“4.4 Qısa Tamaşalar Festivalı”na tamaşa qəbulu elan edilir

“4.4 Qısa Tamaşalar Festivalı”na tamaşa qəbulu elan edilir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Teatro.az sənət portalının təşkilatçılığı ilə xalqımızın Qarabağ savaşında qazandığı tarixi Zəfəri səhnəyə gətirmək, pandemiya dövründə durğunlaşmış milli teatr prosesini fəallaşdırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə stimullaşdırmaq məqsədi ilə "4.4 Qısa Tamaşalar Festivalı”na (QTF) tamaşa qəbulu elan edir. 

Uzun illərdən bəri işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda 44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun tarixi qələbəsi teatr sənətində də öz təcəssümünü tapmalıdır. Digər tərəfdən, pandemiya səbəbindən tətbiq edilən karantin şəraitinə görə bu gün teatrlarımız, demək olar ki, fəaliyyətsizdir. Bu mənada, "4.4 Qısa Tamaşalar Festivalı” xalqımızın böyük qələbəsini teatr tarixində əbədiləşdirməklə yanaşı, Azərbaycan teatr mühitində hökm sürən sükunətin pozulmasına, teatr sənətinin təbliği və inkişafına da xidmət edəcək. 

Festival yalnız dövlət və bələdiyyə teatrlarını deyil, həmçinin özəl teatr kollektivlərini, müstəqil sənətçiləri əhatə etdiyinə görə yeni istedadlı kadrların aşkarlanmasına da kömək edə bilər. 

MÜSABİQƏNİN MÖVZUSU: Müharibə 

Mükafatlandırma: 
Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək. 

Mükafat fondu: 

•I Yer: 1.500 AZN
•II Yer: 1.000 AZN
•III Yer: 750 AZN

Qeyd: Hər yer üzrə bir qalib seçiləcək. 

Müsabiqəyə qəbul şərtləri:

1.Festivalda dövlət və bələdiyyə teatrları ilə yanaşı, özəl teatr kollektivləri və müstəqil sənətçilər də iştirak edə bilər. 
2. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər. 
3. Bir kollektiv, yaxud sənətçi müsabiqəyə yalnız bir tamaşa ilə müraciət edə bilər.
4. Müsabiqəyə göndərilən tamaşalara janr məhdudiyyəti qoyulmur.
5. Müsabiqəyə təqdim edilən tamaşaların xronometrajı 15 dəqiqədən artıq olmamalıdır. 
6. Müsabiqəyə təqdim edilən işlər film-tamaşa formatında da ola bilər. 
7. İştirakçılar tamaşaların videoyazısını və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər.
8. Müsabiqəyə təqdim edilən materiallar 15 oktyabr 2021-ci il tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Qeyd: Son tarixdən (15 oktyabr 2021-ci il) gec göndərilən və texniki tələblərə cavab verməyən materiallar müsabiqəyə qəbul olunmayacaq. 

9.Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır. 
10. Təqdim edilməli materialların və sənədlərin siyahısı:

•Müraciət forması 
•Tamaşanın MP 4 formatında, 720 p və daha yüksək görüntü keyfiyyətində videoyazısı
•Tamaşanın 30-60 saniyəlik treyleri. 

Qeyd: Tamaşaların videoyazısı və treyleri DVD diskdə, xarici yaddaş qurğusunda, yaxud internet vasitəsilə (elektron poçtla, wetransfer, filelmail, googledrive və digər fayl mübadiləsi platformalarından istifadə etməklə) göndərilməlidir.
•Məsul şəxsin şəxsiyyət vəsiqəsinin surəti (PDF).
•Tamaşadan 3 ədəd fotoşəkil (fotolar, ən azı, 300 dpi ölçüdə, 3 MB-dən böyük və jpeg formatında olmalıdır). 

Əlaqə telefonu: +994 506602025