Şəkidə ABŞ-ın məşhur “Meri Mak Brayd” qrupu çıxış edib

Şəkidə ABŞ-ın məşhur “Meri Mak Brayd” qrupu çıxış edib

ABŞ-ın məşhur "Meri Mak Brayd” musiqi qrupu Azərbaycana səfəri çərçivəsində Şəki şəhərində konsert proqramı ilə çıxış edib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında keçirilən konsertin əvvəlində ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Kelli Kalam çıxış edərək konsertin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə şəhər rəhbərliyinə, musiqisevərlərə minnətdarlığını bildirib.
 
Qeyd olunub ki, ABŞ Dövlət Departamenti və Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu proqram Azərbaycan və Amerika xalqları arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin, dostluq münasibətlərinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi məqsədi daşıyır. Bildirilib ki, belə musiqi turları xalqlar arasında dialoqun qurulmasında mühüm əhəmiyyətə malikdir.
 
Meri Mak Braydın rəhbərlik etdiyi musiqi qrupu Azərbaycanda ilk dəfədir ki, çıxış edir. "Meri Mak Brayd” musiqi qrupu Azərbaycana səfəri çəpçivəsində Şəkidən sonra Zaqatala, Bərdə və Gəncədə konsert proqramı ilə çıxış edəcək.