3 sot torpağa tərif yazan ədəbi tənqidçilər...
Tənqid
- 14.09.2019
- 0 Şərh
- 7092 Baxış
Elnur Astanbəyli
Böyük tənqidçi Belinskinin böyük yazıçı Qoqola məktubunu oxumusunuzmu? Oxumamısınızsa, mütləq tapın və oxuyun. İnternet çağında bu o qədər də çətin deyil: "Google" axtarış sistemində "Belinskinin Qoqola məktubu" yazıb tıqlamaq kifayətdir.
Həmin məktubun yazılmasının üzərindən hardasa 170 il keçməsinə baxmayaraq, onu hələ də aktual edən nədir? Nə vaxtsa bir dəfə də qeyd etdiyim kimi, bu məktubun tənqidçi vicdanı mövzusunda bəlkə də bütün zamanların ən parlaq, ən cəsarətli, ən coşqun mətnlərindən birincisi olması!
Kiçik arayış: Belinskinin Qoqolu "topa tutan" məktubunun yazılmasına səbəb ikincinin 1847-ci ildə işıq üzü görən "Dostlarla yazışmalar” adlı kitabıdır. "Müfəttiş” kimi bütün zamanların ən ifşaedici komediyalarından birini yazmış Qoqol bu kitabı ilə əvvəlki əsərlərindən, belə demək mümkünsə, üz döndərir və mürtəce idealların müdafiəçisi kimi çıxış edir: kilsə vasitəsilə çarın öz təbəələri, mülkədarların isə öz təhkimli qulları üzərindəki ağalığını möhkəmləndirməyə səsləyir.
Heç kim Qoqoldan bunu gözləmirdi - söhbət əlbəttə ki, həmin vaxt Rusiyanın tərəqqipərvər, vicdanlı zümrəsini təşkil edən insanlardan gedirdi.
Qoqola ilk cavab Belinskidən gəlir (ona başqa ağır bir cavabı Gertsen vermişdi - o, Qoqolu dönüklükdə ittiham etmişdi!).
Tənqidçinin yazıçının ünvanına səsləndirdiyi qınaqları, ittihamları bir batman balla yemək mümkün deyildi!
Məsələn: "Məgər belə bir kitab ağır daxili həyəcanın, yüksək mənəvi aydınlığın məhsulu ola bilərmi? Ya siz xəstəsiniz, belə isə siz təcili müalicəyə gedin, ya da... fikrimi tamamlaya bilmirəm!.. Ey zopa mübəlliği, cəhalət vaizi, avamlıq və nadanlıq tərəfdarı, vəhşət məddahı, siz nə edirsiniz?! Bir ayaqlarınızın altına baxın, siz ki, dibsiz bir uçurumun qarşısındasınız”.
İndi bəzən deyəndə ki, "filankəs filankəsi Belinskisayağı tənqid edib", bununla həmin adamın tənqid üslubunun, meyarlarının köhnəliyinə işarə edir. Çox səfeh yanaşmadır.
Əvvəla ona görə ki, bizdə bu gün Belinskisayağı tənqid – məsələn, "Qoqola məktub"u yaza biləcək tənqid yoxdur (hətta bəlkə də heç vaxt olmayıb!).
İkincisi: "Belinskisayağı tənqid" mənim üçün bir tənqid metodologiyasından daha çox Belinskisayağı prinsipiallıq, Belinskisayağı güzəştsizlik, Belinskisayağı obyektivlik, Belinskisayağı yanğı deməkdir, ədəbiyyatı kiminsə vəzifəsinin, pulunun, şöhrətinin ayaqları altına atmamaq deməkdir, ədəbiyyat məsələsində ədəbiyyatın maraqlarından qeyri heç nəyi düşünməmək deməkdir.
Üçüncüsü: Belinskisayağı tənqid bir şairi, yazıçını bütöv görmək, onun yaradıcılığını şəxsiyyətindən ayırmamaq, onun ədəbi məsuliyyətini ictimai məsuliyyətindən fərqləndirməmək deməkdir. "Qoqola məktub"dakı kimi!
Kimsə qüsura baxmasın: bugünki Azərbaycan tənqidçisində yuxarıda sadaladığım keyfiyyətlərin heç biri çatışmır.
Acıdır, ağrılıdır, razılaşmayanlar da ola bilər, ancaq mənə görə – gerçəklikdir!
Ən azı "üzdə olan", "tanınmış sayılan", hər addımda başa çəkilən tənqidçilər haqqında belə ümumiləşdirici danışmaqda qəbahət görmürəm. Onlar daha çox tərifçilərdir. Onlar üçün bir yazıçının ictimai mövqeyi, ictimai baxışları ümumiyyətlə önəmli deyil; onlar əsərlərində yüksək idealları vəsf edib həyatda komformist, karyerist davranan şair-yazıçı qarşısında çox rahatca əzilib-büzülə bilirlər: yetər ki, həmin şair-yazıçının deputat mandatı, yaxud babat vəzifəsi, biznesi olsun.
Hələ mən vətəndaş mövqeyi, dürüstlük, ləyaqət kimi məsələləri bir kənara qoyuram.
"Ədəbi tənqidçi” cildinə girmiş bu ədəbi tərifçilər üçün öz "mədhiyyə obyektlərinin” istedad və intellekti belə heç bir rol oynamır!
Onlar tutaq ki, hansısa "xeyriyyəçi-cızmaqaraçı” Gülağa Tənha haqqında Əli Kərim barədə yazdıqları şövqlə, coşqunluqla yaza bilərlər.
Onlar hər hansı yazıya Dostoyevski ilə, Tolstoyla, Hüqo ilə, Floberlə, Selincerlə giriş edib, heç bir çətinlik çəkmədən, çox asanca vicdanları sızlamadan söhbəti hərlədib-fırladıb hansısa Hüseynabla Mirələmovun üstünə gətirə, ondan "Nobel mükafatına layiq yazıçı” obrazı yarada bilərlər.
Bir dəfə də yazmışdım: bizdə istənilən pullu, vəzifəli şair-yazıçının hələ yazmadığı əsər haqqında bəh-bəhli məqalə qaralayıb hazır saxlayan "tənqidçilər" var. Bu şişirtmə-filan kimi görünə bilər; ancaq əmin olun ki, Azərbaycanda ədəbi tənqidçiliyin durumu məhz bu qədər, hətta bəlkə daha da ağırdır.
Mən Bakı kəndlərindən birində bir neçə sot torpaq almasına kömək etmək üçün vəzifəli bir qələm sahibinin "bədii” sayqılamalarına səhifə-səhifə "bəy tərifi" vuran "tənqidçi" də görmüşəm, Yazıçılar Birliyindən müəyyən imtiyaz qoparmaq adına bu qurumun sədrinin yazdığı maklaturanı az qala Çexovla müqayisə etməyə girişən "tənqidçi" də.
Ancaq dindirsən, Belinskiyə "köhnəlik" damğası vuracaqlar.
Osa köhnələn nə Belinskidir, nə də onun prinsipləri, meyarları. Çünki istənilən məsələdə prinsipial, güzəştsiz münasibət heç vaxt köhnəlmir, gözəl bir örnək kimi nəsillərdən nəsillərə ötürülür.
Vəzifəyə, vəzifəliyə, pulluya yarınmağın, komfort, karyera, imtiyaz naminə ali idealları, o cümlədən, ədəbiyyatın maraqlarını ayaq altına atmaq isə daim nimdaşlığın əlamətidir: elə ilk andanca zamanın zibilliyinə atılır.
İstədikləri qədər bəyənməsinlər, dodaq büzsünlər, tənqidçiliklə tərifçiliyin sərhədlərini bir-birinə qarışdıranlar, ədəbiyyat və həyat məsələlərində yüksək dəyərlərdən yox, məişət maraqlarından çıxış edənlər Belinskinin atılan dırnağı da ola bilməzlər.