“45+1 İncəsənət Yarmarkası” keçirildi (FOTOLAR)
Rəssam
- 23.11.2018
- 0 Şərh
- 7647 Baxış
21 noyabr 2018-ci il tarixində "Nur Art House” qalereyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin tələbələrinin "45+1 İncəsənət Yarmarkası” adlı ilk xeyriyyə sərgi-satış yarmarkasının açılış mərasim keçirilib.
Yarpaq.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova Universitetin Rəssamlıq fakültəsi ilə bağlı mütəmadi olaraq müxtəlif sərgilərin keçirildiyini və sözü gedən növbəti tədbirdə fakültənin istedadlı tələbələrinin əsərlərinin nümayiş olunduğunu bildirib. Təşkil olunan incəsənət yarmarkasının hər bir tələbənin yaddaşında unudulmaz bir hadisə kimi qalacağını vurğulayan rektor onları təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
"Nur Art House” qalereyasının direktoru, ADMİU-un professoru Röya Tağıyeva qalereyada mütəmadi olaraq gənc rəssamların əsərləri sərgiləndiyini , vaxtilə qalereyanın açılışı ilə bağlı təşkil edilən "Gənclik nəfəsi” adlı ilk sərgidə məhz Universitetin tələbələrinin əsərlərinin nümayiş olunduğunu vurğulayaraq tələbələrdən və layihədən məmnunluğunu dilə gətirib. ADMİU-un Rəssamlıq fakültəsinin dekanı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova məlumat üçün bildirib ki, yarmarka IV kurs sənətşünaslıq ixtisasında təhsil alan tələbələrin onlara tədris edilən "Sərgi və auksion işinin təşkili” fənnindən II tur kollokviumudur. Qeyd edib ki, yarmarkadan əldə olunan gəlir xeyriyyə məqsədi ilə istifadə ediləcəkdir. Təhsil haqqını ödəməkdə çətinlik çəkən ADMİU tələbəsinə dəstək veriləcəkdir. ADMİU-un "Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının müdiri, xalq rəssamı, professor Arif Əziz tələbələrin belə bir xeyriyyə yarmarkasını təşkil etmələrini təqdirə layiq qiymətləndirib. Bu kimi layihələrin həyata keçirilməsi ilə onların böyük bir təcrübə qazandıqlarını və gələcək fəaliyyətlərində bu təcrübə vasitəsilə yüksək nailiyyətlər əldə edəcəklərinə inandığını bildirib.
ADMİU-un "Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi Dilarə Müzəffərli yarmarkanın "Təsviri sənət” seksiyasında "Rəngkarlıq” və "Qrafika” ixtisaslarında təhsil alan tələbələrin, "Dizayn və dekorativ tətbiqi sənət” seksiyasında isə "Dekorativ tətbiqi sənət” və "Dizayn” ixtisaslarında təhsil alan tələbələrin 40 əsərinin sərgiləndiyi haqqında məlumat verib. Tələbələrə uğurlar arzu edərək, tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Sonda IV kurs Sənətşünaslıq ixtisasının tələbəsi Nərmin Əmirova qrup yoldaşları adından çıxış edərək onlara yaradılan şəraitə görə Universitetin rəhbərliyinə və müəllimlərinə təşşəkkürünü bildirib.
Müxtəlif ixtisasları bir platformada təqdim edərək yaradıcılıq təhsilinin müxtəlif yönümlülüyünü göstərmək, gənc rəssamların və sənətşünasların yaradıcılıq fəaliyyətini dəstəkləmək məqsədi daşıyan incəsənət yarmarkasının hər il bir dəfə keçirilməsi və növbəti illərdə digər yerli və xarici universitetlərin layihəyə cəlb olunması planlaşdırırlır.
Qeyd edək ki, layihə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin "Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi Dilarə Müzəffərlinin rəhbərliyi ilə fakültənin IV kurs sənətşünaslıq ixtisasında təhsil alan tələbələrin təşəbbüsü ilə həyata keçirilir.
Xatırladaq ki, "45+1 İncəsənət Yarmarkası” 3 gün davam edəcək.