyətdəki zivəyə paltar asan qonşu qadın darvazanın tıqqıldadığını,silkələndiyini görüb kiminsə qapını döydüyünü zənn edərək  sərmək istədiyi paltarı yerdəki ləyənə atıb tələsik qapıya yaxınlaşdı.Qadın darvazanın giriş qapısını açanda ilk gördüyü  qapının ağzındakı toz təpəciyi oldu.Qapının açılacağını gözləməyən Sahib tozlu torba əlində quruyub qalmışdı.Qadının heyrət dolu baxışları ona zillənmişdi.Özünü itirməyib ağlına gələn ilk yalanı uydurdu:
- Bacı,torbanı zibil yeşiyinə boşaltmaq istəyirdim,bura çatanda əlimdən düşdü,töküldü bura,- bir az əvvəl tökdüyü zibil topasını göstərib- indi təmizləyərəm,- dedi.
Qadın başını yelləyib içəri keçdi,iki dəqiqə sonra əlində süpürgə,xəkəndazla qayıdıb yerdəki zibili süpürüb yığdı.Sahibə heç nə deməyib qapını onun üzünə örtdü.
 Sahib qadının onun yalanına inanmadığını vecinə  almadı:
   " Cəhənnəmə inan,gora da dalınca” Torbanı indi də qonşunun qapısıyla üzbəüz, küçənin o biri üzündəki qonşunun hasarına çırpdı.Qara suvaqla suvanmış hasarda dairəvi ağ ləkələr əmələ gəldi.

Ev tikilib hazır olan kimi birinci mərtəbədə yaşadıqları üç otağı kirayə verib ikinci mərtəbəyə  köçdü.Çəhrayı  çiçəkli divar kağızlı, boya qoxusu hələ çəkilməmiş parket döşəməli otaqlar,bol günəş işığını içəri örürən ikilaylı  plastik pəncərələriylə  Sahibin gözündə ikinci mərtəbə  şah sarayları kimiydi.Çarpayısını qonşunun həyətinə açdığı pəncərənin qarşısına qoymuşdu.İndi qonşu həyət ovcunun içində,gözünün qarşısındaydı.Qonşu həyəti bütün günü izləmək onda adətə çevrilmişdi.İşlərini bitirən kimi özünü pəncərənin önünə çatdırırdı.Hərdən özünü kəşfiyyata göndərilmiş döyüşçüyə bənzədirdi.  "Düşmən” – qonşu tam nəzarət altındaydı.Bütün günü Sahibin domba gözlərinin onları izləməsi qonşu qadını zinhar etmişdi.Üzbəüz pəncərələrin nazik tül pərdələrini qalın pərdələrə dəyişdi.Otaqların havasını dəyişmək üçün bir- iki saatı çıxmaq şərtilə pəncərələr günün bütün saatlarında bağlanır,pərdələr çəkilirdi.Daha  hava yaxşı olanda çıxıb həyətdə sərbəst otura bilmirdilər.Daim kiminsə səni izləyən baxışları altında gəzmək,istirahət etmək sıxıcı idi.

   ...Qonşu evdən eşidilən ah- nalə,fəryad səslərinə özlərini yetirən qonşular Fatmanı pəncərə qarşısında qoyulmuş çarpayıda başı kəsilmiş toyuq kimi çapalayan ərinin yanında çarəsiz qışqırıb haray çəkən gördülər.Haya gələn qonşuları görüb onlardan imdad dilədi:
- Kömək eləyin,həkim çağırın,kişi əldən gedir.Başımı itirmişəm,həkimə necə zəng edəcəyimi də bilmirəm.
Fatmanın dediyinə görə Sahibin halı birdən dəyişib;başında qəfildən güclü arı hiss edib yıxılıb.Çarpayıda kəsik- kəsik nəfəs alan Sahibin rəngi kağız kimi ağarmışdı,gözlərinin yalnız ağı görünürdü.

Təcili yardımla gələn həkim briqadası onun ağır insult keçirdiyini deyib yerindən tərpətməməyi tapşırdı. Sahibi sağ böyrü üstə,üzü pəncərəyə  tərəf uzatdılar.Çağırışa gələn həkim yazdığı resepti Fatmaya verib xəstəyə necə qulluq edəcəyi haqda tapşırıqlar verib getdi.Sahibin bədəni hərəkətsiz olsa da,hissiyatı yerindəydi.Bunu onun kipriklərinin titrəyişindən,dodaqlarını bir- birinə sıxıb- açaraq danışmağa çalışmasından hiss etmək olurdu.

Sahib ikinci mərtəbədəki evində, pəncərə qarşısındakı çarpayıda uzanıb gözünü tavana zilləmişdi.Fatma onu əliylə yedirirdi.Bədəninin üçdə iki hissəsini tərpədə bilmirdi.Üzünün bir tərəfi əyilmişdi.

Yeməyi qaşıqla ağzına uzadan Fatmaya  başını bulamaqla yemək istəmədiyini andırdı.Gözüylə pəncərəyə tərəf işarə edib dodaqlarını yaladı.Fatma onun nə demək istədiyini anlamayıb pəncərəyə doğru getdi.Pəncərənin pərdəsini yana çəkib onu açdı.Dərhal içəri kabab iyi,közdə bişən yağlı tikələrin yaratdığı  tüstü  doldu.Sahib tamsınaraq ağzını açıb- yumdu.Sanki tüstünü,kabab qoxusunu udmaq istəyirdi.Onun ağzının kənarlarından çənəsinə,ordan da sinəsinə axan suyu Fatma əlinin arxasıyla silib doluxsunaraq burnunu çəkdi.Sahib xəstələnəndən sonra işdən çıxıb ərinə qulluq edirdi.Kirayənişinlərdən aldığı pulu onun müalicəsinə və gündəlik xərclərinə güclə çatdırırdı.

Qapı döyüldü.Fatma əlində qab kandarda dayanan qonşusunu görəndə çaşıb qaldı: qonşusu bişirdiyi kababdan onlara da gətimişdi.
- Qonağım gəlib,həyətdə kabab çəkmək istədim,- əlindəki qabı ona uzatdı,- bunu da sizə gətirdim,xəstəniz var iy gedir,birdən ürəyi istəyə, dedim.
Fatma kababın yumşaq, xırda tikələrindən birini götürüb ərinin ağzına tərəf uzatdı.Sahib başını qaldırmağa çalışaraq diliylə tikəni arvadının əlindən alıb ağzına apardı. Bu vaxt nəzərləri  pəncərədən görünən qonşu hasardakı dairəvi ağ toz ləkələrinə ilişib qaldı.Onu çeçəmək tutdu,ət tikəsi  sıçrayıb ağzından yerə düşdü.