Yəhudi uşaq hökmdarı belə razı saldı - TƏRCÜMƏ

Yəhudi uşaq hökmdarı belə razı saldı -
TƏRCÜMƏ


Yəhudi xalqından uşaq və yeniyetmələr üçün dörd hikmətli pritçanı Həmid Piriyevin tərcüməsində Kult.Az oxucularına təqdim edirik:

Anaya hədiyyə

Bir yəhudi ananın üç oğlu var idi. Onlar böyüyəndə uğurlu biznesmen oldular və varlandılar, anaları isə qocalmışdı və balaca evində tək yaşayırdı. Oğullar analarına hədiyyə vermək qərarına gəldilər.
Böyük oğul dedi:
- Mən ana üçün böyük, qırx otaqlı, qulluqçuları və xidmətçiləri olan ev almışam. Qoy heç olmasa qoca vaxtında gözəl yaşasın.
Ortancıl oğul dedi:
- Mənsə ana üçün əntiqə maşın almışam və şəxsi sürücü tutmuşam. Qoy heç olmasa qoca vaxtında komfortla gəzsin.
Kiçik oğulsa dedi:
- Tüpürdüm sizə də, hədiyyələrinizə də. Siz heç bilmirsiniz ki, anamızın ən çox nədən xoşu gəlir. Ana isə Tövrat oxumağı hər şeydən çox sevir. Amma o artıq qocalıb və zəif görür. Bax, mən də fikirləşdim: iyirmi ravvin on iki il ərzində bu tutuquşuya Tövratı öyrədiblər, indi o bütün Tövratı əzbərdən bilir. Ona ancaq hansı fəsili istədiyini de və o osaat başlayacaq.
Qardaşları razılaşdılar ki, bu – möhtəşəm hədiyyədir.
Bir neçə vaxtdan sonra oğullar ananın yanına gəldilər və soruşdular:
- Hə, ana, hədiyyələrimiz xoşuna gəldi? Həyatın rahatlaşıb?
Ana böyük oğluna dedi:
- Oğlum, bu cür yaxşı hədiyyəyə - qırx otaqlı evə görə çox sağ ol, amma o mənim nəyimə lazımdır? Mən onsuz da təkcə öz otağımda otururam və heç yerə çıxmıram.
Sonra ortancıl oğluna dedi:
- Oğlum, bu cür qəşəng maşına və sürücüyə görə çox sağ ol, amma bu qoca vaxtımda hara gedəcəyəm ki? Mənim heç bir işim yoxdur, gözlərim də zəif görür. Bu halda pəncərədən görünən mənzərələrə də  baxa bilmirəm.
Kiçik oğlunasa belə dedi:
- Sənsə, oğlum, məni yarıtdın! Sən bilirsən anana nə lazımdır. Sənin göndərdiyin toyuğun ətindən bişirilən şorba sadəcə möhtəşəm idi.


Nə üçün?

Ravvin Levinin yanına bir yeniyetmə oğlan gəldi və kədərli səslə soruşdu:
- Ravvin, nə üçün məni heç kim sevmir, xüsusən də qızlar?
Və ravvin cavab verdi:
- Çünki sən özün heç kimi sevmirsən, xüsusən də özünü.


Qızıl kisəsi

Bir dəfə Zanslı ravvin Xaim pəncərənin qabağında dayanıb küçəyə baxırdı. Yoldan keçən birini görüb şüşəni döydü və onun içəri gəlməsinə işarə etdi. O içəri girəndə ravvin Xaim soruşdu:
- De görüm qızıl kisəsi tapsan onu yiyəsinə qaytararsan?
- Ravvin, - yolçu cavab verdi, - əgər pulun yiyəsinin kim olduğunu bilsəm, düşünmədən qaytararam.
- Sən axmaqsan. – Zanslı ravvin dedi.
Sonra pəncərənin qabağına qayıtdı, daha bir yoldan keçəni çağırdı və eyni sualı verdi.
Yolçu cavab verdi:
- Mən o qədər axmaq deyiləm ki, tapdığım pul kisəsini qaytarım.
- Sən pissən, - Zanslı ravvin dedi və üçüncü yoldan keçəni çağöırdı.
O suala belə cavab verdi:
- Ravvin, kisəni tapan vaxt necə olacağımı, özümü pis işdən çəkindirə biləcəyimi bilmirəm axı. Bəlkə tamah mənə güc gələcək və mənim olmayan şeyi özümünküləşdirəcəyəm. Bəlkə də Tanrı – O, xeyirxahdır – mənə kömək edəcək və mən tapdığımı qanuni yiyəsinə qaytaracağam.
– Bunlar yaxşı sözlərdir! – ravvin qışqırdı. – Sən əsl müdriksən!

Uşaq və tac

Bir dövlətin əhalisi təzə padşah seçdi və hər qaydasıyla tacqoyma mərasimi keçirildi. Padşah üçün təzə tac da düzəltdilər və tacı daş-qaşla bəzəmək qərarına gəldilər, amma belə bacarığa malik adam yox idi – bütün ustalar tacı korlamaqdan qorxduqları üçün, bu işə qol qoymaq istəmirdilər.

Nəhayət bir sənətkar tapıldı və tacı bir aya düzəldəcəyini dedi. Tacı ona verdilər və o bir ayı daş-qaşı tacın üstündə necə yerləşdirmək barədə fikirləşməklə keçirtdi. Amma qorxudan müddət bitənə qədər taca əl vurmadı. Vaxtın tamam olmağına iki gün qalmış işə başladı, amma əlləri elə əsdi ki, tacı yerə saldı.

Belə olduqda tac haqqında anlayışı belə olmayan balaca oğlanı çağırdı və nə etmək lazım olduğunu başa saldı. Özü elə həyəcanlı idi ki, işin gedişatını görməmək üçün bayıra çıxdı. Uşaqsa işi başdansovdu gördü və daşları taca çox yaxşı yapışdırdı. Padşah da razı qaldı.