Yusif Hansen – Diktator Anar və cücə yazıçılar

Yusif Hansen – Diktator Anar və cücə yazıçılar

Son onilliklərə nəzər yetirdikdə açıq-aydın görmək olar ki, ədəbiyyatımızda şedevr sayılacaq əsərlər yazılmır. Maraqlıdır elə deyilmi? Belə çıxır ki, özünü peşəkar yazıçı adlandıranlar sadəcəmənasız işlərlə məşğuldurlar.

Gəncliyim ədəbiyyatda dəlixana dövrünə düşüb desəm yanılmaram. Bir qrup gənc məşhurlaşmaq üçün yaşlı, ağsaqqal yazıçıları tənqid, hətta təhqir etməyə başlamışdılar. Təhqirlərin ən böyüyü Anara aid idi. Elə indinin özündə də bu tənqid, təhqirlərə rast gəlmək mümkündür.

Yazılan məqalə, köşə yazılarından açıq-aşkar aydın olurdu ki, Anar diktatordur. Lakin, o diktatora xas olan hərəkəti etmədi. Nə cavab verdi, nə də hər hansısa bir addım atdı. O qədər iyrənc sözlər eşitdim, əsərlərini belə oxumağa həvəs qalmamışdı.

Bir müddət sonra Anarı tənqid edənlər məşhurlaşdı. Sayt sahibinə, redaktoruna çevrildilər. Bəs Anarı diktator sayanlar nə etdilər sonra? Əlbəttə ki, diktatorluğa başladılar. Özlərini Allaha bərabər tutdular, əlçatmaz oldular.

Xatırladığım qədəri ilə tənqid və təhqirlərin başında Qan Turalı dururdu. Sonra Seymur Baycan, Günel Mövlud və sonrakı yerlərdə daha da kiçik cücələr. Hal-hazırda adını çəkdiyim əsas 3 yazardan 2-si ayrılıqda ədəbiyyat, 1-i isə digər portalda aparıcı sözə malikdirlər və öz çevrələrində olanlardan başqa digərlərinə dəstək olmaq nədir, hətta bataqlığa batmağa yardımçı olarlar.

Köşə yazıları yazmağa başladığımdan hər birinin qapısını dəfələrlə döymüşəm. Qan Turalı ilə öz profilində yazışmada "yalnız özləri seçdikləri yazarların yazılarını çap etdiklərini”, Günel Mövludunku isə mail yazışmasında "yazılarn standartlarına uyğun gəlmədiyini bildirərək standartların nələr olduğu sualını isə cavabsız qoymasını”, Seymurunki isə redaktorun baxdığından sonra çap ediləcəyi yazısından sonra səs çıxmadığını qeyd etmək istərdim.

Yuxarıda sadaladıqlarımın edilməsində Anarın rolu böyükdür. Çünki, onu adını batıraraq o durduqları yerə çatıblar. Zamanında edilən təhqirlərə görə Anar məhkəmə vasitəsilə cəzaların verib sonuncu cırıq corablarını əllərindən alsaydı, indi onlar at oynatmazdılar.

Həm ayrı bir məsələ də odur ki, bunlar bir zamanlar Anara aid etdikləri hərəkətlərin artıqlamasını hal-hazırda özləri edirlər. Qonorarları öz çevrələri arasında bölmək, öz çevrələrindən kənar heç kimə imkan yaratmamaq və s.

Ədəbiyyatın bu bərbad gündə olmasında Yazıçılar Birliyinin də əli var. Əgər "Mən necə Polad Alemdar oldum” adlı əsər yazan 20 yaşlı gəncə 25 min manat mükafat verəndə, o isə sonra "Anar məni sındırdı” adlı yazı yazarsa daha nə demək olar ki?! Günah birbaşa Anarın rəhbərlik etdiyi Yazıçılar Birliyindədir. Hər bir insan gördüyü işin peşəkarı olmalıdır. Əgər ortaya çıxardığı bir iş yoxdursa, insan görəsən özünü niyə yazar, yazıçı adlandırsın?! Hələ görmədiyi işə görə də mükafat verilsin.

Sonda bir məsələ ilə bağlı fikrimi də yazmaq istərdim. Bir gün peşəkar yazıçı olduğumda Yazıçılar Birliyinə üzv olmaq təklif edilsə, məmnuniyyətlə təklifi qəbul edib üzv olaram. Ən azından cücələrin yanında itib-batmaqdansa, diktatorun yanında olmaq dəfələrlə yaxşıdır. Nəzərə alsaq ki, ətrafda diktatorluqdur, belə olan halda özünü diktator kimi aparan cücələrin yanında olmaqdansa, həqiqi diktatorun yanında yanında olmağı üstün tutaram.

Yusif Hansen