Yaradıcılıq broyleri
Köşə, Esse
- 05.09.2023
- 0 Şərh
- 6399 Baxış
Məqsəd Nur
Azərbaycanda yaradıcılıq broylerləri ortaya çıxır. Birtərəfli mütaliədən, xarici ekspansionizmdən, milli təhsilin gücsüzlüyündən və milli ideologiyanın boşluğundan yenə "Anamın kitabı"na doğru gedirik.
Bir də baxırsan, gəncdir, işıqlıdır, yeni imzadır, xaricdə təhsil alıb, elmi araşdırma aparıb. Oxuyursan, ilk baxışdan heyranedicidir, gerçəklərimizi üzümüzə deyir, bizi özümüzə tanıdır, ətrafımıza və içimizə bir daha nəzər salmağa vadar edir, ən əsası isə düşündürür... Amma qurcalanıb bir də düşündükdən sonra (əslində hərtərəfli düşünməyə başlayanda) əvvəlcə dalağın sancır ki, nə isə bir az çox oldu, nəyinsə istiotu çox acı verdi, dil çox uzandı, yox, həm də adam özünü gizlədə bilməyib, ibtidaisini, şüuraltını, zədələrini ortaya qoyub. Və budur, heç yerindən qımzanmamış görürsən ki, müriddir, şəyirddir, beyni yuyulmağa qoyulub. Biri hansısa ərəb ölkəsinin dini icmasından güc alır, digəri İranın qulluğundadır, o birisi Sem dayının, bir digəri isə İvanın yanındadır. Bu vəziyyət təxminən orta əsrləri xatırladır. Dövrləri təhlil edib ümumi mənzərə yaradanda baxırsan ki, əslində inkişaf gedir və bu inkişaf mütləq bir yönə gətirib çıxaracaq. İntibahamı, rəzilliyəmi, bu sual həmişə aktualdır və bu mənada heç kim proqnoz verə bilməz. Heç kim də bu kimi proseslərin qarşısını əsaslı şəkildə ala bilməz. Yaradıcı broylerlərimiz də eləcə - olmalıdır.
Gənclərə, yazmaq istəyib yaza bilməyənlərə, yolunu tutmağı bacarmayanlara yazı üslubu öyərədəcək, əslində broyler yaradıcı şəxs yetişdirəcək. Axı belə adamlar (yaradıcı adam dediyimiz) kurslarda yetişmir, özü əmələ gəlir, kurslar, təlimlər isə təkan verir. Amma son vaxtlar baxırsan ki, ətraf iki cüt, bir tək kitab oxuyub dərhal xoşuna gələn sitatları paylaşan soxulcanlarla doludur. Düşünməyə vaxt qoymayan yaradıcılıq broylerləri də bu adamlar kimi işləyirlər.
Dünyada çoxdan dəbə minmiş yaradıcılıq kursları, əsasən, yazı yazmağı öyrədir. Təbii ki, hər kəs öz təhsilindən və təcrübəsindən irəli gələnləri öyrətməyə çalışır. Əlbəttə, yazı ilə düşünən azərbaycanlı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Səhv etmirəmsə, Bolonya təhsil sistemində də esse yazmaq şagirdin yazı təfəkkürünü formalaşdırmaq üçündür. Bu, sovet təhsil sistemində də vardı - məcburi inşa yazmaq. Fikir vermisinizsə, bizim vətəndaş kağızdan, yazıdan ala çatı kimi qorxur, elə bil onu ilan vurub, amma danışmağa qalsa, hamını ötüb-keçmək üçün canını qoyar. Yəni bu kimi kursların missiyası əslində ibtidai inşa yazmağı öyrətməkdir. İnsanımızı yazıya gətirməkdir. Biri də var master klasslar, emalatxanalar, ustad dərsləri: hər kəs öz təcrübəsini danışır, öyrədir, israr etmir, dinləyici isə öz nəticəsini çıxarır. Amma master klass üçün "master"ə pul verməlisən. Kursda isə hesab edirlər ki, "master"ə ehtiyac yoxdur, əksinə, dərslərdə "master"ləri yıxıb sürümək, yeni çağırışlara hazırlaşmaq kimi prioritetlər var. Bu isə yenə broyler deməkdir.
Kurslardan birinin tövsiyəsinə baxın:
1. Əgər yaradıcı olmadığınızı düşünürsünüzsə, oxuyun. Əgər belə düşünmürsünüzsə, yenə də oxuyun. Bir sözlə, oxuyun.
2. İlham pərilərini gözləməyin. Onsuz da yaza bilərsiniz.
3. Doldura bilməyəcəyiniz boş ağ səhifə sizi sıxırsa, özünüzə daha kiçik bir yazı işi təyin edin. Yazmaq üçün bir təkan tapın. Məsələn, bir xatirə yazın.
4. Özünüzü iş masanıza zəncirləməyin. Bəzən ən yaxşı ideyalar müxtəlif şeylər etməklə gəlir.
5. Yazmaq üçün uyğun vaxtı gözləmək üçün özünüzü şərtləndirməyin. Düzgün vaxt yoxdur. Sadəcə başlayın.
6. Bəzən ilk cümlənizi tapmaq üçün onlarla məşq edirsiniz və silirsiniz. Problem deyil. Yola davam.
7. Yazmaq üçün geniş bir vaxt olmasını gözləməyin. Əgər cəmi 20 dəqiqəniz varsa, 20 dəqiqə yazın."
Tövsiyələrin dilini şərh etmək istəmirəm. Sadəcə deyirəm, əgər ana dilində yaza bilmirsininzsə, yazmayın, əvvəlcə yazmağı deyil, dilin şifrəsini, səsini öyrənin. Dilə qulaq verin. Yazı koloritdur. Yazı fərqdir. Hətta reklam mətnləri, kontent yaradırsınızsa, fərqiniz olmalıdır. Gələcəkdə bu, tələb olunacaq.
Broylerin ən yaxşı tərifi odur ki, yazmaqla özünü ifadə etməyə çalışmayan, oxumağa ərinən cəmiyyətdə yazı ilə düşünənlərin sayı artacaq. Amma hansı yazı? Axı yazı da, dil də, tərz də təfəkkürü formalaşdırır. Əgər broyler birlikləri yalnız əcnəbi dillərin və ideologiyanın təsirində böyüyəcəksə, bəlkə elə öz dilində söyüş söyməkdən başqa heç nə bacarmasa yaxşıdır? Deyirlər ki, süni zəka orijinal müəllif yazısından başqa hər şeyi bacaracaq. Dizayn, musiqi tərtibatı və sair bu kimi işlər "avtomatik" görüləcək. Bircə orijinal yazı yaza bilməyəcək.
Deməyim odur ki, təcrübə və təhsil, tədris birtərəfli olanda broyler yaradılır. İstər milli olsun, istər qeyri-milli. İşlər hərtərəfli olmaldır. "Həqiqət budur" deyib təhsil və təlim, məsləhət vermək doğru deyil. Heç kəs necə yazmalı sualına belə asanlıqla cavab tapa bilməz.