ABŞ musiqiçisinin “Dünya Konsertləri Turnesi” ilk dəfə Bakıda təqdim olunacaq
MUSİQİ
- 09.10.2023
- 0 Şərh
- 7326 Baxış
Tanınmış ABŞ musiqiçisi Stanislav Yudeniçin bədii rəhbəri olduğu "Dünya Konsertləri Turnesi” beynəlxalq layihəsi çərçivəsində Bakı şəhərində dünyaşöhrətli bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş silsilə konsertlər keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının mədəniyyət məsələləri üzrə direktoru, "Florida Keys” layihəsinin rəhbəri Pərvin Muradovun təşəbbüsü ilə bu layihə ilk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təqdim ediləcək.
Layihənin Bakıda gerçəkləşdirilməsinin dəstəkçilərindən biri də Diasporla İş üzrə Dövlət Komitəsidir.
Oktyabrın 10-u, 12-si və 14-də baş tutacaq konsertlərdə piano ifaçıları Stanislav Yudeniç (ABŞ), Murad Adıgözəlzadə (Azərbaycan), David Xrikuli (Gürcüstan), Əli Məmmədov (Azərbaycan), İlya Şmukler (İsrail-Rusiya), Çi-Çi (Çin), Yanqrey Tsay (Çin), Anastasiya Vorotnaya (Rusiya), Sergey Belyavski (Rusiya) və İskəndər Məmmədəliyev (Özbəkistan) çıxış edəcəklər. Musiqiçiləri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Konsertləri orkestrin bədii rəhbəri və baş dirijoru, Azərbaycanın Əməkdar artisti Fuad İbrahimov və tanınmış dirijor Mustafa Mehmandarov idarə edəcək.
Qeyd edək ki, azərbaycanlı pianoçu Əli Məmmədov 2020-ci ildə "Florida Keys” musiqi müsabiqəsinin qalibi olub.
Pərvin Muradov bildirib ki, bir il ərzində Bakı şəhərinin Stanislav Yudeniçin "Dünya Konsertləri Turnesi” beynəlxalq layihəsinə daxil edilməsi və onunla bu layihə çərçivəsində əməkdaşlıq edilməsi məqsədilə müzakirələr aparılıb.