Şumer əfsanələri. İnanna və Şukalletuda

Şumer əfsanələri. İnanna və Şukalletuda

Şukalletuda adlı bir bağban vardı. O, böyük səylə bağına qulluq edir, ağaclarını, əkin sahələrini sulayırdı. Amma onun bütün əməyi boşa çıxırdı – səhradan əsən quru külək torpağı qurudur, bitkilər yanırdı. Uğursuzluqdan yorulmuş Şukalletuda ulduzlu göyüzünə baxıb yalvardı və tanrılardan işarə gözləməyə başladı. Tanrıların əmriylə bağında sarbatu ağacı əkdi, ağac böyüyüb qərbdən şərqə kölgə salmağa başlayanda Şukalletuda istədiyi nəticəni əldə etdi – bağındakı bitkilər bəhər verməyə başladı.

Bir dəfə tanrıça İnanna uzun səyahətdən sonra Şukalletudanın bağının yaxınlığında dincəlmək qərarına gəldi. Bağban çəpərdən tanrıçanı gördü və İnannanın ilahi gözəlliyi onu valeh etdi. Şukalletuda İnannaya tərəf əyilib cəsarətsiz şəkildə onu öpdü. İnannanın dərin yuxuya getdiyini və oyanmadığını görəndə Şukalletuda cəsarətləndi, ona sahib olmaqla ehtirasını söndürdü.

Günəşin ilk şüaları yerüzünə yayılanda İnanna yuxudan oyandı və adi ölümlü tərəfindən təhqir olunduğunu başa düşəndə, nə olur olsun, intiqam almaq qərarına gəldi. Amma İnanna onu məhz kimin təhqir etdiyini bilmədiyi üçün, bütün Şumer əhalisi onun qəzəbinə tuş gəldi.

Əvvəlcə bütün ölkənin quyularını qanla doldurdu. Sonra Şumerə dəhşətli tufanlar göndərdi. Mətn zədələndiyi üçün, İnannanın üçüncü dəfə hansı cəzanı tətbiq etdiyini bilmirik. Şukalletuda hər dəfə atasının yanına gedir, müdrik qoca da ona məsləhət görürdü ki, böyük şəhərlərə getsin, çox adamın arasında İnanna onu tapa bilməz.

İnanna üçüncü cəhddən sonra başa düşdü ki, ölümlü insandan qisas almaq iqtidarında deyil. Bunu başa düşəndə kədərləndi və müdriklik tanrısı Enkinin yanına məsləhət almağa getdi.

 

Mətn burda qırıldığı üçün, mifin necə qurtardığını bilmirik.